“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikaaında yenidən Əlizadə Nuridir, bu dəfə “Zindan” adlı şeiri ilə.
Xəyal qovur dünənə,
Qovur yenə bu axşam.
Uşaqlıq şəklim də yox-
Bilim uşaq olmuşam.
Yenə də yarpaqları,
Külək çırpır tut kimi.
Gözəl kötükdü… sınmış
Ağaca tabut kimi.
Ötüb keçdim hamını,
Özümə çatmaq olmur.
Boğulduğum dəryada
Bəs niyə batmaq olmur?
Bir ağ bulud boylanır,
Göy üzünün damından.
Yenə də yağış damır
Gecənin yanağından…
Sözdən yüngül gələrəm,
Amma səsdən ağıram.
Sən axar su kimisən-
Axırsan… mən baxıram.
Qoy sevim bu baharı,
Təzə girib- körpədi.
Gələn bahar bəlkə də
Gəlib məni görmədi.
…Çağırdım son dostu da,
Çıxmadı səsə… yoxmuş.
Sən demə, bu dünyada
Allahdan kimsə yoxmuş…
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)