“Sən də bildin yalandır, mən də bildim yalandır…” - İntiqam Yaşar Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında bu dəfə sizlərə gənc şair İntiqam Yaşarın “Əllərin üşüdükcə” adlı şeirini təqdim edir. 

İndi sevgi şeirləri yenidən dəbə minib. Yenə sevənlər bir-birinə sevgi bəndləri yazıb göndərirlər. Nə fərqi var ki, kağız məktub olsun, ya elektron. 

Və razılaşaq ki, bu gün “Əllərin üşüdükcə, Şəkillərimi yandır” zirvəsinə ucalmış sevgi varsa, nə xoş halımıza. 

 

Əllərin üşüdükcə

Şəkillərimi yandır.

Bu dünyada hər şeyin,

axırda yanmağına

həm özünü inandır,

həm də məni inandır.

 

Son deyilən nə var ki,

bu da bir imtahandır.

Bu dünyada əzəldən,

həqiqət adlı nə var,

sən də bildin yalandır,

mən də bildim yalandır.

 

Xatırlamaq da olmur,

xatırlama, amandı...

Gizlədiləsi nə var,

Həm də ki xatırlamaq.

bir az sənə ziyandır,

bir az mənə ziyandır.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.