“Ədəbiyyat və incəsənət” portalı Nemət Mətinin hekayələrinin dərcini yekunlaşdırır. Bu gün sizlərə “Sentimental gözəllik” hekayəsi təqdim ediləcək.
NEMƏT MƏTİN
SENTİMANTAL GÖZƏLLİK
Həyat bizi çobanyastığı ləçəkləri kimi yolur. (Pol Oster)
Ən sevdiyi içki çay idi. Çayı necə bəh-bəhlə içirdisə, ona baxan da çay istəyirdi. Heç bir içki çayı əvəz edə bilməz – belə düşünürdü. Hə, bir də “Leon” filmini sevirdi. Bir çay ola, bir də bu film. Vəssalam. Onu daha heç cür xoşbəxt etmək olmazdı. Çox oğlan onu sevdi. Amma o yalnız çayı və Matildanı. Hə, “Leon” filmindəki bəstəboy, əlində dibçək gəzdirən və Leonu sevən Matildanı deyirəm.
Bugün də gec yatacaqdı. Sosial şəbəkələrdə baş qatıb, əlinə keçən gözəl fikirləri paylaşacaqdı. Qulaqlıqda da Stinq oxuyur:
“If I told her that I loved you,
You'd maybe think there's something wrong.
I'm not a man of too many faces,
The mask I wear is one”*.
“Leon” filminin musiqisi idi. Nə vaxt kimisə sevəcəkdisə, Matilda qədər ürəkdən sevəcəkdi. Dəlicəsinə. Amma ümid edirdi ki, sevgisi filmdəki kimi birtərəfli olmayacaq. Leon Matildanı yox, onun sevməyini sevirdi axı.
O həm də şeir yazırdı. İlk şeirləri zəif olsa da, sonrakılar maraqlı alınmışdı. Sanki ürəyi böyüdükcə şeiri də böyüyürdü. Ürəyini hər kəsdən gizlətməyə çalışırdı. Gözəlliyin mahiyyəti də elə bundadır. Gizlində yetişir. Baramanın içində gözəlləşən kəpənək kimi. Qönçənin içində böyüyən gül kimi…
Qısa saçları ona yaraşırdı. Təkcə özünü Matildaya oxşatmağa çalışmırdı. Saçları cod idi. Daramaq, duş qəbul edəndən sonra qurutmaq çətin idi. Bir tərəfdən də, adamın Allahı var, qısa saçlı qadınlar bir ayrı gözəl olur.
Heç kimi sevə bilmirdi. Dərdindən ölənləri də, ona hədiyyə göndərənləri də, vəd verənləri də… Bir sözlə heç kimə ürəyini aça bilmirdi. Amma sevinc hissi uzun çəkmədiyi kimi, kədər də uzun çəkmədi. Günlərin bir günü dəlicəsinə sevdi. Adi bir tanışlıq zamanı sehrə düşdü. Oğlan çaydan çox kofeni xoşlayırdı. O, sevdiyi üçün çaydan imtina etdi. Mən sənə görə çayı kofeyə dəyişərəm, – dedi. O gündən etibarən ürəyində gizlətdiyi bütün gözəllikləri aləmə yaydı. Kəpənək də, gül də sevgi kimi bir gün böyüdüyü, yetişdiyi yeri tərk edir. “Mən varam” – deyə qışqırır.
O gündən sonra tamam dəyişildi. Nəinki çayı kofeyə, hətta Matildanı Nuranəyə dəyişdi. Özü oldu. Filmdəki sevgidən də böyük sevgiylə sevdi. Bütün sevgisiylə oğlanı yaşatdı. İnsan necə də dəyişərmiş. Sevgi adamı böyüdür.
İlk görüşdə oğlanın kirpiyi sağ yanağına düşdüyü üçün ona demişdi:
– Kirpiyin düşüb, arzu tut.
– Elə bax ki, hansı gözümə yaxın olduğunu bilim.
– Nə arzu tutdun?
– Ömürlük mənimlə qalmağını.
Sonralar daha bir neçə dəfə görüşdülər. Hər ikisi sevginin ağuşunda xoşbəxt idi. Gəzdikləri küçələri unutmayacaqdılar. İlk öpüşü, ilk yeməyi, ilk qucaqlaşmağı...
İlk görüş saat yeddidə baş tutacaqdı. “İçərişəhər” metrostansiyasının qapısından Nuranə çıxanda yaxınlıqdakı kilsə zəngi yeddi dəfə çaldı. Oğlan Nuranəni görmürdü. Zəngin səsini eşidəndə düşündü ki, xristian olsaydılar, toyda eyni bu zəngdən çalınardı. Zəngin səsi adamın ürəyindəki cüzi bir pis fikri də silkələyib çıxarar...
Nuranə oğlanın sevdiyi bənövşəyi rəngə o qədər vuruldu ki, o rəngdə geyimlər alır, dırnaqlarına o rəngdə boya axtarırdı. Gülləri də o rəngdə sevdi. Həyat başdan başa bənövşəyi rəngə bürünmüşdü. Nuranə ətrini belə dəyişmədi. Çünki oğlanın ağlını başından alırdı. Amma ətir bitmirdi ki, bitmirdi. Başqa yerə gedəndə o ətri vurmurdu Nuranə. Qısqanırdı ətrini. O yalnız oğlanla görüşə gedəndə ətrini sevə-sevə işlədirdi.
Sentimental hisslər sevgidən qaynaqlanır. Oğlan bunu ilk dəfə ona deyəndə incimişdi. Sonra özü də bunu hiss etdi və qəti qərara gəldi ki, oğlanların əksəriyyəti rasionalistdir, qadınlar isə sentimental. Qadınla kişi bir araya gələndə balans həyatı gözəlləşdirir. Bir görüşdə Nuranə göy üzünə baxaraq ulduzların olmadığını demişdi oğlana. O isə sentimentallığın lap dibinə enərək cavab vermişdi:
– Ulduzlar bizim sevgimizdən utanaraq gözlərini yumub.
Payız günlərinin birində parkda gəzişəndə oğlanın çiyninə qurumuş yarpaq düşdü. O əhəmiyyət verməsə də, Nuranə oğlanın çiyninə toxunub yerə düşən yarpağı götürdü. Oğlan ona kitab hədiyyə etmişdi. Nuranə həmin yarpağı kitabın arasına qoydu. Bir dəfə isə dəniz kənarına gəzməyə getmişdilər. Balıqqulağını qulağına yaxınlaşdıran Nuranə gülümsəmişdi. Oğlana üzünü tutaraq sevgi dolu baxışlarıyla demişdi:
– Sanki qulağıma “səni sevirəm” pıçıldayırsan.
Sevginin həzin uğultusu...
Sonralar Nuranə çox az hallarda şeir yazdı. Görünür, xoşbəxt insan şeir yazmağı düşünmür. Kədər adama nələr yazdırmaz?.. Sevinc hissi isə insanı poeziyadan uzaqlaşdırır. Yalnız oğlan üçün darıxanda ona aid şeir yazdı.
Vaxtı, zamanı unutmuşdular. Onlar üçün təqvim ancaq sevgi dolu anlarla hesablanırdı. Məsələn: qar yağanda Nuranənin saçlarına düşən qarı təmizləmək, yağış yağanda bir yerdə rəqs etmək və sairə və ilaxır.
Nuranə həddindən ziyadə həssas idi. Oğlanın ən adi sözlərini belə ürəyinə salır, ən sadə hərəkətlərini beynində sorğulayırdı. Hətta oğlan “sevirəm” qarşılığında “mən də səni” deyəndə “mən də səni nə?” sualını verməyə tələsirdi. Tam cavabı gözləyirdi. Bir dəfə həftəsonu görüşündə oğlan yediyi yeməkdən ona vermişdi. Çəngəli düz dodaqlarına uzatmışdı. Nuranə üç gün bunu rəfiqəsinə sevinərək danışmışdı.
Tez küsüb, tez barışırdılar. Heç bir gün çəkmirdi ki, iki tərəfdən biri üzr istəyirdi. “Bağışla” sözünü azı min dəfə demişdilər.
Alınmayanda alınmır. Həyat xəyapərəstlər üçün hər zaman sürpriz hazırlayır. Bir ildən sonra oğlan Fransaya köçməli oldu. Ailəsi gedirdi deyə, qala bilmədi. Evi də satmışdılar. O isə tək qaldı. Vaxtaşırı görüntülü danışırdılar. Məsafələr sevgiyə əngəl olmasa da, soyudur. Yavaş-yavaş aralarındakı spontan sevgi azaldı. Nuranə sevgisinə sadiq idi. Heç vaxt kofeni çaya dəyişmədi. Matilda da yeniyetməliyinin bir küncündə xatirətək yaşayırdı. Natali Portman da illər sonra film haqqında deyirdi ki, “Leon” filmi ona sevinc gətirmədi. On iki yaşında özünü seksual hisslərin obyekti kimi hiss etmək çox qəribə idi.
O böyümüşdü. Ömrünün axırına kimi başqa birisini sevmədi.
* Və əgər sənə səni sevdiyimi desəydim,
səhv birşey olduğunu fikirləşə bilərdin.
mən çoxüzlü adamlardan deyiləm,
taxdığım maska təkdir.
“Ədəbiyyat və incəsənət”
(27.04.2023)