Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür Featured

“Ədəbiyyat və incəsənət” portalının redaksiyası Xalq yazıçısı Çingiz Abdullayevin doğum günündə onun indiyədək olan müsahibələri içərisindəki ən maraqlı zənn etdiyi müsahibəsini sizlərə təqdim edir. Müsahibəni Kəbutər götürüb, görkəmli ədibin altmış dörd illiyinə əlli illiyindən nəzər yetirməyimiz, əlbəttə ki maraqlı olar.

  

1959-cu ildə Bakı şəhərində anadan olub. Hüquq elmləri doktoru, Xalq yazıçısı, AYB-nin katibdir. Dünya şöhrətli yazıçının əsərləri 16 dilə tərcümə edilib və 23 ölkədə, o cümlədən, MDB ölkələrində, ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 20 milyon nüsxə ilə kitabları nəşr edilib.

Ötən əsrin son illərinə yaxın bir tarixdən başlayaraq, dünya detektiv ədəbiyyatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Klassik detektivin digər ədəbi janrlarla sintezindən qaynaqlanan və yeni yaranan-siyasi detektiv janrı şöhrət qazanmağa başladı. Amerikanın ən nüfuzlu ədəbi jurnalları soydaşımız olan yazıçını yeni yaranmış siyasi detektiv janrının banisi elan etdi. Həmyerlimiz cənub-şərqi Asiyadan tutmuş Latın Amerikasınacan bütün dünyanı əhatə edən “Mavi mələklər” romanını yazmaqla dünya detektiv ədəbiyyatında yeni, “qlobal siyasi detektiv” janrının əsasını qoydu və bütün dünyada bu janrın klassiki kimi şöhrət qazandı.

“Cəhənnəmdən keçid”, “Geri dönməmək”, “Öz dünyanı yarat”, “İnanılmaz qətl”, “Atlantika üzərində ölüm”, “Xammurapinin məcəlləsi”, “Unudulmuş yuxu”, “Yalnız özününkülər”, “Professionalların oyunları”, “Professionalların qaydaları”, “Günəş altında zülmət” kimi casus, “Döyüşçünün yolu”, “Məhkumların cənnəti”, “Eramızın əvvəlindəki sui-qəsd” daha yüzlərlə roman bütün dünyanı dolaşmağa başladı.

Müsahibimiz Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, dünya şöhrətli yazıçı Çingiz Abdullayevdir.

 

Dronqo

 

- Çingiz Abdullayevin adı çəkilən kimi onun yaratdığı obrazlardan ilk olaraq Dronqo yada düşür...

- Dronqo quş adıdır. Əsərdə göstərilir ki, o, əslən bakılıdır, valideynləri hələ də bu şəhərdə yaşayır, hətta onun Bakıdakı ünvanı da var - Xaqani 25. Bu ünvanda Azərbaycan Yazıçılar Birliyi yerləşir və maraqlısı odur ki, bura mütəmadi olaraq Dronqonun ünvanına yazılmış məktublar gəlir.
- Sovet şinelindən çıxdığından detektiv janrını uzun müddət qəbul etməyən Azərbaycan oxucusunu necə ovsunladınızsa, sizin haqqınızda rəvayətlər danışmağa başladılar-Dronqonun Çingiz Abdullayev olduğunu söyləyirdilər.

-Mənim qızım da hər dəfə öz heyrətini gizlədə bilmir və mənə “ata, bu sənsənmi” deyə suallar verir. Təbii ki, yazıçı ideal qəhrəman fikirləşəndə özünü yaratmaq istəyir. Məsələn, Konan-Doyl Şerlok Holmsla öz prototipini yaradırdı. Amma obraz onun əmisi idi. Bütün yazıçılar belə edib. Ən çox sevdiyin qəhrəman sənin özünsən. Heç fikir vermisinizmi Servantes bir az Don Kixota bənzəyir.

- Dronqo da sizin ideal qəhrəmanınızdırmı?

- Yox, sadəcə o diri qəhrəmandı. Görünür bunu oxucular duyurlar. Beş xarici ölkədə “Dronqo” klubları fəaliyyət göstərir. Moskva kimi böyük şəhər də daxil olmaqla dünyanın bir neçə mərkəzi şəhərində “Dronqo” restoranı var. Mən orda nahar edərkən məndən pul almırlar. O klubların, o restoranların hansına daxil olsan mənim portretimi asıblar. Bunu mənə təsadüfən bu adla qarşılaşıb maraq üçün içəri girənlər də söyləyiblər. Həmin yerlər “Dronqo” filmlərinin qəhrəmanlarının şəkilləri ilə də bəzənib. Və mən düşünürəm ki, onlara da münasibət mənimlə eynidir.

- Bu adlı filmləridə sizin yaradıcılığınızın məhsuludur?

- Əlbəttə. Dronqonun fəaliyyətindən bəhs edən beş bədii filmin, baş rolun ifaçısı İvar Kaliniş olan bir teleserialın ssenari müəllifiyəm. Amma mən çalışdığım filmlərdə daha bir şərt qoyuram, film hazır olandan sonra mən razılıq verməsəm yayımlana bilməz. Nəinki ssenarini, hətta kinonu da təsdiq etməliyəm. Çünki özümdən deyil, ətrafdakılardan da işinə peşəkar münasibət tələb edirəm. Məsələn, son illərin məhsulu olan və Azərbaycan filmləri arasında seçilən “Məhkumlar” filminin də ssenarisi mənimdir.

 

Sonuncu mogikan

 

- Ölkəmizin elan olunmamış müharibə aparmağa məcbur olduğu və siyasi sabitliyin pozulduğu bir zamanda işıq üzü görən “Mavi mələklər” detektiv romanının müəllifini dünya ədəbiyyatında klassik detektiv janrının sonuncu nümayəndəsi hesab edirlər...

- Mənə Moskvada da bu fikri dedilər. Mən isə düşünürəm ki, 50 elə də böyük rəqəm deyil və ədəbiyyat öz mövqelərini möhkəmləndirdiyi bir zamanda bu janrın yeni nümayəndələrinin yaranmayacağını kimsə proqnozlaşdıra bilməz. Detektiv janrının klassiklərindən sayılan Artur Konan-Doyl, Hilbert Çesterton, Aqata Kristi, Corc Simenon və s. bu kimi yazıçıların yaratdığı ənənələri klassik detektivin bütün qaydalarını dəqiqliklə ifadə edir. Mən isə özümü onların davamçıları hesab edirəm.

- Həm də dünya ədəbiyyatının siyasi detektiv janrının banisi kimi qəbul olunursunuz...

- Bəlkə də bu ondan irəli gəlirdi ki, sovet dövründə nəinki siyasi, heç detektiv janrında yazmağa icazə vermirdilər. İlk dəfə Lev Avalov bu janra müraciət elədi və nəsibi üçillik həbs cəzası oldu. Onu dövlət orqanlarının iş prinsipini açmaqda günahlandırırdılar.

- Təkcə MDB məkanını nəzərdə tutmurlar, dünya miqyasında bu belədir...

- Məndən əvvəl siyasi detektivə müraciət edən olub. Amma onun kriteriyalarının müəyyən edilməsi və tam olaraq açılması mənim peşəmdən irəli gəlir. Mən hüquqşünasam və xaricdə çalışmışam. Amma hansı janrda yazmağından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrində hökm sürən ab-havanı, insanların psixologiyasını açmağı bacarmalısan. Siyasi dedektiv isə dünyada baş verən ictimai-siyasi hadisələr barədə səhih informasiyalar, bir çox hallarda öz təsdiqini tapan siyasi proqnozlar, hamının tanıdığı dövlət xadimlərinin təsvirində heç bir komplekslərə qapılmamağı tələb edir. Əsərin mayası İnsan faktorudur. Konkret bir insan taleyi, bəzən qlobal əhəmiyyətli siyasi hadisələrdən daha çox önəm daşıyır. Hər hansı bir siyasi hadisə nə qədər əhəmiyyətli, mühüm olsa da, insan faktoru ondan qat-qat əhəmiyyətlidir, konkret insanların taleyini sındırmaqla hansısa absurd ümumbəşəri səadətə, xoşbəxtliyə nail olmaq mümkün deyil, heç bir qlobal əhəmiyyətə malik planlar, hətta ən “xırda” adamların da taleyini nəzərə almadan həyata keçirilə bilməz.

- Burda təbii ki, yazı peşəkarlığı da böyük rol oynayır.

- Mənim necə yazıçı olduğumu isə təbii ki, oxucular bilir. Amma qeyd etmək istəyirəm ki, qarşıdakı 6 ildə “Eksimo” nəşriyyatı tərəfindən əsərlərimin 150 cildliyi nəşr olunacaq. Ötən illərdə isə kitablarımın 70 cildliyi çapdan çıxıb. Təkcə son bir il ərzində 30 kitabım işıq üzü görüb.

- Çox az inkişaf etmiş bir janra müraciət etdiyiniz üçün yəqin ki, çap olunmağınızda da problem olmayıb.

- Düzünü deyim ki, mən detektiv janrını sevmirdim. Daha çox fantastika oxuyurdum. Babam da, ulu babam da, əmilərim, qardaşlarım da hüquq-mühafizə orqanlarında çalışırdılar və mənim də ən böyük arzum onların yolunu davam etdirmək idi. 189 saylı məktəbi bitirən kimi imtahan verdim və Bakı Dövlət Univesitetinin Hüquq fakültəsinə daxil oldum. Onda mənim 17 yaşım vardı. Qismət elə gətirdi ki, mən çox məxfi-xüsusi qapalı bir təşkilata düşdüm. Və burda çox maraqlı tale yaşadım. Sonra xaricdəki fəaliyyətim, daha sonra ölkədəki partiya işim də mənə yardım etdi. Amma onu da deyim ki, Dövlət Təhlükəsizlik Nazirliyinin kuratoru da olsam üç il kitabımın çapına icazə vermədilər. İlk kitabım “Yazıçı” nəşriyyatı tərəfindən çap olundu və 30 min nüxsə iki həftə ərzində satıldı. Roman yenidən 100 min nüxsə ilə çap olundu və iki günə satılıb qurtardı.

 

İctimai xadim

 

- Cəmiyyətin dayaqları həmişə müxtəlif fərdlərin çiynində dayanır. Bir ictimai xadim, dünya şöhrətli yazıçı və ziyalı kimi sizin də məsuliyyətiniz var. Qələminiz və şöhrətiniz Azərbaycan həqiqətlərinin dünya arenasına çıxarılması məsuliyyətini də sizin üzərinizə qoyur, desək, yanılmarıq ki?

- Mən o məsuliyyəti daim çiynimdə hiss edirəm. Xocalı qətliamı, Qarabağ müharibəsi ilə bağlı yazmaq, film çəkmək istəyirəm. Nə qədər ki, etməmişəm bu məsuliyyət məni rahat buraxmayacaq. Amma bir məsələ var. Siz özünüz dediniz ki, məni dünyada tanıyır və qəbul edirlər. Əgər belədirsə, deməli, mənim sözümə inanırlar. Mən hər hansı mövzuya müraciət etsəm, hər şeyin yaxşısını və pisini də açıq-aydın yazmalıyam. Bizim bu problemlərimizin içində o qədər acı həqiqətlər gizlənib ki, mən bunları hələ ki, yaza bilmərəm. Və mən o həqiqətlərdən yazmağa başlayan kimi məni xalq düşməni elan edəcəklər. Məni qorxudan bu deyil. Əslində ermənilər bizə qalib gəlməyiblər, biz Qarabağ savaşını uduzmuşuq. Və uduzan xalq deyil, Qarabağ müharibəsi zamanı kürsüdə əyləşənlərdir. Uduzan Şuşada yerləşən tarix-diyarşünaslıq muzeylərini talayıb oranı ermənilərə verənlərdir. Amma onlar da bizim xalqın bir üzvüdür. Düşünürəm ki, indiki halda ölkəmizə kömək etməliyəm, çünki müharibə hələ bitməyib. Amma mən bildiklərimi, araşdırdıqlarımı bir gün hökmən yazacam. Suallar çoxdu. Bizi 1918-19-cu illərdə soyqırımına belə məruz qoyublar, amma qalib gələ bilməyiblər. Necə oldu ki, indi qalib gəldilər? Baxın, bu sualların cavabı açılanda cəmiyyəti şoka salacaq məqamlar olacaq. Şamaxını başdan-başa qana buladılar, amma yenə bizim olaraq qaldı. Şuşa isə yoxdu. Mən özüm Şuşada böyümüşəm, o yerlərin strateji əhəmiyyətini və mövqeyini də yaxşı bilirəm. Necə oldu ki, Qacarın ala bilmədiyi qalanı erməni fəth elədi. Şuşanın alınmasından 16 il keçir, amma bir hərbiçi çıxıb bu hadisənin normal izahını verə bilmir.

Ağdam verilən günü atam xəstələnib yorğan-döşəyə düşdü. Onun atasının, əmilərinin, babalarının, tayfasının məzarları Ağdamdaydı. Qarabağlılar hamısı bilir Ağdam məzarlığı əsl muzeyə bənzəyirdi. Düzdü, atamın səhhəti bərpa olundu, sağalıb ayağa qalxdı. Amma uzun muddət xəstə yatdı o hadisədən sonra. Onda atamın özünün, indisə ruhunun qarşısında xəcalət çəkirəm. Mən yaxşı oğul olmamışam ki, babalarımın qəbrini düşmənə vermişəm, onları qaytara bilməmişəm. Ağdam işğal olunanda atam mənəvi sarsıntıdan başqa, fiziki ağrılar keçirirdi. İndi o həyatda yoxdu, amma həmin o ağrılar mənə, qardaşlarıma keçib və bilirəm ki, bütün Azərbaycan Qarabağ ağrılarını yaşayır.

 

Siyasi detektiv

 

- Siyasi detektiv janrının digərlərindən fərqlənən özəlliyi yaradıcılığınıza mane olmur ki?

- Bu elə bir janrdır ki, bu gün sənin yazdıqların yuxarıların xoşuna gələ bilər, sabah vəziyyət dəyişəndə səni xalq düşməni elan edərlər. Mən sözümü dəyişməmişəm heç vaxt. 1989-cu ildə Ümummilli lider Heydər Əliyevdən nə yazırdımsa, bu gün də onu yazıram. Ona görə ki, bu şəxsiyyət Azərbaycanın xilaskarıdır. Yəni, bu inkarolunmaz həqiqətdir. Niyə fəxr etməyəydik ki, Moskvada elə yüksək bir kürsüdə oturan bizim azərbaycanlımızdır. Biz nə edirdik? Qorbaçov bir dəfə çıxışlarının birində dedi ki, Heydər Əliyevin əleyhinə Moskvaya gedən məktubların hamısı Azərbaycandan gəlir. Nə oldu? Heydər Əliyevi işdən uzaqlaşdırdılar, üç ay sonra Qarabağ məsələsi gündəmə gəldi. Mən hələ bu məsələlərin faş olmasını istəmirəm. Hələ ki, biz erməni kimi mənfur düşmənlə üz-üzəyik. Amma mən yanlış yazsam, bunu onsuz da oxucu duyacaq. Oxucu isə səndən vicdanlı, həqiqətin təhrif olunmadığı mətn istəyir.

 

Sağlığında qiymət verin insanlara...

 

- Sizi əvvəl dünya tanıdı, sonra öz ölkəmizdə qəbul olunmağa başladınız.

- Daha ağrılısı başqa məqamdı. Bu gün 50 yaşım tamam olur. Səkkiz ölkənin səfirləri rəsmi şəkildə məni müxtəlif təltiflərlə mükafatlandırıblar. Artıq dördüncü gündür ki, telefonlarım qapalıdır. İnsanların təbriklərinə sadəcə cavab verə bilmirəm. Buna vaxtım çatmır. 45 yaşım olanda ad günümdə məni on dörd min adam təbrik etdi. Cənab Prezident İlham Əliyev öz imzası ilə mənə Xalq yazıçısı adını verdi. Bundan böyük etimad olmaz. O ki qaldı qəbul olunmağa, detektiv janrının vətəni yoxdu. Kim deyə bilər ki, Artur Konan Doylu Azərbaycanda öz vətənindəkindən az sevirlər. Amma etiraf edim ki, mənə toxunan məqamlar var. Nəyə görə mən Riqaya gedəndə şəhər sakinləri məni vağzalda qarşılayırlar, amma Azərbaycanda “detektiv janr deyil” deyirlər. Amma artıq mən o pilləni keçmişəm. Baxın, hələ də mətbuatda yazırlar ki, Çingiz Abdullayevin Azərbaycan ədəbiyyatına dəxli yoxdu. Niyə? Ona görə ki, mən rus dilində yazıram. Onda İsmayıl Bəy Qutqaşınlı da ana dilində yazmayıb, onun da dəxli yoxdu Azərbaycan ədəbiyyatına? Yaxud Anar Azərbaycan dilində yazır dəxli var, rusca yazsaydı deyəcəkdilər, dəxli yoxdu? Mən düşünürəm ki, mənim kitablarımın yayıldığı arial, həm də Azərbaycanın adının, təfəkkürünün yayıldığı arialdı?! “Vikipediya” açıq dünya ensiklopediyasında dünyanın ən məşhur beş yazıçısının adı var ki, onlardan da biri mənəm.

İsveçrədə kitabımı 30 avroya satılan görəndə istəyirdim alıcılara deyim ki, o kitablar üçün bu qiymət çox bahadır, amma həm də qürur duyurdum. Azərbaycan dilində çap olunan kitablarım üçün heç bir qonorar almıram, satış pulunu isə tərcüməçilərə bağışlayıram.

 

Son

 

Hazırda “Cənub şəhərində festival” əsərim çapa hazırlanır. Bu əsərdə Bakı və onun hər bir çağdaş sakini, məcazi mənada desəm, özünü görə biləcək. Amma mövzunun dəxli olduğu hər bir dövlət məmurunun surəti də əsərə daxil edilib. Daha doğrusu, hadisələr onların ətrafında baş verir.
“Yeni Azərbaycan”çılar adından Sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 P.S. Görkəmli ədibimizi 64 yaşının tamam olması münasibətilə təbrik edir, ona daha böyük hədəfləri vurmağı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.