“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.
6-cı dərc
Evə çatanda beşə işləmişdi. Araq şüşəsini soyuducuya qoyub duş qəbul etdim, yüngül idman kostyumumu geyib divanda uzandım. Mehman çağırana qədər televizora baxacaqdım. Ancaq yuxu məni necə aparıbsa, bir də axşam saat 7-də Mehmanın səsinə oyandım. Ağzım acı zəhər dadırdı. Səhərdən dilimə çaydan başqa heç nə vurmadığım yadıma düşdü. Soyuducunu açanda hansısa ağıllı adamın araq barəsində dediyi çox gözəl bir aforizm yadıma düşdü: “Səbəbsiz yerə sevinc gətirən şeyə araq deyilir”.
Yuyunub həyətə düşdüm. Kababın iyi hər yanı götürmüşdü. Bağçaya çatıb əlimdəki üç litr “səbəbsiz yerə sevinc gətirən maye” ilə dolu şüşəni stolun üstünə qoyanda məhəllə uşaqları bir ağızdan -Oooooo, bu nədi ala, -deyib hay-küy saldılar. Məhəlləmizə sonradan köçən və Rusiyada təhsil almış, hamının Roma deyə çağırdığı Ramiz “Ooooo” əvəzinə “Uau” deməklə heyrətlənənlərlə həmrəy oluğunu bildirsə də, bundan artıq nəsə deməyə ona imkan vermədilər. Bütün məclislərdə tamada funksiyasını öz üzərinə götürən Şıxlar soyuqdan tərləmiş araq şüşəsini əlinə götürüb, -Araq süzməyin özü də bir incəsənətdir, - deyərək şüşənin ağzını açdı.
Sual dolu baxışlarla Mehmana baxdım.
-Yaxındakı evlərin hamısının payını göndərmişəm, qədeş,- Mehman nə demək istədiyimi göydə tutdu.
Məclisə başlamaq olardı.
Xəfif yaz mehi yeyib-içənlərin əhvalını bir az da açır, get-gedə məclis daha da qızışırdı. Uşaq ikən başımıza gələn məzəli əhvalatları bir-bir xatırlayıb o ki var gülür, xəyalımızda o günlərə qayıtdıqca yenidən uşaqlaşırdıq.
Uşaqlığımız bir yerdə keçdiyindən o qədər yada salmalı hadisələr var idi ki…
Dağlı məhəlləsinin olduqca dalaşqan olan uşaqlarının içərisində mən təmkinimlə seçilirdim. Bəlkə də elə buna ğörə həmyaşıdlarım məni özlərinə qeyd-şərtsiz lider seçmişdilər. Bu, öz-özünə baş vermişdi. Bəlkə də qoldan ən güclü olduğuma görə də. Yəni heç bir həmyaşıdım məni nə lider, nə başçı deyə çağırmamışdı heç vaxt. Ancaq başqa məhəllələrin uşaqları ilə sözümüz çəp gələndə həmişə ilk olaraq mən irəli çıxır, kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırırdım. Mən ilk yumruğu atmayınca, dostlarımdan heç biri qımıldanmaz, mənim hansı qərar verəcəyimi gözləyərdilər.
Bir şey də var idi ki, uşaq olsaq da, biz heç vaxt haqsız yerə vuruşmazdıq. Bunu bizə məhəlləmizdəki cavanlar öyrətmişdilər. Həmin vaxt cavanlara cayıllar deyərdilər.
Böyüklər demişkən, deyim ki, özləri çağırmayınca bizim onlara yaxınlaşmağa, söhbətlərinə qulaq asmağa ixtiyarımız yox idi.
Ailə tərbiyəsi ilə bərabər, küçə qanunlarını da öyrənirdik biz. İndi “küçə” sözü nədənsə pis səslənir. O vaxtlar isə küçə bizə başqa bir tərbiyə verirdi. Dağlı məhəlləsindən öz bacısı, nişanlısı ilə keçən oğlan heç vaxt onların qoluna girməzdi. Özü irəlidə gedərdi, qız isə arxasınca. Hamı bilirdi ki, nəinki söz atılacaq, heç bir nəfər də başını qaldırıb o qıza tərəf baxmayacaq. Başqa şeylər də öyrətmişdi bizə məhəlləmizin cavanları. Heç kimin köynəksiz və ya idman paltarında küçəyə çıxmağa ixtiyarı yox idi. Bir epizod yadıma düşdü. Məhəlləmizdə yenicə ev kirayələyən, bu qaydaları bilməyən tələbə gənc idman şalvarında siqaret səkmək üçün küçəyə çıxmışdı. Tində dayanan cavanlardan biri məni səsləyərək həmin gənci yanlarına çağırmağı tapşırdı. Gəncə yaxınlaşıb onu çağırdıqlarını dedim. Sonra isə ona nə deyəcəklərini eşitmək üçün bir qədər aralıda durub qulaq asdım. Aralarında belə bir dialoq oldu:
-Salam, əmioğlu.
-Salam.
-Mümkünsə əynini dəyiş, sonra yanımıza qayıt.
Oğlan bir azdan əynində şalvar qayıtdı.
-Xoş gəldin, indi isə bizimlə dayan, orada tək niyə dayanmısan. Qayna, qarış, heç nədən çəkinmə, bu məhəllədə heç kim sənin xətrinə dəyməz. Sən də məhəllə uşağımız sayılırsan daha.
Sonralar, evdən valideyni pul göndərə bilməyəndə məhəllə cavanlarının dəfələrlə o gəncə maddi kömək də etdiklərini eşitmişdim.
Küçənin yazılmamış qanunlarını belə öyrənirdik böyüdükcə.
Yanında qız, qadın olan oğlan hətta heç nədən bizə sataşarsa, ondan üzr istəməyi tapşırmışdı bizə böyüklər. “Bir kişini bir qızın yanında heç vaxt sındırmayın” demişdilər. “Lap nə qədər haqsız olsa da. Nə vaxtsa tək olanda rastlaşsanız dərsini verərsiniz” deyə öyrətmişdilər.
Bir paytaxt şəhərinin mərkəzində yerləşən məhəlləmiz, beləcə, öz yazılmamış qanunları ilə yaşayırdı…
Əyləşərkən yüz əlli qramdan artıq içməyəcəyimə özümə söz vermişdim. Lakin uşaqlıq dostlarımın təkidi ilə daha iki qədəh içdiyimə görə bir qədər dəmləşdiyimi hiss edirdim. Bundan artıq içməyə ixtiyarım yox idi. Səhər tezdən ayıq başla oyanıb vaxtında ofisdə olmalı, bəzi şeyləri yoxlamalı idim.
Uzun müddət əvvəl ölkəni tərk etmiş “Qoca” ləqəbli qatı cinayətkarın şəhərdə olması barədə “Tatar”ın verdiyi məlumat mənə çox maraqlı görünmüşdü.
Saata baxdım, on birə az qalırdı. Qalxmaq lazım idi. Ancaq elə bu vaxt evi Səmədağanın evi ilə bitişik olan Vaqif qədəhini qaldırıb, -Bunu da içək, tezliklə Cəfərinin tapılmasının sağlığına, -dedi.
-Cəfər kimdi alə, -hamı bir ağızdan səsləndi.
-Alə Cəfər yox e, Cəfəri, yəni Petruşka, Səmədağanın xoruzunu deyirəm də, azərbaycanca, -Vaqif dedi.
Səmədağa bütün məhəlləyə car çəkdiyi üçün xoruzun yox olmağından hamı xəbərdar idi. Həm də bütün günü damlarda gəzərək hay-küy salıb banlayan xoruzun birdən-birə səsinin kəsilməsi diqqət çəkməyə bilməzdi.
Bu sağlıqdan artıq sərxoş olan Səmədağanın gözləri doldu. O, -Eh, dərdimi təzələdin, -deyib, xristian yas məclislərində olduğu kimi, heç kimlə toqquşdurmadan bir qurtumla əlindəki qədəhi boşaltdı, sonra baxışlarını stolun üstündə bir nöqtəyə zillədi.
Səmədağadan heç də az dəmləşməmiş digərləri, ən əziz adamını itirmiş kimi ona ürək-dirək verməyə başladılar:
-Darıxma, xoruzdu da, yəqin gəzib, gəzib qayıdacaq, hara gedəcək ki?
Ləqəbi Professor olan Qələndər isə yenə filosof görkəmi alıb dedi:
-Bilirsən, Səmədağa, sən o xoruzu tək saxlayırdın, ona görə də, çox güman ki, qonşu məhəllələrdəki hansısa həyətdə özünə toyuq tapıb, uçub onun yanına gedib, qonşu məhəllələri axtarmaq lazımdır.
Səmədağa susur, diqqətlə bir nöqtəyə baxmaqda davam edirdi.
Alaqaranlıqda onun hara baxdığını müəyyənləşdirməkdə çətinlik çəksəm də, xoruzu qırmızı olduğu üçün Səmədağanın məhz stolun üstündəki pomidorlara baxdığı qənaətinə gəldim.
Daha uzatmaq olmazdı. Əlimi ərklə Səmədağanın çiyninə qoyub, -Mən səhər tez durmalıyam, gecəniz xeyrə qalsın, -deyib hamıyla sağollaşdım.
Başım fırlanırdı. Evə çatıb özümü çarpayıya yıxdım. Nədənsə Petruşka yadıma düşdü. Məclisdə məndən başqa hamı Petruşkanın sağ olduğunu, qonşu məhəllələrdən birinə adaxlıbazlığa getdiyini və mütləq qayıdacağını düşünürdü. Təkcə mən bilirdim ki, düz bir il zəhləmi tökmüş o xoruz artıq həyatda yoxdur. Haradasa oxumuşdum ki, qədim inanclara görə ölümündən sonra ruhlar əcdadlarına qovuşurlar. Əgər doğrudan da belədirsə, onda gərək indi Petruşkanın ruhu Yaponiyada olsun.
Yuxuya getməzdən əvvəl arağın dumanlandırdığı beynimdə bu, ağlıma gələn son fikir oldu…
* * *
Bakının küləyi haqqında çox deyilib. Bəs Bakının yağışına kim fikir verib? Bakı yağışının özünəməxsus bir xüsusiyyətini çox sevmişəm uşaqlıqdan - yağışın neft qoxusu ilə qarışıq ətrini. Köhnə Bakıda şifer dam öltüklərindən istifadə olunmaz, evlərin damına qır basılar, yaxud da damlar tol ilə işlənərdi. Yağan yağış xüsusilə isti havalarda qırın buraxdığı yağı damlardan yuyaraq navalçalara axır, oradan küçələrə tökülüb neft qarışıq qoxunu ətrafa yayır. Bu navalçalara “şurşura” da deyərdik.
Damlar bir-birinə bitişik olduğu üçün uşaq ikən bizə məhəllənin bir hissəsini əvəz edir, çox vaxt bir küçədən o birisinə kəsə olması üçün elə damla gedərdik. Bekar olanda dama çıxıb quşbazların saxladıqları göyərçinlərə tamaşa etməklə başımızı qatar, vaxtımızı keçirərdik. Yay axşamlarında isə bürküdən evdə yatmaq mümkün olmayanda günün əridib yumşaltdığı qır azacıq bərkiyəndən sonra üstünə palaz sərib uzanar, dəniz tərəfdən əsən mehdən həzz alardıq. Məhz bu qırlı, tollu, mazutlu məhəllələrdən birində böyüməyim mənə neft qoxusu verən Bakı yağışını sevdirmişdi.
Bu səhər də məhz çox sevdiyim yağışın ətrinə oyandım. Yataq otağının pəncərəsini açıq qoyduğum üçün gecə başlayan yaz yağışının ətri içəri dolmuşdu, burnumu qıcıqlandırırdı. Qalxıb geyindim. Ofisi saat 9-da açırdım. Hələ saat 07:30 idi. Gecə çox içməyimə baxmayaraq gümrah oyanmışdım, təkcə bir az susuzluq hiss edirdim. Çay dəmləməyə isə heç həvəsim yox idi.
Ev ilə ofisin arasındakı məsafə elə də böyük olmadığı üçün işə piyada getməyə qərar verdim. Həm bu gün mənə maşın lazım deyildi, həm də yağışlı havada gəzmək fürsətini əldən vermək istəmirdim.
Saat 8-də evdən çıxdım.
Yaşadığım ərazini mikrorayonlarla birləşdirən əsas yol dörd il bundan əvvəl yeni metro stansiyasının inşası ilə əlaqədar bağlandığı üçün həmin istiqamətə gediş-gəliş çətinləşmişdi. Çünki yeganə alternativ yol kimi Tbilisi prospekti qalırdı ki, bu da dediyim istiqamətə getmək üçün sakinlərin böyük bir dövrə vurmasına və tıxaclarda vaxt itirməsinə səbəb olurdu. Bununla belə, sakinlər tikintini həyata keçirən şirkətin nəzakətli davranışına eyni nəzakətlə cavab verərək bu çətinliyə rəşadətlə sinə gərirdilər. Belə ki, şirkət rəhbərliyi böyük nəzakətlə, tikintini əhatələyən hasardakı lövhələr vasitəsilə nə az, nə çox, düz dörd il idi ki, “Müvəqqəti narahatlığa görə” ətrafda yaşayanlardan üzr istəməkdəydi.
Hər səhər olduğu kimi, ofisimin mikrorayonlar tərəfdə yox, əks istiqamətdə yerləşdiyinə şükür edib Cəlil Məmmədquluzadə küçəsi ilə mərkəzə tərəf üz tutdum.
Vaxtım çox olduğu üçün tələsmir, arxayın addımlarla səki ilə irəliləyirdim. Plaş materialından olan yüngül gödəkçəm və başıma qoyduğum kepkam məni yağışdan qoruyurdu.
Səkilər tamamilə boş idi. Hamı avtobus dayanacaqlarında daldalanaraq yağışdan qorunmağa çalışır, tez-tez avtobusun gələcəyi istiqamətə baxırdı. Avtobuslarsa həmişə olduğu kimi belə havada gecikmə ilə gəlir, bu səbəbdən sərnişin sıxlığı yaranırdı.
Bir neçə belə dayanacağın yanından keçib keçmiş “Spartak” stadionunun yanına çatmışdım. Körpünün altından keçdikdən sonra daha bir avtobus dayanacağı var idi. Bu dayanacaqdan sonra Cəfər Cabbarlı küçəsi Beşmərtəbə istiqamətində bir qədər üzüaşağı meyl edir. Yoluma davam etmək istəyirdim ki, birdən təxminən əlli yaşlarında olan, “Labaznik” ləqəbli cibgirin büzüşərək dayanacağın lap kənarında dayandığını gördüm. Onun ova çıxdığı gün kimi aydın idi. Sovet dövrünə təsadüf etmiş yeniyetmə vaxtlarından xırda oğurluqlarla məşğul olan Labaznik bu oğurluqlardan biri zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yaxalanıb cəzaçəkmə müəssisəsinə göndərilmiş, islah olunmaq əvəzinə orada daha təcrübəli cinayətkarların təsiri altına düşərək onlardan cibgirliyin incəliklərini öyrənmiş, sonradan bir neçə dəfə cibgirlik edərkən yaxalanıb yenidən həbsxana həyatı yaşasa da, bu əməlindən əl çəkməmiş, cibgirliyi özünə peşə seçmişdi.
Həmin dövrün əlli qəpikliyinə el arasında labaznik deyirdilər. Xüsusi məqsədlər üçün dilinin altında ülgüc gəzdirən digər cibgirlərdən fərqli olaraq, məhz əlli qəpikliyin qırağını itiləyərək qadın çantalarını kəsmək məqsədi ilə ülgüc kimi istifadə etdiyinə görə bu ləqəb həmin vaxtlardan ona yapışmışdı. Belə kənarı itilənmiş qəpiyin istintaq prosesində məhz cinayət aləti kimi istifadə edildiyini sübut etmək mümkün olmadığına görə cibgirlər bu üsuldan istifadə edirdilər. Yaxalanan cibgir həmin qəpiyin xatırlamadığı hansısa mağazada ona pulun qalığı kimi verildiyini bildirməklə özünü müdafiə edirdi. Adətən bu məqsədlə bir çox cibgirlər beş qəpiklikdən istifadə etdikləri halda Labaznikin əlli qəpikliyi seçməsi bu ləqəbin ona yapışmasına səbəb olmuşdu.
Labaznikin narkoman olduğunu bilirdim. Bu yağışlı havada səhər saatlarında onun evdən çıxaraq dayanacağa gəlməsinin səbəbi də mənə aydın idi. Ona növbəti narkotik dozasının pulunu əldə etmək lazım idi. Özlərini həyatın bütün nemətlərindən məhrum etmiş belə insanlar, yalnız bir fikirlə yaşayır: hər narkotik qəbulundan sonrakı zaman kəsiyində bir müddət sonra narkotikin təsiri keçərkən sümük və oynaqlarında baş qaldıracaq dəhşətli ağrıların qarşısını almaq üçün növbəti dozanın pulunu əldə etmək. Onlar başqa heç nə barədə düşünə bilmir, bu səbəbdən istənilən cinayətə gedirlər.
Büzüşərək dayanmasından Labaznikin halının heç də yaxşı olmaması bilinirdi. Onun kiminsə cibindən və ya çantasından bəlkə də son pullarını çıxaracağına göz yumub yoluma davam edə bilməzdim. Kepkamı gözlərimin üstünə daha da bərk basıb bir qədər kənarda dayandım və arxamı ona tərəf çevirdim. Onsuz da avtobus gələnəcən heç bir addım atmayacağı mənə məlum idi. Hətta onun avtobusa minməyəcəyini də bilirdim. Hələlik müəyyən edə bilməsəm də, artıq onun öz qurbanını seçdiyinə, avtobusa minərkən yaranan sıxlıqdan istifadə edərək işini görəcəyinə əmin idim.
Nəhayət uzaqdan avtobus göründü. Bunu görən adamlar yavaş-yavaş səkinin kənarına sıxlaşmağa başladılar. Mən də onlara qoşuldum. Hansısa hərəkətimlə seçilsəm, bu, Labazniki duyuq sala bilərdi. Qazdan ayıq olan cibgirlər “işə” çıxarkən hər şeyə fikir verir, ən xırda bir şeydən şübhələnərlərsə, dərhal həmin yerdən uzaqlaşırlar.
Avtobus dayanar-dayanmaz həyəcana gələn adamlar daha da sıxlaşaraq bir-birini itələməyə başladılar. Bu isə cibgir üçün ən əlverişli məqam idi. Labaznik də elə bu məqamı gözləyirdi. Sifətinə səhər tezdən işə tələsən namuslu zəhmətkeş ifadəsi verərək sıxlaşmış adamlara yaxınlaşanda əlləri ilə ən arxada durmuş, təxminən əlli-əlli beş yaşlarında olan kişinin guya tələsdirirmiş kimi böyürlərini gah sagdan, gah da soldan sıxmağa başlayan dostumuz onun pullarını qoyduğu cibini müəyyən etdi. Pulların şalvarın sol cibində olduğunu bildikdən sonra sağ ayağının dizini kişinin sol baldırının diz qapağından azca yuxarı hissəsinə söykəyib yüngülcə sıxmağa başladı. Bu, ayağın həmin hissəsindən keçən sinirləri keyitməyə hesablanmış və belə hallarda cibgirlərin ən çox istifadə etdiyi üsul idi.
Düşən sərnişinlərə yol verdikləri üçün kişi də digər avtobusa minməyə hazırlaşanlar kimi bayaqki itələşməni kəsib bir yerdə dayandığından Labaznik öz işini çox asanlıqla gördü və təxminən iyirmi saniyədən sonra kişinin sol ayağının hissiyatının ən azı yarıbayarı azaldığına əmin idim. Bundan sonra oğurluğun əsas fazası başlamalıydı. Belə də oldu. Cibgir baş barmağı çöldə, şəhadət və orta barmağı azca cibin içində olmaqla, sağ əlinin üç barmağından istifadə edərək kişinin şalvarının sol cibinin astarını yığmağa, bu münvalla cibin dərinliyində olan pul dəstini astarla birlikdə yuxarı qaldırmağa başladı.
Onun hərəkətlərini gözdən qoymurdum. Bilirdim ki, hər şey bir anda baş verəcək və mən, o zaman həm cibgiri yaxalamalı, həm zərəçəkənin avtobusa minərək uzaqlaşmasının qarşısını almalıydım. Tək olduğum üçün cibgiri yaxalayarkən vaxt itirə bilərdim. Belə ki, üzü üzlər görmüş belə cibgirlər çox vaxt yaxalandıqlarını başa düşərkən hay-küy salır, ətrafdakılardan guya onu döyürlərmiş kimi kömək istəyir, hətta köməyə gələnlər də tapılır ki, onlara əsil vəziyyəti başa salanadək müəyyən vaxt itkisi olur. Bu vaxt ərzində isə heç nədən xəbəri olmayan zərərçəkən avtobusa minərək uzaqlaşır ki, bu da əlavə çətinliklər yaradır. Qrupla işləyəndə bu hallar heç bir çətinlik törətməsə də, tək olduğum üçün hərəkət ardıcıllığımı düzgün müəyyən etməyim vacib idi. Üstəlik də, artıq cibimdə təqdim etməyimlə bütün sualları cavablandıran polis vəsiqəm yox idi.
Elə bu zaman -”Əşşi, bu qədər gözləyəsən, sonra da heç avtobusun qapısına yaxın düşə bilməyəsən, belə də iş olar”,- deyərək guya əsəbiləşib piyada getməyə qərar verən Labaznikin sağ əlini cibinə saldığını gördüm. Vaxt idi. Cibgir artıq işini görmüşdü.
Heç nədən xəbərsiz olan zərərçəkənə yaxınlaşıb -“Qardaş, tez cibindəki pulları yoxla görüm” -deyərək, sürətlə Labaznikin ardınca qaçdım, arxayın idim ki, artıq pullarının oğurlandığını görən kişi heç yana gedən deyil.
Arxadan yaxınlaşıb Labaznikin sağ qolunu xüsusi ağrıdıcı fəndə salaraq geriyə, dayanacağa tərəf gətirdim. Labaznik bir anda vəziyyətin nə yerdə olduğunu anlasa da, qəsdən qolunu lazım olduğundan bir qədər möhkəm sıxdığıma görə o, ağrıdan heç nə deyə bilmir, yalnız ufuldayırdı.
Dayanacağa çatanda bayaq dediyim əlli-əlli beş yaşlı kişiyə üzümü tutaraq -”Vətəndaş, az əvvəl bu gördüyünüz şəxs Sizin cibinizə girərək pullarınızı çıxarmış və uzaqlaşmağa cəhd edərkən tərəfimdən yaxalanmışdır” -dedim. Bu vəziyyətdə rəsmiyyət çox vacib idi. Çünki əksər belə hallarda, vətəndaşlar yalnız pullarının qaytarılması ilə kifayətlənməyi, şikayət etməməyi üstün tuturlar. Bəziləri çəkindikləri üçün, bəziləri vaxt itirməməkçün belə edirlər. Xüsusilə də, polis əməkdaşı olmadığımı bilərsə, zərərçəkən məhz belə qərar qəbul edə bilərdi, o zaman cibgiri buraxmaqdan başqa çarəm qalmazdı.
Artıq ətrafımıza xeyli adam toplaşmışdı.
-Zəhmət olmasa deyin, pulunuzun miqdarını bilirdinizmi?- sualıma, kişi tələsik, - Əlbəttə, üç yüz qırx manat bir yerdə, yeddi manat isə ayrı idi, -cavabını verdi.
Labaznikin qolunu bir az da sıxıb, -Hansı cibindədir, -deyə yavaşca soruşdum. Artıq polis əməkdaşı olduğuma şübhəsi olmayan cibgir, bayaq dayanacaqdan uzaqlaşarkən əlini saldığı cibinə işarə edib ağrıdan ufuldadı.
Bir əlimlə onu saxlayıb, o birisi əlimlə hamının görə biləcəyi tərzdə, aramla pulları işarə verdiyi cibindən çıxardım.
Pullarını görən kişinin baş verənlərə reaksiyası tam fərqli oldu. Nəticədə mən hələ də cibgiri fənddə tutub saxlayan sol qolumdan ağır bir yumruq zərbəsi yedim. Əgər cəld tərpənib Labazniki kişinin onun sifətinə tuşlanmış növbəti zərbəsindən yayındıra bilməsəydim, aqibəti çox pis olacaqdı. Buna qolumdakı ağrı bariz sübut idi.
Yumruğunun cibgirə yox, mənə dəydiyini görən kişi, -“Siz Allah bağışlayın, belələrini öldürmək də azdır” -deyib sonra əsəbi şəkildə üzünü ətrafdakılara tutdu:
-Düz iki aydır işdə müdirimdən borc almışam. Xəcalətdən üzünə baxa bilmirdim. Dünən gedib bir qohumumdan pul aldım ki, bu gün işdə kişinin borcunu qaytarım. Bu əclaf da həmin pulları mənim cibimdən çıxarıb.
Sonra yenə üzünü mənə tutdu:
-Baxın rəis, üç yüz qırx manatın belin bağlayıb ayrı qoymuşam ki, işə çatan kimi verim. Qalan yeddi manat isə cibxərcliyimdi.
Ona görə mən cinayətkarlara, xüsusilə də cibgirlərə həmişə nifrət etmişəm. Belə bir vəziyyətdə olan adamın cibinə girib son pullarını, xüsusilə borc etdiyi pulları oğurlamağa nə ad vermək olar?!
İşə çatıb müdirə olan borcunu qaytarmaq üçün əlini cibinə salanda bu pulların oğurlandığını aşkar edən insanın vəziyyətini təsəvvür edirsinizmi?
Dayanacaqda çoxlu adamın toplaşdığını görüb yaxınlaşan post-patrul xidməti əməkdaşları özlərini təqdim elərək, -Burada nə baş verir, vətəndaşlar? -deyə müraciət etdilər. Uşaqlar tam zamanında gəlmişdilər. Qısaca vəziyyəti anladıb, cibgiri onlara təhvil verdim. Mənim və hadisənin şahidlərinin ünvanlarını, əlaqə telefonlarımızı bloknota qeyd edən polis nəfərləri, sonradan mütləq ərazi polis bölməsinə gəlməyimizin vacibliyini bildirərək cibgiri patrul maşınının arxasında xüsusi ayrılmış yerə, zərərçəkəni isə salonuna mindirdikdən sonra maşının sayrışan işıqlarını yandırıb bölməyə tərəf yola düşdülər.
Ayrılarkən əlimi sıxan kişi vurduğu yumruq zərbəsinə görə bir daha üzrxahlıq etdi. Kifayət qədər tutarlı zərbə yesəm də, “Boş şeydir” deyib gülümsədim, nə deyəcəkdim ki…
Yalnız yenidən ofisə tərəf getməyə başlayanda yağışın altında necə islandığımın fərqinə vardım. Yaxşı ki, çox yolum qalmamışdı.
Cibgirlərin psixologiyası mənə maraqlı olduğundan yaxaladığım cibgirlərlə istintaqa təhvil verilməsi üçün zəruri sənədləşmə aparılan vaxtlarda çox söhbətlər etmişəm və onlara verdiyim suallara aldığım cavablardan belə qənaətə gəlmişəm ki, cibgirlik özü də bir sağalmaz xəstəlikdir. Onların heç də hamısı narkoman deyil. Aralarında müxtəlif peşə sahiblərinə rast gəlinir. Hətta belə söhbətlərin birində, cibgirlərdən biri mənə kifayət qədər uğurlu bir biznesmenin hekayəsini danışanda inanmaq istəməmişdim. Həmin iş adamı əvvəllər cibgirliklə məşğul olsa da, həyatda bəxti elə gətirir ki, böyük bir şirkət təsis edərək özü bu şirkətə rəhbərlik edir. Elə həmin gündən cibgirliyin daşını atmağı qərara alır. Biznesi günü-gündən çiçəklənir və daha çox, ağlasığmaz pullar qazanmağa başlayır. Ancaq bir hiss - daima nəyinsə çatışmaması hissi onu rahat buraxmır. Nəhayət bir gün bunun nə olduğunu anlayır. Həmin gün sürücüsünü buraxaraq evə avtobusla gəlir. Yolda isə bir kişinin cibinə girib üç manat pulunu çıxarır. Hiss edir ki, çoxdan axtardığı ruhi rahatlığı özünə qayıtdı. Deməli, çatışmayan bu imiş.
Həmin cibgir mənə and içdi ki, keçmiş “həmkarı” olan həmin iş adamı bundan sonra ayda, iki aydan bir ictimai nəqliyyatda kiminsə cibinə girib bir manat da olsa çıxarır.
Nə deyim… Hərə adrenalinə olan tələbatını bir formada ödəyir. Hətta mənim təcrübəmdə belə bir məzəli fakt da olub. Tutmaq üçün izlədiyim cibgir elə qurban kimi mənim özümü seçib. Əlində gül dəstəsi tutan iki cibgirdən biri həmin gülləri çənəmin altına dayayaraq fikrimi yayındırmağa çalışır, digəri isə bundan istifadə edib cibimə girməyə cəhd edirdi. Təbii ki, müxtəlif hərəkətlərlə buna imkan vermədim. Diqqətini məndən yayındırıb başqa birinə yönəltməsinə şərait yaratdım və bir qadının çantasından pulqabını çıxararkən onu yaxaladıq.
İndi qayıdaq cibgirin əlindəki gül dəstəsinə. Elə bilməyin ki, yayındırıcı element kimi istifadə etmək üçün cibgirlər pul xərcləyib gül dəstəsi alırlar. Əsla yox. Səliqə ilə bükülmüş həmin güllər şəhərin xristian qəbiristanlığındakı məzarlardan birinin üzərindən götürülmüşdü və bir qədər də solğun idilər.
Əlbəttə, pis düşünülməyib. Əlində gül dəstəsi tutan birisi ətrafdakılarda daha çox etimad doğurur və onun cibgir olması heç bir halda adi vətəndaşın ağlına belə gəlməz. Demək istəmirəm ki, ictimai nəqliyyatda əlində gül dəstəsi tutan hər kəsdən şübhələnin. Ancaq əgər bu güllər solğundursa və xüsusilə guya basabasda üzbəüz dayanaraq onu ciddi-cəhdlə çənənizin altına dayayırlarsa, o gülləri iyləməkdən vaz keçin.
Axır ki, gəlib çatdım. Ofisin qapısı açıq idi.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(02.05.2023)