Gənclər şəhəri Sumqayıtda kitabın təbliği sahəsində növbəti addım atılır. 30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə şəhərdə “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq. İştirakçı nəşriyyat və kitab mağazalarının sayı artdığı üçün kitab sərgisı ənənəvi olaraq keçirildiyi Sumqayıt Dövlət Dram teatrında deyil, “Kimyaçı” Mədəniyyət Sarayına keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Zəfər Bayramına həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və bir neçə kitab evi iştirak edəcək. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimlər, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların əsərlərindən ibarət sərginin təşkili və konsert proqramlarının keçirilməsi planlaşdırılır. ANİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub. “Qarabağa kitabla gedirik” stendində isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə bədii və elmi-kütləvi ədəbiyyat nümunələrinin toplanılması aksiyası həyata keçiriləcək. Bu aksiyada hər kəsin iştirakı arzuolunandır.
Sərgi hər iki gündə saat 10:00-dan 19:00-dək davam edəcək. Təşkilatçılar şəhərin bütün kitabsevərlərini kitabla ünsiyyət üçün yaranmış bu gözəl fürsətdən yararlanmağa çağırırlar.
Qeyd edək ki, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyi tərəfindən növbəti sərginin noyabr ayında Nizami yurdu Gəncə şəhərində keçirilməsi planlaşdırılır.
Bu dəyərli fəaliyyətinə görə ANİB-ə uğurlar arzulamaqla portalımız da öz adından sumqayıtlıları və şəhərin qonaqlarını “l Sumqayıt kitab sərgi”sinə dəvət edir. Çox maraqlı olacaq.