Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

10-cu dərc

İyirmi səkkiz dəqiqədən sonra müəllimin evinin qarşısına çatdıq.

- Bax bu qapıdır, -deyib Səməd kişi nəfəsini dərdi.

Həyətin giriş qapısı küçədəki o biri qapılar kimi birbaşa səkiyə açılan ikilaylı taxta qapı idi. Adətən belə qapıların bir layı həmişə bağlı olur, digər layı isə giriş-çıxış üçün istifadə edilir. Həyətə hansısa böyük əşya gətirilərsə və ya əksinə, həyətdən nəyisə çıxarmaq lazım olarsa, o zaman qapının ikinci layı açılar, sonra yenə ehtiyac olmadığından bağlı saxlanılardı.

-Müəllimi görmək istəyirsinizmi? -Səməd kişi soruşdu.

-Xeyr, hələ ki, buna ehtiyac yoxdur. Mümkünsə geri qayıdaq. Nərminin otağına baxmaq istəyirəm.

-Gedək, -Nərminin adını eşidəndə Səməd kişi dərin bir ah çəkdi.

Üçotaqlı, çoxdan təmir olunmayan evin qapısından içəri keçəndə, təzə dəm çayın ətri burnuma vurdu.

Səməd kişi məni otağa ötürüb oturmağa yer göstərdi, sonra həyat yoldaşına səsləndi:

-Bizə bir çay ver, ay Səlminaz.

-Beşcə dəqiqəyə gətirirəm. Çaydanı qaynadıb soyumaması üçün vam odda sobanın üstündə saxlamışdım. Elə pəncərədən gəldiyinizi görüb çayı tez dəmlədim. İndicə dəm alar.

Otağı gözdən keçirdim. Köhnə mebel, masa və dörd stul, televizor, bir də nimdaş bir divandan başqa heç nə yox idi. Divarda cavan bir ailənin çoxdan çəkilmiş, palıdı rəngli çərçivədə şəkli asılmışdı. Yəqin ki, şəkildəkilər Nərminin valideyni, ananın qucağındakı təxminən iki yaşlı qız uşağı isə Nərmin idi.

Səlminaz nənə gətirdiyi çayları masanın üstünə qoyub özü mənimlə üzbəüz stulda oturdu.

-Bəxtiyar müəllim Nərminin otağına baxacaq, -Səməd kişi hər ehtimala qarşı həyat yoldaşını xəbərdar etdi.

Nənə baxışları ilə onu sakitləşdirdi.

Uzun illər bir yerdə yaşamış bu ahıl cütlük bir-birlərini neçə də yaxşı başa düşürdülər. Onlara lap həsəd apardım.

Əlbəttə, Nərmin cavan qız idi və ola bilərdi ki, öz otağında hər-hansı intim əşyasını göz qabağında qoymuş olardı. Ancaq Nərmin itəndən bəlkə də yüz dəfə onun otağına girmiş nənə otaqda hər şeyin yerli-yerində olduğunu bilirdi.

…Artıq çayları içmişdik və ayağa qalxıb Nərminin otağına keçdik. Bu otaqda kiçik bir iş masası, stul, çarpayı, kitab və paltar dolabı var idi. Evin arxa tərəfinə baxan pəncərənin pərdəsi nəfəslik olan tərəfində yarıya qədər çəkilmiş, nəfəslik isə otağa hava gəlməsi üçün azca aralı saxlanmışdı.

İş masasının kənarında səliqə ilə Nərminin bir neçə kitabı qoyulmuşdu.

Kitab dolabını açdım. Burada da rəflərdə səliqə ilə yığılmış kitab və dəftərlərdən başqa bir şey yox idi.

Hələ ki, nə axtardığımı özüm də bilmirdim. Ancaq cinayətlərin araşdırılması zamanı ən əhəmiyyətsiz bir detalın gələcəkdə ən həlledici sübuta çevrilə biləcəyi, ya da elə birbaşa cinayətin açılmasına gətirib çıxaracağı dəfələrlə sınaqdan çıxdığından, qızın otağına baxmağım vacib şərt idi.

Xidmətə yeni başladığım gənc yaşlarımda bəzən əməliyyatçının otaqdan çıxmadan bir gün ərzində cinayəti açdığını görəndə təəccübdən nə edəcəyimi bilmir, bəzən də elə həmin əməliyyatçının hadisə yerində dizi üstə, əlində zərrəbin az qala yerə uzanaraq nə isə axtardığına heyrətlənirdim. Ancaq hadisə yerində tapılmış bir insan tükü ilə ölüm işinin açılmasının şahidi olanda, hər cinayətin spesifik araşdırma üsulu olduğunu anladım.

Ancaq hələ ki, Nərminin otağında diqqətimi cəlb edən heç nə aşkar edə bilmirdim.

 İş masasının üstündəki kitabları vərəqləməyə başladım.

-Nərmin hansı ixtisası seçib?

-Ədəbiyyatı çox sevir. Ona görə də, ədəbiyyatçı olmağa qərar verib, -Səlminaz nənə Nərminin adı çəkilən kimi eynən Səməd kişi kimi ah çəkdi.

“Görəsən, bu qocaları sevindirə biləcəyəmmi” fikri ilə masa üzərindəki sonuncu kitabı götürdüm. Kitabın altında iki kağız qoyulmuşdu. Vərəqləmədən kitabı kənara qoyub kağızları götürdüm. Üstdəki kağız sağlamlıq haqqında, ondan sonrakı isə  yaşayış yerindən arayışlar idi.

Arayışların tarixi bir həftə əvvələ təsadüf edirdi.

Onları əvvəlki yerinə qoyub paltar dolabını açmağı xahiş etdim. Dolabı açan Səlminaz nənə kənara çəkilib mənə yol verdi. Yaxınlaşıb toxunmadan paltarlara baxdım. İnsanın geyim tərzi onun haqqında çox məlumat verir. Nərminin geyimləri hamısı səliqə ilə asılqandan asılmışdı, onların arasında açıq-saçıqlığı ilə seçiləni yox idi. Adi ev qızının geyimləri. Vəssalam.

-Gedə bilərik.

 Otaqdan çıxanda bir stəkan da çay içməyi təklif edən qocalara təşəkkür edib, sağollaşdım. Polis bölməsinə gedib  kapitan Qasımlı ilə görüşməliydim.

Bölməyə getmək üçün yolumu bir qədər uzadıb bayaq Səməd kişi ilə getdiyim yolla gəldim. Bu dəfə ətrafı öyrənməklə yanaşı həm də addımlarımı sayırdım. Müəllimin evinə qədər olan məsafə iki min addımdan bir qədər çox idi, bu da təxminən 1700 -1800 metr məsafə edirdi. Bu yoldakı videomüşahidə kameraları isə bir-birindən təxminən beş yüz metr məsafədə quraşdırılmışdı.

Əgər məşğələdən çıxandan sonra Nərmin evə bu yol ilə getmişdisə, təxminən üç-dörd dəqiqə sonra birinci kameranın əhatə dairəsində görünməli idi.

Bayaq yerişimi Səməd babanın addımlarına uyğunlaşdırmalı idim. İndi isə vaxtı təkrar ölçərkən həmin məsafəni iyirmi bir dəqiqəyə qət etdim.

Bunları dəqiqləşdirib polis bölməsinə üz tutdum.

Kapitan Rəşad Qasımlı yorğun görünsə də, məni gülərüzlə qarşıladı.

Qocalar Nərminin axtarışları üçün detektiv agentliyinə də müraciət etdiklərini ona bildirmişdilər.

-Buyurun, səhv etmirəmsə, Bəxtiyar müəllimsiniz?

-Səhv etmirsiniz, -deyə həmin tonda ona cavab verdim, -Polis ümumiyyətlə nadir hallarda səhvə yol verir.

Zarafatım Qasımlının xoşuna gəldi.

-Hiss olunur ki, uzun müddət polis sıralarında xidmət etmisiniz. Buyurun əyləşin, -deyib, təxminən iyirmi doqquz-otuz yaşlarında olan, idmançı cüssəli əməliyyatçı yenə də gülümsədi.

-Sağ olun, -deyib ondan sağ tərəfdəki boş stula əyləşdim. -Bəli, düz on səkkiz il.

-Onda bizim söhbətimiz tutacaq. Ümidvaram ki, səylərimiz nəticə verəcək və Nərmini tezliklə tapa biləcəyik.

- Bu günə olan vəziyyət necədir? -deyib mətləbə keçdim.

-Təəssüf ki, elə də çox şey dəqiqləşdirə bilməmişik. Təxminən saat 19:52-də müəllimin evindən çıxan Nərmin uşaqlarla sağollaşıb və “Kubinka”nın ara yolları ilə evə yollanıb. Yəqin ki, əraziyə baxmısınız. Yolboyu üç videonəzarət kamerası var. Müəllimin evindən gedəndə birinci kameranın əhatə dairəsinə daxil olan Nərmin təxminən əlli metr də gedəndən sonra birdən dayanaraq gödəkçəsinin cibindən telefonunu çıxarıb baxır, yenidən qaytarıb cibinə qoyur, sonra tələsik geri qayıdır, kameranın əhatə dairəsindən çıxır və bundan sonra da onu görən olmayıb. Maraqlı burasıdır ki, qayıtdığı yola birləşən bütün istiqamətdə olan mərkəzi küçələrdəki kameraların görüntülərində də Nərmini aşkar etmək mümkün olmayıb. Qeydə alındığı kamera isə yolun cəmi üç yüz metr məsafəsini tutur, sonra yol sola meyl etdiyi üçün görüntü məhdudlaşır. Həmin döngədən müəllimin evinədək olan məsafə isə dörd yüz metrdir. Bax nə baş veribsə də, orada baş verib.

-Bəs telefonuna gələn zənglər?

-Yoxlamışıq. Həmin gün günortadan sonra telefonundan heç kimi yığmayıb və ona da zəng edən olmayıb, yalnız evə gəlmədiyini görən babasının zənglərindən başqa. Bu zənglər zamanı da Nərminin telefonu bağlı olduğu üçün ona zəng çatmayıb.

-Maraqlıdır, əgər zəng gəlməyibsə, Nərmin qayıtmazdan əvvəl qəfildən telefonu çıxarıb niyə baxsın. Bəlkə nə isə yadına düşüb və saata baxıb. Yox, yenə düz gəlmir, bağlı telefonda saatın siferblatı da görünmür. Ekran tamamən sönür. Onda bəs nə? Bu halda, haradasa müəllimin evi ilə birinci kameranın arasındakı məsafədə şahidləri müəyyənləşdirmək, axtarışlara oradan davam etmək lazımdır.

-Məsələ burasındadır ki, bütün zəruri tədbirləri həyata keçirmişik. Heç kim heç bir şey görməyib. Ya da görübsə də, demək istəmir. İstənilən halda o ərazidəki axtarışlarımız heç bir nəticə verməyib.

-Hər halda bir ipucu olmalıdır. Fikrinizcə, müəllim nəyisə bilib gizlətmir ki? Axı Nərmin müəllimin evindən başqa o istiqamətdə hara qayıda bilərdi?

-Görüntülərin təhlilindən sonra mən də bu qənaətə gəldim. Ancaq həmin vaxt artıq müəllim haqqında lazımi məlumatı toplamışdım. İsmiyev Tahir Səfixan oğlu. Qocaman təhsil işçisidir. Təqaüddədir. Bütün onu tanıyanlar barəsində yalnız yaxşı sözlər deyirlər. Bununla belə, müəllimi polis bölməsinə dəvət edib ikinci dəfə sorğu-sual etdim. Əvvəlki izahatına heç nə əlavə etmədi. Məşğələdən çıxandan sonra görməmişəm, vəssalam. Özü də Tahir müəllim çox sakit insandır, Nərminə görə də çox həyəcan keçirir. Fikirləşirəm ki, o həqiqəti deyir.

Belə-belə işlər… Əlimi çənəmə söykəyib fikrə getdim. Daha Qasımlıya veriləcək bir sualım qalmamışdı.

-Təklif edirəm ki, yeni nə isə öyrənəriksə bir-birimizi məlumatlandıraq.

Bunu deyib vizit kartımı Rəşada uzatdım.

Qalxdığımı görən Rəşad, -Mütləq, bu da mənim vizit kartım, -deyib, əlini mənə uzatdı. Sol əli ilə uzatdığı kartı alaraq sağ əlini sıxıb otaqdan çıxdım.

Gənc olsa da, Rəşad Qasımlının yaxşı əməliyyatçı olduğu hiss olunurdu. Özünü şux tutmasına baxmayaraq, qızarmış şişkin gözlərindən bu gecə cəmi bir neçə saat yatması aşkar görünürdü.

Polis peşəsi dünyada ən çətin, təhlükəli və idealist məşğuliyyətdir. Bu peşə, həssaslığı ilə digər peşələrdən fərqlənir. İnsanlar polisə güzəştsiz yanaşır, davranışlarını izləyir, hər addımını müzakirə edir. Uğurla nəticələnən hər bir iş haqqında “bu onların vəzifəsidir” deyir, uğursuzluq olarsa, tənqid edirlər.

Bir şeyi dəqiq bilirəm. Əgər insanlar polisin fəaliyyətinin görünməyən tərəflərinin bircə faizi barədə məlumatlı olarlarsa, onların bu ağır zəhməti qarşısında edilən tənqidlər minnətdarlıq hissi ilə əvəz olunar. Bunu sizə uzun illər polis sıralarında xidmət etmiş birisi kimi deyirəm. Çox təəssüf ki, bu peşənin görünməyən tərəfləri sirr olaraq, elə görünməyən də qalmalıdır. Çünki hər hadisənin arxasında onlarla insan taleyi dayanır. 

Qasımlının dediyi dörd yüz metr məsafəni gəzib baxmalıydım. Bəlkə də orada nəsə gözdən qaçıb. Hər şeyi özüm yoxlayacaqdım. Bu mənim iş prinsipim idi. Hər şeyi yoxlamaq. Vaxt itirmədən üçüncü dəfə müəllimin evinə tərəf istiqamət aldım.

Fikirləşə bilərsiniz ki, polisin keçirdiyi tədbirlər heç nə verməmişdi və konkret nəticə əldə olunmamışdı. Ancaq unutmaq lazım deyil ki, mənfi nəticə özü də bir nəticədir. Ən azı artıq konkret məsafəni gəzib baxacaq, o məsafədəki obyekt sahibləri, evlərin sakinləri ilə söhbət edəcəkdim və axtarış aparacağım ərazi təxminən dörd-beş dəfə kiçilməklə artıq vaxt itkisinə lüzum olmayacaqdı.

Nərmin məşğələdən çıxıb evə tərəf getdiyi üçün mən də onun hərəkətə başladığı nöqtədən, müəllimin evinin qarşısından başlamağı qərara almışdım. Polis bölməsində videogörüntülərə baxmasam da, Nərminin müşahidə kamerasının əhatə dairəsinə daxil olduqdan sonra təxminən haraya qədər gedib sonra qəfil dayanaraq geri qayıtmasını dəqiqləşdirmişdim. Həmin yer el arasında “moykalar” kimi tanınan, avtomobilyuma xidməti göstərən bir neçə obyektin cəmləşdiyi küçə idi. Bu “moykalar” həm də, nisbətən ucuz qiymətə xidmət göstərdikləri və şəhərdə ilk dəfə “Sedan dörd manat”, “Cip yeddi manat” yazılmış elanları ilə daha çox məşhurlaşmışdı.

Nərminin dayanaraq qayıtdığı yerə qədər bir neçə nəfərlə söhbət etdim, onun əlamətlərini dedim, lakin hər hansı bir məlumat ala bilmədim. Nəhayət birinci avtomobilyuma məntəqəsinin yanına çatdım. Rəşad Qasımlı təxminən son nöqtə kimi buranı mənə izah etmişdi.

Məntəqənin işçisi olan cavan oğlana yaxınlaşdım.

-Salam, bacoğlu.

-Salam, dayı.

-İki gün əvvəl bax o istiqamətdən gələn bir qız sənin işlədiyin bu məntəqənin tuşuna qədər gəlib və sonra geri qayıdıb. Bəlkə o qızı görmüsən, ya da nəsə xatırlayırsan.

-Həmin qızı polislər də soruşurdular. Əgər nə isə görsəydim, mütləq deyərdim dayı, ancaq buradan o qədər adam keçir ki, hamısını yadda saxlamaq olmur. Həm də işimiz çox olur deyə başımız maşınlara qarışır.

-Hə, elədir, -deyib, oğlanla sagollaşdım.

Kimsə yaxınlaşmayıb, uzaqdan da çağıran olmayıb, telefonu sönmüş vəziyyətdə olub, zəng gələ bilməzdi, niyə bəs onda bu qız birdən-birə dayanaraq, sürətlə geri qayıtsın? Belə çıxır ki, bura çatanda birdən nə isə yadına düşüb. Yaxşı bəs nəyisə unutmuş olsa, deyək ki, kitabını, ya da dəftərini, onda müəllmin evinə qayıtmalı idi. Ora isə qayıtmayıb. Bu bir. İkincisi, qayıtdıqdan sonra ətraf küçələrin heç birində müşahidə olunmayıb. Onda ya döngəyə burulandan sonra hansısa maşına oturub və ya zorla otuzdurulub, ya da ki, yaxınlıqdakı evlərdən birinə girib və indiyədək orada saxlanılır. Yox, evə giribsə, sonradan oradan da maşınla harasa aparıla bilərdi. Amma niyə? İki qoca, imkansız insanın himayəsində böyüyən bir qızı qaçırmaqda məqsəd nə ola bilərdi. Burada qızı qaytarmağa görə pul tələb etmədən söhbət belə gedə bilməzdi. Qocaların nəyi var idi ki, onlardan nə də tələb etsinlər? Vəziyyət heç də yaxşıya oxşamır. Əgər Nərmin hələ sağdırsa da, həyatı böyük təhlükə altındadır.  Beynimə gələn ən pis fikri özümdən qovdum.

Bizim işimizdə sentimentallığa yer yoxdur. Əgər ağlıma gələn mülahizəm doğru idisə, onda mənim bir, maksimum iki günüm var idi. Ya da məğlubiyyətimlə barışmalı olacaqdım.

Mən isə məğlub olmağı heç sevmirəm. Çünki mənim uduzmağım, şahmat lövhəsində və ya nərdtaxtada uduzmaqdan çox fərqlidir. İndiki halda isə mat və ya mars olmağın  deyil, bir insan həyatını xilas edə bilməməyin təəssüfünü yaşamaq dayanırdı bu məğlubiyyətin arxasında.

“Səni tapacağam, Nərmin, söz verirəm, harada olsan da səni tapacağam!!!”

Çoxdan yaşamadığım bir hiss baş qaldırmağa başlayırdı. Bu hissi yaşayarkən hətta həyat tərzim belə dəyişir, rahat yataqdakı yuxumu bir-iki saat maşının oturacağında və ya kresloda mürgüləməklə əvəz edir, çox vaxt yeməyi belə unudaraq məqsədimə çatanadək rahatlığı, istirahəti özümə qadağan edirdim.

Qocaları dinlədiyim ilk dəqiqələrdən nəvələrinin başında bir iş olduğunu başa düşsəm də, hələ bəlkə də Nərminin könüllü olaraq sevdiyi oğlana qoşulub qaçması ehtimalına kiçik də olsa, bir ümidim var idi. Həyat həmişə sürprizlərlə dolu olub. Ancaq Rəşad Qasımlı ilə söhbətimdən sonra məsələdə çoxlu müəmmaların olması bu ümidimin üstündən xətt çəkdi. Üstəlik də, əgər könüllü qaçmış olsaydı, nənə-babasını bu qədər çox istəyən Nərmin onları intizarda qoymaz, mütləq telefon əlaqəsi saxlayardı. Artıq axşam düşürdü və onun itməsindən qırx səkkiz saata yaxın vaxt keçirdi.

Yolun kənarındakı, bir-birinə yaxın əkilmiş iki söyüd ağacının gövdələri arasında skamya kimi bərkidilmiş taxtanın üstünə oturdum.

Hərəkət planımı müəyyənləşdirib işə başlamalı idim. Deməli belə… İlk növbədə Nərmini son dəfə görən müəllim və iki şagirdi tapıb söhbət etməliyidim. Qoy onlar mənə də əməliyyatçılara verdikləri cavabları versinlər. Mənim onlara mənasını yalnız özüm bildiyim, başqaları üçün qəribə görünə bilən suallarım olacaqdı.

Gəldiyim yolla qayıdıb müəllimin qapısına çatdım. Həyət qapısını nə qədər döysəm də, hay verən yox idi. Qapını azca aralayıb həyətə boylandım. Tahir müəllimin həyəti enli olmasa da, evi kifayət qədər uzun həyətin lap axırında  idi. Həyətə girib evə yaxınlaşdım. Qapını taqqıldadıb gözlədim. Ancaq yenə heç kim hay vermədi. Yenidən qapını bir qədər bərk taqqıldatdım. Nəhayət müəllim qapıda göründü.

-Salam, Tahir müəllim.

İlk baxışdan təqaüddə olması şübhə doğurmayan bu qocaman müəllim elə Nərminin nənə və babası kimi yetmiş yaşlarında olardı.

-Əleykümsalam.

-Mən detektiv Bəxtiyar Nəzərliyəm, sizin şagirdiniz Nərminin itməsi ilə bağlı babası Səməd kişinin xahişi ilə araşdırma aparıram.

- Buyurun içəri, Bəxtiyar müəllim. O qızın itməsi heç mənim başımdan çıxmır, görəsən uşağın başında nə iş var? O gündən özümə yer tapa bilmirəm. Həm də axı, sonuncu dəfə məhz mənim evimdən çıxıb.

Təşəkkür edib, içəri keçdim. Müəllimin göstərdiyi yerdə oturub evə nəzər yetirdim. Köhnə Bakı üslubunda tikilmiş sadə üçotaqlı evdə qadın səliqə-səhmanı hiss olunmurdu. Yəqin ki, Tahir müəllim məşğələni də indi oturduğumuz bu otaqda keçirirdi.

-Zəhmət olmasa mənim suallarımı cavablandırın.

-Əlbəttə, nə köməyim dəyə bilərsə, mən hazır. Ancaq qorxuram, polis əməkdaşlarına dediklərimə nə isə əlavə edə bilməyim.

-Mümkünsə deyin, adətən məşğələləriniz saat neçədə yekunlaşır?

-Adətən axşam saat 8-də. Həftənin cüt günləri. Ola bilər hərdən bir qədər tez bitsin, ancaq gec heç vaxt. Həftənin tək günləri isə dincəlirəm.

-Bəs Nərmin yoxa çıxan günü məşğələni saat neçədə yekunlaşdırdınız?

-Həmin gün saat səkkizə on dəqiqə qalmış, çünki hərdən uşaqlar tapşırığın öhdəsindən tez gəlirlər. Hə, bir də ki, ilk saatın əlli dəqiqəsinin tamamında uşaqlara on dəqiqə fasilə verirəm. Bəlkə kimsə ayaqyoluna getmək istəyər, amma deməyə utanar, başa düşürsünüz də. Üç şagirddən ikisi qız uşağıdır. Hərdən elə masanın arxasında oturub dincəlirlər, hərdən həyətə çıxırlar fasilədə. Ayaqyolu da həyətdədir.

-Mümkünsə deyin, bu evdə Sizdən başqa kimsə yaşayır, yəni ailə üzvləriniz, ya kimsə?

-Xeyr, Allah mənə övlad qismət eləmədi, həyat yoldaşımın vəfatından sonra isə  uzun illərdir ki, tək yaşayıram.

-Bağışlayın, Allah rəhmət eləsin.

-Sağ olun. Biz ailədə dörd uşaq olmuşuq. Mən uşaqların ən böyüyüyəm. Bir bacımızı çox tez itirdik. O biri bacımız həyat yoldaşının işi ilə əlaqədar Qazaxıstana köçməli oldu. Sonbeşiyimiz isə ixtisasca zootexnikdir. Hərdən vaxtı olanda gəlib mənə baş çəkir, böyük qardaşı kimi. Bilirsiz, mən bütün sevgimi şagirdlərimə yönəltmişəm, onlar üçün yaşayıram. Bir də ki, çox sevdiyim peşəmə bağlıyam. Məşğələdən sonra isə bax gördüyünüz o otağa çəkilib, memuar yazıram.

Müəllimin göstərdiyi otağa tərəf baxdım. Həyət kimi elə uzunsov olmaqla tikilmiş evin bu otağının oturduğumuz otağa baxan pəncərəsi var idi. Bu, köhnə Bakı evləri üçün xarakterik olan bir üslub idi. Yəqin ki, arxadan qonşu evlərin divarlarına söykəndiyi üçün başqa pəncərəsi olmayan bu otaq sakitliyinə görə işləmək üçün ən əlverişli otaq idi. Görünür, müəllim bu otaqda olduğuna görə səsimi gec eşitmişdi. Həmin otaqla yan-yana olan üçüncü otaq isə yataq otağı idi.

-Məşğələ bitən kimi uşaqlar dərhal getdilər?

-Bəli, bir-iki dəqiqə sonra sağollaşıb həyət qapısından çıxmışdılar.

-Siz onlarla birlikdə həyətə çıxmışdınızmı?

-Buna ehtiyac olmur, uşaqlar mənimlə həmişə otaqda sağollaşırlar, küçə qapısını isə ancaq yatanda bağlayıram.

Müəllim səbrlə mənim suallarımı cavablandırırdı.

-Bəs onlar gedəndən sonra nə etdiniz?

-Həmişəki kimi, iş otağıma keçdim və təxminən saat onun yarısına kimi işlədim. Düşünə bilərsiniz ki, məşğələdən dərhal sonra yorğun deyildimmi. Ancaq məndə əksinədir, memuarlarım üzərində çalışanda sanki yorğunluğum çıxır. Hər şeyi unuduram.

-Bu hiss mənə də tanışdır, -müəllimi gözəl başa düşdüyümü bildirmək üçün ona baxıb gülümsədim.

-Görünür ki, siz də peşənizə çox bağlısınız, -Tahir müəllim də gülümsədi.

-Həm də necə?! -deyib qaşlarımı qaldırdım.

Tahir müəllim bu dəfə aforizm söylədi:

-Peşəsini sevməyən insan heç vaxt öz sahəsində uğur qazana bilməz.

-Elədir, -razılıq işarəsi olaraq başımı tərpətdim.

İnsanı tanımaq üçün çox vaxt onunla qısa zaman kəsiyində ünsiyyətdə olmaq kifayət edir. Nərmin məsələsində müəllim bütün şübhələrdən kənar idi. Bunu özümçün müəyyən etdikdən sonra müəllimə bir sual da verdim.

-Tahir müəllim, bir pedaqoq kimi Nərminin psixoloji portretini çəkə bilərsinizmi?

-Əlbəttə. İllərlə şagirdlərlə işləyəndə insan özü psixoloq olur. Nərmin balamız, çox həyatsevər, şən qızdır. Bəzən, məşğələarası yaranan kiçik fasilələrdə deyib-gülməyi xoşlasa da, məşğələ başlayan kimi ciddiləşir, bütün fikrini dərsinə yönəldir. Sadə geyinməyi xoşlayır, bəzi cavan qızlar kimi dəbdəbəyə meyilli deyil. Ədəbiyyatçı olmaq istəyir. Bir dəfə onunla söhbət zamanı dedi ki, arzum ali təhsil alaraq işləmək, nənəmin və babamın mənim üçün çəkdikləri əziyyətlərin əvəzini verməkdir. Hətta gülə-gülə dedi ki, onları hər il kurorta göndərəcəyəm. O vaxt başını sığallayıb demişdim ki, inşallah bütün arzularına çatarsan. Yəqin valideyninin faciəli ölümündən xəbəriniz var.

Tahir müəllim kövrəldi.

Yaranmış xoşagəlməz sükutun çox uzanmasını istəmədim.

-Mümkünsə, Nərminlə birlikdə məşğələyə gələn digər iki şagirdin telefon nömrələrini mənə verərdiniz. Onlarla da görüşüb danışmağım çox vacibdir.

-Bir dəqiqə, -deyib, müəllim otaqdakı rəflərdən birinə yaxınlaşdı. Rəfdən götürdüyü sarı üzlüklü qeyd kitabını açıb hər iki şagirdin telefon nömrələrini dedi.

Cəld nömrələri və şagirdlərin adlarını telefonumun yaddaşına yazdım.

Artıq getmək lazım idi. Ayağa qalxdım.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(10.05.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.