“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Müsahibə vaxtıdır, Taleh Mansurun ədəbiyyatşünas, ədəbi tənqidçi Rüstəm Kamalla müsahibəsidir.
MÜSAHİBƏ GUŞƏSİ
Müsahibə üçün Rüstəm müəllimi düz bir ay on gün soraqlamalı oldum; nə az, nə də çox, düz qırx gün... Burda da bir bəlli bir kəramət var, öz yerində. Yazıları mistik ilmələrdən hörülmüşbir könül adamıyla bağlı belə zəruri təsadüfün yaşanması, zənnimcə, nə mənə, nə də başqalarına təəccüblü gəlməlidi. Əslində, işlərin belə gətirməsi həm də bu qərarlı və dəyərli professorun bir yerdə qərar tutmamasına bağlı idi. Qələmə aldıqlarını tapmaq qədər asan deyil həyatda Rüstəm Kamalı tapmaq. Sorağı gah bir təhsil ocağından gəlir, gah da o biri təhsil ocağından. Ziyasından tələbələrinin düşüncələrinə, ürəyinin odundan çalışdığı təhsil ocaqlarına pay düşür. Qoy Tanrı da payını kəsməsin Rüstəm müəllimin.
Ümumiyyətlə, özündə heç nə saxlamır Rüstəm Kamal. Son damla fikrinə kimi yazıya və insana xərcləyir. Xərcləyir ki, bitməsin, yeni nəfəslə müjdələnsin. Necə deyərlər, nəfəs verib, nəfəs alır. Qələminə və dilinə tuş gələn ən qədim yaşanmışlar belə tazə yaşananlar kimi təravətlidir. Alim düşüncəsinə, şair ürəyinə sahib olanda belə olur da, elə belə də olmalıdı. Mən onunla 60 yaşının tamamında həmsöhbət oluram. 60 yaşını tamamlamasaydı belə, o, bütöv şəxsiyyətdi, dünyaya bütöv gəlmişlərdəndi. Kimsə onu bütövlüklə tanımırsa, Osman Sarıvəllinin təbirincə desək, günah onun özündədi. Məşəl ürəyinə baxıb ona 60 yaş vermək olmaz, fəqət düşüncə və fikirlərinə nəzər yetirəndə 60-ın yanında gözdən qaçan bir sıfırın olduğunu sezməyə bilmirsən.
Əslində, Rüstəm müəllimlə həmsöhbət olmağın yaxşı və yaxşı olmayan tərəfləri var. Yaxşı olan odur ki, ona hansı sualı versən, cavabı sözün, bilginin və düşüncənin qüdrətində məna-məna dalğalanır, bir dərin mətləbdən o biri dərin mətləbə doğru uzanır. Yaxşı olmayan tərəfi də odur ki, danışdıqları şirin-şəkər ömür kimidi, xoş gəlir, ümidləndirir, amma bitməsi labüddür. Ömür demişkən, ədəbiyyat onun ömür yoludur. Dünyaya Tanrı verən öz ömrüylə gəlsə də, illəri çay misalı axıb qarışıb ədəbiyyat dəryasına. Açığı, indi ayırd etmək çətindi, ömrünün illəri çay misalı axıb qarışıb ədəbiyyata, ya ədəbiyyat tale olaraq qarışıb alın yazısına. Bilmirəm... Bildiyim odur ki, Rüstəm Kamalın imzası söz dünyasının bağrının ortasından ekvator xətti kimi keçir. Hələ yoxlasan, nəbzi də sözlə əkiz döyünür. Adi vaxtlarda gözlərində gəzdirdiyi işıq ədəbiyyatdan söz düşəndə günəşə dönür. Bir baxırsan ki, o günəşin şəfəqlərindən Dədə Qorqud, Məhəmməd Füzuli, Nizami Gəncəvi, Molla Pənah Vaqif, Mirzə Cəlil, Səməd Vurğun, Məmməd Araz və neçə-neçə dühanın ziyası süzülür. Belə anlarda dilindən süzülənləri gözlərindəki günəş təsdiqləyir. Və sən təkcə bir alimin dediklərinə deyil, həm də bir günəşə inanmaq məcburiyyətində qalırsan.
– Rüstəm müəllim, bəlli məsələdir ki, tənqidçi fikri mətnə münasibətdən doğulmalıdır, amma bəzən mətn müəllifinə münasibətdən doğulur. Belə olan halda ən çox itirən kim olur, müəllif, tənqidçi, ya ümumən ədəbiyyat?
– Hər ikisi itirir. Və ümumiyyətlə, ədəbiyyat da itirir. Tənqidçi, ədəbiyyatşünas mətn müəllifini unutmalıdır. Ortada yalnızca əlahəzrət mətn qalmalıdır. Müəllif səndən ötrü məcazi mənada ölməlidi. Nəzərə almalısan ki, o mətn bitəndən sonra sənin mətnin başlayır. Yaxud, o mətnin əvvəli sənin mətnin ola bilər. Mən hər zaman inanmışam ki, mənim yazdığım mətn haqqında bəhs etdiyim mətndən öncə gəlməliydi. Əslində, mən mətnlərim vasitəsiylə şairin, yazıçının taleyini oxumaq istəmişəm. Mətnin estetik tərəfləri, bədii xüsusiyyətləri arxa plana keçib. Mənimçün ədəbiyyat tarixində hadisəyə çevrilmiş əsərlə heç kimin diqqətini cəlb etməyən əsər də eyni cərgədə dayana bilər. Əsas olan mətn deyil, onu necə oxumaqdı. Bizdə, təəssüf ki, mətni oxuya bilmirlər. Mətnin görünən tərəfini oxumağa savad, görünməyən tərəfini oxumaq üçün isə fəhm, istedad, üçüncü göz lazımdı. Torpaq yazın gəlişini duyan kimi, qız oğlan baxışını kürəyində hiss edən kimi hiss etməlisən mətni. Mənim filoloji esselərim ədəbi mətnlərin üzərində təşəkkül tapır, yazıçıların, şairlərin taleyinin içərisindən keçir. Bu mənada, bəlkə də, Azərbaycan ədəbiyyat tarixində filoloji esseləri ilk olaraq mən yazmışam. Məndən əvvəl esse janrı geniş yayılmışdı, amma “filoloji esse” terminini ədəbiyyatşünaslığımıza mən gətirdim.
– Elə isə sualımı bir az da konkretləşdirim, Rüstəm Kamalın esseləri yazıçı mətnləri ilə razılaşır, ya yazıçı mətnləri Rüstəm Kamalın esseləri ilə?
– İnan səmimiyyətimə, mənim mövzularım da bədahətən gəlir beynimə. Əlimlə qoymuşam kimi tapıram mövzunun detallarını. Həyatda olan yazıçı, şairlərin özləri etiraf ediblər ki, sən bizim şüuraltı gizlinlərimizi, şifrələri açırsan. Mən obrazlı düşünən adamam. Heç təsadüfi deyil ki, ədəbiyyatşünaslığa təxəyyülün qrammatikasını da məhz mən gətirdim. Göstərmək istədim ki, ədəbiyyatşünaslıq da mükəmməl bədii yaradıcılıq növüdür. Mənim qəhrəmanım obrazlar, ideyalar, fikirlərdi. Bütün bunları şairanə təqdim eləmək mif və miflər yaratmaqla yekunlaşmalıdır. Əslində, mən mifoloqam. Hər bir yazıda ümumiləşdirmə olmalıdı. Bəzən məni bir obrazın üzərində dayanmaqda günahlandırırlar. Amma anlamırlar ki, sən bir zərrədə bütövlüyü göstərməlisən. Mənim qələmimə tuş gələn hər bir obrazın fokusunu böyüdürəm.Bir bulağın suyunu dəyərləndirmək üçün o bulağın suyunu bütövlükdə içməyə ehtiyac yoxdu, bir bardaq su içməklə də buna nail olmaq olar. Zərrədə küllü, külldə də zərrəni göstərmək mənim esseistikamın əsasını təşkil edir.
– Mirzə Cəlilə həsr etdiyiniz bir esse var, “Akuşkadan görünən dünya”. Həmin essedə pəncərə simvolik mənada müəyyən çalarlarla göstərilir. Hətta pəncərə məfhumu başqa bir essenizdə, daha dəqiq desək, Xalq yazıçısı Anara həsr etdiyiniz “Anar fəzası” essenizdə də keçməkdədir. Mirzə Cəlillə Anarın ruh bağlılığını nəzərə alsaq, bu da təbiidi. Sualım keçmiş və bu günlə bağlıdı. Bilmək istərdim, Mirzə Cəlilin akuşkasından görünənlərlə çağdaş yazıçı pəncərəsi önündə yaşananlar arasında nə kimi oxşar və fərqliliklər var?
– Bir az çətindi bu sualı cavablandırmaq. Gərəkdir ki, bu suala paradoksal da cavab verəsən. Mirzə Cəlilin akuşkadan baxmağını öz xatirələri, fikirləri ilə süsləmişəm, elə pəncərəsini hörməyi ilə də. Mirzə Cəlil Azərbaycan ədəbiyyatının üç ən ağıllı yazıçısından biridi. Hər şeyin mahiyyətini bilən və özünü aldatmayan. Tarixin fərqli dönəmlərində yazıçılar oldu ki, özlərini aldatmaq istədilər. Yazıçılar oldu ki, toplumu aldatmaq istədilər. Yazıçının ən böyük günahı özünü və xalqı aldatmasıdı. Onun istedadının çox və az olması birinci, ikinci, üçüncü, dördüncü deyil, beşinci dərəcəli məsələdi. Bəlkə də, heç ədəbiyyatşünasın da söhbəti deyil. Elə yazıçılar var ki, onlar xalqı aldatdıqlarını ömürlərinin sonunda anladılar. Üzeyir bəy də, Mirzə Cəlil də heç vaxt nə xalqı, nə də özlərini aldatdı. Heç şöhrət də onları aldatmadı. Mən Üzeyir bəyi də, Mirzə Cəlili də ona görə fövqəladə sevirəm ki, onlar bu xalqı dəhşətli dərəcədə sevirdilər. Onlar kütlədən kənarda durmağı da bacardılar, xalqın içində olmağı da. Azərbaycan ədəbiyyatının XX əsrin əvvəlində mənzərəsi beləydi. Bir çox hallarda bu mənzərə çağdaş ədəbiyyatımızla eyniləşir. Hətta bir pəncərə məfhumu yazıçının özü də bilmədən xarakterini bütövlükdə aça bilir. Biz nəinki həyata, elə ədəbiyyata da pəncərədən baxmalıyıq. Fərqli görmək üçün ədəbiyyatla aramızda pəncərə olmalıdı. Ümumiyyətlə, insan pəncərədən hər şeyə tamamilə fərqli baxır, hər şeyi fərqli görür. Bir ağaca pəncərədən baxmaqla çöldən baxmaq arasında dağlar qədər fərq var. Yəni sən pəncərədən ağaca baxanda onu başqa bir dünyadakı ağac kimi görəcəksən. Məhz bu səbəbdən ədəbiyyatla bizim aramızda pəncərə olmalıdı. Həyatla ədəbiyyatın sərhədi pəncərə metaforasından keçir. Mirzə Cəlilin gözüylə çağdaş pəncərəmizdən baxanda çox şeylərin dəyişmədiyini görürsən. Daha Mirzə Cəlil olmaq da tələb edilmir çağdaş yazıçıdan. Mirzə Cəlil indi yaşasaydı, bəlkə də, müasir kontekstdə uduzardı. İndi bizdə həqiqət anlayışının mahiyyəti ya itib, ya da dəyişib. Yazıçı həqiqəti nədi? Ədəbiyyat hansı həqiqəti ifadə etməlidi? Bu kimi suallar öz dolğun cavabını tapmayıb. Misal üçün, klassik ədəbiyyata nəzər yetirsək, görərik ki, Nizami Gəncəvinin həqiqəti ayrı anlayış idi, Nəsimi üçün bu həqiqət bir başqa məna kəsb edirdi. Ancaq XXI əsrin virtual şəbəkədə olan yazıçısı üçün həqiqət anlayışı, bəlkə də, yoxdu, mövcud deyil. Həqiqət şahidi olduğun bir məişət hadisəsini sosial şəbəkədə paylaşıb insanların yazdığı rəyləri oxumaqdan ibarət deyil.
– İndi gənc yazarlarımızın yaradıcılığında bir dekadentlik hökm sürməkdədi. Yeri gəlmişkən, böyük rus ədəbiyyatşünası V. Stasov Fransada yaranmış sözügedən cərəyan tərəfdarlarını fransız səmimiyyətinin müxalifləri kimi xarakterizə edirdi. Gənclər arasında hökm sürən bu dekadent əhvali-ruhiyyə ədəbiyyatımıza nə vəd edir?
– Vallah, burada konkret bir hökm vermək mümkün deyil. Ümumiyyətlə, ədəbiyyata hökm vermək olmaz. Dekadent əhvali-ruhiyyə cəmiyyətdən də gələ bilər, zəmanənin diktəsi də ola bilər. Müxtəlif dövrlərdə, deyək ki, Birinci və İkinci Dünya müharibəsindən sonra Avropada ruh düşkünlüyü fərqli anlam kəsb edirdi. Pessimizm zəmanənin musiqisidir. Ruhun ətrafdakı hansı musiqini duyursa, sən o musiqiyə də köklənirsən. Misal üçün, Blok da bu ruha köklənmişdi. Bu ondan asılı deyil, sadəcə olaraq, Peterburqun havasında o musiqi çalınırdı. Həm də, bəlli ki, dekadentlik təkcə ədəbiyyata deyil, bütün sənət növlərinə sirayət edir. Mümkün deyil ki, şairdə olan hiss rəssamda, bəstəkarda olmasın. Bir Çin estetika traktatında belə bir fikir var: “Sular bulanıq olanda tısbağalar xırda olur, zəmanə qarışıq olanda musiqi cır olur”. Şair, yazıçı havadan nəm çəkir. Eləcə də havadakı səs şairin, yazıçının ifadəsidir.
– Videomüsahibələrinizin birində ədəbiyyat tarixini həm də oxucu tarixi kimi xarakterizə etmisiniz. Çağdaş ədəbiyyat tariximizi yazanlar öz oxucularını tarixə sala biləcəklərmi? Bu günün ədəbiyyat tarixi gələcək oxucu üçün nə dərəcədə maraq kəsb edəcək?
– Ümumiyyətlə, bugünkü ədəbiyyatın əsas problemi elə oxucu problemidi. Bizim yazıçı öz oxucusunu görmək bir yana, təsəvvür belə etmir. Yazıçı oxucu ilə həmmüəllifdi. Dünyanın harasındasa bir oxucu tapılır ki, yazıçı ilə sinxron nəfəs alır. Yazıçı həmin oxucunu tanımır, amma əsərində verdiyi işarə və detallar doğmadı ona. Avropada roman bazar üçün yazılır, o mütləq satılmalıdı. Yəni romanı nəşriyyat bazara çıxarır, onun təbliğatıyla məşğul olur və sən kitabın satıldığı müddətdə reytinqlərdə zirvəyə ucalırsan. Orda roman artıq istehsalat hadisəsidi. Biz isə hələ ədəbiyyatı mənəviyyat hadisəsi hesab etməkdə qalmışıq. Oxucu istəyini aşkarlamaq üçün sosial sorğu yox, bazar yox, kitab alqı-satqısı, demək olar ki, yox... Yazıçı obrazının ilğıma çevrilməsi fonunda virtual müəlliflər meydana çıxır. İndi bəzi sosial şəbəkələrdə özünü reklamla məşğul olan müəllifləri görəndə mənə elə gəlir ki, onlar canlı deyillər, həyatda mövcud deyillər, sadəcə, vritual müəlliflərdi. Bircə il onlardan danışılmasa, olmamış kimi unudulacaqlar. Belələrinin əsərlərini üç-dörd cümləlik statuslar əvəz edir. Çoxusu da ürək sözünü “ürəh” və “ürəy” şəklində yazanlardı. Onların bəlli status oxucuları da elə ürək sözünü doğru-düzgün yaza bilməyənlərdi.
Hər bir yazıçının da oxucusu özünə bənzəyir. Misal üçün, Nizaminin oxucusu hökmdar, sovet yazıçısının oxucusu fəhlə kommunistlər, senzura da daxil olmaqla, partiya idisə,çağdaş yazıçının alıcısı ilğım-virtual oxucudu, ad var, özü yoxdu. İndi şeirlər də səslənmir. Çağdaş şeirlər ölü mətnlərdi. Onları gözünlə oxuyursan. Sosial şəbəkədə paylaşılan şeirin nə olduğunu müəyyən etməkdə çətinlik çəkirəm. Açığı, heç bilmirəm nədi. Çünki şeirin bir tərəfində hansısa müğənni haqqında informasiya gedir, o bir tərəfində də qadın zorakılığını ehtiva edən edən bir kriminal xəbər. İndi gəl bu kontekstdə ortada qalan şeiri oxu. Gəl şair ol. Şeir də özünə qohum kontekstdə getməlidi axı. Səfərbərlik fonunda səslənən vətənpərvər şeir, əlbəttə, hədəfə tuş gələcək. Biri də var, bu şeiri hansısa şou xəbərin əhatəsində dərc edəsən.
– Aristotel “Poetika” əsərində Homerlə bağlı yazırdı: “Homer təkcə yaxşı şeir yazdığına görə yox, dramatik təsvirlər yaratdığına görə, laqqırtını deyil, gülməlini mənalandırdığına görə böyük şairdi. Məhz buna görədir ki, “İliada”, “Odisseya” necə faciə ilə əlaqəlidirsə, “Maqbet”in də komediya ilə əlaqəsi elədir”. Aristotelin təbirincə sadaladığımız xüsusiyyətlərə görə, böyük şair belə idi, bəs Rüstəm Kamala görə, böyük şair hansı özəlliklərə sahib olandı?Ümumiyyətlə, biz böyük şair kimə deyirik?
– Roma imperiyası dönəmində yalnız böyük şairlər meydana çıxırdılar. Kiçik şairlərə meydanda yer yox idi. Yaxud ortabab şairsənsə, sənin meydanda nə işin var? Əslində, bizdə də belə olmalıdır. Üzü klassik dövrdən bu yana yalnız böyük şairlər yaşamaq hüququ qazanıblar. Bu, seleksiya-filan deyil e, sadəcə, Füzuli dönəmində görünmək üçün mütləq Füzuli olmalıydın. Sənə başqa cür yer yox idi.Anlamalıydın ki, böyük şair olmaqdan başqa çıxış yolun yoxdur. Auditoriya da, oxucu da öz zəmanəsindən böyük şairini tələb etməlidi. Məhdud istedad sahibləri meydana çıxanda dəyərlər itir, gözdən düşür. Birincisi, indi şairin böyüklüyünü dəyərləndirmək, ölçmək üçün qarşılaşdığımız ən böyük problem meyarın olmamasıdı. Yəni Seyid Əzim Şirvaniyə Füzuli meyarı ilə yanaşırdın, onun böyüklüyü o şkala ilə ölçülürdü. İndi kimin meyarı ilə yanaşaq? Nizami, Füzuli meyarı ilə ölçmək mümkün deyil, çünki müasir şair həmin klassiklərin poetik sisteminə daxil deyil. İkincisi, o şair böyükdü ki, dilin fövqünə çıxa bilir, dili istismar etmir. Kim dili ram edə bilirsə, əhliləşdirə bilirsə, o, böyükdü. Bizdə Azərbaycan dilinin melodikliyini, gözəlliyini, frazeoloji zənginliyini istismar edən çoxlu ortabab və balaca şairlər var. Təbiətə və ətraf mühitə qarşı yönəlmiş ekoloji terror kimi bir şeydi poetik dilin terroru. Füzulinin böyüklüyü türkcənin fövqündə olması idi. Səməd Vurğun da dilin fövqünə çıxmağı bacardı, Məmməd Araz da. Yeri gəlmişkən, mənim sevdiyim ən sonuncu böyük şair elə Məmməd Arazdı. Məmməd Araz həm də ona görə böyük şairdi ki, onu yamsılamaq, təqlid eləmək mümkün deyil.
Bu mənada ədəbiyyat tarixində elə şairlər var ki, onlardan yan keçməlisən, istedadın olsa belə, ona bənzəmək, təqlid eləmək istəsən, məhv olacaqsan. Sevdiyin şairin priyomlarını bilməlisən, ancaq “xata-bəlası”nı özündən uzaq eləməlisən.
– 60 yaşlı Rüstəm Kamal geridə qoyduğu ömrünü esseləşdirsəydi, nələri yazardı?
– Mən heç vaxt inanmadığım şeyləri yazmadım. Bir aşıq dastanda cərəyan edən hadisələrə, qəhrəmanlara inanmırsa, həqiqət kimi qəbul etmirsə, o dastanı danışa bilməz. “Əsli və Kərəm”i danışan aşıq mütləq aşiqlərin od tutub yanmasına inanmalıdır. Yazıçı, alim də belə olmalıdır. Ədəbiyyatı da, yaradıcılığı da, lap elə həyatı da gözəlliklə süsləyən sevgidir. Gərəkdir qəhrəmanlarını, haqqında yazdıqlarını, insanları sevəsən. Başqalarını bilmirəm, mən heç vaxt sevə bilmədiklərim haqqında bir cümlə də yaza bilməmişəm. Yazmağa cəhd eləsəm də, zəif bir nəsnə çıxıb ortaya. Sevəndə bəsirət gözün də açılır, əvvəllər fərqinə varmadığın, görmədiyin işarələrlə mükafatlanırsan. Bu dəqiqə mənim qeyd dəftərim elmi məqalə, pritça, hekayə, esse mövzuları ilə doludur. Yazmağa başlamağım üçün mövzunu görüb inanmağım kifayətdir. Qalanı asandı. Yazandan sonra görürəm ki, mənim yazdıqlarıma inananlar da az deyilmiş. Mövzularımın üzərinə hədəfə istiqamətlənmiş mərmi misalı şığıyıram. Yazılarımı kağız parçalarına, belə demək mümkünsə, fotoneqativ effekti ilə yazıram. Anna Axmatova deyirdi ki, şeir çör-çöpdən yaranır, bax eynən elə. Sonra həmin yazıları – kağız parçalarını ipdən bir neçə gün asıram. İki-üç gün sonra o yazıların rəngi, mənası, yeri dəyişir. Nəhayət, kiçik qeydləri bir yerə toplayıb yazıya çevirirəm. Mənim esselərim fraqment təfəkkürünün məhsuludur.Yenə deyirəm, mifləri sevirəm, çünki mif yaradıram. Mənimçün həm də mif olanlar sevimlidir.Bu mənada Bakı da, Şuşa da, Mirzə Fətəli Axundov da, Mirzə Cəlil də mifdi mənimçün. Mən hamının gördüklərini mifoloji strurktura daxil edirəm. Əslində, yazıçı da, lap elə insan da mif daşıyıcısıdır. Yazıçının, alimin gərəkdir ki, mifoloji təfəkkürü olsun. Bütün əsərlər də hansısa mifoloji model üzərində qurulur.
Müəllimim həmişə deyirdi ki, iki hissi itirmə, ölçü və ləyaqət hissini. Bunları itirməsən, həyatın harmoniyalı, düzənli olacaq. Hər zaman çalışmışam ki, ölçü hissini itirməyim, paralel olaraq öz yerimi bilim. Yaradıcılıq da ömür kimi növbəti ünvanı bilinməyən bir yoldur. Mən həyatımın bir dönəmində on ilə yaxın, demək olar ki, heç nə yazmamışam, susmuşam. Bu zaman kəsiyində hara getmək istədiyimi aydınlaşdırmaq istəyirdim özümçün. Dediyim odur ki, arada susmaq da lazımdı.
Çox yazmışam, Taleh, amma ömrüm boyu bir kitaba sığışmaq arzusunda olmuşam. İstəmişəm ki, o kitab ürəyin müdrikliyinin ifadəsi olsun. Bunu ürəkdən arzu edəndə Allah da bu şansı sənə verir. Bəlkə də, yazıçının, alimin Allah dərgahına özüylə apara biləcəyi ləyaqəti də bundan ibarətdi. İndiyəcən yazdığım elmi məqalələri, esseləri və pritçaları ard-arda düzsən, görərsən ki, nə yazmışamsa, hamısı bir-birinin davamıdı. Hamıya elə gəlir ki, bülbül həmişə bir nəğməni oxuyur. Ancaq elə deyil. Deyirlər, bülbülün səsini lentə yazıblar, araşdıranda məlum olub ki, onun təkrarlanan nəğməsi yoxdu. Mən də özümə, bülbül nəğməsi misalı, təkrarsız yaşamağı və yazmağı arzulamışam.
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)