Vaqif Səmədoğlunun növbəti doğum günü elegiyası
Dünən yenə külək əsdi. 84 ildir ki, Vaqif Səmədoğlu doğulan gün - iyunun 5-də külək əsir. Biz bu yazını dünən, onun doğum günündə verməli idik. Amma vermədik. Elə bu girişin, külək xatırlamasının eşqinə vermədik. Gözlədik ki, görək tilsim sınacaqmı, 83 illik ənənə pozulacaqmı. Amma pozulmadı.
Bir axşam taksidən düşüb payıza Bilmədik haraya, hayana gedək... Bahar həsrətiylə payız axşamı Yenə həzin-həzin titrədi ürək.
Yağışın əlindən qaçıb bir küncə, Dayandıq üzümüz dənizə sarı. Yenə tapılmadı payız gəlincə O uzaq günlərin itmiş açarı…
Bu şeirdə payız vəsf olunub. Yayda doğulan Vaqif Səmədoğlu ən çox elə yayı sevib, amma ən çox payızı vəsf edib. Ömrünü payıza bənzətdiyi üçün. Payız qədər qəmli, kədərli, həm də müdrik olduğu üçün…
Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 84-cü ildönümü tamam oldu.
Azərbaycan poeziyasında öz yolu, öz dəst-xəti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən idi Vaqif Səmədoğlu. Ömrü boyu yazsa da, az çap olunan şair həmişə özünü, qəlbini, ruhunu kağıza köçürdü. Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya göz açdı. Şairlər diyarı Qazağın poeziya ruhu damarlarında axan qana qarışdı.
İlk laylasını “Azərbaycan” şeiri üstə köklədilər. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu, artıq Allah vergisi, bənzərsiz istedad idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.
Ömrümə duman gəlib, Deyəsən, yaman gəlib, heç kəsə demə…
Bu dumana qapımdan, çıxan kimi azmışam yenə şeir yazmışam, heç kəsə demə…
Daş evlər arasında neyləyər duman mənə? Gülüm, diriyəm yenə, heç kəsə demə…
Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində saxlayıb.
Onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.
Şairin yaradıcılıq yoluna nəzər salan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov yazır: Vaqif Səmədoğlunun müdrik ironiyası ona saxta gülüşün, laqqırtının Azərbaycan teatrı səhnələrini başına aldığı bir dövrdə "Uca dağ başında", "Bəxt üzüyü", "Lotoreya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" kimi pyesləri yazdırdı ki, onlar bütövlükdə milli ictimai şüurla oyadıcı, maarifləndirici təsirini göstərdi. Ümumiyyətlə, Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran, əgər belə demək mümkünsə, "böhranlı" məqamları həssaslıqla müəyyənləşdirən mütəfəkkir bir sənətkardır”.
Ruhu şad olsun!
Bu payız da başlandı, Bu yağış da… Ölülərim, Dirilərim dolanır içimdə, Xatirələr səyriyir gecəmdə, Təkliyimi minib at tək Yanır sönür ötür ömrüm… Ekspreslər dayanmayan Kiçik stansiyalar tək…
“Ədəbiyyat və incəsənət”
(06.06.2023)