Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

14-cü dərc

 

 

Şişman yuxudan oyananda bir anlıq harada olmasını anlaya bilmədi. Ancaq tavandakı toz basmış çilçırağa nəzərləri sataşanda qanı qaraldı. Yenə də baş verənlər yadına düşüb canına qorxu saldı.

Yerindən qalxıb tez mətbəxə keçdi. Bunkerdəkilərə səhər yeməyi hazırlayıb dərmanlarını verməli idi. Adətən səhərlər süddə qaynatdığı yarmaya dərmanları əlavə edib bunkerə aparır, yarım saat sonra isə bir stəkan şirin çaya növbəti dərmanı qataraq yenidən bunkerə düşürdü.

Çaydanın altını yandırıb əl-üzünü yumaq üçün həyətə çıxdı. Qayıdıb südü qaynamağa qoyacaqdı.

…Səhər yeməyi hazır olan kimi dörd qaba çəkib siniyə qoyan şişman aşağı düşmək üçün bunkerin gizli qapısının mexanizmini işə saldı. Əlində sini ilə ehtiyatla pilləkənləri düşüb adamların saxlanıldığı birinci otağa yaxınlaşdı. Bu otaq sıra sayına görə ikinci idi. Ondan əvvəlki, sırada birinci gələn otaqda cərrahiyyə əməliyyatları həyata keçirilirdi. Otaqda saxlanılan təxminən iyirmi səkkiz yaşlı kişi artıq onun addım səslərini eşidib qapıya yaxınlaşmışdı. Qapının üstündəki nəfəsliyi açıb qablardan birini ona uzatdı. Kişi tələsik qabı alıb elə ayaq üstə acgözlüklə yeməyə başladı.

İkinci və üçüncü otaqlardakı kişilərə də eyni üsulla yemək verdikdən sonra sonuncu, qaçırılmış adamların saxlanıldığı dördüncü, sayca isə beşinci olan qapıya yaxınlaşdı. Nəfəsliyi açıb içəri baxdı. Bu otaqda onun taparaq oğurlanmasını təşkil etdiyi qız saxlanılırdı. Qız qapı ilə üzbəüz divara sıxılıb dayanmışdı, heç nə ifadə etməyən baxışları ilə ona baxırdı. Gətirəndən sonra həkimin tapşırığı ilə əynindəki paltarlarını çıxarıb təkcə alt paltarlarını saxlamış, ona dizdən olan nazik bir gecə köynəyi geyindirmişdi. Köynək o qədər nazik idi ki, altından qızın yarıçılpaq bədəni  aydın görünürdü.

Şişman dayanıb bir qədər qıza baxdı. Yenicə yetişməyə başlayan döşlərinin şişirtdiyi sinəsi, nazik parçanın arxasından daha da sirli görünən təravətli yeniyetmə qız bədəni onun ehtirasını qaldırdı.

Sanki birdən-birə qanı başına vurdu. Qapını açıb içəri girmək, bu qızı altına yıxıb onunla olmaq istəyi ilə ağzının suyu axdı. Əlindəki yemək olan sinini kənara qoydu.

-Onsuz da bircə günü qalıb, burada da məndən başqa heç kim yoxdur, kim biləcək ki, -düşünən şişman çönüb bunkerin açıq qalan qapısına tərəf baxdı və onda baş qaldırmış heyvani şəhvət hissinin təsiri altında otağın qapısını açdı.

Bütün varlığını bürüyən ehtirasdan əlləri əsirdi…

 

* * *

Ofisin qapısı üzərində asılmış və hər dəfə qapı açılanda çalınan zınqırovun səsinə oyandım. Layiqə əlindəki iri idman çantasını yerə qoyub qapını örtdü.

-Sabahınız xeyir, şef.

Mənim tez-tez ofisdə gecələməyimə öyrəşdiyi üçün təəccüblənməyən Layiqənin kefi kök idi.

-Sabahın xeyir, ey əvəzolunmaz köməkçim, bu gün səni böyük işlər gözləyir, -dedim.

Tonuna uyğun cavab verməyim Layiqənin xoşuna gəldi. Qəhqəhə çəkib içəri keçdi.

Mürgülədiyim kreslodan qalxıb, yuyunmaq üçün hamamxanaya keçdim. Cəmi üç saat yatsam da, buna vərdiş etdiyim üçün gümrah oyanmışdım.

Qayıdanda iş masasının arxasında oturmuş Layiqə internetdə nə isə axtarırdı.

-Boş yerə internetə girmə, indi məktəbə yollanacaqsan,- məktəbin nömrəsini dedim.

-O məktəbi tanıyıram şef. Geyim forması aydındır,“ciddi”. Tapşırıq nə olacaq?

Layiqənin işə həmişə entuziazmla yanaşması çox xoşuma gəlirdi.

-“11A” sinfini taparsan, sinif rəhbərinin icazəsi ilə Rüfət adlı şagirdlə təklikdə söhbət edərsən, sonra isə müəllimin iştirakı ilə sinif uşaqlarına bir neçə sual verəcəksən. Əsas da, öyrən, gör sinif uşaqlarından və ya paralel sinifdən kimsə Tahir müəllimin qonşuluğunda yaşamır ki?

Qısa şəkildə Layiqəyə vəziyyəti başa salıb verəcəyi əsas sualları izah etdim.

-Əlində heç bir bloknot, qələm olmasın. İnsanlar onlara şifahi verilən sualları qeyri-rəsmi kimi qəbul edərək çox həvəslə cavablandırırlar. Ancaq dediklərinin yazıldığını görəndə narahat olur, səmimi cavab verməkdən yayınırlar, bildikləri şeyləri də, “bilmirəm” deyərək danışmamağa üstünlük verirlər.

-Tapşırıq aydındır, şef.

-Bu əsas tapşırığın olmayacaq, Layiqə. Təcili məktəbdə işini bitir və ofisə qayıdıb məni gözlə.

Layiqə bayaqkı çantasını götürüb mətbəx otağına keçdi. Bir azdan əyninə geydiyi boz rəngli ciddi işgüzar kostyumda oradan çıxdı. Kostyumuna uyğun olan kiçik əl çantası və bir qədər hündürdaban ayaqqabıları ona çox yaraşırdı. Qarşımda bir dövrə vurub, -Necəyəm, şef? -soruşdu.

Allah bilir, bu “necəyəm”in arxasında nə dururdu. Bu qadınlardan kim baş açar ki? Həmişə idman üslubunda geyinməyi sevən Layiqə indi qarşımda elə şövqlə dayanıb cavab gözləyirdi ki, sanki başqa vaxtlar ona belə geyinməyi qadağan etmişdilər və indi əlinə düşən yeganə fürsətdən istifadə edib həzz alırdı.

-Tam aldığın tapşırığa uyğun geyinmisən, -Gülünün gəldiyi gün müşahidə etdiyim qısqanclıq səhnəsindən sonra bu qıza bir əsas vermək istəmirdim.

Cavabımın köməkçimin xoşuna gəlmədiyi o dəqiqə dəyişən sifətində hiss olundu. Kompliment gözlədiyi halda özümü bilməzliyə vuraraq cavabımı işlə əlaqələndirməyim onun əhvalını bir qədər korladı.

Ancaq vacib iş qabağı bu əhvalı tam korlamaq niyyətim yox idi. Ona görə də üzümü Layiqəyə tutub, -İnşallah, bu işimizi uğurla başa vuraq, ən gözəl paltarını geyərsən, birlikdə şam yeməyinə gedərik, -dedim.

Bunu gözləməyən Layiqə bir qədər duruxdu.

-Hələ istəsən, şefinin necə rəqs etdiyini də görə bilərsən, - zarafatla əlavə etdim.

Layiqə yenə də susurdu. Birgə işlədiymiz müddətdə ilk dəfə idi onu harasa dəvət edirdim. Nəhayət yaranmış sükutu pozdu.

-Onda mən vaxt itirməyim, -gözlərimin içinə baxaraq müəmmalı şəkildə gülümsəyən köməkçim ofisdən çıxdı.

Onun arxasınca baxdım. Gülünün gəlişindən sonrakı qəribə davranışını nəzərə almasam, son dərəcə ciddi olan bu qızın bir çox xasiyyətləri tanıdığım müddətdə onun xətrini daha da çox istəməyimə səbəb olmuşdu. İşininsə öhdəsindən çox yaxşı gələcəyinə arxayın idim.

İndi Zabitə arvad yuxudan oyanıb harasa getməmiş onu tapıb söhbət etmək lazım idi. Arada vaxt edib evə dönməli və maşınımı götürməliydim. Bu gün maşın mənə çox lazım olacaqdı.

Səhərə yaxın hazırladığım və çoxdan soyumuş kofedən bir- iki qurtum vurub Zabitəgilə getmək üçün ofisdən çıxdım. Elə də uzaq olmadığı üçün piyada gedəcəkdim.

Saat 10 tamamda Zabitə arvadın qapısına çatdım. Söyülməyə hazırlaşaraq qapını taqqıldatdım. O dəqiqə həyətdən cavab gəldi:

-Kimdi səhər tezdən taqqataraq salan?

Səs kəsilən kimi əvvəl qapının içəridən açılan cəftəsinin səsi gəldi, ardınca qapı yarıyadək açıldı.

-Kimi istəyirsən?

-Salam, xanım.

-Əleykümsalam. Kimsən, nə lazımdı?

Bu arvadın adi danışığı dava-dalaşa bənzəyirdi.

-Bilirsiz, mən Tahir müəllimin yanına məşğələyə gələn Tərlanın əmisiyəm, -dedim.

-Hansı Tərlanın, o cüvəllağının? -Zabitənin səsi bir qədər yumşaldı.

-Hə, elə cüvəllağı uşaq olduğuyçün də, yanınıza bir xahişə gəlmişəm.

Zabitə arvad bayaqdan yarı açaraq boylandığı qapını axıradək açıb mənə içəri keçmək işarəsi verdi.

Zabitənin təxminən əlli beş yaşı olardı. İrəli çıxmış, ortasında batıq olan çənəsi, iri, sümüklü əndamı var idi. Şişkin almacıq sümüklərinin üzərində yerləşən qonur rəngli gözləri mənə bir qədər təkəbbürlə baxırdı.

Həyətdə üstünə müşəmbə döşənmiş mavi rəngli plastmas masa qoyulmuş, ətrafında həmin dəstdən olan dörd ədəd stul düzülmüşdü.

Masanın üzərindəki stəkanda təzədəm çay buğlanırdı.

-Keç otur, sənə də çay gətirim.

…Əlində buğlanan çay stəkanı ilə gələn Zabitə arvad çayı qarşıma qoydu. Özü isə üzbəüzdə əyləşdi.

-Təşəkkür edirəm, xanım.

-Mən xanım-zad deyiləm. Adım Zabitədir.

Zabitə valideyninin ona verdiyi adı müvəffəqiyyətlə doğruldurdu. Bu arvadla danışmaq xüsusi bacarıq tələb edirdi. Hansı sözə necə reaksiya verəcəyi əvvəlcədən bilinmirdi.

-Neyləyib bu uşaq, belə səhər tezdən gəlmisən?

-Əslində heç nə, ancaq atası, yəni qardaşım, iki gün əvvəl uzun müddətli ezamiyyətə gedib. Gedəndə onu mənə tapşırdı. Dedi, “Hərdən bir get, yoxla gör dərslərinə gedir, ya getmir. Özünü necə aparır, birdən avara uşaqlara qoşulub eləyər, xəbərimiz olmaz”. Mən də fikirləşdim, Tahir müəllim nəyisə bilsə də, öz şagirdini pis vəziyyətə qoymamaqçün məndən gizlədər. Özü tənbeh edər. Əmanətdi də, yəqin məni başa düşürsünüz. Bir şey olsa, qardaşıma nə cavab verərəm qayıdanda? Ona görə ən yaxın qonşu kimi sizin qapını döydüm. Ən azı bilərsiz məşğələlərə gəlir, ya gəlmir. Səhər tezdən narahatçılıq verdiyimçün üzr istəyirəm, -deyib, söhbətimizin şirin olması üçün cibimdə hazır saxladığım əllilik əskinası yavaşca Zabitə arvadın qarşısına qoydum.

-Əşşi, buna ehtiyac yoxdur.

-Elə bir şey deyil, təki mən arxayın olum ki, siz ona nəzarət edib, məşğələdən yayınarsa, mənə deyəcəksiniz, -deyib qəsdən həyətin küncündə əkilmiş gül kollarına tərəf baxmağa başladım. On beş saniyə sonra yenidən başımı Zabitə arvada tərəf döndərəndə əllilik möcüzəli şəkildə masanın üzərindən onun xalatının cibinə köç etmişdi.

Qəsdən söhbətə tamam başqa tərəfdən başlamışdım. Artıq əsas məsələyə keçmək lazım idi.

-İndi də eşitmişəm ki, onunla məşğələyə gələn uşaqlardan biri yoxa çıxıb. Lap narahat oldum. Birdən bizim uşağın da başına bir iş gələr.

-Hə, eşitmişəm, polislər gəlmişdi Tahir müəllimgilə.

-Görəsən bu nə məsələ ola bilər, ay Zabitə bacı? -özümü ona çox məhrəm göstərmək üçün bir qədər astadan, az qala pıçıltı ilə soruşdum.

Zabitə arvad da pıçıltıya keçdi:

-Deyirlər ki, qızı istədiyi oğlana vermirlərmiş. Yaşı az olduğuna görə. O da qoşulub qaçıb. İndiki qızlara nə var? Bizim vaxtımızda bu yaşda belə şey eləsək başımızı kəsərdilər.

Bəli, bütün qeybətcil arvadlar kimi Zabitə arvadın da “deyirlər” sözü artırmaqla, öz versiyası hazır idi. Mən isə adımın Bəxtiyar olduğu qədər əmin idim ki, bunu ona heç kim deməmişdi və Nərminin sevgilisinə qoşulub qaçması barədə  dedikləri onun dırnaqarası geniş təxəyyülünün məhsulu idi. Yəqin bir qədər sonra toy gününün vaxtını da dəqiq deyəcəkdi.

Elə onun versiyası üzrə, yenə də pıçıltı ilə söhbəti davam etdirdim.

-Deyirlər, Tahir müəllimgildən çıxandan sonra qoşulub qaçıb. Heç evə də gedib çıxmayıb. Yəqin bir-birlərini çox sevirmişlər. Görəsən elə burda oturub maşına, ya başqa yerdə?

-Yox, burdan çıxandan sonra uşaqlarla ayrılıb guya evə tərəf gedib, məhəllə arası yollarla. Yəqin elə oralarda haradasa oğlan onu gözləyirmiş.

-Hə, Tərlan da elə deyir. Çıxanda sağollaşıb həmişəki kimi getdiyi tərəfə yollanıb.

-Elə Tərlan demişkən, həmin gün nəvəm bizdə idi. Oynayanda topu dama düşmüşdü, -Zabitə arvad əli ilə elə də hündür olmayan evinin qır örtüklü damına tərəf işarə etdi. -Uşaq ağlayırdı. Bilirəm axı, Tərlangil saat 8-də çıxırlar. Çıxdım bayıra ki, onu çağırım, qalxıb damdan topu götürsün, özüm çıxmağa qorxdum, nərdivan andıra qalmış laxlayır. Gördüm yoxdular. Demə, bir az tez çıxıblarmış məşğələdən.

Bunları deyib, artıq əllilik əskinasın təsiri altında qonaqpərvər ev sahibəsinə dönmüş həmsöhbətim ayağa qalxdı, qadına xas olmayan iri əlləri ilə stəkanları götürdü, içib-içməməyimlə maraqlanmadan yenidən çay süzmək üçün evə girdi.

Qayıdanda, o masaya oturmamış söhbəti davam etdirdim.

-Ancaq deyəsən o qız uşaqları yayındırmaq üçün onlarla sağollaşıb, guya ki, evə gedib. Əslində isə məncə sonra geri qayıdıb buralarda maşına oturub. Tərlanı polislər sorğu-sual edəndə mən də orada idim. Onlar dedilər ki, qız bir az gedəndən sonra geriyə qayıdıb.

-Bunu eşitməmişəm, ancaq qayıtsa idi mən görərdim axı. Bəs demirəm çıxmışdım bayıra?

-Bəs görəsən bu nə ola bilər? Axı polislər də yalandan deməzlər ki, geri qayıdıb, -özümü sadəlövh göstərdim.

-Əşşi, polislərə çox da inanma, bəlkə də söz almaqçün deyiblər ki, qayıdıb. İkincisi də ki, qayıdıb o demək deyil ki, bura qayıdıb. O yolda o qədər döngələr var ki, birinə dönüb, minib maşına, fırr eləyib gedib də. Əsas odur ki, özü istəyib, özün istəyəndən sonra da, aradan çıxmağa nə var ki.

Zabitə arvad Nərminin qoşulub qaçması haqqında özü uydurduqlarına özünü də elə inandırmışdı ki, imkanı olsa, Nərminin on dörd yaşından bu qaçışın planını hazırladığını da iddia edərdi.

Onu duyuq salmamaqçün, çox ehtiyatla davranır, yenə də qayğıkeş əmi rolunu oynamaqda davam edirdim.

-Təki elə olsun, yoxsa, Allah eləməmiş, adam oğruları-zad aparmış olar uşağı, sonra da gəl öz əmanət uşağınçün qorxma, Tərlan da hər gün bu yolu gəlib gedir, - deyib, bir ah çəkdim.

-Əşşi yoxe, kasıb-kusubun uşağını kimdi qaçıran. Tərlanın atası nə işləyir?

-Geoloqdu. İndi də işi ilə bağlı dağlarda qazıntı işləri aparır, -yenidən Zabitə arvada bir yalan uydurmalı oldum.

-Gördün? Kimə lazımdı geoloqun uşağı? Atası bütün günü torpaqda eşənək atır.

Bir anlıq ətrafına geoloji alətlər səpələnmiş Tərlanın atasını torpaqda eşənək ataraq özünü günə verən halda təsəvvür etdim. Ancaq gülsəm, hər şeyi korlaya bilərdim. Bu hökmlü qadının bütün dediklərini ciddi görkəmlə dinləyib onunla həmfikir olduğumu bildirmək çox vacib idi. Bəlkə də, ikinci stəkan çayları süzərkən böyük ehtimalla artıq cibindən çıxarıb döşəyinin altında gizlətdiyi əlli manatlıq əskinas olmasaydı məni çoxdan çölə yola salmış idi.

İndi özünü Geologiya elminin dərin bilicisi kimi apararaq yerin təkini öyrənən geoloji ekspedisiyanın üzvlərini torpaqda eşənək atan toyuqlara bənzətməklə bu iki şeyin mahiyyətcə eyni oduğunu sübut etməyə hazır olan Zabitə arvada mən nə deyəydim? Qoy öz fikrində qalsın. Ona görə də, sifətimə vəziyyətə uyğun ifadə verib, -Bəli, qardaşım kasıb adamdır,- dedim.

İkinci stəkan çayı də içmişdim. Xasiyyətini nəzərə alsaq, həmsöhbətim hər an söhbətin bitməsinə işarə verə bilərdi. Mən isə hələ heç nə aydınlaşdıra bilməmişdim.

Özümü detektiv kimi təqdim etməyəcəyimi əvvəlcədən qət etmişdim. Çətin ki, Zabitə arvad nəsə bilirdisə, bunu detektivə deyəydi. Bu qadının Tərlanın dedikləri əsasında qurduğum psixoloji portretinə əsasən belə qənaətə gəlmişdim. Söhbət əsnasında isə gümanlarım tam təsdiqlənmişdi. Zabitə hüquq-mühafizə orqanlarına elə də inanmır və onlarla heç bir kontaktının olmamasına üstünlük verirdi həyatda. Hətta kiməsə köməyi dəyə biləcəyi təqdirdə də. Bu, eqoizm adlanır. Yəni, bu arvad “kimə nə olur olsun, mənə heç nə olmasın” prinsipi ilə yaşayırdı.

Deməli, əgər ilk dəqiqədən özümü olduğum kimi təqdim etsəm, lap yəqin ki, qapı dərhal üzümə bağlanacaqdı.

Təcili söhbəti yeni məcraya yönəltmək lazım idi.

-Bəs nə bildiniz ki, uşaqlar gediblər, bəlkə elə həmin gün bir qədər gec çıxıbmışlar?

Artıq bir qədər açıq suallar verməyə məcbur idim. Bu, qarşımdakı qadının nəzərindən qaçmadı. Bir qədər başqa baxışlarla mənə baxdı, ancaq sonra nə fikirləşdisə, sualımı cavablandırdı:

-Əşşi yox, dəqiq bilirəm, sonradan yenə bayıra çıxdım axı. Uşaq ağlamağını kəsmirdi. Çıxdım görüm kimi taparam dama dırmaşdırmaqçün. Gec çıxsaydılar ikinci dəfə çıxanda onları görərdim də. Yox, dəqiq yox idilər, tez getmişdilər.

-Yazıq uşaq, kim bilir nə qədər ağlayıb topuna görə, yəqin yenə heç kimi tapmadınız, hə? -özümü canıyanan kimi göstərib ikinci dəfə bayıra çıxarkən nə görməsini aydınlaşdırmağa çalışdım.

-Tapdım, nöş tapmadım. Tahir müəllimin qardaşı kömək elədi.

Sanki sakit yaz səmasında qəfildən ildırım çaxdı. Bu, artıq olduqca maraqlı idi. Axı Tahir müəllim qardaşının həmin gün onlarda olması barədə heç nə deməmişdi. Yəni mən belə səhv etmişəm onun barəsində?

-Tahir müəllimin qardaşı yəqin ki, cavan adam olmaz, onu çıxardınız dama? -Zabitəyə fikirləşməyə imkan vermək olmazdı.

-Özünü yox, ona dedim ay Babaxan, səni Allah yetirdi, gör bir kimi taparsan damdan uşağın topunu götürməyə, o da bir adamaoxşamaz var idi, üz-gözündən adam qorxurdu, ona dedi ki, çıx dama, uşağın topunu götür.

Adamaoxşamaz? Üz-gözündən adam qorxan? Uşaqlar deyən həmin o dilənçi olmaya?

-Həəə, sağ olsun Babaxan, lap vaxtında gəlibmiş ki, -dedim.

-Elə mən də kimi desən görəcəyimə inanardım o gün, ancaq Babaxanı yox, çox az-az gəlir o buralara. Lap hərdən-birdən, yəqin dolaba görə gəlibmiş. Mən çıxanda qapıdakı yük maşınına paltar dolabı qoyurdular bir nəfərlə. Həyət qapısının da hər iki layı açıq idi. O dediyim adamaoxşamaz da onlara kömək edirdi.

Aha, bu da bir yenilik, təbii ki, bunları uşaqlar görə bilməzdilər. Zabitənin dedikləri onlar gedəndən sonra baş vermişdi. Nəhayət ki, az-az Zabitənin buzunu qıra bilirdim.

-Yəqin dilənçi olub o yaramaz, bir manat veriblər ki, kömək eləsin.

-Nə bilim, bəlkə də, dilənməyin bilmirəm, ancaq əyyaşın biri idi. Yanımnan keçəndə ağzından it iyi vurdu məni.

İt iyi deyəndə Zabitə yəqin ki, araq, ya da çaxır iyini nəzərdə tuturdu.

-Yaxşı ki, yıxılmayıb nərdivandan, yoxsa sonra gəl polisə izahat ver də.

-Hə, elə mənim də ağlıma gəldi ki, yıxılar o külbaş, məni işə salar. Neçə dəfə dedim yavaş ol.

-Allah şər-xətadan saxlasın.

-Hə, topu götürəndən sonra gördüm həyət-bacaya yaman baxır, tez çıxartdım onu bayıra ki, sonra oğurluğa-zada gələr, dalıyca da çıxdım. Yəqin elə sən deyəndi, Babaxan ona pul verib ki, kömək eləsin, çünki, çıxanda gördüm getməyib onu gözləyir, onu görən kimi çağırdı ki, tez gəl min maşına gedirik. O da qaçdı mindi maşının yük yerinə. O çadırlı maşınlar olure, onlardan idi. Qabağı ağ, dalı göy. Ola bilər ki, apardıqları yerdə də dolabı düşürməyə kömək edəcəkmiş.

Qabağı deyəndə Zabitə maşının kabinəsini, dalı deyəndə isə yük yerini nəzərdə tuturdu. Deməli, ağ kabinəli, göy çadırlı kiçik həcmli yük maşını olub deyilən maşın.

Bir şey çox maraqlıdır…

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(16.05.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.