“Çərşənbə axşamı qiraəti” rubrikasında növbəti görüşdə xoş gördük. “Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.
17-Cİ PROSES
ZORİ BALAYAN
Bu da son proses günü. İnsanlar çox ertədən gəlib öz kürsülərini tutmuşdular. Bir şeyə öyrəşdinmi, ondan ayrılmaq həmişə çətin olur. Düz 18 sabahları Divan gözləntisi ilə açılmışdı, keşməkeşli hadisələrlə, qətliam və terrorlarla, acılarla, iztirablarla dolu insan talelərinə biganə qala bilmədən tarixin qanlı səhifələri ilə tanış olmuş, çox şeylər öyrənmiş, çox nəticələr çıxarmışdılar. Düzü, heç kəs istəmirdi bu proses bitsin. Amma nə etmək olar, bu gün 18 günlük bir zəncir qırılacaqdı, növbəti – 19-cu sabahları yenə əvvəlki adiliyə açılacaqdı.
Ağ örpək götürüləndə tamaşaçılar səhnədəki sonuncu portretin sifət cizgilərinə diqqət etdilər. Ermənilərə əsla bənzəməyən, türklərə xas qıyıq gözü olan lopabığ, uzunsaqqal şəxs yaşlı və yorğun görsənirdi. Tezliklə, onun özünü də gətirib müttəhim kürsüsündə əyləşdirdilər.
Kulisdən gələn səsdə sanki bu şəxsin öz çəkisi ilə elədiyi günahlarının çəkisinin təzadı hiss olunurdu, səsdə ağır bir ləngərlik, misilsiz kədər, dərd işartıları sezilirdi.
-Divanın sonuncu – 17-ci prosesinin müttəhimi Zoriy Hakkoviç Balayandır.
Baş Hakim Divan heyətini və tamaşaçıları xüsusi hərarətlə salamladı, bu gün bu uzun – ilk hazırlıq gününü saymasaq, 17 günlük prosesin tamamlanması onu xeyli yüngülləşdirəcəydi, düzdür, amma o özü də darıxacaqdı, nə qədər onu yorsa belə o, işləməyi hədsiz dərəcədə çox sevirdi. Kim bilir, bir də nə vaxt ona Böyük Divanda proses aparmaq həvalə olunacaqdı. Təki işindən razı qalaydılar, yenə bu ampluada görünməsini təmin edəydilər. Həyat sevdiyin peşə ilə qolboyun yaşamaq deyil məgər?
Üzündə gülümsər ifadə tamaşaçılardan yorulub yorulmadıqlarını soruşdu, zarafatyana özünün hədsiz yorulduğunu və bu ağır prosesdən sonra düz 17 gün istirahət edəcəyini söylədi. Sonra sözü diktorlara verdi ki, mühakimə olunan şəxs barədə ilkin məlumatları səsləndirsinlər.
Bir diktor xanım kürsüyə çıxaraq Zori Balayanın tərcümeyi-halını oxumağa başladı:
-Zoriy Hakkoviç Balayan 1935-ci ildə Dağlıq Qarabağın sonradan adı Xankəndiyə dəyişilmiş Stepanakert şəhərində doğulmuşdur. Erməni xalqının ən üzdə olan ictimai və siyasi xadimi, jurnalist, yazıçı, həkimdir. “Böyük Ermənistan” yaradılması və “Erməni genosidi”nin dünyada tanınması sahəsində çağdaş dövrün ən fəal xadimidir. 12-ci əsrdə mövcud olmuş, ermənilərə aid, dünya dənizlərində cövlan etmiş “Kilikiya” gəmisinin mövcudluğunu israr edərək həmin gəminin oxşarını hazırlayaraq 2004-2006-cı illərdə Avropa sularında nümayişkaranə üzməsini təşkil etmiş, qitəyə bir erməni mövcudiyyatını və gücünü nümayiş etdirmişdir. 2009-2011-ci illərdə isə növbəti bu sayaq təbliğat vasitəsindən istifadə edərək bu dəfə “Armeniya” adlı yaxtada Yer kürəsi boyunca “Qədim sivilizasiya məkanı Ermənistan” tanıdıcı şüarıyla dövrə vurulmasını təşkil etmişdir. Hər iki kruiz zamanı o özü fəxri kapitanlıq missiyalarını yerinə yetirmişdir.
Hakimlər heyətindən gənc hakim heyrətini ifadə edərək yerindən dilləndi:
-Hətta bu qədər!
Tərcümeyi-halın oxunuşunu diktor davam etdirdi:
-Davam edirəm. Zori Balayan 1957-ci ildə orta məktəbi, 1963-cü ildə Rusiya Federasiyasının Ryazan şəhərində tibb institutunu bitirmişdir.1963-1973-cü illərdə Kamçatkada həkim (bəzi məlumatlara görə feldşer) işləmişdir. Yuxarıda sadalanan kruizlər heçdən peyda olmamışlar, belə ki, Balayanın bu sahədə təcrübəsi var idi, 1967-1970-ci illərdə o, özünün düzəltdiyi qayıqla Asiya və Avropanın sularında 32 min kilometr məsafə qət etmişdi. 1974-cü ildə Balayan Yerevana köçmüşdür. 1975-ci ildən “Literaturnaya qazeta”nın xüsusi müxbiri işləməyə başlamışdır. SSRİ-nin bir nömrəli ədəbiyyat qəzetində bütün çıxışlarında açıq, yaxud dolayı yollarla millətçilik nümumələri ortaya qoymuşdur. 1986-cı ildə “Ocaq” kitabını yazdıqdan sonra bütün SSRİ-nin ən qatı millətçisi, Qarabağ məsələsinin də bir nömrəli ideoloqu kimi gündəmə gəlmişdir.
Zori Balayan yerindən söz atdı:
-Xahiş edirəm tarixi saxtalaşdırmayasınız, “Ocaq” 1986-da yox, 1981-də işıq üzü görüb. Mənim mübarizəmin qoca ömrünü bu qədər cavanlaşdırmaq yolverilməzdir.
Diktor onun susmasını gözləyib davam etdi:
-Mənbələrdə tarixlər müxtəlif götürülür. Olsun 1981. 1989-cu ildə Balayan Dağlıq Qarabağın Milli Şurasının, ardınca SSRİ-nin və tanınmamış Dağlıq Qarabağ Respublikasının deputatı olmuşdur. Əminəm ki, bu tarixə Balayanın bir iradı olmaz. Balayanın millətçiliyinin ən bariz nümunəsi isə onun ixtiyar yaşında əyninə hərbi forma geyinib, əlinə silah götürüb azərbaycanlılara qarşı Qarabağ müharibəsində iştirak etməsidir. Hazırda 85 yaşlı Balayan gənclərin millətçi ruhda tərbiyə olunması qeydinə ara-sıra keçirdiyi görüşləri, seminarları ilə qalır, beynəlxalq səviyyədə isə Baykal hərəkatı adlı Beynəlxalq ekoloji təşkilata həmsədrlik edir.
Baş Hakim söz götürdü:
-Zori Balayanın siyası baxışları barədə ayrıca danışmaq zəruridir. Mən proses öncəsi çox faktlar incələmişəm. Bu şəxs özünü ümumerməni milli hərəkatının ilk lideri İsrayil Oriyə də bənzədib, qanlar tökən Dro, Njde, Andronik kimi quldurların davamçısı da adlandırıb. Qanına kimi millətçiliyə susamış bir şəxs olaraq, məncə onun bioloji, psixoloji cəhətdən, hətta lap deyərdim, antropoloji cəhətdən öyrənilməsi gözəl olardı.
Zori Balayan onsuz da qıyıq olan gözlərini bir az da qıyıb “Mən bununla fəxr edirəm” deyə yerindən qışqırdı. Baş Hakimdən icazə alıb müttəhimə sual vermək istədiyini bəyan edən yaşlı hakim Balayandan soruşdu:
-Cənab Balayan, sizin adınızı eşidib simanızı ilk dəfə gördüyüm uzaq 80-ci illərdən üzübəri bütün bu illərdə məni bir sual düşündürüb. Siz rəsmən Qayk və Qoer Balayanların övladısınız. Amma məncə, sizdə nəsə bir türk izləri var. Soyadınız ilk prosesdə qeyd etmişdik, türk sözündən götürülüb. Altay türkləri sayaq gözləriniz qıyıqdır. Hətta antropoloji cəhətdən siz haydan daha çox türkə bənzəyirsiniz. Məsələn, hətta dədə-babalarınızın türklərə heç bir aidiyyatı olmamasını sübut etsəniz belə, mən belə bir versiya söyləyə bilərəm: Bəlkə, siz hansısa bir türk kişisinin qeyri-qanuni övladısınız, sonradan həmin kişi sizin ananızı atıb sizə yiyə durmayıb deyə türklərə bu cür düşmən kəsilmisiniz?
Zori Balayanın müttəhimlər kürsüsündən atılıb Divan kürsüsünə şığıması hamı üçün çox gözlənilməz oldu, hətta o yaşlı Divan hakiminin xirtdəyinə əl atmağa belə macal tapdi, amma bu an özlərinə gəlmiş mühafizəçilər onu tutub saxlamağa müvəffəq oldular, ağzından köpük axıda-axıda söyüş yağdıran Balayanın əllərini qandallamaq və bir müddətlik ağzını dəsmalla bağlamaqla səsini almaq zərurəti yarandı.
Baş Hakim gərginlik içində olan Divan üzvlərini və tamaşaçıları incə yumorla sakitləşdirdi:
-Ocağı yandıranda onun tüstüsündən gözünün yaşarmasının, uqarından boğulmağının təhlükəsini də göz önünə almalısan. Qeyri-adi hal olduğu qədər də adi hal idi, gəlin boş verib prosesimizi davam etdirək. Beləliklə, ekspertlərimizdən xahiş edirəm ki, müttəhimin siyasi fəaliyyəti barədə arayış təqdim etsinlər.
Ekspertlərin rəhbəri özü kürsüyə şıxdı, tamaşaçıları salamladı, söylədi ki, son prosesdə qərara alıb ki, yenidən kürsüyə çıxsın, xalq öz qəhrəmanını tanısın.
Onun zarafatyana dediyi sözlər auditoriyaya bir yüngüllük gətirdi. Və o, simalara qonan təbəssümü sezib mətni oxumağa başladı:
-Zori Balayanı dünyaya tanıdan onun “Ocaq” kitabı olub. Buna kimi qayıq kruizi, “Litqazeta”dakı fəaliyyəti ilə o, öz millətçilik ambisiyalarını ortaya qoymuşdu, bu kitab isə onun millətçi xislətinin apogeyi oldu. Kitab esselər toplusudur, burada Dağlıq Qarabağın tarixən erməni torpaqları olması uzun-uzadı araşdırılır, hətta müəllif daha dərinə gedərək Azərbaycanın digər bir muxtar qurumu olan Naxçıvanın da erməni torpaqları olması iddiasında bulunub. O yazır: ”Mən Araz çayının sahilində günəşin doğmasına tamaşa etdim, erməni çayı ilə ermənicə danışdım”. Nəzərə alaq ki, əsər 1981-ci ildə işıq üzü görmüşdü, o dövrdə SSRİ-də millətlərarası heç bir münaqişə görünmürdü, hamı üzdə dost-mehriban yaşamaqdaydı, Dağlıq Qarabağ və Naxçıvan Azərbaycanın tərkibinə daxil idi. Dağlıq Qarabağda erməni əhali üstünlük təşkil etdiyindən hələ nə cürsə Balayanın yazdıqları inandırıcı görünə bilərdi, amma Naxçıvanda əhali tam azərbaycanlılardan ibarət idi, Balayanın “erməni çayı” adlandırdığı Araz çayı isə Azərbaycanın qürur rəmziydi, həm də vətəndaş poeziyada Şimalı Azərbaycanla Cənubi Azərbaycanı ayıran bir nisgil mənbəyi idi. “Ocaq”da müəllif açıq-aşkar türkləri və onların qan qardaşı azərbaycanlıları Rusiyanın və Ermənistanın düşməni adlandırırdı, həqiqətən o dövrdə belə cəsarət sərgiləmək mümkünsüz kimi görünürdü. Azərbaycana bu kitabın sorağı xeyli gec - 1986-cı ildə gəlmiş, kitab barədə kosmopolit partiya rəhbərliyi sussa belə ziyalıların mövqeyi sərt olmuş, onlar periodik mətbuatda yazılar yazmışdılar. Amma bu zəif müqavimət arxasında tək SSRİ rəhbərliyində təmsil olunan şəxslərin, tək ermənilərin deyil, həm də dünyanın maliyyə baxımdan güc yiyəsi olan erməni diasporunun dayandığı “Ocaq” üçün təsirsiz ötüşmüşdü, əsər yüz minlərlə erməni gəncinin şüurunda bir antitürkçülük izi qoymuşdur. Bu kitabdan sonra Balayan Qarabağ hərəkatının liderlərindən birinə çevrilmiş, tərcümeyi-halında qeyd edilən kürsülərə yiyələnmişdir. Onun qatı millətçi erməni şairəsi Silva Kaputikyanla SSRİ rəhbəri Mixail Qorbaçovla görüşmələri, Qarabağ məsələsinin həll edilməsini ondan xahiş etmələri ermənilər üçün fədakarlıq nümunəsi sayılırdı. O dövrdə türklərlə və azərbaycanlarla düşmənçiliyi yalnız bu xalqların ermənilərə qarşı törətdikləri qətliamlara, ərazi mənimsəmələrinə görə qınayan Balayanın 2000-ci ildə qərb mətbuatına verdiyi müsahibədə türklərin bütün bəşəriyyət üçün təhlükə mənbəyi olmasını dilə gətirməsini də qeyd etməyi zəruri sanırıq. Buna səbəb kimi isə Balayan İstanbulda futbol matçı zamanı iki britaniyalı azarkeşin öldürülməsini göstərirdi.
Ekspert çıxışını bitirəndə gənc hakim yerindən söz atdı:
-Minlərlə insanın bilərəkdən qanını töküb özlərini bəşəriyyət üçün təhlükə mənbəyi hesab etmirlər, ancaq futbol fanatlarının toqquşması zamanı iki nəfərin qəsdən olmayaraq öldürülməsini bunlar bəşəriyyət üçün təhlükə mənbəyi hesab edirlər.
Baş Hakim gənc hakimin fikirləri ilə şərik olduğunu başını razılıq əlaməti olaraq yelləməsi ilə bildirdi, ardınca artıq sakitləşib prosesi izləyən Balayanın ağzını açmağı xahiş etdi, bu təmin olunanda ona belə bir sual ünvanladı:
-Cənab Balayan, mənim də içimdə sizə ünvanlanacaq bir sual var, çox istəyirəm səmimi cavabınızı alım. Hardandır sizdə türklərə qarşı bu qədər nifrət? Biz hələ ki, sizi zərərli ideologiya yayan şəxs kimi ittiham etməkdəyik, bu ideologiya türklərin fiziki məhvinə çağırışa aparıb çıxaran cinayətdən ibarətdir. Hardandır bu qədər nifrət?
Zori Balayan əlinin qandallanması və ağzının bağlanmasının insanlığa zidd olması barədə bir xeyli danışdıqdan sonra hakimin sualını cavablandırdı:
-1919-cu ilin oktyabrında türklərin mənim xalqıma qarşı törətdikləri zülmə və rəzalətə cavab olaraq "Daşnaksütun” partiyası İrəvanda keçirdiyi IX qurultayında “Nemezis əməliyyatı” adı altında türklərə qarşı intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdi. Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Bax həmin qruplarda mənim nəslimdən olan şəxslər də yer almışdı. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksütun” partiyasının “Nemezis” terror hərəkatının hədəfinə çevrilmişdilər. Bəzilərini burada fəxrlə sadalamaq istəyirəm:
1920-ci il. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri Fətəli xan Xoyski Tiflis şəhərində bizim fədai Aram Yerkanyan tərəfindən qətlə yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Həsən bəy Ağayev Tiflis şəhərində bizim qrup tərəfindən qətlə yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli Tiflis şəhərində yenə də bizim qrup tərəfindən qətlə yetirilmişdir.
1921-ci il. Osmanlı imperiyasının Daxili işlər naziri Tələt paşa Berlində bizim fədailər tərəfindən qətlə yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir Türkiyənin İstanbul şəhərində fədaimiz Misak Torlakyan tərəfindən qətlə yetirilmişdir.
1922-ci il. Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri, Osmanlı ordusunun Suriyadakı 4-cü ordusunun baş komandanı Camal paşa və onun müavini qəhrəman Petros Ter-Poqosyan və Artaşes Gevorkyan tərəfindən Tiflis şəhərində qətlə yetirilmişlər. Osmanlı imperiyasının Hərbi naziri Ənvər paşa Əfqanıstan yaxınlığında yenə də bizim fədailər tərəfindən qətlə yetirilmişdir.
Uşaqlıqdan bu şərəfli tarixçəni mənə babalarım, atam, əmi və dayılarım danışmışlar, erməniyə diş qıcayanın dişinin ovulmasının zəruri olmasını mənə aşılamışlar. Genosidə məruz qalan xalqımın xiılaskarı olmaq, türk qanı tökmək mənim həyat amalım olmuşdur. Uşaqkən ayağıyalın Stepanakert küçələrində tay-tuşlarımla qaçarkən, oynayarkən onlara təkliflər də edirdim ki, gəlin Şuşaya gedib ordakı mənfur türkləri döyək.
Zori Balayanın çıxışından sonra Baş Hakim sözü şahidə vermək istədiyini dilə gətirdi:
-Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri olmuş, hazırda təqaüddə olan və Ukraynada yaşayan polkovnik Vladimir Lebedev, o polkovnik ki, bizim Divanımızda Sumqayıt hadisələri ilə bağlı ittiham olunan Qriqoryan barədə şahid ifadələri vermişdi, Zori Balayan barədə də çox qiymətli bilgilərə malikdir. Odur ki, Divan sözü hörmətli Vladimir Lebedevə verir.
Vladimir Lebedeb kürsüyə çıxıb eynəyini taxaraq əlindəki konspektinə göz gəzdirdi, amma sonra onu cibinə qoyaraq konspektsiz danışmağa başladı:
-İstədim geniş şəkildə oxuyum, amma yox, qoy elə yaddaşımdakıları qısaca izhar edim. Demək, SSRİ-nin perestroyka deyilən vaxtında Zori Balayanın adı olduqca tez-tez eşidilirdi. O, deyildiyi kimi “Literaturnaya qazeta”nın Ermənistan üzrə xüsusi müxbiri işləyirdi. Az-çox yazıçılıqla da məşğul idi. Qatı millətçi, şovinist, türklərə, azərbaycanlılara nifrət bəsləyən, faşist ideologiyasına qulluq edən yaramazın birisi idi.
Zori Balayan yerindən Lebedevi ədəbli danışmağa çağırdı, Lebedev isə ona “Mənim sizin haqqınızda dediyim ədəbin ən yüksək formasıdır, çünki siz daha qaba və vulqar sözlərə layiqsiniz” cümləsi ilə cavab verib tamaşaçıların alqışlarını qazandı. Sonrasa çıxışını davam etdirdi:
- Onun “Ocaq” kitabı özünün təşəbbüsü ilə yazılmayıb. 1980-ci illərin əvvəllərində xarici kəşfiyyat orqanları (bu, o orqanlardır ki, orada çoxlu erməni millətindən olan nümayəndələr çalışırdı) Sovetlər birliyində, öncə Ermənistanda öz qatı millətçiliyi və şovinistliyi ilə tanınan qələm sahibləri üzərində araşdırmalar aparandan sonra Balayanın üstündə dayanıblar. Onu ABŞ-a dəvət ediblər, Mərkəzi Kəşfiyyat İdarəsində çalışan ermənilər onunla görüşlər aparıb. “Ocaq” kitabının əsas konturlarını məhz o insanlar cızıb Balayanın qarşısına qoyublar və ona xeyir-dua veriblər. Kitab hazır olandan sonra onu komitetçilər redaktə ediblər, ona əlavələr ediblər və ABŞ-da rus dilində çap eləyiblər. Bundan sonra Balayan tez-tez xaricdə erməni lobbisinin qonağı olub. Bu kitab fasilələrlə 4 dəfə çap edilib, bütün dünya ictimaiyyətinə çatdırılıb. Dağlıq Qarabağ məsələsi alovlananda hər bir erməni məhz Zori Balayana istinad edib. Zori Balayanın geniş əl-qol açmasında, Dağlıq Qarabağ məsələsində millətinin ideoloji liderinə çevrilməsində onun SSRİ prezidenti Mixail Qorbaçovdan aldığı kart-blanş da böyük önəm daşıyırdı. Beləcə, o, Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi kimi on minlərlə insanın qanını tökmüş bir layihənin baş ideoloquna çevrilib.
Lebedev çıxışını bitirib Balayana qarşı qəzəbli bir baxış sərgiləyərək yerinə qayıtdı. Növbəti söz ekspertlərə verildi. Baş Hakim ekspertlərdən yenicə səslənən “Mixail Qorbaçovun erməni simpatiyası” fikrinə aydınlıq gətirilməsini xahiş etdi. Ekspertlərin sözügedən sənədi üzə çıxarması xeyli vaxt çəkdi. Bundan istifadə edib Zori Balayan öz kitabını çıxarıb uca səslə ordan bir səhifə açıb oxumağa başladı. O, Ermənistanın “qədim tarixini” vəsf etdi.
Nəhayət, sözügedən arayış hazır oldu, ekspertin gur səsi Zori Balayanın səsini batırdı:
-Mixail Qorbaçov Kremlə SSRİ-nin sonuncu baş katibi kimi hakimiyyətə gətiriləndə və SSRİ-nin sosializmdən kapitalizmə keçidi məsələsi tam çılpaqlığı ilə gündəmə gələndə SSRİ-nin Siyasi Büro üzvləri iki yerə bölünmüşdü. SSRİ-nin qorunması, milli respublikaların torpaqlarının toxunulmazlığı haqqında çıxış edən birinci qrupa Mərkəzi Komitənin katibi Y. Liqaçov rəhbərlik edirdi. Qorbaçovun “yenidənqurma” siyasətinin baş memarı sayılan, Mərkəzi Komitənin katibi A.Yakovlev isə ikinci qrupa rəhbərlik edirdi ki, Qorbaçov da, şübhəsiz məhz bu ikinci qrupu müdafiə edirdi. Qorbaşovun ətrafı isə sözün həqiqi mənasında ermənilərlə əhatə olunmuşdu. Divanda prosesini izlədiyiniz akademik Aqanbekyandan savayı, burada Şahnazarov, Sitaryan var idi, Qorbaçovun perestroykasının yaşıl işıq yandırdığı dissidentlər hərəkatının başında duran akademik Saxarov var idi ki, onun da həyat yoldaşı erməni idi. Və daha önəmlisi o idi ki, Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovanın bir tərəfinin erməni olması idi. Bu şəxslərin Qorbaçova təsiri və təzyiqi böyük idi. Raisa Qorbaçova həyat yoldaşı ilə Fransada rəsmi səfərdə olarkən erməni icması ilə görüşmüş, onlara Dağlıq Qarabağla bağlı vədlər vermişdi. Amerikada, Fransada bu sayaq vədlərinə görə erməni oliqarxları tərəfindən Raisaya bahalı zinyət əşyaları da hədiyyə olunmuşdu. Bu haqda SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ovaxtkı sədrinin birinci müavini Bobkov da məlumatlı olubmuş, hətta məsələyə “Mən hər şeyi həll etməyə səlahiyyətli deyiləm. Raisanın Mixail Sergeyeviçə təsiri böyükdür” şəklində reaksiyası da məlumdur.
Baş Hakim ekspertə minnətdarlıq bildirib erməni müdafiəçilərin Raisa və Mixail Qorbaçovlardan Divanın ermənilərin xeyrinə söz almaları barədə növbəti vəsadətini rədd etdi, çox vacib bir məqama aydınlıq gətirilməsini xahiş etdi:
-Biz Divanın əvvəlki proseslərində erməni-türk münaqişəsinin bütün dövrlərinə işıq tutduq. Qriqoryanın, Aqanbekyanla Mento Melkonyanın prosesində müasir mərhələdən də söz açdıq, Xocalı faciəsinə toxunduq. Mən indi ekspertlərdən xahiş edərdim ki, SSRİ dönəmində Dağlıq Qarabağ məsələsinin tarixçəsini xronoloji ardıcıllıqla, çox qısa çəkildə anlatsınlar.
Ekspertlər sənədləri hazırlayarkən Zori Balayan kitabını çıxarıb oxumağına davam etdi. Deməzsənmiş, “bəşər mədəniyyətinin beşiyi qədim hayların vətəni imiş”...
Arayış hazır olan kimi ekspertlər onu səsləndirib yenidən Balayanın səsini kəsdilər:
- Ermənistanın Dağlıq Qarabağın birləşdirilməsi ilə bağlı ilk müraciəti 1945-ci ilə təsadüf edir. Ermənistan Kommunist Partiyasının rəhbəri Q.Arutyunov 1945-ci ilin noyabrında SSRİ-nin rəhbəri İosif Stalinə məktubla müraciət edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Qarabağ vilayəti kimi Ermənistanın tərkibinə daxil edilməsi məsələsini qaldırıb. Stalinin tapşırığı ilə dövlət səlahiyyətlisi Malenkov Azərbaycan Kommunist Partiyasının rəhbəri M.C.Bağırova Arutyunovun təklifi ilə bağlı sorğu göndərib. Bağırov ərazi mübadiləsi təklif edib: əsasən azərbaycanlıların yaşadıqları Şuşa rayonu istisna olunmaqla Dağlıq Qarabağın qalan ərazisi Ermənistana keçsin, əvəzində Ermənistanın Azərbaycana bitişik və əsasən azərbaycanlıların yaşadıqları üç rayonu Azərbaycana keçsin. Ermənilər razılaşmayıblar və qərar təxirə salınıb.
1948-49-cu illərdə erməni repatriantların Ermənistana qayıtması bəhanəsi ilə Ermənistan SSR rəhbərliyi azərbaycanlıların Ermənistan SSR ərazilərindən kütləvi surətdə köçürülməsinə başlayıb. Cəmi 200 mindən çox azərbaycanlı köçürülüb.
1963-cü ildə o vatkı SSRİ rəhbəri Xruşşova 2500 Qarabağ ermənisinin imzası ilə petisiya ünvanlanıb. Qarabağda iğtişaşlar nəticəsində 18 nəfər xəsarət alıb. Yaranmış gərginlik 70-ci illərin əvvəllərinə qədər davam edib.
1981-ci ildə Zori Balayanın antitürk "Ocaq" kitabı işıq üzü görərək münaqişəni yenidən alovlandırıb.
Zori Balayan yerindən “Mən fəxr edirəm” deyə replika atdı. Yerbəyerdən hiddət sədaları ucaldı.
Ekspert çıxışına davam etdi:
-1987-ci ilin avqustuda 75.000 Qarabağ ermənisinin adından Qorbaçova vilayətin Ermənistana birləşdirilməsi haqqında petisiya ünvanlanıb. Ermənistan Elmlər Akademiyası da dövlət başçısına bu xahişlə müraciət edib. Sentyabrda Zori Balayan, oktyabrda isə SSRİ-nin rəhbərlərindən olmuş Anastas Mikoyanın oğlu Sergey Mikoyan xarici mətbuatda Qarabağ mövzusunda çıxış ediblər.
1987-ci ilin 17-18 oktyabrında Yerevanda Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı ilk mitinqlər təşəkkül tapıb. Qorbaçovun müşaviri Abel Aqanbeqyanın Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə verilməsinin məqsədəuyğunluğu haqqında Parisdə bəyanat verməsi bu mitinqlərin əsas ilhamvericisi olub.
1987-ci ilin noyabrında Ermənistandan qovulan ilk azərbaycanlı qaçqınlar peyda olublar.
1988-ci ilin əvvəllərində Ermənistanın Qafan rayonunda kütləvi toqquşma və iğtişaşlar baş verib.
1988-ci ilin 25 yanvarı minlərlə azərbaycanlının Ermənistandan Azərbaycana qaçmağa məcbur olması tarixidir.
Zori Balayan yerindən söz atdı:
-Yalandır. Onlar özləri yadelli kimi bizim torpaqlarda qalmaqdansa öz vətənlərinə qayıdıblar. Onlara heç bir erməni gözün üstündə qaşın var deməyib.
Bu zaman özünü saxlaya bilməyən yaşlı hakim Baş Hakimdən icazə alıb Balayana cavab verməli oldu:
-Hörmətli Divan tamaşaçıları, mən Ermənistanın “Epress” saytından 1988-ci ilin noyabrında erməni quldur dəstələrinin Quqark rayonunda azərbaycanlıların kütləvi qətlə yetirilmələri barədə dərc edilmiş materialı oxuyum sizə. Həmin material jurnalist Mane Papyanın qələmindən çıxıb. O yazır: “1988-ci ildə Quqark rayonunda baş vermiş hadisələr hamını şoka saldı. Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general Usik Arutunyanın bildirdiyinə görə, 1988-1989-cu illərdə Ermənistanda 25 azərbaycanlı milli münaqişə zəminində ermənilər tərəfindən öldürülüb və onlardan 11-i birbaşa Quqark rayonunda həlak olub. Şaumyan sakini Stepan Ayvazyanın bildirdiyinə görə, kənddə qalmış azərbaycanlılar Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürülüb, yandırılıb. Meyitlərin yandırılmasında aydın bir məqsəd olub – ölənlərin tanınmaması. Məktəbin direktor müavini Rima Sarqsyan xatırlayıb ki, azərbaycanlılardan biri qaçıb məktəbə giribmiş, ermənilər onu da tutaraq yandırmışlar”
Sonra üzünü Balayana tutdu:
-Sizi qane etdi?
Balayan saymazyana cavab vermədi. Belədə ekspert çıxışını davam etdirdi:
-20 fevral - Stepanakertdə DQMV Xalq Deputatları Sovetinin sessiyası keçirildi. Azərbaycan SSR, Ermənistan SSR və SSRİ Ali Sovetlərinə DQMV-nin Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşdirilməsinə icazə verilməsi xahişilə müraciət qəbul edildi.
22 fevral - DQMV ərazisində ermənilərin Əsgəran yaşayış məntəqəsinin yaxınlığında "həddini aşmış ermənilər arasında qayda-qanun yaratmaq" üçün Ağdamdan Stepanakertə yollanmış çoxsaylı azərbaycanlılarla onların yolunda qoyulmuş milis-qoşun dəstələri və yerli əhali arasında odlu silahdan istifadə olunmaqla toqquşmalar baş verdi. Toqquşmalar nəticəsində 2 azərbaycanlı həlak oldu, 50 nəfər bədən xəsarəti aldı.
23 fevral - Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların sayı 4.000 nəfərə çatdı.
26 fevral - Sumqayıtda Lenin adına mərkəzi meydanda Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçovun Dağlıq Qarabağ və onun ətrafındakı hadisələrlə əlaqədar Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciətinə münasibət bildirməkçün, eləcə də Sumqayıta gəlmiş ermənistanlı qaçqınlara görə azsaylı mitinq keçirildi.
26 fevral axşamı - Azərbaycan KP MK birinci katibi Kamran Bağırov və hökumət sədri Həsən Seyidov Sumqayıta gəldilər. Onlar axşam Kimyaçılar klubunda şəhər sakinləri ilə, qaçqınlarla görüşdü. Kəskin suallar və ittihamlar səsləndiriləndə respublika liderləri arxa qapıdan qaçaraq Bakıya qayıtdılar.
27 fevral axşamı – Sumqayıtda təxribatçı qüvvələrin əlləri ilə erməni əhaliyə qarşı hüquqazidd hərəkətlərə star verildi.
28 fevral axşamı - Bakıdan Sumqayıta Sov.İKP MK təşkilat- partiya işi şöbəsinin müdir müavini Q.Xarçenko və SSRİ DTK sədrinin birinci müavini, ordu generalı F.Bobkov gəldi.
29 fevral - Sumqayıta təyyarələrlə SSRİ DİN daxili qoşunlar alayı yeridildi və Bakı ümumqoşun məktəbinin kursantları gətirildi. Qoşun yeridilməsinə baxmayaraq, bəzi rayonlarda qətl və talanlar davam edirdi, çünki qoşunların döyüş sursatı yox idi və talançılara qarşı güc və silah tətbiq etmək əmri verilməmişdi. Zərərçəkənlərin müdaxilə çağırışlarına zabitlər və əsgərlər cavab vermirdi.
29 fevral - Sov.İKP MK Siyasi Bürosunun Sumqayıt hadisələri ilə bağlı iclası keçirildi. Sumqayıtda komendant saatı tətbiq olundu.
Bu yerdə Baş Hakim ekspertə müraciət etdi:
-Məncə kifayətdir, elə Sumqayıt hadisələri də, sonrakı hadisələr də Divanın ayrı-ayrı proseslərində öz əksini tapdı, öz qiymətini aldı. Mən daha bir şahidə söz verilməsinin tərəfdarıyam. 1983-1988-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə şöbəsinin rəhbəri olmuş general-mayor Georgi Septa Divanımızda şahid qismində iştirak edir. Onun xanımı Larisa Septa da buradadır, o vaxt Larisa xanım Xankəndidəki Pedoqoji İnstitutda müəllim işləyirmiş, onun da deməyə sözü var. Buyursunlar kürsüyə.
Tribunaya general libasında yaşlı kişi və onun xoşsimalı ağbirçək həyat yoldaşı çıxdı. İlk olaraq qadın danışdı:
-Xatırlayıram, bir dəfə mənim tələbələrim Zori Balayanın “Ocaq” kitabını mənə gətirmişdilər. Demişdilər ki, Larisa Alekseyevna, oxuyun, çox gözəl kitabdır. Apardım evə. Georgi İvanoviç kitabı məndən alıb bütün gecəni oxudu. Səhər isə tələsik kitabı götürüb Bakıya getdi ki, Zori Balayanın “əməyinin” təhlükəsi barədə öz rəhbərliyinə məlumat versin.
Sonra üzünü həyat yoldaşına tutdu:
-Xatirindədir də yəqin, Georgi İvanoviç. Amma çox təəssüf ki, vaxtında SSRİ rəhbərliyi bu zərərli kitaba heç bir reaksiya vermədi. Bilirsiniz, nə xatirimdədir? Mixail Qorbaçov hakimiyyətə gələndə institutda oxuyan erməni qızlar çox sevinirdi. Qızlar deyirdi ki, bizim ermənilər əvvəlki SSRİ rəhbərləri Stalin, Xruşşov və Brejnevdən Qarabağı istəyiblər, lakin heç biri razılaşmayıb. Amma Qorbaçov ABŞ səfərində Qarabağı ermənilərə verməyə söz verib, çünki Amerikadakı erməni diasporu orada Raisa Qorbaçovaya bahalı brilyant hədiyyələr veribmiş.
Qadın azacıq susub əlavə etdi:
-Bu hadisələr başlayanda nə isə tədbir görmək gec idi, çünki vilayətdə ermənilər vəhşiləşmişdilər. Hiss edirdilər ki, arxalarında Raisa Qorbaçova durur. O, qadın öz üzərinə böyük günah götürdü. Bu məsələyə, ümumiyyətlə, toxunmaq lazım deyildi. Nə qədər qan töküldü.
Qadın ah çəkib susdu, baxışları ilə həyat yoldaşına sanki “buyur danış” söylədi.
Georgi Septa generallara xas təmkinlə danışmağa başladı:
-Münaqişə yeni başlayanda İrəvana erməni millətçilərinin lideri sayılan bax bu Zori Balayanla görüşə getmişdim. Açıq danışacam: vilayətdə əsas araqatan məhz Zori Balayan idi. Mənimlə görüşdə dedi ki, "dənizdən dənizə" Ermənistanın yaranmasını istəyir və Bakını erməni şəhəri sayır. O, psixi xəstədir. Onlarda "Böyük Ermənistan" xəstəliyi var.
Zori Balayan Georgi Spartaya etirazını bildirdi, “Xəstə sənsən, mənsə bir xalqın lideriyəm” atmacasını atdı. Amma general təmkinini pozmadı, nitqinə davam etdi:
-Mən bu yaşa çatmışam, keçdiyim həyat yolu mənə təlqin edib ki, dünyada ən böyük xəstəlik xərçəng deyil, millətçilikdir. Xərçəng xəstənin tək özünün içini yeyir, yoluxucu deyil. Millətçilikdə isə həm xəstənin öz içi didilib dağılır, həm də onun yoluxdurduğu milyonlarla insanın.
Auditoriya bu mükəmməl izaha görə natiqi alqışlara bürüdü. O, sakitlik bərqərar olandan sonra çıxışını davam etdirdi:
-Mən dəfələrlə məsələni qaldırmışam, insanlığa, millətlərarası münasibətlərə təhlükə yarandığını vaxtında demişəm, vicdanım təmizdir. Məni ümumiyyətlə nə Azərbaycan DTK-sında, nə də SSRİ DTK-sında anlamaq istəmirdilər. Onlar özlərini elə göstərirdilər ki, guya hər şeyi nəzərə alırlar, amma iş bundan o tərəfə getmirdi. Mən isə öz məruzə və qeydlərimi göndərməkdə davam edirdim ki, bəs, qərar qəbul eləmək lazımdır. Heç kim də qərar qəbul etmirdi. Yara partlayandan sonra isə Moskva Qarabağa Sov İKP MK-nın Siyasi Bürosunun üzvü Pyotr Nikolayeviç Demiçevi göndərdi. O isə Stepanakertdə azğınlaşmış kütlənin qarşısında giclədi ki, “İki qardaş müsəlman xalqın - ermənilərin və azərbaycanlıların öz aralarında nəyi bölə bilmədiklərini heç cür anlaya bilmirəm”. Çox təəssüf ki, milli məsələyə bax bu cür səthi yanaşılırdı. Müharibə ocağına göndərilən diletant şəxs oradakı konfliktdə olan xalqların dini mənsubiyyətini belə bilmirdi.
Natiq üzünü Baş Hakimə tutdu:
-Mən Divandan insanlıq üçün ən böyük fəlakət sayılan Zori Balayanın ən ağır cəza ilə cəzalandırılmasını xahiş edirəm.
Auditoriya Georgi Septanı və onun həyat yoldaşını alqış sədaları ilə yerlərinə yola saldı. Zori Balayanın “Sən necə xristiansan ki, müsəlman kimi danışırsan? Gərək elə o vaxt görüşəndə gülləni çaxaydım başına” sözlərini isə publika fitə basmaqla qarşıladı.
Baş Hakim qısa fasilə təyin etdi, tamaşaçılar kofe-breyk ərazisinə keçdilər, hakimlər özləri qəhvə içdilər, gənc hakim Baş hakimə proseslərdə hakimin psixoloji hazırlığı barədə suallar ünvanladı, Zori Balayan isə ona təklif olunan suyu əli ilə geri itələdi, stəkan ofisiantın əlindən yerə düşüb çilikləndi.
Zəng səsi prosesin bərpasını işarə edən kimi Baş Hakim söz götürdü:
- Mən indi bir cinayət işinə işıq salınmasını istəyirəm. İş ondadır ki, çoxsaylı cinayətlərdə ideoloji lider kimi adı keçən Zori Balayan konkret terrorçu kimi də cinayət törədib, hətta bu şəxs İnterpol xətti ilə axtarışda da olub.
Auditoriya tam çaşqınlığa büründü. Necə yəni, yazıçı ideoloji lider ola bilər, onun antihumanist çağırışlarını belə, millətçiliyinin tüğyan etməsi səbəbindən nə cürsə izah etmək mümkündür, hətta onun döyüşçü kimi müharibədə iştirakını da harayasa yozmaq olar, amma aşkar terrorçuluğu? Bax budur erməni ziyalısının əsl xisləti.
Baş Hakimin söylədiyi proses barədə danışmaq üçün kürsüyə hüquqşünas dəvət olundu, o, əlindəki qovluğu nümayiş etdirib sonra işindəki bəzi kağızları çıxardı, oxumağa başladı:
-3 iyul 1994–cü ildə Bakı Metropolitenində tükürpədici bir terror hadisəsi törədilib, Gənclik və 28 May metrostansiyaları arasında baş vermiş partlayış nəticəsində 12 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Terror aktını törətməkdə təqsirli bilinən, Azərbaycanın ləzgilər yaşayan ərazilərində yaranmış separatçı Sadval təşkilatının üzvü Azər Aslanov həbs olunub. Məhkəmə zamanı müttəhim Aslanov bildirib ki, Qarabağ müharibəsinin iştirakçısı kimi erməni əsirliyində olub, əsirlik zamanı Zori Balayan onunla görüşüb və ona Bakı metropolitenində partlayış törətmək göstərişi verib. Aslanovun bu ifadəsi öz təsdiqini tapanda bununla əlaqədar olaraq Zori Balayana qarşı cinayət işinin açılmasına qərar verilib. 1999-cu ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol Balayanı xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa elan edib. Bundan sonra, Azərbaycan Baş Prokurorluğu MDB ölkələrinin aidiyyatı orqanlarına analoji təqdimatla müraciət edib. 2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi həbs edilib, lakin polis məntəqəsində 4 saat saxlandıqdan sonra ermənilərin canfəşanlığı sayəsində beynəlxlq havadarlarının təpkisi ilə sərbəst buraxılıb. Onun adı bundan sonra İnterpolun siyahısından da çıxardılıb.
Baş Hakim prosesin aktyorların ifası ilə davam etdiriləcəyini bildirdi, elan etdi ki, burada ayrıca Xocalı prosesi keçirilib, hamının qanını donduran həmin vəhşiliklər barədə müttəhimin nə yazması yəqin hamı üçün maraqlı olar. "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdilən soyqırım haqqında Zori Balayanın yazdıqları, xahiş etdi ki, bu səhnədən oxunulsun.
Bir kişi aktyor səhnəyə çıxıb intonasiya ilə sözügedən kitabdan bir hissəni oxumağa başladı:
-Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.
Tamaşaçılar arasından ucalan “lənət sənə”, “murdar”, “alçaq” nidaları o həddə şatdı ki, doğrudan da müttəhimin qamətinin büzüşdüyü, üzünü gizləmək çabaları aydın sezildi. Əlbəttə ki, tarixən belədir, bir vaxt bir şəraitdə yazdığı cümlələr sonda başqa şəraitdə adamın özünə qarşı kompromata çevrilir.
Baş Hakim prosesin bu yerində ssenarinin kulminasiya nöqtəsinin yetişdiyini söylədi, uşağın qətlə yetirilməsini qəhrəmanlıq hesab edən Zori Balayana meşədə körpə uşaq görüb ac olsa belə onu parçalayıb yeməyən canavar barədə bir pritça danışdı, dedi, əfsus ki, ən ali canlı sayılan insan adı daşısan belə, sən yırtıcı heyvandan belə yırtıcısan.
Sonra da prosesin son sənədinin səslənməsini istədi. Bu sənəd erməni millətçiliyinin kainatın ən saf, ən müqəddəs varlıqları sayılan körpələrə, uşaqlara yönəli qanlı cinayətlərinin bir hissəsini ortaya qoyacaqdı. Həmin sənədi də Baş ekspert özü səsləndirdi:
-Əlimizdəki minlərlə istintaq materiallarından, şahid ifadələrindən, tarixi sənədlərdən iqtibas etdiyimiz bu faktlar bir insan kimi mənim ürəyimi o qədər ağrıdıb ki, gecədən bəri altı tübik Karvalol içmişəm. Buyurun, siz də dinləyin. 1915-ci ildə insan qanına susamış erməni daşnaklar Osmanlı İmperiyasının Qars və Ərdahan yaşayış məntəqələrindəki əhalini qılıncdan keçirərkən kiçik yaşlı uşaqların bir qismi qaçaraq gizlənməyə nail olmuşdu. O zaman bu uşaqların toplanıb xilas edilməsi müzakirəyə çevrilmişdi. Azərbaycan mətbuatının "Yeni iqbal" qəzetində yazar Ömər Faiq Nemanzadə ürək ağrısı ilə yazırdı: "Ey həmiyyətli bakılılar, ey gəncəlilər, ağdaşlılar, şamaxılılar, şəkililər, üzümü sizə tutub yalvarıram. Hər biriniz 10-12 uşaq götürüb saxlayınız. Bir düşünün, sizin qucağınıza can atan balalar kimlərdir: ev-eşiyi viran olmuş, anası, atası boğazlanmış, 11-12 yaşlı bacısı aylarla vəhşi heyvanlarfın əlində qala-qala dəlilənib axırda tələf olmuş, bütün qohumu yox edilmiş, yarı canı qalmış öz millətinizin, türk millətinin balalarıdır". Bununla bağlı yazar Əhməd Cövdət isə "Açıq söz" qəzetində yazırdı: "Anadoludan ölüm sədaları gəlir. Anadoludan uşaqların ah-nalələri, iniltiləri eşidilir. İrz yox, namus yox. Balta, dəmir, tüfəng süngüsü ilə, daş-qaya ilə, qurğuşunlarla qırırlar. Canım, insan deyilmi bunlar?"
1918-ci ildə erməni silahlı quldurları Türkiyənin Katranlı kəndinə hücum edərək ətraf yaşayış məntəqələrinin əhalisini qılıncdan keçiriblər. Bu qanlı savaşda daşnaklar 1400 uşağı odda yandırıblar. 1918-ci il yanvar ayının 28-də Gəncənin Zağalı kəndində ermənilər 15 uşağı vəhşicəsinə qətlə yetiriblər. Həmin il Şamaxıda qırğınlar törədən daşnaklar 1277 uşağa işgəncə verərək öldürüblər. 1920-ci il yanvarın 6-da ermənilər Naxçıvanın Bılağ kəndində atəşə tutduqları yüzlərlə insanın arasında işgəncə ilə 25 uşağın həyatına son qoyublar. Elə həmin ilin müxtəlif aylarında öz yurdlarında yüzlərlə uşaq ermənilər tərəfindən min bir əzabla qətlə yetirilib. Təkcə Zəngəzurda güllələnən 7729 nəfərdən 2196-sı azyaşlı uşaq olub. Körpəni güllələmək, onu təndirə atmaq, yabaya, süngüyə keçirmək, şişə taxmaq, parça-parça edib quduzlara tullamaq ermənilərin adi məşğuliyyətinə çevrilib.
Rus fotoqraf Vladimir Sokolov uşaqların qətli ilə bağlı 1918-ci ildə Bakıda üç fotoşəkil çəkib. Onun yazdığına görə, gördüyü "mənzərə"lər ona ağır təsir etdiyindən şəkil çəkməyi başa çatdıra bilməyib. Birinci fotoşəkildə başında güllə, bədənində beş süngü yarası olan və sağ çiyninə qılınc yarası vurulmuş ananın qucağında körpə uzanıb. Ananın döşünü əmən körpənin ayağında süngü yarası var. İkinci şəkildə iri mismarla divara mıxlanmış iki-üç yaşlı uşaq təsviri var. Üçüncü şəkildə isə 13-14 yaşlı qızın meyiti həkk olunub. Onun cırılmış paltarları və qançırlardan zorlanaraq öldürüldüyü görünür.
70 ildən sonra erməni millətçiliyi öz qanlı əməliyyatlarını daha azğınlıqla davam etdirib. Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin istintaq materiallarında göstərilib ki, 1988-ci ildə azərbaycanlılar öz dədə-baba yerlərindən zorla qovulduqda 216 nəfər qətlə yetirilib. Həlak olanların arasında 23 uşağın olduğu bildirilir. 1988-ci ildə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması həyata keçirilərkən yüzlərlə insan dağları, dərələri keçərək şaxtalı, qarlı günlərdə uçqunlara düşüb, körpələr amansız şaxtaya, qurd-quşa yem olub.
Bəzi tükürpədici faktları da konkret olaraq sadalayacağıq. 1988-ci il dekabrın 5-də Spitak şəhərində 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq borunu hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan tullayaraq uşaqları qətlə yetiriblər. Elə həmin ilin noyabrında Quqark rayonunda da bu cür hadisə həyata keçirilib. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblar. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açıb dəhşətə gəliblər.
Ümumiyyətlə, 1988-ci ilin noyabrında ermənilərin Spitak rayonunda qətlə yetirdikləri 216 nəfərdən 57-si qadın, 5-i südəmər körpə, 18-i müxtəlif yaşlı uşaqlar olub. Basarkeçər rayonunun Şişqaya kəndində 4 yaşlı Elvin Məmmədovu, yaşı tamamlanmamış Elçin Bəhramoğlunu, 11 yaşlı Şahin Balacayevi ermənilər vəhşicəsinə qətlə yetiriblər.
Azərbaycanın elə bölgələri var ki, orada Qarabağ müharibəsinin ilk şəhidləri məhz körpələr olub. Jurnalist M.Nərimanoğlunun "Dağların sinədağı" adlı kitabında qeyd olunub: "Kəlbəcərin şəhidlik qisməti ilk dəfə süd qoxulu 8 körpəyə düşdü. Ermənilərin qətlə yetirdiyi bu fidanların - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucovun (7 yaş) görən günahı nə idi? Onlar ermənilərə nə etmişdilər? Hansı kəndinə basqın edib, hansı "harsını"na güllə atmışdılar? Ağır döyüşlərdə, yerdən, göydən atılan atəşlərdən həlak olanlar arasında təsadüfən uşaqların olması mümkündür. Amma 1989-cu ildə Kərkicahanda öz bağlarında oynayan 11 yaşlı Nadir İbrahimovla 9 yaşlı Nicatın ermənilər tərəfindən güllələnməsi hansı insanlığa sığır? 1988-ci ildə Sevan şəhərində 22 nəfər azərbaycanlı uşağını su quyusuna ataraq boğmaqları bəs?”
1989-cu ildə Özbəkistanın Fərqanə vilayətində Məhsəti türklərinin başına gələn müsibətlə bağlı SSRİ-nin məşhur "Sovetskaya Rossiya" qəzetində bir yazı dərc edilmişdi. Ermənilər tərəfindən qızışdırılmış kütlə türklərə qarşı ağılagəlməz vəhşilik həyata keçiribmiş. İnsanlar diri-diri yandırılır, başları kəsilirdi. Həmin yazıda jurnalistə müsahibə verən ana öz zillətini belə dilə gətirmişdi: "Mənim uşağımı, balaca oğlumu quldurlar yabaya keçirib havaya qaldırdılar... Qızlarımızı zorladılar. Kəsilən başları payalara sancdılar".
Baş ekspert ürəyini ovuşduraraq mətni yarımçıq saxladı, onun xahişi ilə mətnin davamını başqa ekspert oxudu. Bu kiçik fasillədə auditoriya ah, of nidalarını yüksəldir, Zori Balayanı və tüm erməni millətçiliyini lənətləyirdi.
Tribunaya çıxan milliyyətcə macar ekspert “Biz macarlarıq, hunuq, Atillanın nəslindənik, türklərlə eyni soydanıq. Yer üzündə türklər qədər alicənab və mərd xalqmı var?” girişindən sonra mətnin davamını oxudu:
-1990-cı il yanvarın 19-u axşamı erməni quldurları Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə hücum etdilər. Onlar burada da ağlagəlməz vəhşətlər törətdilər. 6 yaşlı Elvin, 4 yaşlı Malik Nəsirzadə qardaşlarını da qətlə yetirdilər. Bir evin sevinci, bir ailənin ümidi olan iki günahsız körpə Sədərəyin ilk şəhidləri sırasında dayandı.
Xocalı soyqırımı əsrin faciəsi adlandırılır, ötən proseslərimizdən biri bu mövzudaydı. Xatırladıram ki, bu soyqırımında da 63 uşaq ermənilər tərəfindən qətlə yetirilib. David Xeyriyan adlı bir erməni müəllif "Xaç naminə" kitabında yazıb: "Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: "Qorxma, ürəkli keç. Bu hal müharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üstündən adlayıb bataqlığı keçdim. Çəkmələrim və şalvarımın balağı qana batmışdı".
Eçmiədzində ermənilərin azərbaycanlı qadın Roza Bəktaşini və onun iki körpə qızını çox dəhşətli şəkildə qətlə yetirmələri faktı da qeydə alınıb. Ermənilər onların hər üçünü çoxlu sayda ilanların olduğu xəndəyə atıb və xəndəyin kənarında dayanaraq ilanlar tərəfindən ananın və balalarının hansı əzablara, dəhşətlərə məruz qalmalarını, necə fəryadla can verməklərini seyr ediblər.
Adı prosesimizdə keçmiş erməni tarixçisi A.Lalayan öz quldurlarının tükürpədici əməllərindən bəhs edərək yazıb: "Daşnak dəstələri türk qadınlarının və uşaqlarının, qocaların və xəstələrin qarşısında maksimum cəsarət nümayiş etdirirdilər. Onlar insanları - öz qurbanlarını eybəcər hala salırdılar. Daşnak Vahramın "qoçaqlığı" isə daha dəhşətlidir: "Mən heç nəyi nəzərə almadan türkləri qırdım. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub üstünə ağır daşlar atasan. Belə də etdim. Bütün qadınları, uşaqları quyuya doldurub üstlərinə ağır daşlar tökdüm".
Ekspertin bu yerdə çıxışını dayandıran Baş Hakim söylədi:
-Mən Zori Balayana son söz vermək istəyirəm.
Zori Balayan zəif, çətinliklə eşidilən səslə (elə bil heç prosesin əvvəlində guruldayan o deyildi) söylədi:
-Mənim 82 yaşım var. Bu yaşda yeganə istəyim son günlərimi çox sevdiyim nəvə-nəticələrimin əhatəsində sakit, rahat keçirməyimdir.
Baş Hakim qəzəb yağan sözlərlə söylədi:
-Xeyir, cənab Balayan. Həmin o sakitçilik və rahatçılıq əslən sizə qismət olmayacaq. Az öncə ekspertimiz uşaqlara qarşı baş vermiş erməni cinayətlərini sıralayanda yazıçı-jurnalist David Xerdiyanın "Xaç uğrunda" kitabından bir hissəni oxudu. Son nitqimdə, ittiham kəlmələrini səsləndirməzdən öncə mən həmin kitabdan başqa bir hissəni oxumaq istəyirəm.
Baş Hakim əsl bədii qiraət ustası kimi intonasiyadan gözəl istifadə edərək kitabdan oxumağa başladı:
-"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu - red) 2000-ə yaxın alçaq monqolun (türklərin - red) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o? yavaş-yavaş nəfəs alır. Soyuğa, ac olmasına və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra cəsədləri yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi"...
Auditoriyadan lənət nidaları yüksəldi, qız-qadınlar isə hönkürüb ağlayırdılar.
Zori Balayan tam sıxılmış, kiçilmişdi, elə təəssürat yaranırdı ki, məhz həmin o 10 yaşlı qızın ruhudur, onu əzir, taptalayır, diri ikən canını cismindən çıxarıb dara çəkmək istəyir.
Bu arada Baş Hakim hökmü səsləndirməmişdən öncə erməni ziyalılarına müraciət etdi, dedi, günü bu gün də erməni uşaqlarını türkə düşmən ruhda böyüdür, zərif varlıqları qana susadırsınız. Və masa üstündəki bir kitabı götürüb söylədi:
-"Ermənilərin törətdiyi kütləvi qırğınlar" kitabından rus diplomat, general Mayevskinin xatirələrini iqtibas gətirmək istəyirəm. Bir görün, sizlər öz gələcəyiniz olan zavallı uşaqları necə tərbiyələndirirsiniz. Mayevski yazır: "Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlmanların mənfur hakimiyyətinə qarşı qəzəb, kin-kudrət hissini, heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yetişirdi…"
Baş Hakim dərhal hökmü səsləndirdi:
-Divanın qərarı ilə bəşər tarixində oxşarı olmayan vəhşiliklərə rəvac verən antihumanist millətçi fəaliyyətinə, eləcə də konkret cinayətlərdə əli olmasına görə Zoriy Hakkoviç Balayana qeybedilmə cəzası kəsilir! Hökmün dərhal icra olunmasını Divan Heyətindən rica edirəm.
Şər qarışırdı. 18 gün davam etmiş uzun, ağrılı bir prosesə son qoyulmuşdu. İnsanlar hələ də gördüklərinin, eşitdiklərinin təsiri altındaydılar, dağılışmırdılar. İki-bir, üç-bir dayanıb söhbətləşir, prosesin ayrı-ayrı məqamlarını müzakirə edirdilər. Hakimlər, ekspertlər bir ailə kimi bir yerdə toplaşıb bir-birilərinin müsbət keyfiyyətlərini vurğulayır, uğurlu prosesə görə bir-birilərini təbrik edirdilər.
Elə yaxşıdır ki, heç kəs dağılışmamışdı. Bu vaxt bir ağsaqqal şəxs ”dayanın” nidaları ilə özünü Baş Meydana yetirdi, səhnəyə çıxdı, səsgücləndirici sistemi söndürmək istəyən heyəti əl saxlamağa çağırdı. Heyət Baş Hakimə tərəf boylananda Baş Hakim başı ilə onlara razılıq işarəsi verdi. Ağsaqqal təngnəfəsliyi büruzə verilsə belə çox iti və qətiyyətlə danışmağa başladı, dərhal hər kəsin diqqətini çəkdi.
-Mən Sanuyel Vimsəm, ABŞ-ın Arkanzas ştatındakı eyni adlı şəhərdə yaşayan və təqaüddə olan prokuror və yazıçıyam. Öz təşəbbüsümlə «Ermənistan: Böyük yalan və Xristian terrorist dövlətinin tapmacası» adlı kitab yazmışam. Bəli, mən erməni lobbisinin qondarma soyqırımı ila əlaqədar beynəlxalq aləmdə dəstəklənməsinin qatı əleyhdarıyam. Bu dəstəklənməni iki amillə əlaqələndirirəm. Bunlardan birincisi erməni lobbisinin pulla tanınmış şəxsləri ələ alması, ikincisi isə xristianlıq kartıdır. Ermənilərin qondarma soyqırımı ilə əlaqədar ortaya atdıqları məsələni və bununla bağlı əsl həqiqəti öyrənmək üçün 4 il müddətində müxtəlif ölkələrin arxivlərində gecə-gündüz bilmədən tədqiqat apararaq, tarixdə heç bir erməni soyqırımının olmaması, əksinə, türklərin ermənilərin vəhşiliklərinin qurbanına çevrilməsi, bütün bu işlərdə ermənilərin yalançı və hiyləgər olması qənaətinə gəlmişəm. Yazdığım kitabda ermənilərin iç üzünü sənədli materiallarla ifşa etmişəm. İstanbula gedəndən və türklərlə yaxından tanış olandan sonra Avropa və ABŞ-ın erməni məkrinin nə olduğunu hələ başa düşmədiyini, anlamadığını tam dərk etmişəm. Xristian təəssübkeşliyinin soyqırımın yalan olduğunu anlamaq istəyən Qərbin gözünü örtməsinə baxmayaraq, haqq və ədalətin öz yerini tapacağına hər halda inanıram.
Uzun illər boyu hüquq-mühafizə orqanlarında çalışdığımdan istər siyasi, istər adi, istərsə də cinayət aləmi ilə bağlı söylənilən hər hansı bir fikir barədə yüz dəfə götür-qoy etdikdən sonra qərar qəbul edirəm. Soyqırımı ilə bağlı kitab yazmağıma səbəb də konqres üzvü olan bir dostumla söhbətim olub. Dostum konqresdə müzakirə olunan bir məsələdən danışarkən məlum olub ki, Rusiya Azərbaycana qarşı Ermənistanı təcavüzə təhrik etmək üçün ermənilərə bir milyard dollarlıq silah verib. ABŞ isə öz növbəsində Ermənistana 1,5 milyard dollar yardım göstərib.
Vims pauza etdi, diqqətlə dinlədildiyinə əmin olduqdan sonra çıxışını davam etdirdi:
-Beləliklə, Amerika və Rusiya birləşərək xristian ermənilərini müsəlman Azərbaycana qarşı təcavüzə şirnikləndiriblər. Ona görə də ermənilər Qafqazda təcavüzkarlıqlarını davam etdirmək, güc yolu ilə bölgəni işğal etmək niyyətindən əl çəkmirlər. Dostum konqresmen müzakirəsinə çıxarılanlara inanmır və «biz kiçik bir Ermənistanı dəstəkləməklə nə üçün Türkiyə kimi güclü bir müttəfiqi itirmək kimi axmaq bir siyasət yeritməliyik ki» deyirdi. Axı Türkiyə istədiyi vaxt Ermənistanı bir andaca uda bilər. Əslində Rusiya hərbi bazalarının Ermənistanda olmasının da bir məntiqi əsası yoxdur. Mən konqresdə müzakirəyə çıxarılan məsələ ilə bağlı materialları oxuduqdan sonra ermənilərin və erməniləri müdafiə edən konqresmenlərin həqiqəti xristian təəssübkeşilyinə qurban vermələrini dərk etdim. Həm ermənipərəst senatorlar, həm də ermənilər türklərə qarşı xristian kartından məharətlə istifadə ediblər və bu gün də edirlər. Yəni əsl həqiqət xristian təəssübkeşliyinə qurban verilir. Axı Həzrəti İsa: «Həqiqəti hər şeydən uca tutun, yalana, iftiraya uymayın, böhtan atmayın» deyib. Elə isə biz xristianlar Həzrəti İsaya arxa çevirməməliyik. Belə çıxır ki, günümüzdə qondarma «erməni soyqırımını» ortaya atanlar və onları müdafiə edənlər əsl xristian deyillər. Mən başqa cür düşünə bilmirəm.
Bu sözləri, sanki, əsən yel qabağına qatıb uzaq-uzaq ellərə apardı ki, bütün qapanmış qulaqları dəlsin, bütün qıc olmuş beyinləri açsın.
Bu zaman dairəvi gövdəsinin baş hissəsindəki rəngbərəng işıqları mühərrikinin qopardığı uğultunun şiddətinə görə artıb-azalan nəhəng uçan peyk yel qopara-qopara Əsas dünyaya aparacağı adamları da götürüb səmaya yüksəldi.
İşıqlı dünyaya doğru səmt alan bu nəqliyyat vasitəsinin arxasınca bir az da həsədlə baxan Baş Hakim içinə dolan qüssə həmləsini hiss etdi, amma bu, cəmi bir an çəkdi. Ona yaxınlaşıb “Hakim əmi, o düzdür ki, ilk uçan boşqabla Marsdan gələnlər də ermənilər olub” sualını verməklə onun eynini xeyli açan sarışın uşağın başını sığallayıb həmkarlarına üz tutaraq söylədi:
-Vimsin gəlişi lap yerinə düşdü, eləmi? Bu da ssenaridən kənar bir sonluq! Bundan gözəl proses sonluğunu heç cür təsəvvür etmək mümkün deyildi.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)