“Odur ki, bütün dərdlərə boyluyam…” - Güneyli Sara Turinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizləri Sara Turinin şeirləri ilə tanış edəcək. 

 

 

Sara Turi 1977-cı ildə Səraskənd şəhərinin Çaybaba kəndində doğulmuşdur. Orta məktəb dövründən şeir və ədəbiyyata marağını göstərmişdir. Onun “Oxu gözlərimdən”, “Çinar ağacı, çilbaş ilə sarı dimdik”, “Günə baxanda”, “Yaramaz ilə sehirli alma”, “Hel qəyə” və “Səhəri kim açır?” adlı kitabları çap olunmuşdur.

 

 

AY SAÇIM

 

Ay saçım!

Mənim günah biletimsən cəhənnəmə,

Və qiyamətə açılan ilk qapı

Hər telində min bir cəza

Hər telində etiraz,

Bağırtı, qovğa...

Məni saçımdan asın!

Asın ki, bu dünyanın

Demokratiya havası

Bir nəfəs alsın!

Rahatlasın...

 

 

VƏSİYYƏT

 

Tikə, parçayam

Məni Arazda suya tutun

Azərbaycanda quylayın!

Tikələrim birləşdikcə

Qəbrimdə göy ot bitəcək.

 

 

***

 

Dünyanı ikiyə böldülər

Acgöz siyasətçilər

Ətini yeyib,

Sümüyündən qəfəs qurdular “Azadlığa”...

 

 

***

 

Mən günah daşıyıram

Qadın adıyla

Odur ki, bütün dərdlərə boyluyam

Və hər gün sancı çəkib

Nisgil doğuram

Ad qoyurlar üstümə

Oluram “Birinci”-nin

“İkinci”-si.

 

 

***

 

Səməd əmi gəlmədi!

O gündən bütün mədrəsələr yetim qaldı

Bu həngamədə vay düşdü ürəklərə

Birdən uşaqlar ayıldı!

Özlərini vurdular Araz çayına

Qarabalıq tuturlar Səməd eşqinə...

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2013)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.