“Sonra bir gün anamın başqasıyla şəklini gördüm...” – Çinarə Ömrayın hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbə nəsrindir, Çinarə Ömrayın “Adsız” hekayəsinin təqdimatıdır.                              

 

 

NƏSR

 

Çinarə ÖMRAY

 

ADSIZ

 

 

Yetimliyimin ilk günündə, sadəcə, dəli kimi qaçdım.

“Hara?”, “Kimə?”, “Kimdən?” bilmədən qaçdım.

Ata olacaq yaşdayam, hələ də içimdəki o yetim uşaq qaçır. Bu yaşda o uşağı anlaya bilmirəm. Hələ də yorulmadan qaçdığını və kimə qaçdığını bilmirəm. Mən onda bilirdim, indi başım öz uşaqlarıma, onların qayğılarına qarışdıqca onun məndən də qaçdığını, hər gün bir az da uzaqlaşdığını görürəm.

Heç kimə izah edə bilmirəm ki, bu, məni necə ağrıdır, necə incidir!

Anasının atdığı o uşağa bu gün mənim də sahib çıxa bilməməyimin ağrısı hər gün içimi bir az daha ağrıdır.

Hərdən əlindən tuturam, “gəl birgə qaçaq” deyirəm, sonra görürəm, nə yaşım o yaşdı, nə qayğılarım o qayğılardı; çata bilmirəm, təngnəfəs oluram, yarı yolda nəfəs-nəfəsə qalıb buraxıram əlini.

İnsanın öz içi ilə, öz uşaqlığı ilə uzlaşa bilməməsi, yarım qalmış uşaqlığına sahib çıxa bilməməsi ağırdı.

Mən onda öyrənmişdim ki, insan bir günün içində 16 yaş böyüyə bilərmiş.

Hə, yetimliyimin ilk günü, sadəcə, dəli kimi qaçdım… Dayananda 30 yaşım vardı.

Onda atam üstümə qışqıranda səsi qulağıma qadın səsi kimi gəlirdi. Elə bilirdim ki, uşaqların üstünə ancaq anaları qışqıra bilər. Bir də elə bilirdim ki, uşaqları ancaq anaları qoyub gedə bilər. Atalar getməz, atalar sahib çıxar, atalar qucaqlayar.

Sonra bir gün anamın bir başqasıyla şəklini gördüm... O günə qədər elə bilirdim ki, mənim anam heç vaxt gözləri ilə gülə bilmir. Elə bilirdim uşaq vaxtı nənəmgil ona gözləri ilə gülməyi öyrətməyiblər, yadlarından çıxıb. Anamın gözlərində hər zaman bir damla yaş olurdu. Məsələn, atama əsəbiləşəndə də o yaş orda olurdu, mənim doğum günüm olanda da. Onun həmişə bir qırpımlıq yaşı vardı gözlərində.

Sonra bir gün anamın başqasıyla şəklimi gördüm... Özünü görməyə hazır deyildim. Bağışlaya bilmirdim. Çünki o gedəndən heç “oğlum” deyən olmadı mənə onun kimi. Çünki o gedəndən hey onun-bunun “oğlum” kəlməsinin istisinə qızındım. O gedəndən hey özümdən qaçdım, beynimin mənə verdiyi suallardan qaçdım. Bir tək atam üçün dayandım həyatın müəyyən dayanacaqlarında, bir tək o gülümsəsin deyə, o dayanacaqlarda qərarlar verdim, bir tək onun içi rahat olsun deyə, həyata keçirdim o qərarları. Sonra hey qaçdım...

Hə, sonra bir gün anamın başqasıyla şəklini gördüm... Anamın gülməyən üzü tək o şəkildə gülürdü. Anamın gözündəki o bir damla yaşı da yoxa çıxmışdı o şəkildə. Anama kimsə  gülməyi öyrətmişdi, özü də gözləri ilə. Atamdan, bunca qaçdığım suallardan, yollardan utanmasam, sevincəkdim. Onu ömrümdə ilk dəfə gülən görürdüm.

Gördüm o şəkli... Gözləri gülürdü. Məni qoyub getdiyi yaşdan bir az çox idi yaşı, amma gülürdü. Yanındakı adamla oxşar idi gülüşü. Əmindim, o adam öyrətmişdi anama o gülməyi. Bir almanın yarısıydı o gülüşlər. Onların gülən gözünə baxdıqca atamdan, illərdi qaçdığım bu yollardan utanırdım. Anam gedəndən sonra bir müddət atam da üzümə baxmadı. Nənəm deyirdi: “Kişidi balam, sığışdıra bilmir özünə. Utanır”.

Hərdən mənə elə gəlirdi, atam da mənimlə bərabər qaçır. Anam bizdən, biz hamıdan qaçırdıq o gündən bəri. Yolun bir yerində mən yenə tək idim. Çünki atam da öz həyatını, ailəsini qurmuşdu. Yox, o atıb getmədi, amma bu mübarizədə mən tək qaldım, bu qaçış yolunda daim tək qaçdım. Ayağıma, ürəyimə dəyən daşlardan da kimsənin xəbəri olmadı. Gah öz içimə qaçdım, gah da öz içimdən.

Sonra o şəkli gördüm... Ömrümdə ilk dəfə o şəklin qarşısında ayaq saxladım, dayandım. Təngnəfəs idim, həyatla üzbəüz idim. Bir gecəyə 16 yaş böyüyən biri bunca ilə neçə yaşa gəlmişdi, özün düşün. Artıq atamın da “Anam” yarası sağalmışdı, adamların da “Anam” yaddaşı silinmişdi, təkcə anamın gözündəki bir damla yaşla, son gedişiylə, “oğul” kəlmələrinin içimdə açdığı yaralarıyla qalmışdım. Nə anamı, nə özümü bağışlaya bilirdim.

Bəli, bir gün anamın o eyni gülüşü bölüşdüyü başqasıyla şəklini gördüm... Ayağıma, ürəyimə, üzümə, gözümə, kürəyimə dəyən bütün qum-çınqıl yığılıb böyük bir daş olmuşdu. Yetimliyimin ilk günündə, sadəcə, dəli kimi qaçırdım... Yeri gəlmişkən, elə ilk dəfə dayananda o daşa dəyib dayanmışdım. O daşın üstündə anamın başqasıyla şəklini gördüm. Gözləri gülürdü. Yanındakı adamla oxşar idi gülüşü, o adam öyrətmişdi anama o gülməyi. Əmindim.

Və bir də daşın üstündə bu yazılmışdı: “Böyük sevginin yol qəzasına qurban getdi…”

O günə qədər hey qaçırdım, bu yolda, bu həyatda təkbaşına qaçırdım. İlk dəfə o daşa dəyib dayanmışdım. Bir də hardansa titrək əl dəydi kürəyimə və təngnəfəs səslə: “Bacın qurban, sən tək deyilsən” – dedi hardansa. Lap elə anam kimi dedi, lap elə anamın səsiylə…

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2012)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.