“Ədəbiyyat və incəsənət” portalı Tural İsmayılovun şeirlərini təqdim edir. İstedadlı gənc olan Tural xeyli müddətdir ki, ədəbi gəncliyin təmsilçisidir. Amma son aralar onu bir politoloq, siyasi şərhçi kimi də görürük. Turalın yenidən şeirə qayıdışı, əlbəttə ki, əlamətdardır.
Səssizliyin ovçusu
Sükutum səsin dəyərsizliyindəndir,
Bəzən susmaq hissi
Danışa bilməmək arzusu
Üsyan etməməyin aşiqidir
Səssizliyin ovçusu olan qəlblər.
Təəccübümüz dünyanın ədalətsizliyindəndir,
Savaşlarda tökülən qanlar
Yarım qalmış xəyallar
Mələk olan körpələrin gözləridir
Paramparça olan qəlblərin dənələri.
Düşüncə burulğanlarında it-batmışlıqdır,
Cəmiyyətin xofu
Arzuların heçliyi
“Yaxşı olacağ”a inamsızlıqdır
Yaradıcı ruhun qəlibləri.
Xəritələrdə dünyanın qəskarlığıdır,
Qılınclar oynadı
Toplar partladı
Qırıcılar indi də bombalayır,
Hardasa bir şair evində
Misraların yanmağıdır səssizliyin simvolikası.
Səmada hər şey
Səmada hər şey var
Orda azadlıq var,
Quşlar qanad çırpanda sən dərdlərinlə boğulursan
Orda sonsuz ümmanlar var,
Qaçmağa yer axtaranda ora gedə bilmirsən
Orda axtarış var
İnsan özünü fəth etməmişkən oranı fəth etmək istəyir
Və orda bir göy var ki,
Ayla Günəş anlaşıb bir-birini əvəzləyir
Sən isə Yeri tarimar edirsən.
Freyd
Bəzən elə uzaqlardadır ki doğmalar
Bəlkə heç tanımırıq
Bəzən isə elə yaxındadır ki yadlar
Evimizin içində onlarla danışırıq.
Bir axşam yuxumuzdadır uzaqdakı doğmalar
Görmürük
Amma danışırıq
Eşitmirik
Amma duyuruq
Bir də var ki,
Ən yaxınımızla aramızda kainatlar var,
Eşidirik,
Danışırıq,
Ola bilər ki, hətta sevirik,
Amma yaşaya bilmirik.
Bildiyimiz isə birdir
Freydin sirrləri bizim reallıq güzgümüzdür.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)