Əlizadə Nuri, “Özünü yüksəkdən atan qızcığaz” Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında sizləri yenidən sevilən şairimiz Əlizadə Nuri ilə görüşdürürük. Bu dəfə ünlü şair “Özünü yüksəkdən atan qızcığaz” deyəcək.

 

 

Ölüm sərgisinə bir can çıxartdın…

Öldün, ölümü də haldan çıxartdın.

Bəlkə tanrı səni yoldan çıxartdı-

Özünü yüksəkdən  atan qızcığaz?!

 

Gəl, indi ovudaq bu boyda yası, 

Su da soyutmazmış… ay su sonası.

Nə azmış yer ilə göyün arası-

Özünü yüksəkdən atan qızcığaz…

 

Nəyi gözləyirdik, gör nəyi seçdin? 

Tanrının tikdiyi köynəyi seçdin…

Seçdin, ölməyə də göyləri seçdin,

Özünü yüksəkdən atan qızcığaz.

 

Bu gün gəlincikdin, sabah gəlindin,

Ölüm, canın yansın, gəlhagəlindi.

Bəlkə yaxamdakı sənin əlindi-

Özünü yüksəkdən atan qızcığaz?!

 

Həyat da quyuymuş-çoxmuş  qatları…

Hərdən düz yolda da dizin qatlanır.

Sən kimdən almışdın o qanadları- 

Özünü yüksəkdən atan qızcığaz?

 

Çapdı öz atını, şeytan düşmədi,

Meydana girmişdin, meydan düşmədi…

Hər şey bu dünyada göydəndüşmədi-

Özünü yüksəkdən atan qızcığaz…

 

Duz yükü  var imiş düz ilqarın da,

Rəngi qara oldu yerdə qarın da.

Bir kaman ağlayır yuxularımda 

Özünü yüksəkdən atan qızcığaz.

 

Kim səni yıxdı ki? niyə yıxıldın?

Bulud üstündəki şehə yıxıldın…

Göydən yıxılmadın, göyə yıxıldın,

Özünü yüksəkdən atan qızcığaz.

 

Səbəb soran olsa, “lalam “deyərsən.

O körpə oğluma “balam” deyərsən…

Məndən də tanrıya salam deyərsən-

Özünü yüksəkdən atan qızcığaz.

 

“Ədəbiyyat və incəsənət”

(11.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.