4 gündür ki, Bakı İdman Sarayında davam edən və bu gün yekunlaşacaq İkinci Uşaq Kitab Festivalında 24 nəşriyyat iştirak edir. Ötən ildən təşkil edilən bu festival ölkəmizdə və ümumən MDB məkanında bir ilkdir. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi bu festivalın təşkilatçısı, İB-nin sədri Şəmil Sadiq isə ideya müəllifidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, keçən il də bu festivala maraq çox idi, təqribən 20 minə yaxın insan iştirak etmişdi. Bu dəfə də insanların buraya axınını müşahidə edirik və bu statistik rəqəm 50 min civarında olub.
Uşaq Kitab Festivalının təşkilatçılarından olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir:
“Uşaq Kitab Festivalına maraq çoxdur, ailələr buraya kitab ardınca gəlirlər. Bu o deməkdir ki, insanlarda kitaba hələ də sevgi və bağlılıq var. Uşaqlarımız kitaba yaxınlaşmaq, ünsiyyət qurmaq və kitabla böyümək istəyirlər. Bu da cəmiyyəti irəli aparan gözəl keyfiyyətdir. Hər bir ailə öz övladını bu ruhda böyütməlidir. Çünki işıqlı gələcəyi kitabsız təsəvvür etmək mümkün deyil.
Bu festivallarda kitaba olan marağın getdikcə artdığını müşahidə edirik, bu isə çox sevindirici bir haldır. Festival göstərir ki, kitab təbliğatı istiqamətində daha geniş məkanlarda, daha çox insanların, həmçinin kitab işi ilə məşğul olan nəşriyyatların iştirakı vacibdir. Məqsədimiz isə uşaqlarımızın, gənclərimizin cəmiyyət, dövlət və gələcəyimiz üçün faydalı şəxsiyyət kimi formalaşmalarına töhfə verməkdir”.
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şəmil Sadiq isə seyir:
“Festivalın budəfəki məkanı keçənilki sərgi ilə müqayisədə çox genişdir. Dövlət qurumları və özəl nəşriyyatların təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən İkinci Uşaq Kitab Festivalında hər kəs öz stendi ilə iştirak edir. Qardaş ölkə olan Türkiyədən də bir neçə uşaq yazarı burada iştirakçılar sırasındadır. Qarşıdakı illərdə bu festivalı beynəlxalq səviyyədə keçirmək niyyətindəyik. Biz hətta bölgələrimizdə də kitab tanıtımına başlamışıq. Bu istiqamətdə işlər davam etdirilir. Məqsədimiz uşaqlara kitabı sevdirmək, onları mütaliə etməyə alışdırmaqdır. Bu, işıqlı gələcəyimiz üçün çox vacib amillərdəndir. Düşünürəm ki, kitab təbliğatını biz uşaqlardan başlamalıyıq. Əgər uşaqlarımızı kitabların dostu kimi yetişdirə bilsək, bu bizim işıqlı gələcəyimizə bir sərmayə olacaq. Kitaba, təhsilə, mütaliəyə bağlı olan uşaqlar yetişdirmək isə güclü dövlətin, uğurlu millətin qarantıdır”.
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)