Uşaqlar üçün hekayələr
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcini davam edir. Növbəti hekayə ilə tanış olun.
Təsadüfi bir görüşün tarixçəsi
Öz doğma yurdlarından zorla qovulan insanlar Azərbaycanın müxtəlif şəhər və rayonlarına pənah gətirmişdilər. Çadır şəhərciklərində, dəmir yolu üzərindəki yük vaqonlarında, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, yeraltı qazmalarda və s. ağır və dözülməz şəraitli obyektlərdə yaşamağa məcbur olmuşdular. Ulu öndər dəfələrlə çadır şəhərciklərində olmuş, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdu. Onun bu şəhərciklərə hər gəlişi əsl bayram olardı. Ulu öndər: “ Başa düşməliyik ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir”. Dahi şəxsiyyət insanların ağrılarını dərindən duyur, onların xilası yollarını axtarırdı. Heydər Əliyev işğal altında olan torpaqların azad edilməsi üçün bütün imkanlardan istifadə edirdi.
Ümumiyyətlə, məcburi köçkünlərə nə qədər qayğı göstərilsə də, onlar vətənlərini istəyirlər. Balıq sudan ayrı yaşaya bilmədiyi kimi, insan da vətənindən, doğma yurdundan ayrı yaşaya bilmir. Avropada yaşamağa can atan və ora getməyə nail olan məcburi köçkünlərdən biri qürbəti yarımçıq buraxıb vətənə qayıtmış, məşhur atalar sözünü dəyişdirib, sosial şəbəkədə öz səhifəsinə belə bir status yazmışdı: “Gəzməyə də, ölməyə də vətən yaxşı!”
1995-ci il, 11 oktyabr. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistan Prezidenti Fərrux Əhməd Xan Leqarini ilə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin yataqxanasında müvəqqəti məskunlaşmış Füzuli, Kəlbəcər, Zəngilan, Cəbrayıl qaçqınları ilə görüşür. Görüşdə ulu öndər ona həsrətlə baxan insanlar qarşısında çıxış edir. Çıxışını bitirməyə az qalmış balaca bir uşaq əlində gül prezidentə yaxınlaşır. O uşağı qucağına alır, çıxışını belə sonluqla bitirir: “Azərbaycanın işğal edilmiş torpaqları azad olunacaqdır. Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, öz ərazisinin, öz torpaqlarının sahibi olacaqdır. Buna əmin ola bilərsiniz. Mən sizə hörmət və məhəbbətimi, sevgimi bildirirəm. Hamınızı salamlayaraq bu balaca uşağı bağrıma basıram. Onu öpərək sizin hər birinizi öpürəm, hər birinizi bağrıma basıram”
Ulu öndər Heydər Əliyevin qucağına aldığı uşaq gələcəyin məşhur futbolçusu "Qarabağ"ın və Azərbaycan Millisinin yarımmüdafiəçisi Qara Qarayev idi.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)