“Qadın gücü ilə deyil, zərifliyi ilə güclüdür…” Featured

“Ədəbiyyat və incəsənət” portalının poçtuna  şair Yusif Nəğməkarın növbəti aforizmləri daxil olub. Beləliklə, “YUSİF NƏĞMƏKARIN HİKMƏT BANKOMATINDAN” seçmələrlə tanış olun. 

 

*Atılan addımın uğursuzluğu atılacaq addımın uğur təlimidir.

 

*Qürurlu insan məğrur dağa bənzər; sinəsində uyuyan daşlar məkanından qopanda dağdan yuxarı yox, yalnız üzü aşağıya yuvarlanıb, dərələrdə it-bata düşər...

 

*Bugün, xüsusilə, Vətən haqqında əsərlər təkcə qələm, yaxud digər texniki vasitələrlə yox, həm də gülüş, göz yaşları və qürur hissilə yazılmalıdır...

 

*Sınaqlar olmasaydı, sınıqlar çox olardı...

 

*İşıq gələn yerə barmaq tıxayan qaranlığı lənətləməsin...

 

*Qadın gücü ilə deyil, zərifliyi ilə

 güclüdür.

 

*Hamı BİRƏ bağlıdır, BİRƏ də bərə bağlıdır...

 

*Kəlməbaşı "dostum" deyənlərin çoxunda dostluq hissi olmaz...

 

*İtirdiklərinin alovunda əriməyən  itirmədiklərinin sevincini yaşaya bilməz...

 

*Yiyəsini yıxıb qaçan atın özüylə bərabər üz tutduğu səmti də suçlanmalıdır...

 

*Əsl peşimanlıq peşimanlığına peşiman olmaqdır...

 

*Kəmfürsətə minnətdar ol ki, hər ...kəmində sənə cəm fürsətin kəmini "bağışlayar"...

 

*Kinindən bar gözləyən ürək əkinə yararsız yer kimidir...

 

*Ən əzablı, üzücü, uzun  yol qəlbən yaxın olmadığınla "yaxın"lığındır.

 

*Söz bir dəfə deyilir, qalanı təkrardır.

 

*Sənin təkcə dediyini yox, nə deyəcəyini də hiss edən adamın qarşısında susmağın da ona daha aydın və daha tutarlı sözündür.

 

*Sevgisiz adamdan başqa heç kəs bədbəxt deyil...

 

*Qınaq gələn yerə qonaq gəlməz...

 

*Bütün sözlər "hə" və "yox"un ətrafında dolanan peyklərdir.

 

*Sürüşkən yerdən düz yox, sivişib keçməlisən.

 

*Səndən qaçanın qabağına çıxmaq da, arxasınca qaçmaq da absurddur.

 

*Əsəbi deyilən söz 50% hikkənin, 50% də anlaqsızlığın təzahürüdür...

 

*Həyatda insanı heç bir qüvvə xatirələr qədər öz ilkinliyinə qaytara bilməz...

 

  “Ədəbiyyat və incəsənət”

(14.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.