“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət Poertik Qiraət rubrikasında bu həftə Elxan Yurdoğlunun şeirlərinin növbəsidir.
Elxan YURDOĞLU
BİR GÜN PAYIZ OLACAĞAM
Ulduzlara əl uzatsam, toxunarmı saçlarına?
Dodağıma yağış düşsə, islanarmı dodaqların?
Səhər-səhər rəssam günəş boyayanda üfüqləri
Mən də durub seyr eləsəm, qızararmı yanaqların?
Yarpaqları ovuclayıb misralara səpələsəm,
Şeirlərim ürəyinə yatarmı heç, nar çiçəyim?
Sərçələrə pıçıldasam sənlə dolu duaları,
Yaradanın dərgahına çatarmı heç, hər diləyim?
Əllərimi yana açıb qucaqlasam bu dünyanı,
Sevə-sevə bu dünyanın bir adı sən olarsanmı?
Bu yağışı, bu payızı, bu havanı doya-doya
Ciyərimə çəksəm əgər, varlığıma dolarsanmı?
Taleyinə qarlar yağan, qönçə gülüm, qısıl mənə,
Mən onsuz da şeirlərdə çırtıldayan bir ocağam.
Yağışları yarpaqlarda rəqs eləyən payızı sev,
Unutma ki, bir gün mən də dönüb payız olacağam.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)