Gənclər Kitabxanasının təşkil etdiyi “Nəşrlərin satınalınması müsabiqəsi” başa çatıb

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə bir aydır davam edən “Nəşrlərin satınalınması müsabiqəsi” başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabxanaya istinadən xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd oxucu kontingentini və mütaliə tələbatını nəzərə almaqla, fondu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirməkdən ibarətdir. 

Müsabiqəyə 11 nəşriyyat və 4 müəllifdən 237 adda kitab daxil olub. Müsabiqəyə daxil olan kitablar arasında Azərbaycan, ingilis və rus dillərində ali məktəb dərslikləri, müxtəlif mövzuları əhatə edən ensiklopediyalar, Azərbaycan və xarici ədəbiyyat nümunələri, şanlı Zəfər tarixinə həsr olunan kitablar üstünlük təşkil edir.

Şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yaradılan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirib. Belə ki, əsasnaməyə uyğun olaraq, dəyərləndirmə müddəti ərzində Komissiya tərəfindən müsabiqəyə daxil olan kitablar arasından seçim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.