“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Tribuna vaxtıdır, yazıçı Seyran Səxavətin dilimiz barədə fikirləriylə tanışlıqdır.
Nala-mıxa vurmadan birbaşa mətləbə keçək. Dilin ən qaynar yerindən,
kəndlinin televiziyaya verdiyi kiçik müsahibədən:
– Telefonuma zəng daxil oldu, telefonumu açdım, telefonumda mənim
nəzərimə çatdırdılar ki, anam avtomobil qəzasında iştirak eləyib. Mən qəzada
anamın iştirak etdiyi yerə tələsdim, orda anama baxış keçirdim, anamın üzərində
təcili yardım həyata keçirdəndən sonra o dirçəlməyə doğru getdi...
Bu, Azərbaycan kəndinin dili deyil və Azərbaycan kəndinin dili deyilsə,
deməli, Azərbaycan dili də deyil. Bəs onda nədi?
Bu, Azərbaycan televiziya məkanının dilidi – evlərimizin ən üzlü qonağı
olan televiziyanın.
Qəzaya düşmüş anası haqqında müsahibə verən bu kəndli kişi kameranı
görəndə kim olduğunu, harda doğulduğunu, hal-hazırda harda yaşadığını tam
unudur, televiziya dilində, sığallı-tumarlı, ənlik-kirşanlı, təngnəfəs yarımcan
cümlələrlə danışmağa başlayır, o da bizim televiziya məkanı kimi mədəni,
təmtəraqlı görünmək istəyir.
Kənddən başqa bir müsahibə:
– Durduğum yerdə maşınımın arxa nahiyəsindən həmlə edərək maşınımın
arxa nahiyəsini əzdi, mən də maddi ziyana düşdüm, maşınımın orası da maddi
ziyana düşdü...
Şərhsiz...
Uzun sözün qısası: Ölkəmizdə fəaliyyət göstərən televiziyaların “qayğısı və
diqqəti” sayəsində Azərbaycan dili elə bir vəziyyətə gəlib çatıb ki, bu dildə ara
vermədən iki saat danışarsan və heç nə deməyə bilərsən – bu, əsl dəhşətdir:
danışırsan, danışırsan və heç nə demirsən – söz yığnağı. İkinci Dünya
müharibəsində konslagerlərdə insanlar üzərində aparılan amansız təcrübələri
xatırlamalı oldum. Yumşaq desək, televiziya kanalları Azərbaycan dilinin
varlığında görünməmiş “cərrahiyyə əməliyyatları” aparmaqla onu zəiflədir,
nəticədə dilin “astması” diaqnozu ilə üzbəüz qalırıq.
Dünyanın hər yerində dilin yaradanı, cilalayanı, inkişaf etdirib qoruyanı
xalqdı - əgər xalq öz dilini, dərinə getsək, özünü unudub televiziya dilində
danışmağa başladısa, bu, başlanğıc deyil, sondur.
Şifahi xalq ədəbiyyatı ilə azdan-çoxdan qaynayıb-qarışmış biri kimi deyə
bilərəm ki, adamları göyün yeddi qatına qaldıran alqışlar olduğu kimi, insanların
yeddi qatından keçən qarğışlar da var. Ah-nalənin müşayiətilə kitablardan
oxuduğum, eşitdiyim, insanı bütün varlığıyla silkələyən, silkələyəndə dəymişi
dura-dura adamın kalını tökən qarğışları sadalamaq fikrim yoxdu. Ancaq onu
deməliyəm ki, bu qarğışların içində ən dəhşətlisi ikicə kəlmədən ibarətdir:
– Dilin qurusun!
Dilimizə kim qarğış eləyib – bizə ancaq etiraz eləmək qalır:
– Ağzından çıxsın, qoynuna düşsün.
Ölkəmizdə müəllimləri, həkimləri, hətta mollaları da attestasiyadan
keçirirlər. Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına
qoymuşuq? Ümumiyyətlə, dövlət dilimizə – ana dilimizlə bağlı münasibətdə ölünü
də özbaşına qoymaq olmaz, yoxsa kəfəni yırtıb çıxar və bir də görərik ki, bu ölülər
dünyanın hər yerindən boy verib görünən, nəhəng Palıd ağacının – Azərbaycan
dilinin dibinə neft tökürlər ki, qurusun, bilərəkdən, ya bilməyərəkdən – fərq etməz.
Bizim kəndlərin birində dalaşan iki nəfərin biri gecə ilə qonşunun bağındakı
ağacların dibinə neft töküb onları qurutmuşdu.
Hər yoldan ötəni gətirib ona ekran etibar eləyəndə o da özü kimi
üzdəniraqları qonaq sifəti ilə (təbii ki, hamıya aid deyil) dəvət edib Azərbaycan dili
ilə mazaqlaşacaqdı də. Onlar hardan bilsin ki, Cümlə qurmaq dövlət qurmaq qədər
çətindir.
Ölkəmizdə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu
(Nəsimidən ayıbdı axı...) və mənim aləmimdə bu işlərə birbaşa cavabdeh olan
Milli Teleradio Şurası var. Özü də hər iki təşkilatın adının əvvəlində Milli... Milli...
Bu, milli olmadı ki, cənablar. Bəs siz hara baxırsınız?.. Sizlərin bu gün hara
baxdığını dəqiq bilməsəm də, deyərdim ki, zəhmət olmasa dövlət başçısına tərəf
baxın...
Prezident İlham Əliyev noyabrın 1-də Azərbaycan dilinin qorunması və
dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında
fərman imzalayıb. Yeri gəlmişkən, deyək ki, belə sənədin imzalanması ilk deyil,
yəqin ki, axırıncı da olmayacaq. Dilimizin saflığının ən yüksək səviyyədə
dəstəklənməsi sevindirir, ancaq gəlin görək bu sevinci ürək dolusu yaşaya
bilirikmi? Cavab xeyli qəlizdir və qəlizləşə-qəlizləşə də gedir. Bizim borcumuz bu
gedişatın qarşısını almaqdır. Bu mənada, altmış ilə yaxın Azərbaycan diliylə
işləyən bir adam kimi, öz narahatlığımı, istəyimi sizinlə bölüşmək istəyirəm.
Birinci növbədə, Azərbaycan dilinin kövrək ərazisinə diqqət yetirsək, vəziyyətin
ürəkaçan olmadığını görəcəyik. Əgər siz də mən baxan tərəfdən baxsanız,
qarşınızda nəhəng döyüş meydançasını xatırladan bir görüntü açılacaq: mühasirədə
qalan və mühasirəyə alanlar.
Gəlin hər şeyi öz adı ilə deyək: mühasirədə qalan Azərbaycan dilidir.
Mühasirəyə alanlar isə aşağıdakılardır:
1. Televiziyalar.
2. Radiolar.
3. Saytlar.
4. Mətbuat.
Və bu dördlüyün içində saysız-hesabsız verilişlər, məqalələr, tərcümə
olunmuş filmlər, təzə çəkilmiş milli seriallar, reklamlar, idman şərhçiləri, rusdilli
azərbaycanlılar, hüquq-mühafizə orqanlarının dili, tibb işçilərinin dili, bəzi yüksək
çinli məmurlar, xarici dillərdən gələn sözlər, Türkiyə türkcəsindən gəlmələr, mahnı
sözləri, bəzi orta məktəb dərslikləri, prezident fərmanı ilə çap olunmuş nağıl
kitabları və s.
Və yuxarıdakı dördlüyün içində sadaladıqlarımın içində də saymaq
istəmədiyim saysız-hesabsız nüanslar...
Sözümün canı odur ki, bu mühasirəni yarmaq çox çətin olacaq.
İndi isə Azərbaycan dilinin ağır vəziyyətdə olduğuna sizləri inandırmaq üçün
keçək faktlara. Aldı görək televiziyalarımız nə dedi:
– Soyğunçuluğa imza atmış oğrular.
Belə çıxır ki, oğrular heç kəsə məlum olmayan qanun-qayda ilə soyğunçuluq
eləyəndən sonra bu məsələni sənədləşdirir və altına da imza atırlar ki, bəli, oğru
bizik. Heç elə də şey olar? Dünyanın heç yerində görünməyən məntiqsizlik zirvəsi.
– Səhər yeməyini həyata keçirmək...
Sözüm yoxdu.
– Yanğınsöndürənlər alova müdaxilə etdilər.
Sözüm yoxdu.
– Verlişimiz gözəl baş tutdu.
Ümumiyyətlə, “baş tutdu” sözündən birdəfəlik imtina etmək lazımdır, çünki
bu söz birləşməsi mini təxribatdır, dilimiz bunsuz da yaşıya bilər.
– Güllələrə məruz qalerıx.
Bunu da televiziya dilində danışmaq istəyən xalq deyir.
– Messi rəqiblə toqquşub yerə yıxıldı.
Mən bu yaşa gəlmişəm, kiminsə göyə yıxılmağını eşitməmişəm.
– Havanın hərarəti (istiliyi) müsbət (isti) otuz iki dərəcə isti təşkil edəcək.
– Külək topun hərəkətlənməsinə səbəb olur.
– Tualet təmizləməkdə güclü mütəxəssis (təmizləyici toz nəzərdə tutulur).
– Jüri finalının biletləri satılacaq.
Jüri finalı nə deməkdi axı?..
– Sahibsiz it məktəbdən gələn uşağı dişlədi.
İt dişləmir, tutur.
– Həyətində işləyən altmış yaşlı qadını ilan sancdı.
İlan ağcaqanad deyil ki, sancsın - ilan vurur.
– Camaatı təxliyyə etdilər.
Köçürdülər.
– Əmək tutumu işlər.
-?
– Görüşün referesi serbiyalı hakim.
Refere – hakim, ikisi də bir sözdü.
– Marallar çox tez hamilə olur.
Hamilə qadınlar olur, heyvanlar boğaz olur.
– Axtarışı həyata keçirirlər.
Televiziya məkanında “həyata keçirmək” sözünün bəxti açılmaq bilmir ki,
bilmir.
– Çoxlu izdiham gördük.
İzdiham elə çoxluq deməkdi (adam çoxluğu), əgər belədirsə “çoxlu izdiham”
nə deməkdi, hansı dildədi?
– Qapımızdan gətirdiyimiz toyuğu, hinduşqanı ucuz qiymətə xalqa təqdim
edirik.
Bu nə təqdimat mərasimidi axı? Yuxarıdakı sözləri kənddən yarmarkaya
gəlmiş adam deyir.
– Balıq dadmayan balıq yağı.
-?
– Üstdad kolbasaları...
Üst, orta və alt dad olmur – dad olur, ya da olmur.
– Yaxşı, bərpa olub qurtardın?
Bir kinofilmdən – demək istəyir ki, özünə gəldin?
– Topu (futbol) başla tora yerləşdirdi.
-?
– Hərarət (istilik) doqquz dərəcə şaxta olacaq.
-?
– Evakuator maşını cərimə meydançasına daşıdı.
Daşıdı yox, apardı. Daşımaq başqa şeydi.
– Hava şəraiti yağmursuz keçəcək.
Hava yağmursuz olacaq.
– Ukraynada əkiz öküzlər dünyaya gəldi.
İnəklər öküz doğa bilməz axı, buzov doğar.
-?
– Duş qəbul eləyin.
Duşun, yaxud suyun altına girin. Duş yüksək çinli dövlət məmuru deyil ki,
onu qəbul edək.
– Ən çox qanun pozuntusunu pozan televiziya...
Nə deməkdi. Adamın yadına “Tarixi- Nadir” kitabı düşür.
– Hərarət mənfi on dörd dərəcə şaxta olacaq.
-?
– Göbələk toplamalıyam...
Göbələyi yığarlar, adamları bir yerə toplayarlar.
– Eynəyi geyin.
Paltarı geyinərlər, eynəyi isə taxarlar.
– Lui Vanqal jurnalistlərin üzr istəmələrini istəmişdi.
“İstəmək” sözünə elə yazığım gəldi ki...
– 183 ölkənin xarici vətəndaşları.
Nə deməkdi?
– Bizə nahar ver.
“Yemək ver” sözünü qoyub heç vaxt “bizə nahar ver” demirlər.
– Eskalator çalışır.
Çalışmır, işləyir – çalışmaq adama aiddi.
– Bizə öz əlində silah tutmağı bacaran...
“Əli silah tutan” demək istəyir.
– İndi həmin qolu izləyəcəyik.
İzləmək uzun prosesdi, indiki halda “görəcəyik” olmalıdı.
– Hər bütün bir idman növünü göstərirsiniz.
-?
Bir idmançının televiziya çıxışından.
– Hər sezonda 100-150 nəfər uşaqlar.
-?
Diz ayaqda ən incə, ən zərif yerdir.
-?
– Vitali Kryuçkaya şillə endirdi.
-?
– Top qapıya daxil oldu.
Qoool...
– Rəqib oyunçunun komanda yoldaşına ötürdüyü topu qarşılaya bilmədi.
Adamı qarşılayarlar, topu alarlar.
– Messi topu ələ keçirdi.
Bu, voleybol deyil, futboldu. Ona görə də Messi topu ələ keçirmədi, aldı.
Hörmətli futbol şərhçisi, sən: “Messi topu ayağına keçirdi” də deyə bilərsən.
– Komandaların görüşməsi baş verdi.
-?
– Rəqib qapısına vurulan toplarda Ronaldo böyük pay sahibidi.
Pay başqa şeydi.
– Qapıçı topu tutmaq üçün uzandı.
Nə təhər məsləhətdi.
– Yaşadığı haqda arayış gətirməlidi.
Söhbət harda qeydiyyatda olmaqdan getmir; sadəcə, arayış gətirirsən ki, al
bax, mən yaşayıram,sağam.
– Köhnə təyyarələr təqaüdə göndərilməlidir.
-?
– Digər informasiyalar nəqliyyat nazirliyinin qabağına nəzər yetirdik.
-?
– Hücumçu topu ram etdi.
-?
– Lakin bəzi bölgələrdə havanın yağmurlu keçəcəyi burda da gözlənilir.
-?
– Vəhşi öküzü ram etmək kimə qismət olacaq.
Topu da ram eləyirik, vəhşi öküzü də. Doğurdanmı vəhşi öküzlə futbol topu
arasında heç bir fərq yoxdu?..
– Bu məsələ bu gün həll olmasa, qalacaq balalara. Bu torpaq bizim olub
mənasız savaşlardan qabaq.
Vətənpərvərlik haqqında dinlədiyim mahnının sözlərinə fikir verin:
– İcazə versəydiniz, özümü sizin gücə etibar etmək istəyirəm.
Səkkiz sözün əvəzinə dörd söz: sizə arxayın olmaq istəyirəm.
– Bu inəklər Hindistanda onların allahlarından biri hesab olunur.
-?
– Vəhşi öküz zənciri açıb getdi.
Vəhşi öküz zənciri qıra bilər, aça bilməz, çünki açmaq üçün əl lazımdı-
öküzlərin əli olmur.
– Üç xal məsafəsini saxlaya bilmir.
Azərbaycanca deyil.
– Şaşkova (voleybol) topu oyuna daxil edir.
-?
– Voleybol salonunda azərkeşlər özlərinə yer tapmırlar, atılıb- düşürlər.
Nə deməkdi?
– Bizə zəng edən zəng müəlliflərinin, zəng sahiblərinin adlarını çəkməyin
məqamı yetmişdi.
Kasıblığın, dayazlığın, mənasızlığın dərəcəsinə fikir verdinizmi?
– Məşqçi dəyişikliyi baş verib.
-?
– Tərəfimizdən cinayət işi açılmışdır.
Cinayət işi açılmışdır.
– Öküzü tutmağın yolunu düzgün təmin etməmişdilər.
-?
– Qaraçuxur gölü çərçivələrini aşıb.
-?
– Soyuqla mübarizə aparmaq üçün...
Soyuqla mübarizə aparmaq nə deməkdi? Mübarizə aparmaq çox böyük
anlamdı axı...
– Sağlam və güclü saçlar...
-?
– İsti geyim əşyaları.
-?
– Minlərlə baş mal-qara tələf olub.
-?
– Aralı qulaqlar.
Nə deyək?
– Xocalı soyqırımı məsələsini gündəmə gətirmək məsələsi.
-?
– Bir-birimizi səfər etmək.
-?
– Ağappaq qar örtüyü ilə örtülüb.
-?
– Xəzərin Mahaçqaladan keçən hissəsi donub.
Xəzər çay deyil ki, Mahaçqaladan keçsin.
– Komandaların səviyyəsi yüksək səviyyədədir.
Komandaların səviyyəsi yüksəkdir.
– Komandanın qələbəsini rəsmiləşdirdi.
Bütün qələbələr rəsmidir də, qeyri-rəsmi qələbə olmur ki...
– Məsələyə münasibət bildirən Abdulla Gül bildirib ki...
-?
– Dəniz suları buz içindədi.
Xeyir, buz dəniz suyunun içindədi.
– Onun keçid yolunu keçən ikinci bir adam yoxdu.
-?
– İlin sonunda nəzərdə tutulması gözlənilir.
-?
– Komandanın ən iri qələbəsi.
-?
– Bataqlıqlar qəribə səslərlə doludur (Vatson)
-?
– Mən bir çox uğurlara imza atmışam.
-?
– Ətləri (əti) basdırma eləmisiniz? Apteki fəaliyyətə salacaqlar. Şəxsi
münasibətlər zəminində. Elə bir mahnılar. İşıqların yanması həllini tapacaq. Liftin
işləməsini həyata keçirəcəyik. Adamlarda məlumatlılıq yoxdu. Presedent olmayan
çap hadisəsi baş vermişdi. Kəpəyə qarşı çempion... və ilaxır və sair.
Bu cür misalların sayını nə qədər desən, uzatmaq olar, nəticədə çox uzuuun
bir yol alınar – lap elə burdan Şuşaya qədər...
Bütün bunlar hələ mənim 2011-ci ildə televiziyadan bir ay, ay yarım
müddətində ara-sıra götürdüyüm qeydlərdi. Özünüz hesabınızı götürün də...
Orasını da deyim ki, dilimizi güvə kimi yeyən bu cür faktların, hansı ayın
neçəsində, hansı televiziyanın hansı verilişində, saat neçədə və kim tərəfindən efirə
getməsi də məlumdur. Dilimizin xətrinə, zərurət yaransa, onu da açıqlaya bilərik.
Həmin il fevral ayının 20-də Az.TV-də göstərilən “Şerlok Xolms” filmindən bir cümlənin tərcüməsinə fikir verin: Görəsən, bu şəraitdə sualtı qayıq tikmək olarmı?
Yaxud fevralın 21-də “İdman” kanalında Saraqoza – Real Betis futbol
komandalarının görüşündə şərhçi deyir: “Bu hücum öz inkişafını tapa bilmədi”.
Cümlədə altı söz işlənib, halbuki ordakı fikri iki sözlə də ifadə etmək olar: hücum
alınmadı. Demək istəyirəm ki, cümləni yerli-yersiz sözlərlə həddindən artıq
ağırlaşdırmaq, yükləmək olmaz. Elektrik naqillərini həddindən artıq yükləyəndə
qısa qapanma yaranır. Cümlə də dilin naqilidi, onu da həddindən artıq yükləyəndə
qısa qapanma yaranır – Dilin qısa qapanması. Və bütün fəsadlar da bundan sonra
boy verir – necə deyərlər, süni mayalanma yolu ilə eybəcər, şikəst, müstər və xəstə
cümlələrin döl kompaniyası dilimizin ərazisində hökmranlıq eləyir. Mənim
fikrimcə, cümlələrin belə dağıdıcı döl kompaniyasının Baş Qərargahı Azərbaycan
televiziya məkanıdır. Ən azı ona görə ki, yuxarıda sadaladığımız saysız-hesabsız
faktların hamısı yalnız televiziya məkanından götürülüb və radiolardan, saytlardan,
yazılı mətbuatdan götürdüyümüz faktları bu yazıya əlavə etməmişik.
Bu cür vəziyyətdə dil doğub-törəməz olur. Doğub-törəməz Dil isə sonsuz
qadınlar kimidir, nəsil yavaş-yavaş itir. İnsanın nəsli itdiyi kimi, belə demək
mümkündürsə, Dilin də nəsli itir. Çünki Dil insan deməkdir. Çünki İnsan Dil
deməkdir. Dildəki bütün xüsusiyyətlər İnsanda, İnsandakı bütün xüsusiyyətlər
dildədir.
Dili qorumağın ən real yolu onu korlamamaqdır. Əgər korlamasaq, Dilin
özünü qorumaq instinkti – cəhdi daha da güclənər və gəlib bu vəziyyətə düşməz.
Azərbaycan dilini çox zəif bilən, ingilis dilində bülbül kimi cəh-cəh vuran
adam ən yaxşı halda yarımingilis və dörddə bir azərbaycanlıdır. Bu həm də
demoqrafik məsələdir. Çünki sən mənən azərbaycanlı olmasan da, sənəddə
bizlərdən biri kimi sayılırsan. Ona görə də hələ 1988-ci ildə Az. TV-dəki “Üzbəüz”
verlişində demişdim ki, öz dilini bilməyən azərbaycanlını mən emiqrant hesab
edirəm. Belə “emiqrant” çoxluğuna qətiyyən yol vermək olmaz, yoxsa doğma
dilimiz kəkələyər, pəltək olar. Xəstə dildə sağlam düşüncə olmur. Sağlam
düşüncəli şəxs təpədən-dırnağa silahlanmış adam kimidir – aralıdan görüntüsü bəs
eləyir...
İmkan daxilində Azərbaycan dilinin – dövlət dilimizin ərazisində baş
verənlərlə tanış olduq. Vəziyyətin son dərəcə ciddi olduğunu bir daha anladım.
Mənə elə gəldi ki, doğma dilimizin heç zaman bugünkü kimi təcili yardıma
ehtiyacı olmayıb – rus imperiyasının tərkibində olanda da. Əgər təcili tədbirlər
görüb konkret addımlar atılmasa, ana dilimiz komaya düşə bilər. Məşhur bir deyim
var: Öz ordusunu yedirtməyən xalq başqasının ordusunu yedirdər. Bu məntiqdən
çıxış edərək: Öz dilini qorumayan xalq başqasının dilində danışmalı olacaq.
Uzun illərdi ki, sözləri tumarlaya-tumarlaya təmtəraqla danışırıq, nəticədə
dilimizin şirinliyi – şirəsi çəkilir və ilanı yuvasından çıxartmağa qadir olan
möhtəşəm Azərbaycan dili əncir qurusuna oxşayır. Mənim aləmimdə televiziyada
Azərbaycan dili adı ilə dinləyicilərə sırınan cümlələr, cümlələrin içindəki sözlər
çox əzilib-büzülür. Deyəsən, o cümlələrin, o sözləin böyük əksəriyyətini gecələr
Tibilisi prospektində adam şəklində görənlər olub...
Dilin namusu elin namusudur – O, toxunulmazdır!
Bu, deputat toxunulmazlığına bənzəməz – Dilin namusuna toxunmaq
torpağın namusuna toxunmaq kimi qəbul olunmalıdır!
Əks halda Ulu öndər Heydər Əliyevdən yadigar qalan konstitusiyadakı
məlum və məşhur maddəni dəyişib belə yazmalı olacağıq:
– Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan televiziya məkanının
dilidir.
Azərbaycan dilinin korlanmasında əsas səbəbkarın Azərbaycan televiziya
məkanı olduğunu nəzərə alaraq təklif edirəm:
1. Dilçilərdən və söz adamlarından yaradılmış qrup, televiziyada gedən
verilişlərin dili barədə növbətçilik etsin.
2. Dillə bağlı nöqsanları televiziya rəhbərinin nəzərinə çatdırsınlar.
3. Dillə bağlı nöqsanlar təkrar olduqda televiziya rəmzi məbləğlə cərimə
olunsun. (100 manat)
4. Dillə bağlı nöqsanlar yenə təkrar olunduqda həmin televiziya 100 min
manat (yüz min manat) cərimə olunsun.
5. Bu da kömək eləməsə, həmin televiziyanın lisenziya məsələsinə yenidən
baxılsın və lazım gələrsə, fəaliyyəti dayandırılsın.
Yoxsa Azərbaycan dili öz fəaliyyətini dayandıracaq.
Seçim özümüzündü.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)