AYB Nazim Əhmədi 70 iılik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Yazıçılar Birliyi tanınmış şair Nazim Əhmədlini 70 illik yubileyi münasibətilə təbrik edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrikdə deyilir:

“Nazim Şamil oğlu  Əhmədli 1953-cü il may ayının 1-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Orta məktəbi Laçın şəhərində bitirib, 1971-74-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1981-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsinə daxil olub, 1986-cı ildə ali təhsilini tamamlayıb. Həmin il Azərbaycan Yazıçılar Birliyində dəftərxana müdiri vəzifəsinə qəbul edilib.

Natəvan klubunun müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində redaktor, ümumi şöbə müdiri vəzifələrində çalışıb. 1993-1996-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət etmiş, sonra Nərimanov rayonundakı Ekologiya litseyində müəllim, özəl Tətbiqi Elmlər Universitetinin jurnalistika fakültəsində müəllim, dekan müavini kimi əmək fəaliyyətini davam etdirmişdir. 2012-ci ildən QHT sektorunda Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir. Uzun illərdir Skandinaviya ölkələrində Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və Qarabağ məsələsi ilə əlaqədar layihələri həyata keçirir. 2015-2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini vəzifəsində işləyib. Hərbi jurnalist kimi Qarabağ müharibəsi veteranıdır. "525-ci qəzet"də şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində səmərəli fəaliyyət göstərib. Hazırda ictimai əsaslarla Büronun direktorudur. Şeirləri, hekayələri respublika mətbuatında müntəzəm dərc olunur və rus, çeçen, alman, ingilis, yapon dillərinə tərcümə edilib, Türkiyə, özbək türkcələrində işıq üzü görüb. "Bir ömür sevgi", "Ruhum da sənin olacaq", "Sevgi Allahı", "Mən bir günah elçisiyəm", "Əfv eylə məni", "Mənim generalım", "Qız təbəssümü", "Mollaəhmədli və Mollaəhmədlilər", "Unutduğum göy üzü", "Buludları üstümə ört", "Bürkü" (Təbriz), "Yenə dönüb gələcəm", "Mein geliebtes fernes Meer" (Almaniya, Köln), "Stay in my Heart" (ingiliscə, Bakı), "Gökyüzünün adamı" kitablarının müəllifidir. Türkcədən yazıçı Orhan Arasın "Helenendorfun sonuncu şahidi" və "Biz Azərbaycanı çox sevdik" kitablarını, İsveç yazıçısı, Nobel mükafatı laureatı Pyer Fabian Lagerkvistin dörd hekayəsini, yapon yazıçısı Yukio Misimanın "Vətənpərvərlik" hekayəsini, Aqata Kristinin, İvan Jdanovun, Sergey Qraçovun və b. yaradıcılıqlarından nümunələri Azərbaycan dilinə çevirmişdir.  AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosonun  "Yaddaş", "Qılınc və qələm" "Ədəbiyyatımızın dostu" mükafatlarını təsis edib və yazıçı və şairlərimiz milli-mənəvi yaddaşa qayıdış  və Qarabağ mövzusundakı  uğurlu əsərlərə görə mükafatlandırılıb.

Tanınmış qələm sahibi Nazim Əhmədlini yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.”

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.