“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Ramil Əhmədin “Həsrətin uğultusu” adlı yeni yazdığı şeirini təqdim edir. Sanki bir filmdir, gözümüz önündən obraz kimi gəlib keçir HƏSRƏT. Bu kədərli payız gününün ovqatına çox uyğun gəlir bu qara sevda hekayəti.
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin hərəsi bir cürə bədbəxtdir…” - deyir şair.
Həsrətin uğultusu
Səni xatırlayıram
Uzaq bir bozqırda,
Damından payız damcılayan
kirayə evin soyuq otağında...
Uzanmışam kürəyi üstə
tavandakı hörümçəyin toruna
balıq kimi düşür gözlərim,
Səslər axıb dolur qulağıma...
Mətbəxdən başlayır səslər,
Damcılayan suyun və
məmur maaşımın alın yazısı –
yarıboş soyuducunun fasiləli səsi...
Sonra damda gəzişən adsız quşların quğultusu,
İki küçə o yandan gələn
it hürüşməsi,
Pişiklərin canında qovulmaq əndişəsi...
Küləyin pərdəni aramla tərpədişi...
Bir də adamsızlığın, həsrətin uğultusu...
Küncdən küncə qaçan qaraltılar – siçanlar
Görəsən yeməyə bir şey tapdılar?
Süfrədəki kişi tənbəlliyinin ruzisinə daraşan qarışqalar
Çörək qırıntısı sevinclə yuvalarına qayıtdılar...
Saatın iki saniyəsi qulağımda qafiyələnir:
sən/siz, sən/siz, sən/siz, sən/siz...
Bir saniyə çəkmir “sən”in sevinci,
Bir saniyə sonra “sənsiz” olur,
Dünyanın bütün rəngləri solur...
Bir yandan da xatırladır mənə sənsizliyi
Borcdan bağlanan telefonumun tozlu səssizliyi...
Həm evimin hər yerindəsən
Həm də uzaqsan, yoxsan,
Bəlkə də indi mənimtək kürəyi üstə uzanmısan,
Bəlkə mətbəxinizdən su dammır,
Bəlkə soyuducun da doludur,
Bəlkə gəzişmir evinizdə siçanlar,
Bəlkə məhəllənizdən keçmir küləklər,
Bəlkə pişikləriniz də qorxmur qovulmaqdan,
Bəlkə sizin küçənizdə itlər unudub hürməyi,
Bəlkə qadın səliqəsinin qurbanıdır evinizin hörümçəyi...
Bəlkə telefonun borcunu da ödəyib ərin.
Mənim şəhərimdə,
mənim küçəmdə,
mənim otağımda olanlar
Sənin şəhərində,
sənin küçəndə,
sənin otağında olmayanlarla eyniləşir...
Keçir bu gecədən bir qatar,
Gecənin son səsidir uzaqlaşan.
Bitir bizim şeirimiz, başlayır bir roman:
“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir,
bədbəxt ailələrin hərəsi bir cürə bədbəxtdir…”