6 il sonranı görə bilmək bacarığı

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, bioloq-alim Sadiq Qarayevin 2014- cü ildə nəşr olunan “Sahilsiz Təzadlar” romanında Şuşa haqqında gəlişmələrini diqqətinizə çatdırır. 

 

Şuşa... “Bəşəriyyətin qlobal problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Dünyanın bir çox ölkələrindən tanınmış alimlərin, o cümlədən “Nobel” mükafatı laureatlarının, ictimai-siyasi xadimlərin qatıldığı bu tədbirdə Əli və Nərmin də iştirak edirlər. Onlar eyni zamanda bu il təqdim olunacaq “Nobel” mükafatına namizədlər sırasında yer alıblar. Əli fizika üzrə, kainatın yaranmasını izah edən yeni “Orbitlər” nəzəriyyəsinin müəllifi kimi, Nərmin isə “Gözdənəlil doğulmuş uşaqların görmə qabiliyətinin bərpası” istiqamətində apardığı uğurlu tədqiqatlara görə, tibb üzrə veriləcək “Nobel” mükafatına iddiaçılar sırasına düşmüşdü. 

Şuşa şəhəri axır vaxtlar tez-tez bu cür nüfuzlu, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Nəinki regionda, eləcə də artıq dünyada öz iqtisadi, elmi qüdrəti ilə fərqlənən, bunların əsasında daha sərbəst, müstəqil siyasət aparan Azərbaycan dövləti Dağlıq Qarabağda, eləcə də ona bitişik işğal olunmuş digər rayonlarda öz suveren hüququnu bərpa etdikdən sonra sürətlə quruculuq, abadlıq işlərinə başlamışdır. Əvvəllər işğal altında olan bütün kənd, qəsəbə, şəhərlərdə qısa müddətdə aparılan yenidənqurma, bərpa işlərinin kəmiyyəti, keyfiyyəti və sürəti bütün dünyanı heyrətə salmışdı. Dünya klassik bir həqiqəqtə təkrar əmin olurdu ki, doğrudan da həqiqi dövlət xalqdan qaynaqlanır, onun istək və arzularını gerçəkləşdirir. Xalq vətən saydığı, özününkü hesab etdiyi adi daş parçasına, ağac budağına, qaranquş yu-murtasına belə, öz diqqət və qayğısını göstərir. Şəhərdə aparılan tikinti quruculuq işləri ilə, vaxtilə buranı işğal edən ermənilərin hər şeyi dağıdıb, viran qoymaq faktları arasındakı fərq, özünün olana və özgənin hesab etdiyinə göstərilən münasibətlərin fərqinə bərabərdir. 

Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən gözəl Şuşa şəhəri Qafqazın ən inkişaf etməkdə olan, səliqə-səhmanlı, milli və müasir memarlıq üslubunda tikilən yaraşıqlı binalarla zənginləşmiş, gözəl şəhərə çevrimişdir. Bu yerlərin təbii gözəlliklərini, təkrarsız iqlim şəraitini də nəzərə alsaq, onda axır vaxtlar nüfuzlu beynəlxalq tədbirlərin burada keçirilməsinin səbəbləri aydın olur.

Konfrans iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin Şuşanın mərkəzindəki abidəsinin önünə gül-çiçək dəstələri qoymuş, sonra Cıdır düzündə, möhtəşəm Bayraq meydanında gəzmişdilər. Burada dalğalanan Azərbaycanın üçrəngli bayrağının fonunda kollektiv şəkil də çəkdirmişdilər. Konfrans iştirakçıları və xarici turistlər Azərbaycanın görkəmli şairi, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin  yenidən bərpa olunmuş əzəmətli məqbərəsini də ziyarət edib, onun da qarşısında xatirə şəkli çəkdirmişdilər. 

Saat onda başlayan konfrans, iki gün davam etmişdi. Konfrans bitdikdən sonra Nərmin Şuşanın mərkəzində yerləşən “Gövhər ağa” məscidinə gedib, orada namaz qıldı. Sonra isə o, bayıra çıxıb, məscidin yeni təmir edilmiş qoşa minarəsinə heyranlıqla tamaşa etdi. Bu məscidi Pənahəli xanın nəvəsi, İbrahimxəlil xanın qızı Gövhər ağa (XIX əsrin əvvəllərində) tikdirmişdir. 

Əli ilə Nərmin birlikdə İsa bulağına gəlmişdilər. İyun ayının əvvəlləri idi. Bu vaxtlar İsa bulağı daha gur axırdı. Bu yerlər isə Cənnəti xatırladırdı. Əli ilə Nərmin əvvəlcə Şuşanın küçələrində gəzmiş, məktəbdən çıxan uşaqların dəstə-dəstə, şən halda evlərinə getdiklərinə tamaşa etmiş, yasəmənlərin, qızılgüllərin ətirlərini ciyərlərinə çəkmiş, oxuyan quşların səsinə birlikdə qulaq asmışdılar. Sonra isə İsa bulağına Əlinin avtomobilində gəlmişdilər. Burada Azərbaycanın müxtəlif yerlərindən, eləcə də xarici ölkələrdən turist kimi dincəlməyə gələn xeyli insan var idi. 

Əli ilə Nərmin bulaqda əl-üzlərini yudular. Doyunca, bu əvəzsiz bulağın insana güc, sevinc gətirən suyundan içdilər. Nərmin çoxdandır ki, bu cür saf bulaq suyu içməmişdi. Çoxdandır ki, insanı özünə valeh edən təbiət mənzərəsi görmürdü. Həm də xeyli vaxt idi ki, qarşısında həyatının mənası hesab etdiyi Əlini görmürdü. Bütün bu gözəlliklər və sevdiyi şəxslə bir yerdə olması Nərminin ömrünün dayaq nöqtəsi idi. Ona elə gəlirdi ki, sanki, sürətlə gəncləşir. 

Onlar bulağın bir tərəfində qoşa, hamar daşın üstündə əyləşmişdilər. Əli diqqətlə Nərminin dən düşmüş saçlarına baxıb dedi:

– Çoxdandır ki, səni görmürəm. Heç dəyişməmisən. Yəqin ki, cığallıq edib, tibbin gənc qalmağa kömək edən nailiyyətlərini başqalarına demirsiz. Ancaq özünüz istifadə edirsiz. 

Nərmin gülümsədi. Əli onun yanağında əmələ gələn batığa baxırdı. Heç nə dəyişməmişdi. İllər öncə Zorbulaq yaylağında da Nərmin güləndə yanağında bu cür batıq əmələ gəlirdi. Bu anlar Əliyə elə gəlirdi ki, Nərmin gözəllik deyilən anlayışların simvoluna çevrilir, onu sevməmək, sadəcə mümkün olmur. Əlinin gözündə gülümsəmək heç kəsə Nərmin qədər yaraşmırdı.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.