Rumıniyanın “Agerpres” milli xəbər agentliyi Nizami Gəncəvi yaradıcılığı barədə geniş məqalə yayıb

 

Rumıniyanın “Agerpres” milli xəbər portalında Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Nizami Gəncəvi - Azərbaycanın görkəmli şairi və mütəfəkkiri” sərlövhəli məqaləsi dərc edilib.

 

AzərTAC xəbər verir ki, məqalədə Nizami Gəncəvinin Azərbaycan, Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, böyük şairin həyatı, yaradıcılığı, xüsusilə dünyada məşhur olan poemalar toplusu “Xəmsə” haqqında ətraflı məlumat verilir. Nizami Gəncəvinin Yaxın və Orta Şərqin ən böyük mədəniyyət və ticarət mərkəzlərindən, Qafqazın ən qədim şəhərlərindən biri olan Gəncə şəhərində anadan olduğu yazılır. 

Bildirilir ki, Avropada XV və XVI əsrin əvvəllərində diqqəti cəlb edən dəyərlər Nizami Gəncəvi yaradıcılığının əsas mehvəri olub. Qadının cəmiyyətdə yeri, gender bərabərliyi məsələsi, ədalət, təbiətə hörmət, düşünmək azadlığı kimi dəyərlər Nizami yaradıcılığında Avropadan bir neçə əsr əvvəl yer alıb. 

Məqalədə, Nizami Gəncəvi yaradıcılığı və onun əsərlərinin Avropa ədəbi məktəbləri ilə müqayisəli təhlili təqdim olunub. Bildirilib ki, Nizami Gəncəvi humanizmi xalqlar arasında harmoniyaya yönəlib. Nizami Gəncəvi əsərləri gender bərabərliyinin, sivilizasiyanın güzgüsüdür. İnsanları cəhalətdən, bir-birinə qarşı münaqişədən çıxarıb, birliyə, barışığa çağırır.

Müəllif vurğulayır ki, Nizami Gəncəvinin əsərləri bir çox dillərə tərcümə olunub, onun əsərlərinin əlyazmalarının nadir surətləri dünyanın nüfuzlu kitabxanalarında və muzeylərində saxlanılır. 

Yazıda həmçinin diqqətə çatdırılıb ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 

Qeyd olunur ki, 1991-ci il UNESCO tərəfindən şairin 850 illik yubileyi şərəfinə Nizami ili elan edilib. Həmçinin, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli qeyd edilməsi haqqında Sərəncam imzalayıb və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu şairin əsərlərini daha çox xarici dillərə tərcümə olunmuş şəkildə nəşr edib. Bununla yanaşı, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin dünyaya tanıdılması məqsədilə Beynəlxalq Şuranın nəzdində beynəlxalq mərkəz yaradılıb. 

Müəllif həmçinin qeyd edib ki, Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.