Bu gün beynəlxalq təqvimlərə Ağ durnalar günü kimi düşüb. Bu bir ədəbiyyat bayramıdır. Təqvimə salınan bu günün arxasında məşhur dağıstanlı şair, hamımızın tanıdığımız Rəsul Həmzətov dayanır, onun “Ağ durnalar” şeiri dayanır. Rəsul Həmzətovun təşəbbüsü ilə müharibə meydanlarında canlarından keçmiş igidləri anmaq üçün belə bir gün qeyd edilir. Milliyyətcə avar olan, SSRİ-nin Səməd Vurğunla, Mixail Şoloxovla, Konstantin Simonovla, Çingiz Aytmatovla birgə ən məşhur yazarları sırasında yer alan, yüzlərlə təltifi olan bu şəxs Ağ durnalar bayramı gününü təqvimə saldırarkən çeçen folkloruna əsaslanıb, belə ki, çeçen folklorunda deyilir ki, əgər müharibədə döyüşən, qan tökən zalım igidlər Allah tərəfindən bağışlanarsa, onda onların ruhları ağ durnalara çevrilər. Folklora görə, durnalar hər dəfə köç edəndə ucadan çığırırlar, bu, onların aldıqları canlardan üzr istəmələri ritualıdır.
Əlbəttə ki, müharibənin üzü sərtdir, orda ya öldürməlisən, ya ölməlisən. Amma tarix boyu ədalətli və ədalətsiz deyə müharibələr iki yerə ayrılır. İşğal etmək istəyənlə müdafiə olunan əsla eyniləşdirilə bilməz. Demək, ağ durna bayramı ancaq ədalətli müharibə aparanlar, o cümlədən bizim xalqımız üçündür. Digərlərinin ruhları isə heç vaxt ağ durnaya dönə bilməz. Bəlkə də, qara qarğaya dönər.
Sonda onu da qeyd edək ki, Rəsul Həmzətovu bütün dünyaya tanıdan onun “Mənim Dağıstanım” adlanan biblioqrafik nəsr əsəri olmuşdur.