“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Müxəmməd Haqverdinin şeirləri ilə tanışlıqdır.
ŞEİR VAXTI
Müxəmməd HAQVERDİ
ETÜD
Mayın ortasında,
Təəccüblü olsa da,
Qızmar istinin izi ilə
Soyudu hava.
Bir azdan külək əsdi,
əsdi, əsdi...
Qara-boz hava
Bir az da
Qaraldı.
Axşam yağış yağdı,
O da çox yox ha,
Bir az,
Dəqiqə olmaz.
Göydən ay gülümsədi
Yağışdan sonra
Sakitləşdi gecə...
Elə bil ağappaq sükut
Uddu gecəni.
***
Bulud kimi dolanda
Yaşamağa yerin ola.
Yağasan, yağasan...
Boşalanacan.
Sonra da uçmağa
Göylərin ola,
Uçasan, uçasan...
Quş olanacan.
Nəfəs dərməyə
Otağın ola,
Şeir yazmağa
Hücrən.
Çiçək açmağa
Budağın ola,
Xöşbəxt olmağa
Gecən.
YAŞANTI
Bir az saçımın
Ağlığına,
Bir az alnımın
Qırışlarının sıxlığında,
Atamın yoxluğunu da
Alışdım.
Hərdən
Məndən kiçiklər
Qoca deyəndə
Acığım qaynardı,
Yavaş- yavaş
Daha acığım soyuq,
Alışdım,
Dözə-dözə
Ümidimə dirsəklənə-dirsəklənə
Ömür yaşayıram
Üzü sabaha.
Sübh çağı
Gecənin ulduz naxışlı
Köynəyi,
Didilər, süzülər...
Anların axarında.
Çılpaqlaşan gecə,
Mürgülü səma
Sübhü eynək kimi
Gözünə taxar...
Bu gözəlliyə,
Bu ilahi ana
Mən baxaram,
Bir də göydən Allah baxar.
Qalmışam gözləyə-gözləyə –
Bəxtimin,
Həsrətimin
Səhəri açılsın deyə.
HƏQİQƏT VƏ YALAN
Həbsdən çıxan
İnsan kimi
Həqiqət sısqa,
Üzgün.
Yalan isə
Şişmiş
Qabaritini
İtirmiş birisi.
Tərəfdaşı çox,
Gileyi yox...
Təpkisi az...
Yaşayır kefli-kefli –
Həqiqətin təzyiqini,
Şəkərini
Artıra-artıra.
HƏR GÜN
Günümüzün
Neçə saatı
Saata baxmaqla
Keçir, görən?
Neçə saat sərf edirik
Darıxmağa,
Tələsməyə,
Dözməyə...
Dəqiqələri az qala
Gözümüzlə çəkirik
İrəli.
Tez “aparsın” deyə bizi...
Beləcə,
Hər gün saat-saat enirik axşama
Və
Saat- saat qalxırıq
Ömrümüzü.
LİRİK ETÜD
Günəş günün sahilində
Qərib çağı,
Qürub çağı...
Üfüqə boylanan
Nəhəng
Al – qırmızı kürənin
Qırmızı təbəssüm
ələyən şüaları
közərdib əridəcək,
itəcək üfüq,
sozalacaq işıq...
Tünd – qara səma
Sakit-sakit
Göyün nur çiçəklərini –
Ulduzları bitirəcək.
***
Səmada buludların
Naxışı
Təzələnir hər gün,
Bir- birinə bənzəmir
Göylərin təbii ekranı.
İnsana sevgidir
İlahinin rənglədiyi
Göylərin hər anı.
Tanrı düşündürür bizi,
Özünün
Üfüqdən-üfüqə uzanan,
Azman tablosuynan.
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)