“Məhəbbətin dərsi” – Aydın Tağıyevin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı qocaman yazıçı Aydın Tağıyevin “Məhəbbətin dərsi” hekayəsini təqdim edir.

 

 

 

 

Məktəb yaşlı, tənha müəllimin bağlı-bağçalı xudmani evinin beş-on addımlığında idi.

Tənəffüs vaxtı məktəbdə uşaq­ların səs-küyünə, qıy-qışqırığına deyinənlər, darılanlar da var idi. Təkcə yaşlı, tənha müəllim bu səslərdən hərdən köks ötürsə də,  xoşhal olurdu. Yay vaxtı məktəbdə dərslər kəsiləndə də müəllimin hə­yətindən uşaq səsləri gələrdi. Mü­əllim öz bağında növ-növ ağaclar əkmişdi və o ağacların meyvələri yetişən vaxtlar həyəti­nin darvazası həmişə açıq olardı.

Müəllimin bağçasında kiçik bir qızılgül kolluğu da var idi. Bu kolluqda yaz-yay, payız-qış həmişə qızılgüllər ətir saçırdı. Müəllim o güllərdən öz əli ilə dərib uşaqlara versə də, bərk-bərk tapşırmışdı ki, bu güllərə ondan icazəsiz toxunmasınlar. O, bağa girib bəzən heç dəyməmiş kal meyvələri də dərib yolan ağlıkəsməz dəcəl­lərə təkcə bunu qadağan etmişdi.

Müəllim o gül kollarının üstün­də əsim-əsim əsirdi. Səbəbi təkcə özünə məlum idi. Bağdakı ağac­ların mer-meyvəsinə qızırqalan­ma­yan yaşlı müəllimlərinin güllərə qarşı bu xəsisliyi uşaqları arabir heyrətləndirirdi. Qış ayları idi. Qızıl­gül kollarından yalnız birinin üs­tündə üç gül qalmışdı. Sazaq olsa da, müəlim yenə də o gül kolunun yanında lal-dinməz dayanmışdı. Əyilib kol üstündəki gülləri qox­ladı. Elə bil ilıq nəfəsi ilə həm də onları isitmək istəyirdi. Köks ötürüb ağır-ağır koldan uzaqlaşdı. Səhər yuxudan oyanan kimi heç əl-üzünü yumamış yenə bağa keçdi. Ayaqlarının altında axşamdan donub buz bağlamış qar xırçıldadı. Müəllim gözlərinə inanmadı. Kolun üstündəki üç qızılgül gecə ikən dərilmişdi. Bu kimin işi ola bilərdi. Ətrafı dörd gəzib dolandı. Heç bir izə-ləpirə rast gəlmədi. Birinci növbə dərsi yox idi. İkinci növbə yuxarı siniflərə dərs deyirdi. Zəng çalınmışdı. Müəllim hələ də fikirli idi. Bu kimin işi ola bilərdi. Özünün dəfələrlə xəbərdarlığı bir yana, qışın gecə sazağının qılınctək kəsdiyi bir vaxtda hansı qocaq bağa girib o qızılgülləri qoparıb aparmışdı?..

Müəllimin sinfə girməyindən xəbər tutmayan qızlar bir rəfiqə­lərinin başına yığışıb hay-küy qo­partmışdılar. Qız əlindəki qızılgül­ləri onlara göstərib, xoşbəxtcəsinə qəhqəhə çəkib gülürdü. Yaşlı mü­əllim quru-quru öskürdü. Oğlanlı-qızlı bütün uşaqlar yerlərini tutdu. Ola bilməzdi. Bu güllər onun həyətindəki koldan dərilmişdi. Bəs bu nə iş idi. Müəllimlərinin duru­xub fikrə getdiyini görən sinifdəki ən zirək, dilli-dilavər bir qız ayağa durub izahat verdi ki, müəllim, bəs bu gün rəfiqəmizin ad günüdür. Bu gülləri ad günü münasibətilə ona hədiyyə ediblər. Müəllimin sifəti­nin qırışığı birdən-birə açıldı. Üzünü “səbəbkar”a tutub: – Mən də səni təbrik edirəm, qızım, – dedi.

Məsələ məlum idi. Gülləri qıza sevdiyi oğlan hədiyyə etmişdi. Müəllimin həssas baxışları sinfin oğlanlarında gəzdi. Bir oğlan başını az qala partanın altında gizlətmək istəyirdi. Həmin oğlan üç gün dalbadal onun dərslərindən yayınsa da, müəllim ona qayıb yazmadı. Sinif yoldaşları ilə ona xəbər yol­layıb evinə çağırdı. Oğlanı bağ­çaya, qızılgül kollarının yanına apardı. Mehriban bir səslə: – Bax, oğlum, yazda gəlib kolların hərəsindən bir cubuq kəsib apa­rarsan, həyətində özün əkib becərərsən, – dedi.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.