AMEA Ədəbiyyat İnstitutu polyak nobelçilərinin yaradıcılığına diqqət ayırıb

 

AMEA Ədəbiyyat İnstitutunda “Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığı” adlı tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AMEA Ədəbiyyat İnstitutunun icraçı direktoru, Filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənliyə istinadən məlumat verir. 

 

Tədbiri giriş sözü ilə Mehman Həsənli açaraq qeyd edib ki, Bakı Slavyan Universiteti (BSU) ilə birgə təşkil olunan tədbir Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığına daha ciddi maraq yetirməyə həsr olunub. O vurğulayıb ki, Azərbaycan-Polşa ədəbi əlaqələrinin çox zəngin tarixi keçmişi var və xüsusilə XX əsrin əvvəllərində bu əlaqələr daha da güclənib: “Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yaranan münasibətlər əlaqələrimizin yeni səhifəsini təşkil etməkdədir. Ədəbiyyat İnstitutu da ədəbi əlaqələrin inkişafına önəmli töhfələr verib”.

Bakı Slavyan Universitetinin prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov isə çıxışında Ədəbiyyat İnstitutu ilə BSU arasında yaradılmış bu cür əməkdaşlıqdan məmnunluq duyduğunu bildirib.

Tədbirdə Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova “Henrik Senkeviç”, Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Olqa Tokarçuk”, BSU-nun Slavyan filologiyası kafedrasının baş müəllimi Elnarə Abdulrəhmanova “Vislava Şımborska” və polyak diasporasının nümayəndəsi Aleksandr Kostin “Polşa ədəbiyyatının polyak icması və tələbələr arasında təbliği haqqında” məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində BSU-nun Tərcümə fakültəsinin tələbələri polyak ədəbiyyatı nümunələrindən seçmələr səsləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(31.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.