“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir:
İlahi, dünyanı saxla bu yerdə…
Ay xanım, mən dünən ocaq yeriydim,
İndi kül yeriyəm, indi kül yeri.
Sinəmiz üstündə iki yer qalıb-
Məndə güllə yeri, səndə gül yeri.
Yüz yerə bölünən kiçik payam mən,
Ancaq bölünməyən tək hecayam mən.
Pəncərə deyiləm, bir bacayam mən-
Sən də axtarırsan məndə tül yeri.
Mən haqsız olmuşam haqla bu yerdə,
Nə xeyri, sızılda, ağla bu yerdə.
… İlahi, dünyanı saxla bu yerdə-
Ya nöqtə yeri tap, ya vergül yeri…
“Ədəbiyyat və incəsənət”
(12.06.2023)