ƏDƏBİ YADDAŞIMIZIN HEYDƏR ƏLİYEV MƏQAMI – Xalq şairi Nəriman Həsənzadə ilə söhbət Featured

Siyasət və ədəbiyyat! Yer üzündə insana qarşı zorakılığın və təcavüzün, silah və gücün meydan suladığı bir vaxtda elmin, ağılın üstünlüyü sanki ikinci, üçüncü dərəcəli nəsnə kimi önəmini itirməyə meyillənir. Belə situasiyaların bəşər tarixində sərgiləndiyi məqamlar az olmayıb. Nə bilmək olar? Bəlkə, dünyada ilk şeir parçası, sonradan ədəbiyyat sayılacaq ilk yazı nümunəsi insanın insan, təbiət və dünya üzərində ağalığına müxalif ovqatdan ərsəyə gəlib. Dünya tarixi hökmdar və sənətkar münasibətlərinin sonsuz sayda nümunəsini tanıyır. Zamanın insana xidməti o andan başlayır ki, onun sükanını idarə edən şəxs zamanla yol getməyi bacarır. XX əsr daxilində iki dəfə milli insanla bahəm, milli ədəbiyyatın da bəxti onda gətirdi ki, həmin dönəmin idarəetmə funksiyasını Əlahəzrət Zaman Heydər Əliyevə həvalə etdi.

Tənqidçi, ədəbiyyatşünas Elnarə Akimova Xalq şairi Nəriman Həsənzadəylə Heydər Əliyev Zamanındakı bir məqamdan – onun ədəbiyyatdakı obrazından danışmağa qərar verib. “Ədəbiyyat və incəsənət” söhbəti diqqətinizə çatdırır.

 

 

Elnarə Akimova: – Nəriman müəllim, bu ilin may ayında Heydər Əliyev mükafatına layiq görüldünüz. İstərdim, elə bu məqamdan başlayaq söhbətə.

 

Nəriman Həsənzadə: – Hə. Elə gözlənilməz oldu ki mənə bunu eşitmək. Deməli, Roma Papası Fransisk Bakıya gəlmişdi. Mən də həmin görüşə dəvət olunanlar sırasında idim. Birdən bizi saxladılar ki, prezident keçir. Xanımı Mehriban Əliyeva da onunla idi. Cənab prezident və Mehriban xanım keçəndə mənimlə görüşdülər. Bu diqqət onların böyüklüyündən irəli gəlirdi. Mən, əlbəttə ki, hələ hər şeydən xəbərsiz idim. Bir neçə aydan sonra mənə zəng gəldi ki, bir yerə getmirsən? Dedim, yox. Dedilər, Bakıda ol. Sonra dedilər ki, sən Heydər Əliyev adına mükafata layiq görülmüsən. O qədər böyük sevinc yaşadım ki, sözlə ifadə edə bilmirəm. O anda yalnız bunu düşündüm: – kaş Sara xanım (həyat yoldaşı – E.A.) sağ olaydı. Bu sevinci onunla bölüşəydim. Adam belə böyük sevincləri bölüşməyə doğmasını axtarır həmişə.

 

Elnarə Akimova: – Nəriman müəllim, Heydər Əliyev böyük siyasətçi, dövlət adamı olub. Amma onun eyni zamanda ədəbiyyatlaşan obrazı da var. Heydər Əliyevin ədəbiyyatdakı bu obrazı sizin üçün nə ifadə edir?

 

Nəriman Həsənzadə: – İlk növbədə ədəbiyyata sevgini, qayğını ifadə edir. Onun ədəbiyyatdakı xidmətlərini saymaqla qurtaran deyil. Yazıçılar, şairlər onun həmişə diqqət mərkəzində, himayəsində idilər. Yubileylər, mükafatlar, yazıçını şərdən, böhtandan qoruma halları, istedadlı hər kəsin dəyərini vermək kimi cəhətlər Heydər Əliyevin xarakterində başlıca yer tuturdu. Yazıçı hiss edirdi ki, onun yiyəsi var. Çünki Heydər Əliyev xalqın yiyəsi idi. Və bu xalqın heç bir istedadlı sənətkarı onun diqqətindən kənar qalmırdı.

 

Elnarə Akimova: – Həm də ədəbiyyatın özünə böyük sevgi vardı onda. Bu sevgini Heydər Əliyevin özü də daim, dönə-dönə qeyd etmişdi, "ədəbiyyatı o qədər sevirəm ki, ədəbiyyatla, şeirlə, bizim mədəniyyətlə görüşmək mənim üçün həmişə çox xoşdur", – demişdi çıxışlarının birində.

 

Nəriman Həsənzadə: – Təkcə sevmək deyildi, nəfəs alırdı. Bizi yanına salıb aparırdı görüşlərə. Bürolara gedirdik biz. Bizi nə qədər görüşlərə dəvət edirdi. Həm də çox oxuyurdu. Heydər Əliyevin yüksək natiqlik qabiliyyəti, şeiri, dram əsərini duymaq bacarığı onun geniş mütaliəsinin bəhrəsi idi. Özü oxuyurdu kitabların hamısını. Bir dəfə büroda oturmuşduq. Dedi, mənə elə gəlir, bizdə Puşkin mövzusunda Mirzə Fətəli Axundovun "Puşkinin ölümünə Şərq poeması" əsərindən başqa əsər yoxdu. Mən dedim ki, var, yoldaş Əliyev. Mən Puşkinlə bağlı poema yazmışam o dövrlə bağlı. Gecə saat 1-də Yazıçılar İttifaqının birinci katibi İmran Qasımov zəng elədi mənə ki, Heydər Əliyev poemanı istəyib. "Zümrüd quşu" idi poemanın adı.

O, tamaşalarda iştirak edirdi, sonda böyük həvəslə yaradıcı heyətlə görüşürdü. Bir şairin, yazıçının ehtiyacı, sıxıntısı olsa, ona maddi, mənəvi dayaq olurdu. Özü də tək ədəbiyyat yox ki. Bütün sahələrdə diqqətli idi. Yadıma gəlir, Bərdəyə zona müşavirəsinə getmişdik. Pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Tərlan xanım Musayeva ilə görüşdük. Mən o görüşdən sonra gəlib bir şeir yazıb qəzetdə çap etdirdim. Gecə saatlarında bir də gördüm Emin Sabitoğlu zəng eləyir. Dedi o şeiri göndər mənə, o tapşırıb ki, həmin şeirə mahnı bəstələyim. Bir neçə gündən sonra Emin o şeirə elə gözəl musiqi bəstələdi ki. "Tərlan bacı" adlı o mahnı dillərə düşdü. Heydər Əliyev bütün sahələrə bu cür diqqətli idi. Ümumiyyətlə, Heydər Əliyev düz işin yanında idi, düz adamla dost idi. İşini ki yaxşı tutursan, o adama böyük hörmət göstərirdi. Yazıçılarla, alimlərlə görüşlərində tariximizin elə məqamlarına toxunur, elə yazılmamış, lakin millət üçün çox vacib olan qatlarını qaldırırdı ki, onun genişmiqyaslı mütaliəsinə heyran olmamaq mümkün deyildi.

 

Elnarə Akimova: – Heydər Əliyevin həm sağlığında, həm də vəfatından sonra yazıçılar onun haqqında məqalələr, kitablar yazmağa başladılar. Anar, Elçin, Zəlimxan Yaqub, Mövlud Süleymanlı, Elmira Axundova, Hüseynbala Mirələmov, Səyyad Aran... "İdeal" müəllifi İsa Hüseynovun mətbu etirafi var ki, "İdeal"ı yazanda Heydər Əliyevi düşündüyünü söyləyir. Bu məqam Bəxtiyar Vahabzadənin, Məmməd Arazın etiraflarında, Xəlil Rzanın şair mövqeyində var. Yaşar Qarayev son yazılarından birində yazırdı ki, Dədə Qorqudun, Nizaminin, Füzulinin, Ələkbər Sabirin, Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin... gördüyü işlərin vəhdətini, əməli gerçəkliyini Heydər Əliyev dühasında tapırdı.... Siz də bir kitab yazıb onunla bağlı xatirələrinizi bölüşmüsüz: "Mənim ədəbi taleyim. Zamanla, tarixlə görüş". Yəni bütöv bir epoxa yazarlar nəsli öz yaradıcılığında Heydər Əliyev dühasının rolunu dönə-dönə vurğulamış, səmimi etiraf anlarından tutmuş, altfəlsəfə məqamlarının işləndiyi yerlərə qədər onun bu rolunu önəmsəməyə çalışmışlar.

 

Nəriman Həsənzadə: – Çünki Heydər Əliyev elə tanınmış yazıçı, şair olmadı ki, onların üzərindən sükutla adlasın. Xatırlayıram ki, ikinci dəfə hakimiyyətə gələn kimi 1994-cü ildən başlayaraq M.Füzulinin, Mirzə Cəlilin yubileylərinin keçirilməsi haqda fərman verdi. 1999-cu ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsini təşkil etdi. Özü də sərəncam verəndə bu yubileylər il boyu davam edirdi. Klassik abidələrin, sənətkarlarımızın irsinə xüsusi həssaslıqla yanaşırdı. Niyə edirdi bunu? İstəyirdi dünyaya çatdırsın ki, xalqımızın çoxəsrlik, zəngin, tarixi mədəniyyəti var. Onun çox yayılan fikri var: "Mən fəxr edirəm ki, azərbaycanlıyam". Bunu bizlərə demirdi ki, qızım. Onu başqalarına eşitdirirdi. Hansı rəhbər, birinci katib bu sözü deyib? Dövlət dili haqqında fərmanlar imzalamışdı müxtəlif vaxtlarda. Bunun da səbəbi vardı. Rəhbər kimi dərk edirdi ki, xalqın milli varlığını müəyyən edən başlıca amil onun dilidir. Bir də Təbriz nisgili var idi Heydər Əliyevin. Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə gətirmişdi. Cavidi niyə Naxçıvanda basdırmaq istədi, burda yox? Söhbət gedirdi bu barədə həmin ərəfələr. Mən yanında durmuşdum, kimlərləsə söhbət edəndə dedi, elə Naxçıvan yaxşıdı ki, Təbrizdən gələndə onu ziyarət eləyib gələcəklər. Bura qədər dərin düşünürdü Heydər Əliyev. Bir dəfə mən onun yanında olanda dedi ki, mən bir qərar vermək üçün on dörd yerdən məlumat alıram, ondan sonra qərar verirəm.

 

Elnarə Akimova: – Şəhriyarı çox sevməsi də Təbriz nisgili ilə əlaqəli ola bilərdimi?

 

Nəriman Həsənzadə: – Şəhriyar və Səməd Vurğun. Onların şeirini dinləyəndə kövrəlirdi. Adam indi düşünəndə məəttəl qalır. O cür dəmir iradəli insan poeziya, şeirlə qarşılaşanda sanki başqa aləmə düşürdü. Mənim taleyim elə gətirib ki, ata nisgili yaşamışam uşaq yaşımdan, amma qarşıma yaxşı insanlar çıxıb. Nazim Hikmət, Mir Cəlal və Heydər Əliyev. Bu üç şəxsiyyətin mənim ömür yolumda xüsusi rolu olub. Heydər Əliyev isə mənim taleyimdən keçən parlaq şəxsiyyətdir. Heydər Əliyevə bir dəfə bir söz demişdim. Çox xoşuna gəlmişdi. Demişdim ki, cənab Heydər Əliyev, sizin yanınızda adam özünə oxşayır. O qədər səmimi danışırdı ki adamla. Mənim yadımdadı, bir dəfə rəhmətlik Heydər Əliyev plenuma gəlirdi. Gəldi oturdu. Xalq yazıçısı Anara təklif elədik ki, Heydər Əliyev rəyasət heyətinə dəvət olunsun. Heydər Əliyev etiraz etdi. Çox səmimi, sadə insan idi. Daim xalqın içində olurdu, əsl xalq adamı idi. Onun haqqında saatlarla danışmaq olar. Bir detalı deyim burda. Akademik Milli Dram Teatrında "Bütün Şərq bilsin" pyesimin tamaşasıydı. Teatrın baş rejissoru və tamaşanın rejissoru Mərahim Fərzəlibəyovla yanaşı oturmuşduq. Azərbaycan KP MK-nın Büro üzvləri ulu öndər başda olmaqla tamaşaya baxmağa gəlmişdilər. Nərimanov rolunda çıxış edən xalq artisti Məlik Dadaşov monoloq dediyi yerdə birdən "yaşasın, böyük rus xalqı", "böyük rus xalqına eşq olsun" kimi pyesdə olmayan sözlər işlətdi. Mərahimlə mən bir-birimizin üzümüzə baxdıq və heç bir söz demədik. Tamaşadan sonra Məlik müəllimdən soruşdum ki, niyə belə dedin? Axı əsərdə elə sözlər yox idi. Cavab verdi ki, səhnənin ortasında Azərbaycan, azadlıq, neft, millət haqqında misraları deyəndə Büro üzvlərindən ikisi üzümə elə sərt baxdı ki, özümü itirdim, dediyim misralar ağzımda yarımçıq qaldı. Tez özümdən əlavələr etdim. Belə bir mühitdə Heydər Əliyev həm özü cəsarət göstərirdi, həm də bizi cəsarətə səsləyirdi. Sonralar "Nəriman Nərimanov" poeması əsasında yazdığım "Bütün Şərq bilsin" əsərim SSRİ üzrə keçirilən pyes müsabiqəsinə təqdim olunmuşdu. 600 pyesdən Moskvada tamaşaya qoyulmaq üçün on bir pyes seçilmişdi. "Bütün Şərq bilsin" on bir pyesin biriydi. Bakıda Milli Akademik Dram Teatrı tamaşanı Respublika Dövlət mükafatına təqdim etdi, məlum oldu ki, bir səs çatmır. "Atabəylər" mənzum pyesimdə də belə oldu. Akademik teatr mükafata təqdim etdi. Yenə dedilər ki, bir səs çatmır. Heydər Əliyev bir dəfə yenə Akademik teatra gəlmişdi, "Hamlet" tamaşasına baxmağa. Fasilə zamanı çay süfrəsi arxasında səmimi söhbət əsnasında demişdi ki, "Atabəylər" əsəri hər gün göstərilməlidir. Çünki bu, milli tariximizdir. Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova təşəkkürümü bildirirəm ki, "Atabəylər" əsərini Naxçıvan Teatrı indiyə qədər yaşadır. Naxçıvan Muxtar Respublikasının səksən illiyində "Atabəylər" tamaşası göstərildi, cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tamaşaya baxdılar. Bu da mənim taleyim idi...

 

Elnarə Akimova: – Nəriman müəllim, uzun illər "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktor işləmisiz. Bildiyimiz qədərincə, bu vəzifəyə Heydər Əliyevin tövsiyəsi ilə təyin olunmusuz.

 

Nəriman Həsənzadə: – Elədir, qızım, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifəsinə məni Heydər Əliyev təyin etmişdi. Deməli, məsələ necə oldu? Gecə saat bir radələrində Yazıçılar İttifaqının birinci katibi İmran Qasımov evə zəng vurdu ki, Birinci, yəni Heydər Əliyev sənin rəyini bilmək istəyir. – Sənə böyük etimaddır, – dedi. Mən bunları başa düşürdüm. Xəbər qəfildən olduğu üçün tərəddüd etdim. O vaxt Yazıçılar İttifaqında həm partiya təşkilatının katibi, həm "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri işləyirdim. Ədəbiyyat fondunun direktoru vəzifəsini də katiblik mənə tapşırmışdı. Səhərisi Heydər Əliyevin qəbulunda oldum. Söhbətimiz o qədər  səmimi keçdi ki. Özüm də məəttəl qalmışdım. Heydər Əliyev təklif etdi ki, bəlkə, Yazıçılar İttifaqının partiya katibliyində də qalıb işləyəsən? Ürəyimdə düşünürdüm ki, iki vəzifədə işləmək ağır olar mənə. Yazıçılar İttifaqının mürəkkəb bir yaradıcılıq təşkilatı olduğunu özü bilirdi. Partiya üzvlük haqlarını vaxtında verməyi unudurdular. İşlədiyim altı il müddətində fəaliyyətimi müsbət qiymətləndirmişdi. Amma elə bil ürəyimi eşitdi. "Yaxşı, onda get qəzetdə işlə", – dedi.

 

Elnarə Akimova: – Bir dəfə sizin belə bir fikrinizi oxumuşdum ki, mən "Ədəbiyyat və incəsənət" qəzetini Heydər Əliyevlə bir yerdə hazırlayırdım.

 

Nəriman Həsənzadə: – Bəli, Heydər Əliyev mənə ilk gündən qəzet barədə, qəzetçilik işi barədə qiymətli tapşırıqlarını, tövsiyələrini verdi. Bu tövsiyələr uzun müddətli iş planım, yaradıcılıq proqramım oldu. O söhbətləri bu gün də minnətdarlıqla xatırlayıram. Heydər Əliyev "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktorundan tutmuş, redaksiya heyətinə, əməkdaşlarına qədər hamısını tanıyan və hörmət edən Azərbaycan Respublikasının birinci şəxsiyyətiydi. O, ədəbiyyatımızı, yazıçılarımızı, mətbuatımızı, eləcə də mətbuat işçilərini qiymətləndirir, onların əməyinə, şəxsiyyətinə hörmət edirdi. Heydər Əliyev "Ədəbiyyat və incəsənət" qəzetinin həm ideya müəllifiydi, həm də birinci abunəçisi və oxucusuydu. Heydər Əliyev istedadları seçib irəli çəkir, yaxşıları qoruyur, qiymətləndirir, ədaləti müdafiə edirdi. Biz bilirdik ki, o, qəzetimizin hər nömrəsini oxuyur, lazım gələndə orda yazılanlara öz səviyyəsində reaksiya verirdi. Bir maraqlı əhvalatı danışım sizə. Deməli, qəzetdə "Ayran əhvalatı" adlı məqalə çap etmişdik. Məqalədə sərin ayran içmək üçün gəlib növbəyə duran fəhlənin növbəsinin əlindən alınması, döyülməsi və nəhayət, 4 il iş alması ilə nəticələnən ağır taleyi təsvir edilirdi. Döyülən də həmin adam idi, üstəlik, tutulan da. Məqaləni redaksiyanın əməkdaşı Sabir Məmmədov yazmışdı. Qısaca deyim ki, Heydər Əliyev o məqaləni oxuyandan sonra Respublika Ali Məhkəməsinin sədri, mərhum Abdulla İbrahimova zəng vurub tapşırıq vermişdi ki, bu məsələni araşdırsın. O da mənə, redaksiyaya zəng vurdu. Biz görüşdük. Fəhlə buraxıldı. Mərhum Abdulla İbrahimov deyirdi ki, Ali Məhkəmənin qərarı Ali Sovetin qərarı ilə eyni qüvvədədir. Sizin qəzetin çıxışından sonra biz kollegiyanın qərarını ləğv etdik. Bir həftə sonra mənim yanıma, xəstəxanaya öz həyat yoldaşı ilə ucaboy bir cavan gəldi. Dedi, mən "Ayran əhvalatı"ndakı həmin oğlanam. Bütün bunlar ulu öndərin millətə qayğısıydı. "Qoy ədalət zəfər çalsın" Heydər Əliyevin ən sevdiyi və tez-tez səsləndirdiyi fikir idi.

Heydər Əliyevin məhəbbəti də nümunəydi. Mən İsgəndər Makedoniyalıdan üzü bəri üç böyük hökmdar, dövlət başçısı tanıyıram ki, onlar öz sevdiyi xanımının xatirəsini əbədiləşdirmiş, onların abidəsi zaman-zaman insanların ziyarətinə çevrilmişdir. Maraqlıdır ki, onların üçü də türkdü. Sevdikləri xanımları da türk qızıdı. Abidələri tikən memarlar, heykəltəraşlar da türk olublar. XII  əsrdə Atabəylər dövlətinin başçısı Atabəy Şəmsəddin Eldəniz böyük memar Əcəminin zəkasıyla Naxçıvan şəhərində əzəmətli "Möminə xatun" türbəsi ucaldıb. XVII əsrdə Moğol hökmdarı Cahan şah türk memarı ustad Məhəmməd İsa əfəndiyə sifariş verərək, Mümtaz Mahal Banu Bəyimin xatirəsini əbədiləşdirmək üçün, Hindistanın Aqra şəhərində "Tacmahal" türbəsini tikdirib. Bir də XX əsrdə müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin istəyilə Zərifə xanım Əliyevanın xatirəsinə ən gözəl, ən baxımlı heykəli böyük heykəltəraş Ömər Eldarov yaradıb.

 

Elnarə Akimova: – Ən yaddaqalan görüşünüz hansı olub, Nəriman müəllim?

 

Nəriman Həsənzadə: – Onunla hər görüş indiki kimi yadımdadır. Amma bəzi xatirələrim daha unudulmazdır.

Hələ 1985-ci ilin avqust ayında Heydər Əliyevlə Moskvada, "Novo-deviçye" qəbiristanında Zərifə xanımın məzarı üstə görüşəndə ona Zərifə xanıma həsr etdiyim şeiri oxumuşdum. O da əlyazmamı alıb qoltuq cibinə qoymuşdu.

Bizim burada görüşümüz isə tamam təsadüfən olmuşdu. Mən axşamüstü saat 6 radələrində bir dəstə qızılgüllə məzarı ziyarətə gəlmişdim. Bir saat sonra Ulu öndər də oraya gəldi. Biz gözlənilmədən, beləcə görüşdük.

O vaxt qəbirüstü söhbət zamanı mən şeiri ona oxuyandan sonra haqlı bir iradı olmuşdu:

– Zərifə xanımın dəfninə niyə gəlməmişdin? – demişdi.

Həyatımda, bəlkə də ilk dəfəydi ki, səmimiyyətlə deyilən sözün ağırlığını, siqlətini hiss edirdim. Mənsiz də Moskvada keçirilən o mərasimə bütün ölkə tökülüb gəlmişdi. Necə olub ki, milyon insanın içində onun sərrast gözləri məni də axtarıb.

O suala cavab vermək mümkün deyildi. Bəlkə, heç özü də cavab gözləmirdi.

Əlbəttə, mən Zərifə xanımın dəfnində iştirak etmək istəyirdim. Bunun üçün ovaxtkı Mərkəzi Komitəyə də müraciət etmişdim. Cavab vermişdilər ki, Moskvada dəfn mərasimində iştirak etmək rəsmi protokol üzrə olacaq. Yəni biz səni apara bilmərik.

Bunların heç birini ona demədim. Elə bil ürəyimdən keçənləri eşitdi.

– Özün gələydin! – dedi. Tez də söhbəti dəyişdi.

Moskvaya gəlməyimin səbəbini soruşdu: dedim Sara ağır xəstədi. Moskvada yatır. Xəstəxananın adını da dedim.

Dinmədi. Qolundakı saata baxdı. Hiss etdim ki, getməlidir.

Beləcə ayrıldıq.

Gətirdiyim gül dəstəsini Zərifə xanımın qəbri üstə qoymuşdum. Ətrafına düzülmüş dibçəklərdə təzə, ətirli güllər əkilmişdi. Yanındakı qəbirlərin birində böyük türk şairi Nazim Hikmət, o birində böyük rus şairi Sergey Yesenin dəfn edilmişdi. Məzarüstü kiçik barelyefləri qoyulmuşdu.

Səhərisi gün saat 12 radələrində xəstəxanaya, Saranın yanına qayıdanda gördüm ki, məni axtarırlar. Heydər Əliyev dünən xəstəxananın baş həkimi, akademik Trapeznikova zəng vurub xəstənin vəziyyətilə maraqlanıb. Bu kifayət idi.

Sara deyirdi, qalxan kimi özüm gedib Heydər Əliyevə minnətdarlıq edəcəyəm. Ona dualar edirdi.

Sara həkimlərin dediyindən bir il artıq yaşadı.

Ulu öndərlə bir dəfə də İstanbulda təsadüfən görüşmüşdüm. Onda mən Respublika Ali Sovetinə deputat seçilmişdim. O vaxt artıq Heydər Əliyev Naxçıvan-İqdır Dostluq körpüsünü çəkdirmişdi. Ürəkdən təbrik elədim. Gülümsəyib "bəs körpünün açılışına niyə gəlməmişdin?" – deyə soruşdu. Bir fikri nümunə gətirdim orda. Türkiyə Böyük Millət Məclisinin spikerinin dediyi: "Sabah lazım gəlsə, o Dostluq körpüsündən Azəri qardaşlarına kömək üçün türk tankları keçəcək" – sözlərini dedim ulu öndərə. Səmimiyyətlə gülümsədi. Razılıq elədi. Bir də 1991-ci ildə baş tutan bir görüşümüz əzizdi mənə.  Deməli, mən üç nəfərlə – Xalq şairi Bəxtiyar Vahabzadə, şərqşünas alim Rüstəm Əliyev və şair, alim Qasım Qasımzadə ilə Naxçıvana, onunla görüşə getmişdik. Orada söhbət zamanı millət, vətən yolunda sarsıntılar keçirən bu şəxsiyyətin necə möhkəm iradəyə və ruh yüksəkliyinə sahib olduğunu görüb milli qürur hissi keçirməyimi xatırlayıram. Heydər Əliyev mənəvi enerjiyə çevrilib ruhumda yaşayır sanki. Allah ona rəhmət eləsin! Həmişə deyirəm, Azərbaycan Heydər Əliyevin yeni tərcümeyi-halının başlanğıcıdır. Sevinirəm ki, onun böyük yolunu İlham Əliyev davam etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.