“Dalğalar atacaq, tutacaq səni, Bir köpək balığı udacaq səni…” Featured

GÜNEYLİ ŞAİR TOHİD NAMVƏRİN ŞEİRLƏRİ

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla “Güneydən gələn səslər” rubrikasının növbəti buraxılışını təqdim edir. Bu dəfə sizlərə Tohid Namvərin şeirləri təqdim ediləcək.

 

Tohid Namvər (Adlım)

 Adlım təxəllüsü ilə tanınan Tohid Namvər, 1974-cü ildə Muğanda anadan olmuşdur.

O, uşaq yaşlarından ədəbiyyata marağı olsa da, 1990-cı ildən şeir yazmağa başlamışdır.

Tohidin "Mənə gözlərində bir dəniz gətir" adlı şeir kitabı Güneydə çap olunmuşdur.

 

 

SƏNİ BU DƏNİZƏ KİM ATDI AXI?!

 

Bu ilki əzabdı, o sonu dərddi,

Mamırı kədərdi, yosunu dərddi.

Sən ki, oturmuşdun, de, kim tərpətdi?!

Səni bu dənizə kim atdı axı?

 

Sevgi təlatümlü həyatdı baxsan,

Hər dalğa yüyənsiz bir atdı baxsan,

Atlar bir-birindən inaddı, baxsan.

Səni bu dənizə kim atdı axı?

 

Hələ min oyuna qatacaq səni,

Dalğalar atacaq, tutacaq səni,

Bir köpək balığı udacaq səni,

Səni bu dənizə kim atdı axı?

 

Qarşına dəmir baş tilov çıxacaq,

Ayaq buz, başından alov çıxacaq,

Yoluna su altı kalav çıxacaq,

Səni bu dənizə kim atdı axı?

 

Suyun su atəşi, su odu olur,

Dənizdə cinayət su altı olur,

Quldur naqqaların su koltu olur,

Səni bu dənizə kim atdı axı?

 

Mayaklar sahildə sönən ocaqdır,

Görünən bu liman yox olacaqdır,

Ümidin yelkəni yıxılacaqdır,

Səni bu dənizə kim atdı axı?

 

Kor olar, bir işıq saçmaz ümidlər,

Batarsan, qanadın açmaz ümidlər,

Dənizdən sahilə uçmaz ümidlər,

Səni bu dənizə kim atdı axı?

 

 

GECƏLƏR YUXUDA GÖRÜŞƏK BARI

 

Ürəyim dözməyib yola çıxdı, gəl!

Niyə gəlməyirsən?.. Yol açıqdı, gəl!

Yuxum dağ başında alaçıqdı, gəl!

Gecələr yuxuda görüşək barı!

 

Göynətdi bağrını izim, yolların,

Saraldı ağında gözüm, yolların,

Olmadı qovşağı bizim yolların,

Gecələr yuxuda görüşək barı!

 

Yuxular deyil ki, dərə, qorxasan,

Bir it yox üstünə hürə, qorxasan,

Adam yox qəfildən görə qorxasan,

Gecələr yuxuda görüşək barı!

 

Bu gecə yuxuda bir ah çəkmişəm,

Gəl, ahdan mən sənə yolaq çəkmişəm!

Köhnə xatirədən araq çəkmişəm,

Gecələr yuxuda görüşək barı!

 

Sevgilim, hər şeyi xeyirə yozaq:

Dünyada nə dərd var, nə hicran, nə dağ,

Həyatı aldadaq, həyatdan uzaq

Gecələr yuxuda görüşək barı!

 

Gecələr yuxuda, yuxu yatmayaq,

Gecələr bir dastan oxu! Yatmayaq,

Gecələr şəhəri yuxuda qoyaq

Gecələr yuxuda görüşək barı!

 

 

TANIYIRAM BU DƏRDİ

 

Demə hər şey dağılandı, itəndi,

Dərd var ötüşməyən, dərd var ötəndi,

Ömür sürüb öləcəyim vətəndi,

Torpağından tanıyıram bu dərdi.

 

"Sevincin azlığı bir növ əzabdı"

Bol sevinc axtardım, dərd məni tapdı,

Bu, içdiyim qırx beş illik şərabdı,

Bardağından tanıyıram bu dərdi.

 

O sürgündən, bu sürgünə dönmüşəm,

Hansı dindən, hansı dinə dönmüşəm!

Tüfəng olub hədəfinə dönmüşəm -

Qundağından tanıyıram bu dərdi.

 

Gündən-günə çiçəklənən, güllənən,

Hər puçuru budağımda minlənən,

Yeri tutan, göyü tutan, enlənən,

Yarpağından tanıyıram bu dərdi.

 

Sıxar məni otağımda dər-divar,

Dərdlərin də namərdi var, mərdi var,

Hər əzabın tətiyində rəddi var,

Barmağından tanıyıram bu dərdi.

 

Üst-başımı yalatmışam bu dərdə,

Öz əlimlə qol atmışam bu dərdə,

Ürəyimi yal atmışam bu dərdə,

İt çağından tanıyıram bu dərdi...

 

 

ŞAPALAQ ŞƏKİLİ

 

Rəssam! Otur bir danışaq,

Sən allah, burax şəkili!

Məndən min şəkil çəkilər,

Tutmaz bu varaq şəkili!

 

Ayağını yollar yeyən,

Yorğun adam, əldə yüyən,

Atına çata bilməyən,

Baxtımın çolaq şəkili.

 

Quşammı qanad çəkəsən?

Ya bir tala ot çəkəsən;

Yanında bir at çəkəsən;

Atlı bir otlaq şəkili?

 

Mən nataraz, sən inadlı,

Bir ürək çək, min bir çatlı,

Sifətimdə neçə qatlı -

Neçə şapalaq şəkili...

 

 

SAHİLDƏ

 

Sevgidən Biz iki sınmış qanadıq, sahildə,

Közmələnmiş yara idik, qanadıq sahildə.

 

Sanki dağdan düzə enmiş iki qurduq və ac-ac,

Yağlı bir cəmdəyə möhtac uladıq, sahildə.

 

Susduq ancaq ki, baxışdıq təpədən dırnağadək,

Duz kimi gözlərimizlə yaladıq sahildə.

 

"Mövcu-həsrət" üzünə şillə çəkən sal qayayıq,

Tufana qarşı dayanmış inadıq sahildə.

 

Sevgi qoynunda ki, dünyaya göz açmaqdır ölüm,

Ölməyə qolları biz çırmaladıq sahildə.

 

Yaşlı gözlərdə ümid tapmaq üçün zilləndik,

Biz yasaq bir adanı tapdaladıq sahildə.

 

İki yanmış kösöv olduq dayanıb gizlincə,

Bir ocaq varlığımızdan qaladıq sahildə.

 

Sevgimiz güllə toxunmuş quşa bənzər, Adlım,

Sevgidən biz iki sınmış qanadıq, sahildə.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.