Barelyef, Arximed və yazıçı... Featured

“Ədəbiyyat və incəsənət” istedadlı yazıçı Təranə Vahidin qələm əhlinin ümumi faciəsindən bəhs edən yazısını təqdim edir. Çox kədərli, amma real əhvalatdır. 

 

Yazıçı Zaman Zamanlının ölüm xəbəri balaca, təbəssümlü şəhərdən sürət qatarı kimi keçdi. Özün dilsiz-ağızsız olasan, ölüm xəbərin  belə hay-küylü ola … 

Zaman Zamanlının yaxşı yazıçı olduğunu, əslində, hamı bilirdi. Amma bilmək azdı, Zaman Zamanlı heç vaxt gözə görünmədi, ad-san qazanmadı, pul-para sahibi olmadı, başına dövlət quşu qonmadı. Niyəsi də odur ki, bu sısqa, üzsüz, utancaq adam xoşbəxt ulduz altında doğulmamışdı. Elə bil alnına əyri-üyrü hərflərlə “sənin yerin bax orda, arxa cərgədə, heç kimin görmədiyi yerdədi” sözləri yazılmışdı. O da nəcib adamıydı, alın yazısıyla barışıb bir ömür arxa cərgədə, gözə görünməyən  yerdə, xəlvətdə şad-xürrəm yaşadı.

İyirmi bir  kitabını da dost-tanışları, daha doğrusu, bir kitabı sonacan oxumayan, əvəzində qaz vurub qazan dolduran səxavətli dostları çıxardı. Kitabları çıxanda da üzünün abrından satışa qoymadı, “kitab oxuyanlar çörək tapmır”, – deyib sevinə-sevinə dost-tanışa həddiyə elədi. Oxuyanlar oxuyub oxumayanlara verdi, kimlərsə kimlərəsə ötürdü, beləcə Zaman Zamanlının xeyli gizlin oxucusu oldu.

Zaman Zamanlının yaradıcılığı geniş olsa da, həyat yolu iki-üç cümlə  olardı, ya  olmazdı. Belə ki, universiteti qırmızı diplomla bitirib ortalıqda qalanda sevimli Həşim müəllimi çörəksiz qalmasın deyə sevimli tələbəsini Veteranlar Şurasında kargüzar kimi işə düzəltdi. Qorxacaq adam üçün qəhrəmanların arasında yaşamaqdan böyük xoşbəxtlik yoxdu. Bir ömür İkinci Dünya müharibəsi iştirakçılarının toplu-tüfəngli,  səsli-küylü xatirələrinə qulaq asa-asa ayları, illəri yelə verdi.  Cavanlığı yay armudu kimi sovulub keçəndə qocalığın burnu göründü. Kəsəsi, Zaman Zamanlı azca əməkhaqqısıyla, veteranların xatirələrinə qulaq asa-asa xatirə danışacaq yaşa çatdı. Yeddi roman, yeddi povest, yeddi hekayə kitabı işıq üzü gördü. Amma həyat hekayəsini nə yaşaya, nə də yaza bildi. Böyük imperiyanın çökməsinin şahidi oldu, müstəqilliyin şirinliyini daddı, tarixin dolanbac dalanlarından keçsə də, zalım oğlunun nə həyatında, nə də yaşayışında heç nə dəyişmədi.

Düzdü, həyatında, güzəranında heç nə dəyişmədi, amma günlərin birində dünyasını dəyişdi. 

Bu xəbəri ən ağır qarşılayan tənqidçilər oldu. Zaman Zamanlının yaradıcılığını görməzliyə vuran, haqqında bir kəlmə söz deməyə, yazmağa ürəkləri gəlməyən tənqidçilər elə bil Zamanlının qara gününü gözləyirmişlər. Yazdılar, özü də necə yazdılar.

Qırx ilin susqunluğundan sonra pəltək tənqidçilər də David kimi cəh-cəh vurdular. Qəzetlər, saytlar, televiziyalar, radiolar Zaman Zamanlıdan danışdılar. Üç gündə şəhərin təkəmseyrək kitab mağazalarında Zaman Zamanlının kitabı qalmadı. Sağlığında bunu görsəydi... ölməzdi, hər halda belə tez ölməzdi...

Bu arada yuxarıdan göstəriş gəldi ki, vaxt itirməyib Zaman Zamanlının xatirəsini əbədiləşdirsinlər. Hələlik yaşadığı binanın qarşısına yazıçının barelyefini vursunlar, sonra görsünlər neyləyirlər. 

Sözün düzü, sağlığında Zaman Zamanlının barelyefdən zəhləsi gedirdi. Daha doğrusu, barelyefdən eymənirdi. Barelyef görəndə yadına Arximed düşürdü. Ona elə gəlirdi ki, bütün barelyeflər bir az da Arximedə oxşayır. Sağ olsaydı, dünyasında imkan verməzdi ki, onu Arximedə oxşatsınlar, amma heç sağlığında səsi eşidilməmişdi, indi torpağın altında onu kim eşidəcəkdi?!

Qərar verilmişdi, çoxdan sifarişsiz qalan heykəltəraş bir həftəyə yoğurdu, yapdı, barelyef hazır oldu.

Səhəri gün kütləvi informasiya vasitələri cana gəldi. Barelyef, əklil hazır idi. Qalırdı Zaman Zamanlının ünvanını öyrənmək, mərasimi keçirmək, böyük yazıçının ruhunu şad edib bu məsələylə birdəfəlik üzülüşmək.

Vəd olunan yerdə uzunşüllət adam qulağında telefon, durmadan danışırdı.

– Qorxmaz müəllim, bu nə məsələdi, gecikirik axı, – deyə, jurnalistlərdən biri dözməyib soruşdu.

Qorxmaz müəllim elə bil diri balıq udmuşdu, dik-dik: 

 –  Heç, xırda bir məsələ var, yoluna qoyan kimi gedəcəyik,  – dedi.

Xırda məsələ xeyli uzandı. Əvvəl televiziyanın xəbərlərindən gələnlər, sonra gündəlik qəzetdə işləyənlər deyinə-deyinə çıxıb getdilər. Daha sonra saytdan gələnlər söyə-söyə dağılışdılar. Axıra agentlikdən gələn çəlimsiz qız qaldı.

Günün ikinci yarısı çəlimsiz qızın xəbəri yayımlandı: araşdırmalardan məlum oldu ki, yazıçı Zaman Zamanlının heç vaxt şəxsi mənzili olmayıb. Mərhum yazıçı ömrü boyu şəhərin müxtəlif yerlərində kirayə evlərdə yaşayıb. Evi olmadığı üçün barelyef təntənəli şəkildə veteranlar şurasına təhvil verildi. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.