Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz. 

 

 

22-ci dərc

 

Canavar ulaması… Məni buraya gətirən məhz gənc leytenantın dediyi bu sözlər idi. Araşdırmalarımda həmişə ən kiçik görünən ipucu da tapılarsa, bu ipucundan yapışıb onu axıra qədər çözmək, hətta heç nəyə gətirib çıxarmayacaqsa belə, sona qədər hər şeyi yoxlamaq adətim idi. Əslində, bu böyük qəsəbədə canavar ulaması eşidilə bilməzdi. Bu, gün kimi aydın idi. Geriyə çevrildim. Bu da Dəmirlinin dediyi yeraltı sığınacaq və ay işığında zorla seçilən iki hündür dəmir boru. Yenə qayıdaq canavar səsinə. Əgər bu hal bircə dəfə baş vermiş olsaydı, mən buna əhəmiyyət verməz, bəlkə də yaxınlıqdakı həyətlərdən hansındasa sərxoş birinin çıxardığı bir səs, yaxud kinoya baxan birinin ani olaraq televizorun səsini artırması ilə izah edərdim. Ancaq bu səs dörd telefon qırığının tapılmasından, həmin tarixlə eyni tarixdə, elə bu yaşadığımız şəhərdə dörd adamın itkin düşməsindən bir müddət keçmiş eşidilmiş, sonra isə yenə də təkrarlanmışdı. Özü də tək ulamaq kimi yox, köməyə çağıran, imdad diləyən bir insanın naləsi kimi. Belə təsadüf ola bilməzdi. Elə məni indi buraya, bu meydançaya gətirən səbəb də bu idi.

 

* * *

Təkcə Həsənağanın bildiyi nömrəyə zəng gəldiyini görən şişman cəld cavab verdi.

-Eşidirəm.

-Hazır ol, qonaqlar yaxınlaşır.

-Baş üstə, -şişmanın Həsənağa qarşısında qorxusu sonuncu hadisədən sonra daha da artmışdı. Ona görə də, onunla rəftarda maksimum canfəşanlıq göstərirdi ki, qızı zorlamaq istəməsini qorxduğu adama deməsin Həsənağa. O adamın təkcə adı gələndə tir-tir əsirdi şişman. O ki, qala qız məsələsini bilə.

Telefon əlaqəsi kəsilən kimi həyətə çıxıb qapıdan boylandı, dalanın o başından gələn tanış maşının işıqlarını görüb cəld darvazanı açdı. Bu, cəllad həkimin və köməkçisinin həmişə gəldikləri maşın idi.

Saat 23:15 idi. “Yenə də həmişəki vaxtda gəliblər. Cərrahiyyə əməliyyatları keçirilən gecələrdəki kimi eyni vaxtda”, -şişman gözucu qol saatına baxıb düşündü.

Maşının həyətə girməsini gözləyib tez darvazanı bağlayan şişman, tələsik evə keçib bunkerin qapısını açan mexanizmi hərəkətə gətirən düyməni basdı. Sonra isə qayıdıb maşının arxa qapısını açıb oradakı, belə günlərdə həkimin həmişə özü ilə gətirdiyi iki böyük, qəribə görünüşlü qutunu götürdü. Şişman gözəl bilirdi ki, soyuducu kamera rolu oynayan bu qutularda cərrahiyyə üsulu ilə çıxarılmış insan orqanları daşınır. Ona görə də əvvəlki dəfələrdə olduğu kimi bu dəfə də qutulara toxunanda qeyri-ixtiyari canından bir üşütmə keçdi. Özündən asılı olmadan əllərini irəli uzadıb qutuları bir qədər aralıda tutub gələnlərin dalınca bunkerə endi. Qutuları xüsusi avadanlıqlarla təchiz olunmuş cərrahiyyə otağının qarşısındakı masanın üzərinə qoydu. Bu otağa girmək ona qəti qadağan olunmuşdu. 

Yuxarı qalxıb evə keçdi və bunkerin qapısının bağlanması üçün düyməni basdı.

Mexanizm yenidən işə düşdü və bir anda bunkerə aparan pilləkənlərin yerini üstü torpaq və yaşıl ot örtüyü ilə örtülmüş qalın hamar lövhə tutdu. Sanki heç orada qapı yox imiş kimi…

Belə xüsusi günlərdə şişman nə qədər çox həyəcan keçirsə də, özündə sevincə bənzər bir hiss də duyurdu.

Hər şey bitəndən sonra, ilk növbədə, alacağı qonorarın sevinci onu ruhlandırırdı. Qızı şəxsən qaçırdığına görə də qonorarı daha çox olacaqdı. Alacağı pullarla Rusiyada əla kef edə biləcəkdi.

Bununla belə, nə qədər tamahkar olsa da, onun sevincinin əsas mənbəyi növbəti sifarişə qədər müəyyən müddətə yaranacaq fasilə idi. Şişman hal-hazırda olduğu evə o qədər nifrət edirdi ki, yaranan fasilələrdə mümkün qədər buraya gəlməməyə çalışır, yalnız hərdən həyət-bacaya baş çəkməklə maksimum uzaq gəzirdi. Növbəti fasilədə isə icazə alaraq Rusiyaya getməyi, bir qədər orada dincəlməyi planlaşdırırdı.

…Əllərini yuyub əynini cərrahiyyə əməliyyatları üçün nəzərdə tutulan xüsusi steril geyim ilə əvəzləyən həkim cərrahiyyə otağına keçdi.

Eyni geyimdə olan köməkçisi qurbanlarının saxlanıldığı otaqlar tərəfə gedib birinci otağın qapısını açdı. Çarpayıda uzanan gənc kişi onu laqeyd baxışlarla süzüb sonra gözlərini tavana zillədi. Həkimin köməkçisi qolundan tutub onu qaldırdı və otaqdan çıxardı. Bir neçə gün sərasər qəbul etdiyi dərmanların təsirindən heç bir müqavimət göstərmək iqtidarında olmayan gənc sakitcə onunla birlikdə cərrahiyyə otağına gəldi.

Nazik parçadan olan xalatını və alt paltarlarını gəncin əynindən çıxaran assistent onu cərrah masasına uzatdı. Gənc yenə də heç bir müqavimət göstərmirdi.

Həkim əlindəki şüşə ampuladan şprisə çəkdiyi keyidici mayeni onun qolunun damarına yeritdi. Assistent hər ehtimala qarşı qolunu tutub saxlasa da, gənc bu iynəyə də heç bir reaksiya vermədi.

Həkim gözəl bilirdi ki, belə əməliyyatlarda - insan orqanının transplantasiyası əməliyyatlarında mütləq qaydada anesteziya nəfəs yolu ilə həyata keçirilir. Bu, belə əməliyyatların uzun müddətli olması ilə bağlıdır.

İndiki halda isə, qarşısındakı insanın həyatı mübahisə mövzusu olmadığından bu cəllad damar daxili anesteziya ilə kifayətlənməklə vaxtına qənaət edirdi.

Hələ üç nəfəri də yarmalı və zərgər dəqiqliyi ilə sifariş olunan orqanlarını çıxarmalı idi. Bu işi bacardıqca tez başa vurmağa çalışırdı.

Əsli Livan ermənilərindən olan bu həkim, bütün dünyada qadağan olunan eftanaziya ilə məşğul olması üzə çıxdıqdan sonra öz ölkəsində cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrum edilmiş, cəzasını çəkdikdən sonra artıq həkimlik fəaliyyətinə qadağa qoyulmuş vətənində qala bilməyəcəyini bildiyindən tanışları vasitəsilə, külli miqdarda pul müqabilində saxta sənədlər düzəltdirmiş, bir neçə ölkədə həkim kimi işlədikdən sonra Rusiyaya gəlmiş, orada isə sivri burunlu ilə tanış olmuşdu.

Sivri burunlunun müdhiş planının tərkib hissəsi kimi xeyli müddət əvvəl, əsil sənədlərdən heç nə ilə seçilməyən saxta sənədləri ilə Azərbaycana gələrək paytaxtdakı özəl xəstəxanaların birində həkimlik fəaliyyətini davam etdirən bu cəllad, mənsub olduğu millətə məxsus xüsusi yaltaqlıq və ikiüzlülüklə kollektiv arasında özünə yer edə bilmişdi. 

Livanı tərk etdikdən sonra yaşadığı ölkələrin heç birində əslən erməni olduğunu bildirməmişdi. Azərbaycanda isə məlum səbəblərdən bunu daha ciddi cəhdlə gizlətməyə çalışmışdı, hər sözünü, hər hərəkətini yüz ölçüb bir biçirdi. 

Digər ermənilər kimi onun da türklərə nifrəti o qədər böyük idi ki, hətta daxili orqanlarını çıxardacağı insanın azərbaycanlı deyil, başqa millətdən olmasını öyrənərkən hər dəfə qanı qaralır, lakin heç zaman bunu büruzə vermirdi.

Saat 23:55 idi. Cərrahiyyə masasında uzanan gənc artıq qımıldanmırdı. Ona qoşulmuş xüsusi aparatlar hər şeyin qaydasında olduğunu göstərirdi.

Başlamaq olardı.

-Skalpeli ver, -deyə həkim assistentinə göstəriş verdi…

 

* * *

Yoldan keçən maşınların demək olar ki, ardı-arası kəsilmişdi. Hərdən-birdən keçən maşınlar olmasaydı, küçədən əl -ayağın çəkildiyi bir vaxtda ətrafda bizdən başqa heç kimi görmək olmazdı.

Meydançadan ayrılan, qəsəbənin içərilərinə aparan əsas yollarla bir qədər irəliləyib ətrafı gözdən keçirmiş, lakin maraq doğuracaq bir şey şey aşkar etmədiyimdən geriyə, yoldaşlarımın yanına qayıtmışdım. Yenə də bayaqkı yerdə dayanmışdıq, bundan sonra hansı addımları atacağımızı düşünürdük. Əslində, təkcə mən düşünür, qalan üç yoldaşım isə səbrlə nə deyəcəyimi gözləyirdilər.

Narahat idim. Hətta indi, bu dəqiqə çıxış yolu tapacağım təqdirdə də, gecikib-gecikmədiyimə əmin deyildim. Ola bilərdi ki, elə bu gecə Babaxanın olduğu yeri də müəyyən edim, onun özünü də tutaq. Ancaq Nərmin orada olacaqdımı? Və ya həyatın şirinliyini indi dadmağa başlayan, körpəykən hər iki valideynini itirən, böyük-böyük arzularla yaşayan bu yeniyetmə qız görəsən həyatdadırmı, onu qaçıran qatillər görəsən arzuları ilə birlikdə onu həyatdan da məhrum etməyiblər ki???

Bax bundan son dərəcə narahat idim. Belə olarsa, tək sevincləri olan nəvələrinin tapılmasını ümidlə gözləyən qocaların üzünə necə baxacaqdım.

Əlbəttə bu fikirlərimi heç kimlə bölüşmürdüm. Bunlar tək özümə aid olan, zəif yox, uduzmağa öyrəşməmiş bir peşəkarın keçirdiyi hisslər idi. 

Vaxtsa gedirdi. Mən sanki uzun müddət axtardığı sandığı tapıb indi açarını tapa bilməyən birinə bənzəyirdim. Son iki günün gərginliyi, yuxusuzluğu hesabına Nərminin ola biləcəyi yeri təxmini müəyyən etmiş, Bakı kimi bir şəhərdə itmiş bir qızın axtarışlarının dairəsini minimuma endirmiş, bundan sonra isə həmin dairənin içində, dörd yol ayrıcında dayanıb, hansı tərəfə gedəcəyimi bilmirdim. 

Ancaq yox Babaxan, sənin kimi bir diletant Bəxtiyar Nəzərli kimi peşəkar bir xəfiyyədən ağıllı ola bilməz. Buraxdığınız səhvlərin sayəsində buraya qədər gəlib çıxmışamsa, başqa səhvlərinizi də tapacağam. Sonra isə özünüzü. Azca da gözləyin. Mən gələcəyəm…Mütləq gələcəyəm… Kaş ki, bircə Nərmin sağ olsun…

Yorğunluq, yuxusuzluq özünü göstərir, beynim nə qədər sürətlə işləsə də, fikirlərim sonsuzluqda yox olur, belə həlledici məqamda bir məntiqi nəticəyə gələ bilmirəm. Belə hala düşdüyüm ilk dəfə idi. Tərs kimi qolumdakı güllə yarasının yeri də ağrımağa başlayıb.  

Hiss edirdim ki, beynimi sakitləşdirməli, sonra isə hər şeyi yenidən təhlil etməliyəm.

Layiqə, şefinin yaranmış vəziyyətdə mütləq çıxış yolu tapacağına əmin olduğu üçün sakitdir. Kənarda dayanıb mənə tərəf baxır.

Ancaq bu qaranlıq gecədə onun özünə də maraqla baxan bir cüt göz var. Layiqənin bunu hiss edib-etmədiyini bilmirəm, mən bir neçə dəfə Rəşad Qasımlının ona oğrun-oğrun baxdığını sezmişdim. Görunur, bizim kapitan qızımızı bəyənib. 

Burada dayanmaqla vaxt itirdiyimizi bilirdim. 

Üzümü uşaqlara tutdum.

-Mən bir qədər maşında oturacağam.

Layiqədən başqa heç kim bu sözümə elə də əhəmiyyət vermədi. O isə, niyə maşına oturduğumu bilirdi. 

Arxa oturacağa yanakı əyləşib ayaqlarımı oturacağın üzərinə uzatdım. Başımı qapının şüşəsinə söykəyib gözümü salonun tavanına zillədim. İndi hər şeyi yenidən, sonuncu dəfə təhlil etməliydim.

 

(Davamı var)

 

 “Ədəbiyyat və incəsənət”

(26.05.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.