“Ədəbiyyat və incəsənət” Sadiq Qarayevin uşaqlıq xatirələrini diqqətinizə çatdırır.
Hər il bu vaxtlar kəndimizdən Zorbulaq yaylagina köç edərdik. Məktəb acılana qədər orada qalardıq.
3 ay biz nəinki televizor, elektrik işığı, heç avtomobil də görməzdik.
Bir texnika görərdik- süddən yağ ayıran "Sud maşını”.
Bir yarış izləyərdik, "At yarışı".
Bir xəbəri gözləyərdik- kənddən adam gəlir, şaqqulu badam gəlir- deyərdik. Qrda, qarpızı elə eşşəyin üstündə, kisənin üstündən iyləyərdik.
Məkələri axşamçağı təzək közündə kabab edərdik.
Ayağlmızı təndirə sallayıb ulduzlara baxardıq, arzuların əlçatmazını seçərdik.
Əsas bir işimiz vardı- quzu otarmaq. Bir problemi düşünərdik, quzuları Bədəl Yurduna, İbo Pironun arxacına, Göy təpənin döşünə- hansı istiqamətə aparsaq, cox otlayarlar..
Quzular otlayardı, biz uzanardıq gül-çiçək içinə, onların xırpıltılı səsinə qulaq asardıq.
Adam görməzdik ki əsla. Bir düşüncələrimiz və bir biz olardıq. Bir də quzular, pələy, boğar.
Təsadüfən insan görəndə sevinərdik.
Bir cür su icərdik-bulaq suyu..
Amma obada 9 bulaq var idi..
Şahı Zorbulaq idi.
İndiki yaşam tərzi ilə müqayisə edəndə belə qənaətə gəlirəm:
Biz əslində hər il 3 aylıq cənnətə gedirmişik...
P.s. 25 il olar ki, ora gedə bilmirəm. ALLAH qoysa, bu il gedəcəm..
Yenə o dağ olaydı, qarğı atın üstündə,
Bir konfetin, bir almanın üstündə,
"Vuruşardı", dalaşardı uşaqlar,
Keçmişdən, bu gündən xəbərsiz,
Gələcəyə uçan, qaçan uşaqlar,
Öz- özündən şişən, şoşan uşaqlar...
Yenə o dağ olaydı,
zirvələrdən baxıb sənə,
Hey yığardım çiçək sənə, gül sənə.
Buludların kölgəsində, mən at üstdə,
Sənsə bitib tükənməyən xəyalların təşnəsində,
Sanki göydə, yerdə, indidə, həm gələcəkdə,
Yarışardıq, baxışardıq,
Zülmətlərin yoxluğuna qarışardıq.
Aha, bu da dağ , yaylaq şeri.
“Ədəbiyyat və incəsənət”
(14.06.2023)