Bu gün böyük türk yazarı Oljas Süleymenovun anadan olduğu gündür
Bəli, bu gün çox əlamətdar bir gündür, görkəmli qazax yazıçısı və ictimai xadim Oljas Süleymenovun anadan olmasının 87-ci ildönümüdür.
Oljas Süleymenovu nəinki Qazaxıstanda, Orta Asiyada, postsovet məkanında, Rusiyada, Avropada, Asiyada, Amerikada, Afrikada, Avstraliyada – bir sözlə, bütün dünyada tanımayan yoxdur. Azərbaycanın ən yüksək mükafatları ilə təltif olunan Süleymenovu Bakıya hər gəlişində dövlət rəsmiləri az qala hava alanında - trapda qarşılayırlar. Oljas Süleymenov dahi yazar olmasından savayı, həm də Azərbaycanın böyük dostudur. 20 yanvar faciəsi zamanı həyatını riskə ataraq Bakıya gələn və rus tanklarının qarşısına çıxıb onları faşist deyə adlandlran bu şəxsə sevgimiz həm də buradan qaynaqlanır.
Bu arada “Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, yazıçı Varisdən Oljas Süleymenovun doğum günü ilə bağlı fikrini almışdır.
Varis söyləmişdir:
-Oljas Süleymenov barədə məndən fikir almağınız təbii ki, məlum səbəbə görədir. BMT-nin patronajlığı altında keçirilən ədəbiyyat üzrə LiFFt festivallar festivalının o da, mən də müxtəlif illərdə qızıl laureatları olmuşuq. Təbii ki, bundan qürur duyur, bu dahi şəxsiyyətlə ünsiyyətdə olduğum hər anı bir ilə bərabər tuturam. O, həqiqətən sözün dahisi, türkçülük və vətənpərvərliyin, eləcə də mərdliyin simvoludur.
“Ədəbiyyat və incəsənət”
(18.05.2023)