Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Tofiq Bayramın vəfatından 32 il ötür.
Şair öz eliylə sevinə gərək,
Elin qəzəbiylə qabarmalıdır.
O, ana bətnindən məzar evinə
Ürəyi tərtəmiz aparmalıdır...
Bəlli bir həqiqətdir: şair-doğma xalqının yaradıcı istedadının daşıyıcısıdır. Onun bu qeyri-adi qisməti şairlik amalının ucalığını, eyni zamanda çətinliyini şərtləndirir. Öz varlığında xalq başlanğıcını duymaq şairin poeziyasına təbiilik, səmimilik, vətəndaşlıq, aşılayan amildir. Belə poeziyanı geniş oxucu kütləsi sevir, yaddaşına yazır. Tofiq Bayramın vətəndaş inamlı, xalqsevər poeziyası beləcə sevilir. Azərbaycan ədəbiyyatında və poeziyasında görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayramın özünəməxsus bir yeri var. O, hər zaman poeziyamızın seçilən şairlərindəndir. Xarakterindəki bütövlük, çılğınlıq, onun şeirlərində və bütün yaradıcılığında özünü göstərir.
Tofiq Bayramın poetik inamına, ilhamına qol-qanad verən vətən sevgisi, xalq eşqidir. Azərbaycan mövzusu onun yaradıcılığının məhək daşı, hərəkətverici qüvvəsidir.
“Azərbaycan deyəndə...” şeirini neçə-neçə şeirsevərlər əzbər söyləyirlər.
Həyat və yaradıcılığı
Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı redaksiyasında, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləmişdir. Sonra yaradıcılıqla məşğul olmuşdur. Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə etmişdir. A.T. Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür
Şeir şairin ürəkləri dindirən dilidir desək, yanılmarıq. Şairdə yanar ürək, dəqiq, dərin müşahidə qabiliyyəti, yüksək mədəniyyət, oxucuların ürək tellərini dindirmək, şeir üçün yeni bədii vasitələr axtarıb tapmaq qabiliyyəti əsasdır. Şeirdən ürəklərə hərarət, gözlərə işıq gəlməlidir. Şair özü üçün deyil, xalq üçün yazır. Axtarış da düzgün anlaşılmalıdır. Tofiq Bayram hər dövrün şairlərindəndir. Onun hər dövrdə geniş oxucu kütləsi var və olacaq. Onun şeirlərində vətənpərvərlik hissləri güclüdür.
Tofiq Bayramın elə şeirləri var ki, onları həyəcansız oxumaq mümkünsüzdür. Bəli, oxucularla şeir dili ilə danışmaq, onların ürəklərindəki telləri dindirmək şairdən hünər tələb edir. Tofiq Bayram bir neçə şeir kitabının müəllifidir. Şairin şeirləri könül açandır, ürəyə yatandır. Əlbəttə, belə şeirlərin kökü, mayası bizim varlığımızdır. Bu şairin həyatla, insanla qaynıyıb-qarışmasının nəticəsidir. Tofiq Bayramın istənilən mövzuda-vətəndən, xalqdan, dostluqdan, təbiətdən, məhəbbətdən yazılarında səmimilik və təbiilik vardır.
Səmimiyyət şeir üçün əsas amillərdəndir. Ürəklərə yol tapan,könülləri dilləndirən, dillər əzbəri olan əsərlər, əlbəttə, ürək döyüntüsüylə, ilhamla yazılmış şeirlərdir.
Tofiq Bayram şeirləri ahu-zar, sızıltı, küskünlük, düşkünlük kimi motivlərdən məhrumdur. Tofiq Bayram həmişə nikbin biri olmuşdur. O, heç vaxt şeirlərini şeir xatirinə yazmamışdır. Onun şeirləri bir daxili tələbdən doğmuşdur. Tofiq Bayramı düşündürən, onu həmişə narahat edən məsələ şeirin çətin, lakin şərəfli yollarında qələm ordusundan geri qalmamaq, gələcəyi bu gündən görmək, yeni şeir mənbələri tapmaq və öz şairlərini sevən xalqa xidmət etmək olmuşdur.
Tofiq Bayram səlis üslublu, rəvan dili, ifadə tərzi ilə fərqlənən şairlərimizdəndir. Şair ömrünün son anına kimi sünilikdən uzaq qaçdı, təbii oldu. Bu sözlər də dilinin əzbəriydi “Təbii olmaq eyib deyil...” Onun üçün ülvi, təmiz məhəbbət Tanrı qədər əlçatmaz, əziz, müqəddəs idi. Deyərdi: “Qaya parçasını, daşı da ürəkdən sevsən, üzünə gülər. Şirin, xoş söz nəvazişdən quruyan bulaqların gözü açılar”.
Tofiq Bayram tərcümə sahəsində qələmini sınamış və bu sahədə uzun illər səmərəli fəaliyyət göstərmişdir. Onun dünya və keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi əsərlər bədii kamilliyi ilə seçilir.
Ömrünün yarısını bu fədakar işə sərf edən Tofiq Bayram tərcümə əsərini əmanət sayar, “əmanətə xəyanət olmaz” deyər, tərcümə prosesini “qanköçürmə əməliyyatı”na bənzədər - “qan qrupu uyğun olmayanda tərcümə olunan şeir də xəstə olur”- deyərmiş.
O, Aleksandr Tvardovskinin “Üfüqlərdən-üfüqlərə” (1966),dünya xalqlarının incilərindən ibarət “Ürəkdən-ürəyə” toplusu (1975), Rasul Həmzətovun “Durnalar” (1973) və “Dostları qoruyun” (1989) adlı şeir kitablarını, A.Puşkinin “Mosart və Salyeri”, A.Tvardovskinin “Yaddaşın hökmü”, A.Axmatovanın “Rekviyem” poemalarını, habelə İspan dramaturqu Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini ustalıqla dilimizə tərcümə etmişdir.
Şair eləcə də Y.Yevtuşenko, L.Xaustov, V.Konstantinova, İ.Abaşıdze, M.Posxişvili, T.Ciladze, balkar şairi Qaysın Quliyev və bir çoxlarının həqiqi sənət əsərlərini seçərək, onları yüksək bədii səviyyədə tərcümə etməklə Azərbaycan oxucusuna töhvə etmişdir.
Öz əsərləri ilə Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə Tofiq Bayrama 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, dünya xalqlarının poeziyasından nümunələrin yüksək peşəkarlıqla Azərbaycan dilinə tərcümə edilməsindəki əməyinə görə isə 1988-ci ildə “Maksim Qorki adına Azərbaycan Dövlət
Mükafatı” laureatı fəxri adları verilmişdir. Şeirlərini və poemalarını vətənə, doğma yurda, ana dilinə məhəbbət və vətəndaşlıq yanğısı ilə yazan şair - “poeziya hər şeydən əvvəl şairin inamından, onun əqidəsindən yaranmalıdır”- fikrinə inandığını həmişə dilə gətirərək, “İnamım, əqidəm” şeirini – yazmaqla bu fikrini sübuta yetirmişdir.
Yaşaya bilərəm odsuz, ilhamsız,
Yaşaya bilmərəm çörəksiz, susuz.
Yaşaya bilərəm yüz il yuxusuz,
Yaşaya bilmərəm bir gün inamsız...
Tofiq Bayramın fikrini yığcam və sərrast ifadə etmək məharəti onun poeziyasının əsas xüsusiyyətlərindən idi. O, nə yazırsa, nədən yazırsa yazsın, qələmə aldığı mövzunu ürəyinin süzgəcindən keçirər, hər misrasına poetik don geyindirər, fikrini aydın və obrazlı şəkildə çatdırar, əsası isə oxucuya həyacan yaşatmağı bacaran, onu düşündürən, dünyaya, həyata açıq gözlə baxmağı təlqin edən şairlərdəndir.
Ən başlıcası isə o vətəndaş şair idi, torpağına və Vətəninə bütün varlığı ilə bağlı, mövqeyi isə hər kəsə bəlli idi. O, əsl yaradıcı insan olaraq, içərisində yaşadığı cəmiyyətdə cərəyan edən hadisələrə vətəndaş vicdanı ilə cavabdeh olduğunu bilərəkdən öz mövqeyini ortaya qoyaraq nöqsanlı cəhətləri qəzəblə qamçılayan, xeyirxah əməllərdən isə ilham alaraq qələmə sarılan, ədəbiyyatı özünün həyatı sayan, ilhamına güvənən, şeiri-sənəti canından əziz tutan, poeziya gecələrini, gur məclisləri çox sevən, coşqun təbiətli bir şair idi.
Tofiq Bayramın xoşbəxtliyi bir də onda olmuşdur ki, özü dediyi kimi o, həmişə ağıllı, zəngin dünya görüşü olan, təmənnasız insanların əhatəsində olmuşdur. Tofiq Bayram qadınlara-analara həmişə böyük ehtiramla yanaşmış, onun yaradıcılığında “qadın-ana” mövzusu aparıcı yerlərdən birini tutmuş və şair onlara olan tükənməz sevgilərini “Analıq haqqı”, “Ana sevinci, ana qəzəbi”, “Anam ağlayır”, “Qadınlar və analar haqqında qəsidə”, “Ay gecikən məhəbbətim”, “Qadın ürəyi”, “Şair arvadına” və bu kimi şeirlərində ürəklə, ilhamla vəsf etməyə müvəffəq olmuşdur.
“Analıq haqqı” şeirində, “Yüz il dayansam da qulluğunda mən, Ay ana, bir günlük haqqın ödənməz”... deyən şair, bacısı gəlin köçdüyü zaman yazdığı və sonradan bəstəkar Süleyman Ələsgərov tərəfindən musiqi bəstələnərək dillər əzbərinə çevrilən mahnıya çevrilmiş “Anam ağlayır” şeirində -
Duvağa bürünüb yola düşürsən,
Qonşular telinə çiçək bağlayır.
Ay bacım, sən haldan-hala düşürsən,
“Vağzalı” çalınır, anam ağlayır...
yazaraq, duyğularını belə kövrək və poetik dillə ifadə etmişdir. Bu bir danılmaz həqiqətdir ki, hər yaranan əsərin bir qaynaq mənbəyi olur. Qaynaq mənbəyi olmayan əsər obrazlı şəkildə ifadə oluna bilmədiyi kimi, heç vaxt da qəlblərdə yer tutub əbədilik qazana bilməz.
Yuxarıdakı parçalardan da göründüyü kimi, Tofiq Bayram yaradıcılığının hər nümunəsi bir “istinad nöqtəsi” ndən doğmuş, sonradan isə papulyarlaşaraq ictimailəşmişdir.
O, özündən sonra yüzlərlə, minlərlə ölməz sənət əsərləri, gözəl poeziya nümunələri qoydu getdi bu dünya üçün, dünyadakılar üçün - həm özününküləri, həm də dilimizə çevirdiyi, özümüzünküləşdirdiyi müxtəlif dünya xalqlarının nümayəndələrinin əsərlərini. Bax, elə budur Tofiq Bayramın bu dünyadan qazancı, qazancından da çox, bu dünyaya, dünyamızdakılara qazandırdıqları.
Onun “şəkər diabeti” ndən çəkdiyi ağrıların üzərinə daha bir dəhşətli “ağrı” gəldi - “Qarabağ ağrısı”. O, şəkərin verdiyi ağrılara dözsə də, Vətən ağrısına dözə bilmədi və 1991-ci ilin aprel ayının 19-da Əmircan kənd qəbiristanlığında fiziki cismini qatdı Vətən torpağına, ruhunu göylərə, şeirlərini isə bizlərə əmənət verərək...
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(19.04.2023)