“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın böyük Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin doöum günü münasibətilə yazdığı şeirini təqdim edir.
Böyük Mirzə Ələkbər Sabir Tahirzadənin doğum günü - haqq şeirimizin 20-ci əsr mövludu...
SABİR GÜLÜŞÜ.
Gülürdü Mirzə Ələkbər...
Güldü ağlada-ağlada,
Güldü ağlaya-ağlaya...
Bu gülüşlə öz xalqının
qana dönmüş göz yaşını
sildi ağlaya-ağlaya...
Dəmdərdiylə sardı bizi...
İdrakıyla vurdu bizi --
Əyildikcə yönümüzdən
Düz qibləyə qurdu bizi!..
İnsan özü bilməcədir;
Görəvli çağlağan olur...
Gülər üzü gülməcədir;
Gülənlər ağlağan olur...
Sabir səbri, ya təbiri
Bənzəmədi bir kəlama.
Sabir -- zülmət bəbəyində
Nur məbədi, tək üləma!..
Nə qorxu, nə hürkü bildi,
Nə də Vətən tərki bildi...
Qəhərləndi, qəhərindən
Bulud-bulud işıq yağdı.
Kədərləndi, fəqət nədən
Kədərindən Günəş doğdu?!.
O, güldümü, ağladımı --
Bu, sirr oldu, bilinmədi.
Gülə bildi ağlayanda,
Qəmini də gülüb dedi...
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)