“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət “Poetik Qiraət” rubrikasında bu həftə Elxan Yurdoğlunun şeirlərinin növbəsidir.
Elxan YURDOĞLU
SEVİB-SEVİLMƏDƏN YAŞAMAQ OLMUR
İndi bax tərtəmizdir telefonun yaddaşı,
Daha qalereyada səni axtarmıram da.
Şəkilsiz adamlar da yavaş-yavaş yadlaşır,
Yadlaşan adamlarla divar hördüm aramda.
Sən də qaldın divarın o üzündə, yaxşı yol,
Divarın ardındakı səslərdə itdi səsin.
Amma bir diləyim var, harda olsan, yaxşı ol,
Qayıtsan, bil ki, burda yoxdu o doğma kəsin.
Bilirsən, şair olan diqqətsizlikdən ölür,
Soyuqqanlı sevdiyim, dondum buz ürəyində.
Bizə vüsal ağlayır, bizə ayrılıq gülür,
Duyğularım can verdi duyğusuz ürəyində.
Nə yaxşı, səndən sonra qayğıma qalan oldu,
Bir içim sevgi səpdi sozalan ümidimə.
Tənhalığa qısılan könlümü alan oldu,
Nə çox məna yüklədi azalan ümidimə.
Çoxunun nəzərində ağılsızam, bilirəm,
Mən ki bir dəli şair, mən ki dopdolu adam.
Yenə dəlicəsinə sevirəm, sevilirəm,
Sevməsəm, sevilməsəm, necə yaşayacağam?!
“Ədəbiyyat və incəsənət”
(20.04.2023)