“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Nemət Mətinin özüylə söhbəti və hekayəsi ilə tanışlıqdır.
Nemət MƏTİN
özüylə söhbəti...
Həyatın keçdiyi dərslər.
Nə qədər yaşamağımızdan asılı olmayaraq, həyat bizə ara-sıra dərs keçir. Bunu gah təbiət hadisələriylə, gah digər insanların köməyi ilə, gah da insanların yoxluğu ilə edir. Məsələn, əsgərlikdə “həmişə çıxış yolu var” dərsini komandirim əyani surətdə bizə göstərib. Buz əridib çay içdiyimiz zaman idi. Postda su olmadığından üzümüzü qırxmırdıq. Saç saqqala, saqqal bığa qarışmışdı. Bit-birə bir yandan, aclıq o biri yandan biz əsgərləri haldan salırdı. Üzü təraş etmək barədə heç düşünmürdük də. Komandir bir gün səhər səkkizdə posta gəldi. Üzümüzü tüklü görcək heç nə demədi. Mən düşünürdüm ki, əl-qolla izah edər. Amma elə olmadı. O, sadəcə, əlini yerə uzadıb otların üstündə yatan şeh damcılarına sığal çəkdi və həssas hərəkətlə üzünə sürtdü. Ardınca üzünü qırxdı. Bir kəlmə kəsmədən postu tərk etdi. Şokda idik. Ayılandan sonra hamımız bir nəfər kimi üzümüzü qırxdıq. Komandir üzü tüklü ola-ola bizi döysəydi, axırıncı günə qədər üzümü qırxmazdım.
Həyat dərsləri heç vaxt yaddan çıxmır. Yadıma gəlir, L.N.Tolstoyun “Etiraflar” kitabını oxuyurdum. İlk səhifələrin birində gimnaziya xatirələrini bölüşüb yazıçı. On bir yaşı olanda ilk dəfə “Allah yoxdur” deyən gimnaziya yoldaşından və dua edərkən qardaşının “sən hələ də bunları təkrar edirsən?” sualından sonra dindən uzaqlaşan tanışından yazıb. Bu hissəni oxuyandan sonra özümün dindən uzaqlaşmağımı xatırlamışdım. Bəlkə də, “Etiraflar” kitabını o zaman oxusaydım, daha tez dindən uzaqlaşmağıma səbəb olardı. Mən qatı dindar idim. İşin çətinliyinə baxmayaraq, namazı, orucu saxlamazdım. Namaz qılmağı öyrətdiyim bəzi tanışlar hələ də namaz qılır. Xüsusi günlərdə ayaqla saatlarla məsafəni qət edib məscidə, ziyarətə getdiyimiz günlər də olub. O vaxt təkcə “Qurani-Kərim” oxumuşdum. Təsiri inanılmaz idi. Beş il təsir gücünü itirmədi. Amma bir gün bir qadına aşiq oldum. O qədər içdən və saf sevgi idi ki, onun üçün namazdan sonra dua edirdim. Birlikdə xoşbəxt olmağımızdan daha çox, onun xoşbəxt olmasını istəyirdim. Sevgi qarşılıqsız olmalıdır. Heç bir təmənnaya baş əyməməlidir. Mənim də gözlərim tutulmuşdu. Ondan başqa heç nəyi görmürdüm. Ayrılanda namazdan sonra heç vaxt etmədiyim və edə bilməyəcəyim qədər içdən dua eləmişdim ki, ayrılmayaq. Ağlamaqdan başımı qoyduğum möhür yaş olmuşdu. Sonrası məlumdur. İnanan adam gerçəkləşəcəyini gözləyir deyə, məyusluğu nəzərə almır. Amma həmin gün dindən deyil, namazdan uzaqlaşdım. Dua etməyi kəsdim. Dinlərdən uzaqlaşmağım isə lazımi kitabları oxumağımla əlaqədardır. Sanki gözlərim açılmışdı.
Zaman məni sevgi adlı dinə gətirdi. Sevgisiz həyat boşdur. Yaşamaq mümkünsüzdür. Sevgi gözəllikləri görməyə kömək edir. Yarpaqları altında gizlənmiş çiyələyi, çiyninə qonan kəpənəyi, ağzını səmaya açıb gülən uşağı görə bilirsən. Sənin üçün göy üzü bənövşəyi rəngə boyanır. Sevgidən nə qədər danışsan da, az olur. Tam olmur. Çünki sevginin öz dili var. O da yazılmır. Sevgi mənə bir şeyi öyrətdi. Hərəkətdə olmaq vacibdir. Bir şeyi ürəkdən istəyirsənsə, ona sarı yürü. Ona layiq olmaq üçün mükəmməl olmağa çalış.
Bir dəfə isə həyata baxış bucağımı uşaq dəyişib. İşdən yorğun-arğın gəlirəm. Metro təmirə bağlandığı üçün basabas olan avtobuslar daha da basabas idi. Üç avtobus buraxmışdım deyə, ağacı, daşı, yəni qarşıma çıxan, gözümə görünən hər şeyi söyürdüm. Əsəblərim gərilmişdi. Nəhayət, avtobusa mindim. Təqribən on dəqiqə yol qət edəndən sonra sürücü avtobusu dayandırmalı oldu. Çünki uzun avtobusun orta qapıları özbaşına açılıb-bağlanırdı. Mənim kimi hamı bir ağızdan deyinməyə başladı. Görünür, hamı işdə gərgin gün keçirmişdi. Bu dəm möcüzə baş verdi. Bir uşağın səsi gəldi:
– Ana, avtobus xəstələnib.
Avtobusu gülüş sədaları bürüdü. Hamının kefi kökəldi. Başqa avtobus gəldi və biz bir avtobusdan düşüb digərinə mindik...
Zaman tunelində azmaq olar, qocalmaq şərtdir, lakin vaxtını boşa xərcləmək özündən asılıdır.
...və hekayəsi
ŞAHİN VƏ QARA
Yanvar ayı küçədə yaşayan Şahin üçün əsl imtahan idi. Dayanacaqda avtobusların tüstü borusuna söykənib isinəndə az da olsa, rahatlıq tapırdı. Gecələr isə yay fəslindəki kimi, parkda yata bilmir, zibillikdən yığdığı kağız və kartonlardan özünə ocaq qalayaraq birtəhər səhərin gəlməsini gözləyirdi.
Cırıq da olsa, iy versə də, dünən tapdığı qalın palto üçün sevinirdi. Heç olmasa, bu qış xəstələnməyəcək. Paltonun düymələri olmadığı üçün əlləri ilə onu özünə bürüyürdü. Kamaz altında qalmış əlcəkləri isə barmaqlarının donmasının qarşısını alırdı. Nikolaydan qalma ayaqqabısının bir tayı ağzını açıb nəfəs alırdı sanki. O biri tayına baxanda şükür etmək olardı. Başına bit düşməsin deyə, əlinə qayçı keçdikcə saçını qırxırdı. Ovuca yerləşən əl güzgüsünə yalnız saçını qırxanda baxırdı. Üzünün çirkinə, dişlərinin rənginə və ən əsası, gözlərinin dərinliyinə baxa bilməzdi. Ruhdan düşməyi sevməzdi. Hər dəfə insanlarla söhbət edəndə gülümsəyirdi. "Necəsən?" sualına "Yaxşıyam" cavabı verirdi. Dükanın yanında köhnə bir döşəyin üstündə yatırdı. Dükana girənlərdən pul əvəzinə nəsə almaqlarını istəyirdi. Onsuz da onu dükana buraxmırdılar. Üst-başından gələn üfunət, sidik qoxusu isə adamı beş metrdən vururdu. Çimmək haqqında heç düşünmürdü də.
Bir dəfə dükanın yanında ocaq qaladığı üçün bütün obyetlərdəki insanlar bayıra çıxıb onu acılamışdılar. Az qala apteki yandıracaqdı. Aptek dükana bitişik idi. Tüstüdən gözgözü görmürdü. Şahin işin içindən yaxşı sıyrılmışdı, onu döyməmişdilər.
Ona casus damğası vuranlar da var idi. Guya hansısa dövlət qurumuna xəbər ötürürdü. Lakin Şahinin çuğulluqla arası yox idi. Daha doğrusu, çuğulluğa saf qəlbində yer yox idi. İstədiyi adamı sayır, istədiyini də saymırdı. Bir adam xoşuna gəlməyəndə ondan uzaq gəzirdi.
Təqribən üç ay öncə gecə iki radələrində qarşısına it sürüsü çıxmışdı... Hürən itlər onu vahiməyə saldığından qaçmağa başlamışdı. Qarşısına daha bir it çıxmışdı. Əyriqulaq itin baxışlarından yorğunluq yağırdı. İt hürməyə başlayanda Şahin ayaq saxlamış, ürəklənərək yerdən daşı götürüb itlərə atmışdı. Balaca it isə daha da bərkdən hürməyə başlamışdı. İtlər hərə bir tərəfə dağılışandan sonra Şahin sevincək halda iti qucağına götürüb sığallamış, o gündən özünə sadiq bir dost tapmışdı.
O, hara gedirdisə, it də onunla gedirdi. Zibilliyi bir yerdə eşələyib lazımlı şeylər tapırdılar. Yediyi dönərin bir hissəsini itə verir,it də öz növbəsində kəsilmiş quyruğunu fır-fır fırlatmağa çalışırdı. İtə ad qoymağı da unutmamışdı Şahin. "Qaragöz" qoymuşdu adını. Qısaca "Qara" çağırırdı.
Təxminən beş ay öncə Şahini bir iş adamı ağ günə çıxarmağa çalışmışdı. O əvvəlcə sevinmişdi. Ona verilən paltarları geyinmiş, saçını ömründə ilk dəfə bərbərdə qırxdırmışdı. Son bir ildə ilk dəfə idi çimib, ətirlənmişdi. İlk iş günü cibinə əlli manat da qoymuşdular. Kiçik bir daxmada yer də vermişdilər. İlk baxışdan hər şey gözəl idi. Lakin Şahinin daxili aləmi evə yerləşmirdi. Tezliklə evdən qaçmışdı.
Günlərin bir günü Şahin ağlaya-ağlaya hündür göydələnin qapısını təpikləyirdi. Onu sakitləşdirib nə olduğunu aydınlaşdıranda məlum oldu ki, binada işləyən jurnalist başını tovlayaraq ondan müsahibə alıb. Bəs Şahin nədən narazı idi? Qəzeti yanındakına uzadıb qısaca "oxu" dedi. Bəstəboy, dolu oğlan müsahibəni oxuyub heç nə anlamadı. Üfunət iyi verən bomj nədən narazıdır, görəsən? Çox sağ ol de ki, səni qəzetdə çap ediblər. O, ürəyində düşünsə də, Şahinə demədi. Şahin oğlanın sual dolu baxışlarına cavabsız qalmadı:
– Görmürsən?! Adımı bomj yazıb. Mən ona tapşırmışdım. Mən bomja oxşayıram?! Hə?!
Təəccüblənən oğlan Şahini sakitləşdirib yola saldı.
Günlər aylara qarışıb keçirdi. Hər kəs öz tələsdiyi işinin dalınca qaçırdı. Şahin isə yavaş-yavaş addımlayır, dilənir və nəsə tapıb-eləyəndə sevinirdi. Kiçik xoşbəxtlik ona olduqca böyük gəlirdi. İt də dilini bir metr çölə çıxarıb onunla bir addımlayırdı. Hərdən ayaqlarına da dolaşırdı. Şahinin bir arzusu var idi: "Sabaha sağ çıxmaq". Vəssalam. Tez-tez taksafona diləndiyi pulu atıb anasına zəng edirdi. Qoca anası yeriyə bilmirdi. Qocalar evinə zəng vururdu. Hal-əhval tutub anasının nigaran ürəyinə su çiləyirdi. Anası hər dəfə ona qalın geyinməyi tapşırırdı. "Yeməyinə fikir ver, ay bala" deyirdi. Onun küçədə yaşadığını bilmirdi. Bilsəydi, bəlkə də, ürəyi partlayardı.
Şahinin incə səs tonu var idi. Uşaq kimi gülə-gülə danışırdı. Küçədə yaşasa da, pul qazana bilərdi – zibilliklərdən plastik və digər qabları yığıb təhvil verməklə.Amma etmirdi. Sakitlik Qaradan sonra ən yaxın dostu idi.
Bu gün Şahini polislər apardı. Nə baş vermişdi, görəsən? Kimi öldürüb "məsum uşaq"? Kimin toyuğuna kiş deyib? Yaxınlaşıb salamlaşdım. Polislərdən danışmağa meyilli olanı dilləndi:
– İstirahətə aparırıq Şahini. Qoy bir az dincəlsin.
Heç nə anlamadım. Arxalarınca baxdım. Çox uzağa getmədilər. Həmin istiqamətə gedəndə hər şey aydın oldu. Evsiz-eşiksiz insanların sığınacağı var imiş. Ora dəfələrlə Şahini aparsalar da, bir həftədən çox qalmırdı. Nəyin çatmır, ağ oğraş?! Yemək var, içmək var, çimmək var və nəhayət, rahat yatmaq var.
Şahin heç vaxt intihar haqqında düşünməmişdi. Çünki hələ anası yaşayırdı. Ona tövsiyələr verən, can deyib, can eşidən qayğıkeş anası...
Bakının külək tutan küçələri Şahini uzaqdan tanıyırdı. Qoxusundanmı, yerişindənmi, yoxsa baxışındanmı? Bilmirəm. Şahin "evinə" qayıdanda Qara yenidən hürməyə başladı, quyruğunu buladı, Şahinin ayaqlarını iylədi. Görünür, Şahinlə Qaranı heç kim heç vaxt ayıra bilməyəcək.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)