“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” dərgisi ilə birgə “Biri ikisində” layihəsində növbədə Nəsr saatıdır, polis polkovnik-leytenantı, həvəskar yazar Hafiz Təmirovun “Dərdin böyütdüyü uşaq” hekayəsi ilə tanışlıqdır.
NƏSR
Hafiz TƏMİROV
DƏRDİN BÖYÜTDÜYÜ UŞAQ
Hər gecə göz yaşları içində yuxuya getmək əzabı səhər saatının zəngi çalınanda bitirdi. Günahları bağışlanıb, cəhənnəmdən cənnətə girməyə həsrətlə can atan adamların sevincini yaşayırdı məktəbə gedəndə. Çalışqan, səliqəli və savadlı idi Gülnar. Ən böyük arzusu isə narkoloq həkim olmaq, atasının və onun kimilərin “ağ ölümün” toruna necə düşdüklərini öyrənmək idi.
O, böyüklərin dünyasında özünü tapa bilmirdi. Görəsən, tez böyüsəydi, gördüklərini, eşitdiklərini unuda biləcəkdimi? Hərdən fikirləşirdi ki, insan böyüdükcə onun dərdi, sevinci, istəkləri də böyüyür. Evdə xəstə nənəsini, gecələr çörək bişirib səhəri əli yanmış vəziyyətdə qayıdan anasını, onlara hər gün işgəncə verən atasını özü yaşda təsəvvür edəndə üzündə qəribə bir təbəssüm yaranırdı və tez də yoxa çıxırdı. Gülməyi yadırğamışdı. Sonuncu dəfə nə vaxt ürəkdən güldüyünü də xatırlamırdı. Hər gecə anasının suluqlamış əlindən öpüb işə yola salır, evin yolunu güclə tapan atasını qarşılamağa isə ürək eləmirdi.
Evləri ona qorxu filmlərini xatırladırdı.Çarəsizliyini dərk edirdi, ancaq nələrisə dəyişdirmək gücündə deyildi. Ona elə gəlirdi ki, nələrisə dəyişdirmək üçün mütləq böyüməlidir, böyüklərin dünyasına düşməlidir. Hərdən kimsə ona “Böyüyəndə nəçi olacaqsan, hansı sənəti seçəcəksən?” deyəndə bir anlıq duruxurdu. “Mən artıq böyümüşəm”, – deməyə gücü çatmırdı. Bəzən hamıdan qaçıb uzaq bir yerdə “Məni anamın yanmış əlləri, nənəmin çarəsiz xəstəliyi, atamın bizi adam yerinə qoymamağı böyütdü”, –deyib qışqırmaq istəyirdi. Atasının düşdüyü bataqlıq onların ailəsini yavaş-yavaş udurdu...
Əyni təzə paltarın sevincini yaşamamışdı bu illər ərzində. Aclığa, yoxsulluğa, hər şeyə dözməyə hazır idi qızcığaz. Evdə artıq satılası bir şey də qalmamışdı. Çəkidə yüngül, dəyərdə baha nə vardısa, atasının qaranlıq dünyasına qurban getmişdi. Oturmağa stul, yatmağa çarpayı belə yox idi. Qohum-əqrəbasının ayağı da illər idi ki, kəsilmişdi bu evdən. Gülnar üçün həyat evlərinin qapısından içəri girəndən sonra bitirdi. Bir də sabahı gözləmək bir ömür kimi uzun gəlirdi ona.
Bir gün məktəbdən evə qayıdanda atasının onun kitab-dəftərini sobaya atıb yandırdığını gördü. Qorxusundan bir söz belə deməyə cürət etmədi. Susdu və dilsiz göz yaşları danışmağa başladı:
– Ata, onlar mənim bu evdə sığındığım ümidlərim və xoşbəxtliyim idi.
– Onlar heç məni xoşbəxt etmədi. Səni necə xoşbəxt edəcək bu dilsiz-ağızsız söz yığını?
– Yox ata, mən səninlə danışmağa cürət etməyəndə onlar mənə ata oldu, böyük oldu, yol göstərdi. Onlar anamın yanmış əllərinin qazancı ilə alınmışdı axı...
Gözünü açanda başı nənəsinin dizləri üstündəydi. Qulaqlarında isə “Kəs səsini! Buna bax, oxuyub nə olacaq, bilinmir. Kitab davası edir. Yaxşı eləmişəm yandırmışam. Sənin kitabına görə soyuqdan ölməliyəm? Boş-boş kitab oxumaqdansa, get ananla çörək bişir, evə pul gətir”, deyən atasının qəzəbli səsi möhürlənmişdi.
Pəncərəni açıb dərindən nəfəs aldı. Əllərini yana açıb quş kimi mən də buradan uçaram deyib gözlərini yumdu. Birdən yan otaqdan yatan anasının səsindən diksinən kimi oldu. “Sənə qurban olum, qızım. Sən mənim, qardaşının, hər birimizin gələcəyisən. Sən həkim olub mənim yanmış əllərimi sağaldacaqsan. Ancaq bu yanmış ürəyimi kimsə sağalda bilməyəcək”. Anası dərdini, arzularını yuxularına da daşımışdı...
Yenə pəncərənin önünə gəldi, yenə əllərini yana açdı. Birdən gözlərinin önündə sanki yer–göy işıqlandı. “Probleminizi, dərdinizi, deməyə çəkinməyin. Əlinizin altında üç sehrli düymə, üç sehrli rəqəm var. Harda olsanız, o sizin xilaskarınız ola bilər”. Bu fikirləri məktəbdə ona deyən polisin xoş simasını xatırladı...
Səhər bir başqa cür açılmışdı. O səhərin günəşi də, göyləri də bir başqa idi. O səhərdən düz 20 il keçmişdi. Narkoloji dispanserin həkimi Gülnar Əlibəyli narkotik istifadəçisi olan ataları, anaları, qardaşları, bacıları və uşaqları xilas edirdi...
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)