Moldovada rus dilində nəşr olunan “Persona” (“Şəxsiyyət”) toplusunun IV sayında klassik və müasir Azərbaycan şeirinə xüsusi yer ayrılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Şəxsiyyət” Beynəlxalq İctimai Birliyi (Asociaţia Internaţională Obştească “Personalitate”) tərəfindən nəşr olunan, dünya xalqlarının Aleksandr Puşkin, Mihay Eminesku, Taras Şevçenko, Konstantinos Kavafis, Sergey Yesenin, Boris Pasternak, İqor Severyanin, Robert Rojdestvenski, Yevgeni Yevtuşenko, İosif Brodski, Trayan Vasilesku, Arkadi Suçevyanu, Boris Marian, Byalik Naim Nahman, Sergey Yevstratyev, Amihay Nehuda, Teo Kiriak və başqa həm klassik, həm də müasir və tanınmış şairlərinin şeirlərinin yer aldığı topluda Nizami Gəncəvi, Rəsul Rza, Vaqif Səmədoğlu, Ramiz Rövşən və Səlim Babullaoğlunun şeirləri iki dildə-Azərbaycan və rus dillərində təqdim edilib. Toplunun tərtibçisi və naşiri “Şəxsiyyət” Beynəlxalq İctimai Birliyinin prezidenti, Moldova Yazıçılar Birliyinin üzvü, akademik Sergey Yevstratyevdir.
“Şeirin dili birdir!” devizi ilə çap olunan topluya “Oxucuya naşirdən” adlı “ön söz”ündə Segey Yevstratyev yazır: “ İnsan qəlbini təmizləməyi, bəşəriləşdirməyi bacaran şeir-əbəbi gözəllik deməkdir. Moldova Respublikası çoxmilli dövlətdir. Odur ki, növbəti toplunun da ideyası burdan yarandı: Moldovada yaşayan millətlərin poeziyasından nümunələri bir yerə toplayaq. Həm klassikləri, həm müasirləri. Hər bir şairin şeiri həm yazıldığı ana dilində, həm də rus dilində təqdim edildi. Özgə cür, yəni bu “Babil basabasında” digər millətlərin təmsilçiləri başqalarını, öz həmkarlarının mətnlərini necə oxuyacaqdılar?! Beləcə çıxış yolu tapıldı. Ayrıseçkilik salmamaq üçün müəlliflərin mətnlərini əlifba sırasıyla təqdim etdik”. “Ön söz”ünün sonunda tərtibçi nəşrə dəstək göstərən həmkarlarına və dostlarına- o cümlədən, Kişineuda yaşayan, uzun illər Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş həmyerlimiz, tanınmış ictimai xadim və iş adamı, hüquq elmləri doktoru Vüqar Novruzova da öz təşəkkürünü bildirib. Vüqar Novruzov da müxbirimizlə qısa söhbətində Sergey Yevstratyevin bu ideyasını və layihəsini, nəşri yüksək qiymətləndirib: “Toplunun nəşri əhəmiyyətli ədəbiyyat, sənət hadisəsidir. Bir kitabı əlinə götürürsən və onun vasitəsilə həm rumın, həm yunan, həm rus, həm yəhudi, həm Ukrayna, həm də nə yaxşı ki, Azərbaycan ədəbiyyatıyla, bizim şairlərin şeirləri də tanış ola bilirsən. Nizami bizim poeziyanın, sənətin vizit kartıdır, dünya şeirinin olimpində duran dahi şəxsiyyətdir. Ona görə də ilk növbədə şeirimizin Nizamiylə təqdimatı, sərbəst şeirimizin banisi, böyük Rəsul Rza və bu poetik yolun ardıcılları olan görkəmli şairlərimizin şeirlərinin kitabda yer alması da əlbəttə təsadüfi deyil. İnanıram ki, poeziyasevərlər üçün qiymətli hədiyyə olmaqla yanaşı bu toplu həm də xalqların bir-birini yaxından tanımasında az da olsa rol oynayacaqdır”.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)