Taleh Həmid - unudulmaz misraların ünvanı Featured

BU GÜN ONUN KİTABLARININ TƏQDİMATI KEÇİRİLƏCƏK

 

Bu gün - 16 iyun 2023-cü il tarixdə, saat 15:00-da mərhum şair Taleh Həmidin kitablarının təqdimatı olacaq. Təqdimat şairin iyunun 19-na təsadüf edəcək növbəti doğum gününə ailəsinin bir ərməğanı hesab edilə bilər. 

Tədbir Yeni Azərbaycan Partiyası Binəqədi Rayon şöbəsinin binasında (Binəqədi rayonu, 8-ci mikrorayon) keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Taleh Həmid (Taleh Həmid oğlu Babayev) 1952-ci ilin 19 iyununda Şəmkir rayonunun Dəllər Çəyir kəndində dünyaya gəlib. 

Tanınmış Azərbaycan şairi, publisisti və jurnalistidir, SSRİ Yazıçılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatıdır.

"Qapımı bahar döyür", "Dünya yaxşıdır hələ", "Mən gözləyən olsa", "Təltifsiz bulud" (Moskva), "Bu gündən sabaha", "Mənə ürəyində yaz yeri saxla", "Günəşdən gizlənir yay çiçəkləri", "Ömrün payız sovqatı", "Qarlı axşamların işığı", "Sənə məktublar yazıram" şeir və publisistik kitabları nəşr olunubdur. 

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülüb.

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülübdür. 2012-ci ilin noyabrında "VI Uluslararası Canakkala Seir axşamları" festivalında Azərbaycan poeziyasını təmsil edib. 

2015-ci ildə "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. 

Taleh Həmid 2016-cı ilin 1 noyabrında - 64 yaşında vəfat edib. 

Biz unudulmaz şairimizə Allahdan rəhmət diləyir, onun həm insanlığına, həm də şairliyinə bir sözardı olan “Mən bir çinaram” şeirini təqdim edirik:

 

Mən bir çinaram

 

Mən bir çinaram – uca bir çinar,

Torpaqdan su içir qolum, budağım.

Dostlarım solmayan yarpağımdılar,

Qoynum quşlar üçün – yaşıl otağım.

 

Mən bir çəmənəm – gülüm, çiçəyim

Nə xəzan tanıyır, nə payız bilir.

Çiçəklər gözümdür, otlar köynəyim,

Başımdan dumanlar, çənlər çəkilir.

 

Mən bir bulağam – dumduru suyum

Sonsuz arzulartək çağlayıb axır.

Gecələr güzgüyəm ay işığına,

Ulduzlar şəklinə gözümdə baxır.

 

Mən bir axar çayam – şıltaq dağ çayı,

Daşlardan-daşlara dəyib axıram.

Uca zirvələrdən enib aşağı,

Başımı torpağa əyib axıram.

 

Mən bir cığıram dağ yamacında,

Dərəni zirvəyə çatmaq istərəm,

Bütün cığırları yığıb dövrəmə,

Hüdudsuz yollara qatmaq istərəm.

 

Mən bir insanam – eşqim, diləyim,

Şeirlə, nəğməylə açılıb dilim.

İnsandan aldığım yaxşılıqları

Vaxt verin, insana qaytara bilim.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.