Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Son bir gün...
Üç gündür ki, dəhşətli hərarət içində (40 dərəcə) od tutub yanıram. İynə-dərmanlar çarəsiz, əlacsızlığımın pik nöqtəsindəyəm. Rəngi qaçmış sifətimdə ölümün kölgəsi at oynatmaqdadır. Bəlkə də Türkiyəmə yox, o dünyaya səfər etməkdəydim, son çarə olaraq sistem qoşulana qədər.
***
Yanvarın 15-indən 16-sına keçən gecə 02:00 saatlarında bir az yaxşılaşmaqdayam. Hərarətim nisbətən düşmüssə də gedib-gedə bilməyəcəyim sual altındadır. Sadəcə ikicə saat yuxulaya bilirəm. Şükür Tanrıya, hərarətim normal dərəcədədir. 04:00-da evdən çıxıram. 04:25-də artıq “Heydər Əliyev” adına hava limanındayam. Qeydiyyatım tamamlanmış, gömrüyü də keçmişəm. “Duty Free”də bir az vaxt keçirdikdən sonra təyyarəyə minik başlayır. Böyük səbrsizliklə ikinci dəfə İstanbula qovuşmağın xəyallarını qururam. Şəbəkələrdə belə bir status paylaşmaqdayam - “Uçuram...Xəyallarıma doğru”...
***
160 dəqiqəlik uçuşdan sonra “Sabiha Gökçen” adına hava limanındayam. Xəstəliyimdən azacıq belə nişan qalmamışdır, bəlkə də sevgiliyə qovuşmağın həsrətindən hərarətlənmişdim, kim bilir...
Bir neçə saat sonra ilk olaraq və həyatımda ilk dəfə bir Türkiyə kanalına (11:00) doğru addımlamaqdayam, Business Channel Türk- ə, böyük hədəflərin ilkin addımlarıdır bunlar. Başlanğıc heç də sıradan başlamır. Bu necə bir başlanğıcdır, İlahi, hər addımında bir sirr yatan əsrarəngiz bir başlanğıc. İllərin arzularını, bəlkə də milyonların xəyallarını bir az sonra gerçəkləşdirməyə doğru böyük səbrsizliklə, qətiyyətlə addımlamaqdayam.
İlahi bu gücü, bu enerjini alan da sənsən, verən də sən. Sonsuz şükürlər olsun, Tanrım sənə! Dünən səhər bu vaxtı ölümlə çarpışmaqdaydım indi isə xəyallarımın kefini çıxarmaqdayam.
***
Qarşıladılar məni böyük bir sevgiylə, eşqlə, məhəbbətlə. Qardaş sevgisinə şübhə edənlər ürək yerinə bir daş gəzdirir, düşünürəm. “Azərkitab”da yeni çıxan “Yeddinci ayın yeddisi” adlı ilk romanımı kanaldakı əməkdaşlara təqdim etməkdə, mövzusu haqqında müxtəsərcə məlumat verməkdəyəm. Və zaman yetişdi. On iki dəqiqəlik canlı efirdəyəm və efir zamanı bu səmimi sözlərimi dilə gətirirəm:
Mən bir az yaşlanmışam, oysa çox gözəlləşib,
İllər sonra yenidən görüşünə gəlmişəm.
Bakı mənim ürəyim, İstanbul mənim canım,
Bakıdan İstanbula Salamlar gətirmişəm
Düşünürəm, heç də pis alınmadı. Gələn şərhlərdə oxucularımın, izləyicilərimin sevgisini duymaqdayam.
***
Efirdən sonra İstanbulu seyr edə-edə içimdəki fərəh hissi ilə qalacağım hotelə doğru istiqamətlənirəm. Sevinc göz yaşlarım damlamaqdadır. Kimsə onları görməyəcək, yalnız Tanrı şahiddir buna...
Yuxusuzluğumdan, yorğunluğumdan əsər-əlamət yoxdur. Hotelə yerləşdikdən həmən sonra tamaşasına doymadığım İstanbulu tək-tənha dolaşmaqdayam, hər səmtində bir tarix yatan İstanbulu. On iki il ayrılıq asan gəlməsin sizə. Sanki bir Mövlanayam qovuşmuşam Şəmsimə.
Saat 19:00-da mükafat alacağım tədbir üçün Beşiktaşa qayıtmalıyam. Ah, necə xoşbəxəm, bir bilsəniz... Təşəkkürlər Dilara xanım! Dönüşüm möhtəşəmdir İstanbula!
***
Gecə yata bilmirəm hotel otağının səssizliyində. Oxucu mesajlarından, zənglərindən yenidən göz yaşlarım damlamaqdadır. Əziyyətinin bəhrəsini görmək bir başqa səadətdir əlbəttə... Zirvələr yamaclardan başlayır və sən o zirvələrə rahatlıqla yetişə bilmirsən axı, təsadüflərlə irəliləmirsən axı... Bir əsgər kimi hər addımında düşmənlə, təhlükələrlə üzləşə bilərsən, bir xainin hiyləsi ilə rastlaşa bilərsən və bunlardan da gördük əlbəttə... Amma hər şeyə rəğmən məyus olmadıq, əzilmədik, yenilmədik, addımladıq, bacara bildiyimiz qədər və bacara bildiyimizdən daha da çox.
Və İstanbulda dan yeri ağarmaqdadır. İki saat da olsa yata bildimmi görəsən, məncə xeyr. Bir neçə saatdan sonra Türkiyəmizin ən önəmli kanallarının birində, “Beyaz TV”də olmalıyam. Alnımdakı tər zəhmətimin inciləridir. O axsın ki, doyunca dada bilim əziyyətlərimin heç də boşa çıxmadığını.
***
Necə də səmimi, necə də mehriban qarşıladılar məni. Ruhum bir quş kimi çırpınırdı xoşbəxtliyimdən, addımlarım daha da cəsarətlənmişdi uğurlarımdan. Amma zərrə qədər də azalmamışdı səmimiliyim, əksinə daha da artmışdı. Bir zamanlar itib-batmaqda olan birinin günəşi yenidən və əbədi doğmaqdaydı. Qara buludlar ala bilərmi qarşısını günəşin...
Anamın təbriklərindən gözəl və səmimi nə ola bilər... Video görüntü vasitəsi ilə gözlərində sevinc qığılcımlarını görürəm anamın. Bir zamanlar o qədər sönmüşdü ki... O da inanırdı övladının istedadına və bu inam boşuna yaranmamışdı. Bu inam on illərin inamıydı, ta ki birinci sinifdən bəri. O, biricik övladı o qədər çətinliklər görmüşdü ki... Bir il anasızlığın əzabını da yaşamışdı hər günündə “anam gəlmədimi” deyərək... Amma şükür, sonunda uzun sürən xəstəlikdən sonra o qayıtmışdı. Qucaqlamışdı altı yaşlı balasını və balası da ona sarılmışdı mehribancasına. Böyük bir həsrətə son qoyulmuşdu...
***
Və axşam da daha bir kanalda iştirakımadək yenə gəzdim İstanbulun bir-birindən gözəl məkanlarını, sehrləndim İstanbulun torpağına-daşına və yenə də sahib ola bilmədim göz yaşına. Bu şəhərin hər yeri o qədər gözəl, o qədər əsrarəngizdir ki...
Və nəhayət 20:00-da efirdəyəm. Amma bu dəfə canlı yayım deyil. Veriliş daha sonra göstəriləcəkdir.
Vidalaşdıqdan sonra gülümsəyərək kanalı tək edirəm və hotelə doğru istiqamətlənirəm. 01:00-dır, hələ də gəzməkdəyəm İstanbulu. 02:00-da digər bir gözəl, əsrarəngiz, tarixi bir şəhərə-İzmirə yola düşməliyəm. Avtobusla 8 saatlıq məsafədir İstanbuludan İzmirə...
Gecə necə gözəl görünməkdədir İstanbul. Sabahları bir başqadır onun, gecələri də bir başqa...
***
Avtobusdayam... Türkiyəmin gözəlliklərini qaçırmamaq üçün yuxu getmir gözlərimə... Sevgiylə seyr etməkdəyəm hər qarışını Türkiyəmin.
***
Saat 13:20-dir. Karşıyakada bir restoranda oturmuşam. Seyr etməkdəyəm Egey dənizinin sahillərini. Bir zamanlar Nazim Hikmət də Bakıya bənzədirdi İzmiri. Bir almanın yarısı kimidir Bakıyla İzmir. Daha sonra şəhər mərkəzini dolaşmaqdayam. 16:00-da tədbirin təşkilatçıları və sədri Cemal bəylə görüşməkdəyəm. Hansı ki, burada da bir ədəbiyyat mükafatı alacağam.
19:00-da tədbir başladı və 20:45-ə kimi davam etdi. Öz möhtəşəmliyi ilə sevinc qatdı həyatıma həm bu tədbir, həm də İzmir. Bir gün də orada qaldıqdan sonra digər bir möhtəşəm şəhərə-Dənizliyə yollanacağam, Azərbaycanımdan olan dostumun evinə. Avtobusla 3 saatlıq məsafədir İzmirdən Dənizliyə. İllərdən sonra Məftunla görüşəcəyim üçün çox həyəcanlıyam. Unudulmaz dostumdur o mənim, illərin sınağından çıxmış həqiqi bir dost, dəyərli insan. Həmçinin torpaqlarımızın azad edilməsində müstəsna xidmətləri olan hərbçi dostumdur mənim.
***
Qarşılaşıram dostumla, böyük sevgi ilə salamlaşırıq. Evlərinə doğru addımlamaqdayıq. Unudulmaz günlər yaşadım Dənizlidə. Gəzdik qarış-qarış şəhəri, şahid oldum gözəlliyinə Dənizlinin.
***
Bir neçə gündən sonra artıq bu dəfəki səfərimdə son görüşəcəyim şəhərə-Bursaya doğru yolçuluqdayam. Osmanlının qurulduğu bu şəhəri necə də sevməyəsən. Burada iyirmi beş yanvarda mədəniyyət saraylarının birində oxucularımla görüşüm təşkil ediləcəkdir. Qürurverici anlar yaşayacaqdım. Təşkilatçı Fatma xanımla dolanmaqdayam Bursanı. Bir başqadır, möcüzələrlə doludur Bursa. “Tophane” meydanını gəzərkən şahid olmaqdayam Osman və Orhan qazinin məzarlarına. Göz yaşlarımla seyr etməkdəyəm bu unudulmazlığı, bu əvəzedilməzliyi. Və “Saat Kulesi” yüksəkliyindən baxmaqdayam Bursaya bir gecəyarı...
***
01:00-da qayıdıram qaldığım hotelə. Yuxum ərşə çəkilib. Yatmaq nədir, ay Habil. Və bir az da oxucularla sabahkı görüşüm üçün həyəcanlıyam.
***
Və şükür, görüşüm də çox maraqlı keçdi. Fatma xanıma sonsuz sayda minnətdaram! İki gün qaldım Bursada. Ayrılmaq çətin olsa da ayrılmalıydım. Bəlkə də müvəqqəti bir ayrılıqdır bu Bursayla.
***
Və bir neçə gün də Dənizlidə qaldıqdan sonra İzmirdə yerləşən “Adnan Menderes” havalimanından Bakıya uçmaqdayam. Unudulmaz, əvəzedilməz xatirələrlə ayrılmaqdayam Türkiyəmdən.
Bu, sənə üçüncü gəlişim idi, ümidvaram sonuncu da olmayacaq, tezliklə yenidən görüşəcəyik, Türkiyəm...
Qismət olsa ilin sonunda yenidən “Salamlayacağam” səni...
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)