“Ədəbiyyat və incəsənət”in əməkdaşı Kənan Məmmədli maraqlı bir mövzuda interpretasiya edib. Nəsr nədir? Hər yanaşı düzülən yazı nəsrdirmi? Yainki nəzm nədir? Üç sözü qafiyələndirdin, nəzmmi yarandı?
Bir gün bir gənc yazar dedi ki, iki yol ayrıcında qalmışam. Həm roman yazmaq istəyirəm, həm əsər. Amma bilmirəm birinci hansını yazım.
Diletant oxucuya başa salaq ki, hesab edin, biri deyir ki, bilmirəm maşın alım, ya “Mercedes”.
Ay diliqafil, əsər bütün sənətkarlıq məziyyətlərini əks etdirən qlobal toplumdur, yəni bura həm mahnı, həm tablo, həm abidə, həm roman, həm də digər mədəniyyət artefaktları daxildir.
Bugünsə sizə nəsrdən - yəni həmin o sözükeşən gəncin yazmaq istədiyi romanı özündə ehtiva edən bədii ədəbiyyat növündən danışmaq istəyirəm.
Nəsr — ərəbcədən hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdir. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Hətta sənəd dilinə də nəsr deyirlər.
Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var.
Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq və ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: hekayə, esse, povest, roman, novella, oçerk, memuar və s.
İndi mənzərə tam aydın oldu.
Həmin o gənc yazara isə məsləhət budur ki, “nə əsər yaz, nə roman”. Ümumən, heç nə yazma.
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)