“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə Əlizadə Nurinin “Ağrı” şeirini təqdim edirik.
Ondan təzə qəm istədim
O mənə nimdaşı verdi.
Dedim mənə gün ağlasın-
Tanrı da göz yaşı verdi…
Sizə gəlib ,,sən” istədim,
Dünya yox, vətən istədim…
…Yaxşı bir düşmən istədim-
Pis qohum-qardaşı verdi.
Ömür verdi boynuburuq,
Ümid verdi qırıq-qırıq.
Baxıb gördü darıxırıq
Dərd adlı sirdaşı verdi…
Bura şeytan dərəsidi,
Bu ki, iblis mərəzidi.
Bu nə mizan-tərəzidi-
Bunu hansı naşı verdi?
Yeridik zəli üstünə,
İşin əngəli üstünə.
Min nəfər dəli üstünə
Məni də minbaşı verdi…
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)