Rusiyanın məşhur “45parallel.net” elektron ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində Azərbaycanın tanınmış şairləri – Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə olunmuş “İlhamım”, “Od kimi, su kimi” və Əliağa Kürçaylının rus dilinə tərcümədə “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərinin və şairlərin yaradıcılığı haqqında məlumatın yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, portal, həmçinin səhifədə gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Unuda bilmirəm gözlərini mən...”, “Bədənə hopmuş arzu”, “Gecə, Günəş səni tərk edəndə...” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.
Qeyd edək ki, daim yenilənən portal, mütəmadi olaraq səhifələrində İohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.