“Ədəbiyyat və incəsənət” portalı oxucularını adətən şeirləri ilə tanınan Vəfa Mürsəlqızının prozası ilə tanış etməkdədir. Onun növbəti hekayəsi də marağınıza səbəb olacaq.
BURATİNO VƏ YA SONRAKI PEŞMANÇILIQ
Ayaqlarını çarpayıdan aşağı salladı və bir müddət beləcə key kimi oturdu. Yuxudan oyananda həmişə belə olurdu, xeyli vaxt başının dumanı dağılmırdı. Otaqdan prossesorun ahəngdar uğultusu gəlirdi. Deyəsən, anası yenə kompüter arxasında oturmuşdu. Əsəbi, uzun barmaqlarının çaqqıldatdığı klaviatiranın səsi sükutu pozurdu. Əsəbləri gərginləşdi, ayaqlarını yelləməyə başladı. Əvvəllər bazar günləri səhərlər su səsinə oyanardı yuxudan. Anası tezdən durardı, çay qoyardı, ətli blinçik bişirərdi, ponçik qızardardı, kakao hazırlayardı və hər şeyi hazır edib süfrə açandan sonra başalyardı onlar oyanana qədər qab-qacaq yumağa. İsti, rahat yataqda mətbəxdən gələn su şırıltısı, qab səsi ona evdə qayğısına qalan bir qadının olmasını xatırlatdıqca ləzzətlə gözlərini yumardı. Otağın həzin, yarıyuxulu havasına qarışmış gözəl qoxuları nəfəsinə çəkərdi. Amma son zamanlar anası heç nə bişirmirdi, yeməyi belə cox az hallarda bişirirdi. Adətən, sosiska, kolbasa alıb qızardırdı, o da məcbur olurdı bu yarımfabrikatlardan hazırlanmış qidanı yeməyə. Hətta bu il Novruz bayramında anası şirniyyat da bişirmədi. Mağazadan alınan başmaq tayı boyda şəkərburalar, qapqara paxlavalarla onları birtəhər yola verdi. Həmişəki anası üçün darıxırdı. Anası işdən gələn kimi evlə, yemək-içməklə məşğul olmaq yerinə bu lənətə gəlmiş kompüterin arxasında otururdu. Yəqin, yenə Vasif əmi ilə danışırdı. Vasif əmi anasının iş yoldaşı idi. Anası metropolitendə işləyirdi, nəsə yazı-pozu işi ilə məşğul olurdu. Arabir gecə növbəsinə də gedirdi. Atası da evdə cox az tapılırdı, tez-tez başqa şəhərlərə ezamiyyətə göndərirdilər. Son zamanlar Vasif əmi onlara cox gəlirdi. Bir dəfə ona Buratino oyuncağı da gətirmişdi. Bu oyuncağı görəndə özündən asılı olmayaraq hirslənirdi. Yekə oğlan idi. Beşinci sinifdə oxuyurdu, ona isə qız kimi kukla bağışlayırdılar, yəqin, buna hirslənirdi. Bir-iki gün Buratino masanın üstündə qaldı. Yumşaq parçadan olan bu oyuncaq lap zəhləsini tökdü. Sonra bir gün nə ağıl elədisə, tutub yazıq oyuncağın uzun burnunu kəsdi. Buratino kəsik burnu ilə miskin görünürdü və burnunun içindən yerə sintepon parçaları tökülürdü. Anası xəbər tutanda cox əsəbiləşdi, lap cin atına mindi.
– Heç utanırsan? Vasif əmi gətirib ey o kuklanı sənin üçün. Niyə o günə qoydun? Balacasan sən?
– Balaca deyiləmsə, mənə kukla niyə gətirirdi? Bir də ki qız-zadam mən?
– Bu, tərbiyəsizlikdir! Heç bilmirəm bu axmaq xasiyyətləri kimdən öyrənirsən.
Anası ona elə çımxırdı ki, sanki o, Buratinonun yox, Vasif əminin burnuna xətər yetirmişdi. Amma əvvəllər heç zaman belə acıqlanmazdı. Bu lənətə gəlmiş, axmaq kuklaya görə niyə axı belə danladı onu?
Vasif əminin bir oğlu vardı, adı da Mustafa idi. Tez-tez deyirdi: "Səbuhi, bir gün Müstafanı sizə gətirəcəm”. Amma o, yaxşı bilirdi ki, heç zaman Müstafanı gətirmçəyəcək onlara Vasif əmi və heç istəmirdi də Mustafa onlara gəlsin. Nədənsə utanırdı Mustafadan, həm də ümumiyyətlə, zəhləsi gedirdi bu heç zaman görmədiyi oğlandan, adı yekə kişi adını xatırladan oğlandan.
Çarpayıdan düşüb anasına yaxınlaşdı.
– Ana, ay ana, mən durmuşam ey.
Anası, deyəsən, bu gün də ağlamışdı. Son zamanlar tez-tez yatağında, hamamda, kompüterdə oturanda ağlayırdı. O nədənsə əmin idi ki, bu göz yaşlarının səbəbkarı Vasif əmidir. Bir neçə dəfə onların mübahisəsinin də şahidi olmuşdu. Amma anası tezcə onu qonşu otağa yollamışdı və Vasif əmi gedəndən sonra dirənə-dirənə ona yalvarmışdı ki, axşam işdən gələndə atasına heç nə danışmasın. O onsuz da atasına heç nə danışmazdı, çünki qəlbinin dərinliyində başa düşürdü ki, belə şeylər haqda danışmaq olmaz.
– Ana, acmışam mən.
– Hə, oyanmısan, balam, nə tez durmusan?
– Saat on birdir ey, ana, mənə yemək ver!
– Yaxşı, yaxşı, dururam indi, keç sən mətbəxdən peçenye götür ye, mən də indi qalxıb çay qoyacam.
– Mən peçenye istəmirəm! Şirinçay ver mənə!
– Allah məni öldürsün, qurtarsın canım sizin əlinizdən. Öldün acından bu dəqiqə? Gəlirəm də...
Əvvəllər anası belə deyərdi: “Can, mənim balam acıb, sabahın xeyir gözəl balam”. Amma indi...
Mətbəxin pəncərəsinin qabağına gəlib çölə boylandı. Həyətdə adamı iliklərinə qədər üşüdən payız mənzərəsi dəyirdi gözə. Ağaclar yarpaqların töküb büzüşmüşdülər deyə, soyuqdan çiyinlərini qısan adama oxşayırdılar. Asfaltın çala-çökəklərində axşam yağan yağışın əmələ gətirdiyi gölməçələr var idi. Bu gölməçələrin birində ana sərçə öz balaları ilə yuyunurdu. Dünya veclərinə deyildi bu sərçələrin. Sərçələr həvəslə bir-birini suya basır, qanadlarını çırpdıqca narın su damlaları toz kimi ətrafa səpilirdi. Elə bəxtəvər idilər ki, bir neçə metr kənarda bu qutu-qutu evlərin birinin otağında ağlamaqdan gözləri qızarmış yorğun bir qadının, anasındakı dəyişikliklərdən qorxan və kədərlənən bir beşinci sinif şagirdinin varlığı heç vəchlə bu bəxtəvərliyi poza bilməzdi. Ürəyindən qəribə bir arzu keçdi, kaş bu sərçə onun anası olaydı və o da bu bəxtəvər, bala sərçələrdən biri olaydı. Amma sonra iki gün öncə uşaqların bir sərçəni sapandla vurmağı yadına düşdü, içinə ibtidai bir qorxu doldu. Birdən onun da anasını uşaqlar sərçə bilib sapandla vurardılar və o da başa sala bilməzdi ki, bu, sərçə deyil, onun anasıdır. Dəhşətli fikirdən üşənib pəncərədən çəkildi.
Neçə gün idi atası yenə məzuniyyətdə idi. Anası gah qanıqara, gah da kefi kök olurdu. Vasif əmi də arada onlara gəlirdi və hər dəfə də Mustafanı gətirəcəyini vəd edirdi.
Günorta anasının ən yaxın rəfiqəsi Sevil xala onlara gəldi. Otağında dərs oxuyurdu, amma qulağı anası ilə Sevil xalanın söhbətində idi. Hətta sonra qapıya yaxınlaşıb diqqətlə dinləməyə də başladı.
– Mən daha belə bacarmıram, Sevil, hər şeyi Raufa danışacam.
– Başına hava gəlib? Bəs heç sonrasını düşünmüsən? Səncə, Rauf deyəcək ki, əzizim, səni anlayıram, lap əccəb eləmisən başqasına vururlmusan! Ağlını başına topla, bundan bir şey cıxmaz!
– Başa düş, Sevil, mən belə ikili həyat yaşaya bilmirəm,Vasifi sevirəm! Ondan ötrü hər şeydən keçərəm.
– Axı Vasifin nəyi artıqdı sənin ərindən?
– Diqqəti, qayğısı, cəsarəti, sevgisi, bəsdi, ya yenə sayım? Mən Vasifi tanıyandan sonra əsl qadın olduğumu anladım. İllərdir Raufdan anlayış, sevgi, qayğı görmədim. Ancaq məişət həyatı yaşadıq, vəssalam.
– Reyhan, sən hansı sevgidən danışırsan? Normal yaşayırsınız, pulunuz var, eviniz var, uşağınız var, sənə daha nə lazımdır?
– Mənə dayağım olacaq adam, başımı çiyninə qoyacağım sevimli insan, həyatımı paylaşacağım, məni xoşbəxt edən biri lazımdır.
– Reyhan, sənin uşağın var ey. Sən əminsən ki, oğlun Vasifi bəyənəcək, qəbul edəcək ata kimi?
– Əvvəla, Səbuhini atasından çəkindirmək fikrim yoxdu, ikincisi, Vasifi sevəcək mütləq, bir də ki, Sevil, bax bir neçə ildən sonra Səbuhi kimisə sevsə və mən onun seçimini bəyənməsəm, hamı düşəcək üstümə ki, niyə mane olursan oğluna, sən yox, o yaşayacaq qızla, onun xoşbəxt olmağa haqqı var. Bəs mən? Mənim haqqım yoxdu xoşbəxt olmağa?
– Sən tək deyilsən, Reyhan, sən cəmiyyətdə yaşayırsan axı.
– Sənin dediyin o cəmiyyət mənim qayğıma qalır?
– Bilmirəm, Reyhan, bilmirəm. Mənim tək istəyim odur ki, sən səhv etməyəsən. Sən əminsən ki, Vasif səninlə evlənəcək?
Anamın cavabını eşitmədim, amma ürəyimin döyüntülərini aydınca eşidirdim. Sevil xala ilə anamın söhbətindən üç gün keçdi. Mən bu üç gün ərzində anamın gözlərinə bir dəfə də olsun baxa bilməmişdim. Utanırdım, qorxurdum, nəsə qarışıq, dolaşıq şeylər düşünürdüm ürəyimdə. Mən nə edəcəyimi bilmirdim, gecələr narahat yatır, tez-tez səksəkəli halda, tər-su içində oyanırdım.Yuxuda anamla Vasif əmi evlənirdi, mən də kənarda dayanıb ağlayırdım. Bir axşam anam məni ertədən yatağıma saldı. Axşamdan xeyli keçmiş, otaqdan gələn səslərə yuxudan ayıldım. Vasif əmi ilə anam asta, lakin gərgin bir səslə mübahisə edirdilər, deyəsən. Səslərini nə qədər qısmağa şalışsalar da, danışıqları gecənin sakitliyində aydınca eşidilirdi.
– Vasif, mən belə bacarmıram! Başa düşürsən, heç cürə alınmır.
– Axı nə alınmır, Reyhan?
– Mən daha ərimə yalan sata bilmirəm. Həm də mən belə həyat yaşamağa layiq biri deyiləm, əzab çəkirəm.
– Eşidən elə bilər, mən kefdəyəm də. Bir də belə həyatın nəyi pisdir ki? Məncə, hər şey qaydasındadır.
– Səncə... Eh, Vasif, sən niyə başa düşmürsən axı? Mən sənin məşuqən yox, arvadın olmaq istəyirəm.
– Reyhan, mən evliyəm, bir uşağım da var.
– Vasif, mən hər şeyi ona danışdım.
Otağa gərgin, uzun-uzadı bir sükut çökdü. Handan-hana Vasif əmi səsi titrəyə-titrəyə dedi:
– Necə yəni danışdım? Nə vaxt?
– Mən onun elektron poçtuna məktub göndərdim və hər şeyi etiraf elədim.
– Sən dəli olmusan? Nə danışırsan? Sənin başın dəqiq işləmir?
– Niyə?
– Hələ bir soruşursan da? Mənim arvad-uşağım var, ailəm var. Həm də sən məndən xəbərsiz axı bunu neçə elədin? Mənə deməli idin axı?
– Vasif, hansı ailə? Sən axı boşanırsan. Məgər belə deyil? Axı sən özün...
– Reyhan, mən əsəbi olanda cox söz deyə bilərəm. Səni sevirəm, yəni sevdiyimi düşünürəm, amma ailəmi dağıda bilmərəm axı. Sənə də məsləhət görmürəm. İncimə ey, Reyhan, yəni dediyim odur ki, bu qərarı mənə arxalanıb verirsənsə, mən sənə istədiklərini verə bilməyəcəm, əzizim.
Anam bir xeyli susdu. Elə bil nitqi kəsilmişdi. Sonra sakit və təmkinli səslə dedi:
– Rədd ol!
– Nə?
– Vasif, rədd ol həyatımdan və evimdən!
– Demək, belə oldu? Sakitləş və sonra peşman olacağın şeyləri söyləmə. Səhv edirsən! Peşman olacaqsan!
– Sus, mən ömrüm boyunca indiki qədər peşman olmayacam.
...Vasif əmi getdi. O gedəndən sonra anam çarpayısına yıxılıb hönkürdü. Mən cox sevincək olmuşdim, hiss edirdim ki, bu göz yaşları anamın sonuncu göz yaşlarıdır. Birdən anamın məktubu yadıma düşdü. Atam məktublara səhərlər baxardı, demək, hələ bir neçə saat vaxtım vardı. Atam şifrələri kasetləri saxladığı yekə yeşiyin içindəki bloknota yazırdı. Qonşu otağa keçdim, anam, deyəsən, ağlayıb-ağlayıb yuxuya getmişdi. Yeşiyi eşələdim, bloknotu tapdım Xoşbəxtlikdən şifrə lap üzdə idi. Az sonra mən artıq anamın məktubunu silmişdim və rahat, bəxtiyar bir yuxu məni ağuşuna aldı.
Səhəri gün anam pərişan, sapsarı saralmış, ölü üzü kimi mum rəngli sifəti ilə pəncərə önündə oturmuşdu. Atamın zəngi gələndə diksindi. Mənə işarə elədi ki, dəstəyi götürüm. Mən atamın səsini selektora qoydum. O üzdən gümrah, şən səs gəldi:
– Salam, Robin Qud, necəsən?
– Sağ ol, atacan. Sən necəsən?
– Yaxşıyam, anan hardadı?
Anam qorxa-qorxa dəstəyi götürdü.
– Sabahın xeyir, yaxşıyam.
Sonra səsi əsə-əsə soruşdu:
– Bu gün elektron poçtuna baxmısan?
– Hə, baxmışam, nədi ki?
– Orada heç nə yox idi?
– Yox, nə olmalı idi ki?
– Heç, mən dünən sənə məktub göndərmişdim, elə bir şey deyildi.
– Yox, orda heç nə yoxdu. Mən axşam gəlirəm, inşallah, görüşərik.
Dəstəyi yerinə qoyandan sonra anam möhkəm hönkürdü. Amma mənə elə gəldi ki, o bu dəfə sevindiyindən ağladı. Bax beləcə hər şey bitdi və mən qəlbimin dərinliyində anamı bağışladım. Amma anam hələ də bilmir ki, o məktub neçə oldu.
Buratino oyuncağını isə sabahı gün zibil yeşiyinə atdım, sanki günahkar o idi.
“Ədəbiyyat və incəsənət”
(30.03.2023)