SABAH QURTULUŞ GÜNÜDÜR
Zahirə Dadaşova, “Ədəbiyyat və incəsənət”
Hər il yay tətilində ailəlikcə Xaçmaz rayonuna istirahətə gedirik. Səhərlər “Çənlibel” parkını gəzir, oranı seyr etməkdən doymuruq. Altı hektar ərazisi olan bu gözəl istirahət mərkəzi 15 İyunda, yəni Azərbaycanın Qurtuluş Günü ərəfəsində istifadəyə verilmişdi. Parkda süni çaylar, onların üzərində 20-yə yaxın körpü inşa olunub. Bundan əlavə, parkda Azərbaycanın xalq qəhrəmanı Koroğlunun abidəsi qoyulub. İlin bütün fəsillərində insanların istirahətləri üçün maraqlı məkan olan parkda qızmar yay günləri axşamçağı xüsusilə qələbəlik olur. Parkda olduğumuz müddətdə yaşlılar ağacların kölgəsində oturub istirahət edir, mən isə uşaqlarla birlikdə oynayırdım. Burada heykəllər və müxtəlif heyvan fiqurları biz uşaqların əyləncəsinə daha da rəng qatır, çox yüksək hündürlükdən axan şəlalə isə istirahət mərkəzini daha da gözəlləşdirirdi. Parkda Koroğlu dastanının müxtəlif qəhrəmanlarının təsvir olunduğu mozaikalara da rast gəlmək olar. İstirahət mərkəzində qeyri-adi üslubda quraşdırılan su kranı Şollar su kəmərinin rəmzidir. Nəvələri ilə birgə istirahət edən nənə anamla söhbət edəndə bildirdi ki, park daha çox uşaqların istirahətinə yarayır: “Uşaqlar buradakı oyun meydançalarında istirahət etməyi çox sevirlər.” Mənim diqqətimi çəkən isə İstirahət Parkının girəcəyində hündürlüyü təxminən 10-12 metrə çatan lampa-abidər oldu. Yaxınlaşıb orada çalışan fəhlələrdədən soruşdum ki, bu lampa-abidələr nəyin rəmzidir?
Nur üzlü, çal saçlı bir kişi söylədi ki, Ulu Öndər 1990-cı illərin əvvəllərində Azərbaycanın, o cümlədən Naxçıvanın ağır günlərində lampa işığında işləyərək Azərbaycanı işıqlı gələcəyə qovuşdurmuşdur. İndi doğma Azərbaycanımızın bütün guşələri kimi Xaçmaz rayonu da həmin nura qərq olub. Bu lampa-abidələr də məhz o nurun rəmzi olaraq ucaldılıb.
Mən gözümü Lampa abidələrdən çəkmədən düşündüm: 15 iyun tarixini əbəs yerə milli qurtuluş günü, nicat günü, işıqlı gələcəyinin başlanğıc günü kimi bayram etmirik. Biz əsil həqiqətdə bugünkü firavan həyat, işıqlı, nurlu günlərimiz üçün ulu öndər Heydər Əliyevə borcluyuq.
“Ədəbiyyat və incəsənət”
(14.06.2023)