AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN ƏDƏBİ ƏLAƏQLƏRİNƏ BİR BAXIŞ
“Ədəbiyyat və incəsənət” portalı şair Güllü Eldar Tomarlının “İki qardaş xalq arasında mənəvi körpü” yazısını oxucularına təqdim edir.
ll Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Özbəkistan günü oldu. Bu günə mənim də töhfəm bu yazımdı, araşdırmamdı.
Elə münasibətlər var ki, yaşadığımız cəmiyyət onlarsız natamam görünər. Mədəniyyət, ədəbi əlaqələr, mənəvi dəyərlər olmasaydı, dünyaya baxışımız tam fərqli olardı, düşüncəmizdə, zəkamızda nələrsə çatışmazdı, xalqların bir-biri ilə münasibətlərində, qarşılıqlı əlaqələrində ən gərəkli tellər qırılardı. Xalqlar bir-birini yaxşı tanımazdı.
Çağdaş Türk dünyası arasındakı mədəni əlaqələr çox qədim dövrlərə gedib çıxır. Bu, xalqların tarixi keçmişinə əsaslanır. Böyük Türk xalqlarının öndə gedən nümayəndələrindən biri də, şərəfli tarixi, zəngin ədəbiyyati ilə seçilən özbək qardaş və bacılarımızdı.
Məşhur özbək şairi Əlişir Nəvai Şərq ədəbiyyatında Nizami Gəncəvidən sonrakı və Füzulidən əvvəlki dövrün ən böyük söz, fikir ustadıdır.
Əlişir Nəvai (1441-1501) özbək ədəbiyyatının əbədiyyət rəmzidi. Nizaminin “Xəmsə”sindən ilhamlanan Nəvai ilk dəfə Türk dilində “Xəmsə” yazan qüdrətli özbək şairidi. Nizaminin davamçısıdır.
Azərbaycanda Nəvainin əsərləri orta əsrlərin klassik milli poeziya nümunələri kimi oxunur, asan yadda qalır, başa düşülür, sevilir. Səməd Vurgun deyirdi ki, Nəvai həm də bizim şairimizdir.
Eyni zamanda Özbəkistanda Nəsiminin, Füzulinin əsərlərini tərcüməsiz anlamaq olur. Bu çoxdan qəbul olunmuş gerçəklikdir. Bu günümüzdə daha yüksək səviyyədədir.
Azərbaycan və özbək xalqlarınının ortaq tarixi kökləri, adət-ənənələri ilə birlikdə, həm də poeziya ənənələri, milli-mənəvi dünyası çox doğma və yaxındır.
Dahi Nizami yaradıcılığndan başlanan ruh və söz yaxınılığını, dostluğunu min ilə yaxındır ki, Türk xalqlarının birliyinə əngəllər törətmək istəyənlərin qara niyyətləri sarsıda bilməyib.
Mirzə Fətəli Axundzadə ənənələri XX yüzilliyin əvvəllərində Özbəkistanda Həmzə Həkimzadə Niyazi tərəfindən yaradıcı şəkildə davam etdirilmişdir.
Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri keçən yüzilliyin əvvəllərində Daşkənddə tamaşaya qoyulmuşdur.
XX əsrdə Səməd Vurğunla Məqsud Şeyxzadə və Qafur Qulamın, Mirzə İbrahimovla Şərəf Rəşidovun, Qeyrətəli ilə Süleyman Rüstəmin, Mehdi Hüseynlə Əshəd Muxtarın, Mirvarid Dilbazi ilə Zülfiyyənin dostluğu və yaradıcılıq əlaqələri Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin möhkəm bağlılığına sübutdur.
1970-ci ildə Azərbaycan Yazıçılar İttifaqı (indi Birliyi) görkəmli özbək şairi, dramaturqu, dilçisi, özbək ədəbiyyatının təməlini qoyanlardan biri, milliyyətcə Azərbaycan Türkü Məqsud Şeyxzadənin anadan olmasının 70 illiyini qeyd etmək üçün üçün onun əsərlərini nəşr etməyi qərara alır. Mirvarid Dilbazı, Balaş Azəroğlu, Ələkbər Ziyatay, Nəbi Xəzri, Əliağa Kürçaylı, Məmməd Araz, Xəlil Rza Ulutürk, İslam Səfərli, Nəriman Həsənzadə, Tofiq Bayram onun şeirlərini ana dilimizə çevirirlər.
1979-cu ildə Azərbaycanda Özbəkistan ədəbiyyatı və incəsənəti ongünlüyü, 1980-ci ildə Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü keçirilib. Azərbaycanda keçirilən ongünlükdə qardaş ölkənin görkəmli söz, elm və mədəniyyət adamları – Kamil Yaşen, Qafur Qulam, Şükrullo, Zülfiyyə, Abdulla Aripov, Əshəd Muxtar, Mirmöhsün və başqaları iştirak etmişlər.
Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazı Özbəkistanın Xalq şairi, Lənkəranın fəxri vətəndaşı Zülfiyyəyə onun mis üzərində döyülmüş portretini hədiyyə etmişdi. Mirvarid xanımla Zülfiyyə xanımın dostluğu ədəbiyyat aləmində ən səmimi və sədaqətli dostluq nümunəsidir. Mirvarid Dilbazinin Zülfiyyənin şeirlərinin doğma dilimizə çevrilməsində zəhməti böyükdür.
Müstəqillik dövrü bu əlaqələrin inkişafını daha da sürətləndirdi. İndi Azərbaycan ədəbiyyatının inciləri özbəkcəyə daha çox tərcümə olunur, qardaş ölkədə sevilə-sevilə oxunur. Eləcə də Azərbaycan oxucuları özbək ədəbi mühiti ilə daha yaxından tanış olur, özbək yazarların əsərləri ölkəmizdə, ədəbi-bədii jurnallarda çap olunur, klassik və çağdaş ədəbi nümunələr ana dilimizə çevrilir.
“Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla qarşılıqlı anlaşma, mehriban dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir” (Heydər Əliyev). Bu sahədə ədəbiyyatın rolu danılmazdır.
Bakı və Daşkənd şəhərlərində Nizaminin və Nəvainin abidələrinin ucaldılması, Bakının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi bu iki qardaş xalq arasındakı ehtiramın və qarşılıqlı hörmətin parlaq nümunəsidir.
2010-cu il sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistanın o zamankı Baş naziri Şavkat Mirziyoyevin iştirakı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi açıldı. Mərkəz çox uğurlu və səmərəli işlər görür. Iki xalq arasında milli, mənəvi və mədəni körpü rolunu oynayır. Mədəniyyət Mərkəzi Ulu Öndərin adını daşıyan küçədə yerləşir.
Mədəniyyət Mərkəzinin açılışında çıxış edən cənab İlham Əliyev deyib ki:
“Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır”.
Son vaxtlar Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Azərbaycanın şair və yazıçılarının əsərlərini özbək dilində nəşr etdirir.
Özbəkistanın Xalq şairi Camal Kamalın və şair Alimcan Buriyevin çevirməsində Daşkənddə Nizaminin “Xəmsə”si nəşr olunmuşdur.
Eyni zamanda türkoloq professor Ramiz Əskər Nəvainin “Xəmsə”sini ana dilimizdə səsləndirmişdir.
Fərqanə şəhərində “Azərbaycan” küçəsi də iki xalqın qardaşlığının bariz nümunəsidir.
2019-cu ildə millət vəkili Qənirə xanım Paşayevanın “Aç eşiyi” kitabı özbək dilində çap olunub. Kitabın Daşkənddə təqdimatı keçirilib. Həmin tədbirdə Qənirə xanım Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının da Özbəkistan oxucularına təqdim olunacağını qeyd edib. Həmin tədbirdə Özbəkistanın xalq şairi Camal Kamalın çıxışı çox yaddaqalan olub:
“Qənirə xanım, siz mənim yubileyimi Bakıda qeyd edəndə dediniz ki, sizin gələn yubileylərinizi işğaldan azad edəcəyimiz Qarabağımızda qeyd edəcəyik, inşallah. Mən o günü səbirsizliklə gözləyirəm. Qarabağ sizin qədər, bizim də ağrımızdır”.
Qənirə xanım Paşayeva Camal Kamalın çıxışına münasibətini əminliklə və uzaqgörənliklə bildirib:
“Ustad Camal Kamala demək istəyirəm ki, inşallah sizin gələn yubileylərinizi işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda qeyd edə biləcəyimizə inanırıq. Bunun üçün qardaş dövlət və toplumlar olaraq birliyimizi daha da artırmalıyıq”.
Qənirə xanımın, eləcə də Azərbaycan xalqının, Türk dünyasının arzusunu, inamını 2020-ci il sentyabrın 27-də başlayan ikinci Qarabağ müharibəsində Ali Baş Komadan İlham Əliyevin qətiyyəti, “dəmir yumruğu”, Vətən oğullarının şücaəti 44 gündə doğrultdu.
Özbəkistanın ünlü şairi, tərcüməçisi, Azərbaycan və Özbəkistan arasında möhkəm təməlli mədəni, ədəbi körpünün çağdaş dayaqlarından biri Dilbər xanım Haydarova 2023-cü il iyunun ilk günündə qiymətli, təmənnasız və ağır söz yükü ilə Bakıya təşrif buyurdu. Azərbaycanın poeziyasevərləri onun yolunu səbirsizliklə gözləyirdilər. Onun bu dəfəki töhfəsi 120-dən çox Azərbaycan şairinin poeziya örnəklərini özbək dilinə çevirərək nəfis formada nəşr etdirdiyi “Azərbaycan şeirləri antologiyası” adlı çox dəyərli kitab idi. Kitabda XIII əsrdən bu günə qədərki dövrdə yaşayıb-yaradan Azərbaycan şairlərinin özbək dilinə çevrilmiş şeirləri işıq üzü görmüşdür. Böyük həcmli antologiyada Azərbaycan poetik fikrinin korifey nəhəngləri Füzulinin, Nəsiminin, Sabirin, Müşfiqin, Hüseyn Cavidin, Səməd Vurgunun, Mirvarid Dilbazinin, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun və digərlərinin, həm də çağdaş şairlərin şeirləri özbək oxucularına təqdim olunur.
İyunun 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Dilbər xanımla poeziyasevərlərin görüşü və antologiyanın təqdimetmə törəni keçirildi. Tədbiri AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu açdı, hörmətli qonağı salamladı. Xüsusi olaraq bildirdi ki, bu kitab Azərbaycan ədəbiyyatına, şairlərinə hörmətdən, töhfədən əlavə, həm də iki qardaş xalqın dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Sonra tədbirin idarə edilməsini Səlim müəllim mənə həvalə etdi. Mötəbər Dilbər xanımı salamlayaraq, mənim də iki şeirimi özbək dilinə çevirib “Azərbaycan şeirləri antologiyası”nda nəşr etdirdiyinə, bu qiymətli kitabı öz imzası ilə mənə hədiyyə etdiyinə görə təşəkkürümü bildirdim. İnanıram ki, əsrlər bundan əvvəl təməli qoyulan iki qardaş xalqın həm mədəni, həm də dostluq əlaqələri daha da möhkəmlənəcək.
Onu da qeyd etməyi özümə mənəvi borc bilirəm ki, Dilbər xanım Haydarova altı il əvvəl - 2017-ci ildə mənim şeirlərimi özbək dilinə çevirərək “Oşik Pari injələri” (“Aşıq Pəri inciləri”) kitabını Özbəkistanda nəşr etdirib, özbək oxuculara təqdim etmişdi.
Natəvan klubundakı görüş haqqında zəngin təəssüratlarını jurnalist Əli Nəcəfxanlı xüsusi müxbiri olduğu “Xalq qəzeti”ndə oxucularla bölüşür:
“Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Özbəkistanın ünlü yazarı Dilbər xanım Haydarova ilə görüş və onun Azərbaycan şairlərindən özbəkcəyə çevirdiyi şeirlərdən ibarət antologiyanın təqdimat mərasimində istər-istəməz ulu söz dahimiz Hüseyn Cavidin bu sözlərini xatırladıq:
Turana qılıncdan daha kəskin ulu qüvvət –
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Tədbir boyu bu fikir bütün çıxışlardan qırmızı xətt kimi keçdi və Azərbaycan-Özbəkistan mədəni, ədəbi əlaqələrinin hazırki səviyyəsi hamılıqla təqdir edildi.
Tədbirin aparıcısı - “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair Güllü Eldar Tomarlı lokomotivi ədəbiyyat olan ümumtürk mədəniyyətinin tarixən çulğalaşmasını, bu gün özünün zirvə həddinə çatmasını böyük uğur saydığını bildirdi və möhtərəm qonağımız Dilbər xanımın yeni kitabını böyük yaradıcılıq uğuru kimi dəyərləndirdi”.
Antologiyanın təqdimetmə törənində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, tanınmış ədəbiyyatşünas, Nəvaişünas, yazıçı-publisist, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, AYB-nin Poeziya Bölməsinin rəhbəri, Türk Ədəbiyyat Vakfının fəxri üzvü İbrahim İlyaslı, AYB-nin İdarə Heyətinin üzvü, şair Elçin Mirzəbəyli, Əməkdar İncəsənət Xadimi, “Şöhrət” ordenli yazar Baba Vəziroğlu və başqaları “Azərbaycan şeirləri antologiyası”nın özbək dilində nəşr olunmasını poeziyamıza yeni üfüqlər açdığını bildirdilər.
Dilbər xanım Heydərova hər dəfə Azərbaycana gələndə qədim ənənələri ilə seçilən Azərbaycan poeziyasının müqəddəs ocaqlarından biri Gəncədə - Şeyx Nizaminin vətənində görüşləri artıq ənənəyə çevrilib. 2017-ci il mayın 16-da da Azərbaycan milli poeziyasının yorulmaz təbliğatçısı Dilbər xanımın və tanınmış özbək şairi, tərcüməçisi Xasiyat Babamuradovanın Gəncədə söz vurğunları ilə görüşü bu gün də tez-tez xatırlanır. Azərbaycan və Özbəkistan şairləri arasındakı qədim dostluğun davamı kimi keçirilən bu görüşdə Dilbər Haydarova və Xasiyat Babamuradova öz şeirlərini oxumuş, AYB-nin Gəncə bolməsinin bir çox üzvləri iki qardaş xalq arasında ədəbi əlaqələrin gündən-günə möhkəmləndiyindən qürur duyduqlarını qeyd etmişdilər.
Bu il iyunun 3-də ənənəyə sadiq qalaraq Dilbər xanım Gəncəyə səfər etdi. Gəncə Şəhər Icra Hakimiyyəti və AYB-nin Gəncə Bölməsi bu dəfə də Dilbər Haydarova ilə görüşün məmnuniyyətlə təkilatçısı oldular. Yenicə çap olunmuş antologiyada Gəncə ədəbi mühitinin şairləri - Aydın Murovdağlının, Sahib İbrahimlinin, İnqilab İsaqın, İmam Cəmillinin, Eltun Türkelin, Zahir Şiraninin, Zülfiyyə Yaqubun, Xəzangülün, mərhum Ramiz Təmkinin də şeirləri oxuculara təqdim edilmişdir.
AYB-nin Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi Xəzangül tədbiri açaraq Dilbər xanımı və onunla birlikdə gələn qonaqları salamladı. Azərbaycan ədəbi mühitinə böyük qayğı və məhəbbətinə, tərcüməyə sərf etdiyi ağır zəhmətinə görə kitabda şeirləri nəşr edilən yazarlar adından təşəkkür etdi, kitabın məziyyətlərindən söhbət açdı.
İlk söz Dilbər Haydarovaya verildi. Dilbər xanım bildirdi ki, onun Gəncə yazarları ilə tanışlığı, şair İmam Cəmilli vasitəsi ilə olub. Sonra başqa Azərbaycan şairlərinin şeirlərini sosial şəbəkələrdən götürüb özbəkcəyə çevirməyə başlayıb. Çıxışının davamında gördüyü işin məmnunluğundan və gələcək planlarından danışdı:
“Bu kitab mənim böyük arzularımın bəhrəsidir. Mənim üçün çox dəyərlidi. Yenə də Azərbaycan poeziyasına tez-tez müraciət edəcəyəm. İnanıram ki, antologiyanın ikinci hissəsi də olacaq”.
“Azərbaycan şeirləri antologiyası” kitabında şeirləri nəşr olunan AYB-nin Gəncə Bölməsini üzvləri və qonaqlar çıxışlarında Dilbər xanım Haydarovanın zəhmətini yüksək qiymətləndirdilər, təşəkkürlərini bildirdilər, gələcək işlərində uğurlar, sağlam, mənalı, yaradıcı ömür arzuladılar.
Bakının görməli yerlərinə gəzintiyə çıxan Dilbər xanım Bakının daha da gözəlləşdiyinə heyranlığını gizlətmədi. Vətənimizi, onun qonaqsevər, səmimi insanlarını çox sevdiyini, Azərbaycanı ikinci Vətəni bildiyini, söz sənətimizin, xüsusilə poeziyamızın möcüzə olduğunu, bu möcüzənin sehrinə düşdüyünü, bu sehirdən heç vaxt doymayacağını, ayrıla bilməyəcəyini bildirdi.
Bu görüş iki qardaş xaqın ədəbi və əbədi dostluğumuz, mədəni əlaqələrimiz, poeziyamızın, yazarlarımızın gələcək uğurları üçün möhkəm zəmin yaratdı.
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)